Məhkəmə qərarları › İş №2-2(103)-737/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-737/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-737/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı 005R********** saylı kredit razılaşması üzrə borcun tutulması və s. tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcunun tutulması, əsas və faiz borcunun,cərmənin məbləğinin müəyyən edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi ) hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı QSC-nin Cavabdeh qarşı 005R********** saylı müqavilə üzrə borcun, dövlət rüsumunun, mediasiya xərcinin tutulması, borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-1908/2025 nömrəli qətnaməsindən və xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1908/2025 nömrəli əlavə qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" QSC ilə (kredit verən) ilə Cavabdeh (kredit alan) arasında xx.xx.2024-cü il tarixli 005L**********67 saylı uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana 500000 manat məbləğində 120 ay müddətinə kredit xəttini açmışdır. Kredit müqaviləsi tərəflərin imzaları və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

2. "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır.

3. Həmin razılaşmaya əsasən bank tərəfindən borcluya biznes məqsədi ilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində kredit verilmişdir.

4. "xxxx" QSC ilə (kredit verən) ilə Cavabdeh (kredit alan) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 005M**********01 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 35-də yerləşən xüsusi mülkiyyətdə olan 72.7 m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. 04.02.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh tərəfindən kredit razılaşması üzrə ödəyəcək əsas məbləğ 48247.21 manat, faizin məbləği 6114,81 manat, cərimə məbləği 3418,36 manat, cəmi ödəniləcək məbləğ 57780,38 manat məbləğində müəyyən edilmişdir. Cərimə hesablanmış gecikdirilən günlərin sayı; 224 gün

6. "xxxx" QSC tərəfindən verilmiş ödəniş sənədindi ilə müəyyən edilir ki, 50000 manat kredit Cavabdeh hesabına köçürülmüşdür.

7. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.

8. "xxxx" QSC tərəfindən Cavabdeh xəbərdarlıq məktubları ünvanlanaraq borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

9. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/3663 saylı ekspert rəyinə əsasən İddiaçı QSC-nin Cavabdeh qarşı 005R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borcunun məbləği – 49.458,29 manat, faiz borcu – 3.597,77 manat müəyyən edilir, xx.xx.2024-cü il tarixindən sonra Cavabdeh tərəfindən 350, 00 manat ödəniş edilmiş, cavabdeh tərəfindən kredit üzrə banka xx.xx.2024-cü il tarixədək 3.700,00 manat məbləğində ödəniş edilmişdir ki həmin məbləğin 541,72 manatı faiz borcundan, 3.158,29 manatı isə əsas borcdan silinmişdir.

10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MEB-241-0725 nömrəli ekspert rəyinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 35-də yerləşən xüsusi mülkiyyətdə olan 72.7 m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 290.800,0 manat, likvid dəyəri 261.800,0 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 005R********** saylı krеdit razılaşması üzrə 48247.21 manat məbləğində krеdit bоrcu, 5103.85 manat məbləğində faiz bоrcu və 1547.63 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 54898 (əlli dörd min səkkiz yüz doxsan səkkiz) manat 69 (altmış doqquz) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 254.7 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması; - Tələbin Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 35-də yerləşən xüsusi mülkiyyətdə olan 72.7 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və ümumilikdə cəmi 54898 (əlli dörd min səkkiz yüz doxsan səkkiz) manat 69 (altmış doqquz) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 254.7 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi; - hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh ümumi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 005L**********67 saylı uzunmüddətli kredit və təminat müqaviləsiə sasən Cavabdeh 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixli 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024- cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü krеdit bоrcundan 1752.79 manat ödəmiş, onun 48247.21 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 184 gün üçün hesablanmış faiz borcu 5103.85 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 184 gün üçün hеsablanmış cərimə 1547.63 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka verən Cavabdeh və Bank arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 005M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilib) əsasında Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 35-də yerləşən xüsusi mülkiyyətdə olan 72.7 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 35-də yerləşən xüsusi mülkiyyətdə olan 72.7 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1908/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdеh Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 005R********** saylı krеdit razılaşması üzrə 48247.21 manat məbləğində krеdit bоrcu, 5103.85 manat məbləğində faiz bоrcu və 1547.63 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 54.898 (əlli dörd min səkkiz yüz doxsan səkkiz) manat 69 (altmış doqquz) qəpik məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 254.7 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı tutulması, tələb Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 35də yerləşən xüsusi mülkiyyətdə olan 72.7 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinə yönəldilsin, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və ümumilikdə cəmi 54.898 (əlli dörd min səkkiz yüz doxsan səkkiz) manat 69 (altmış doqquz) qəpik məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 254.7 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh ümumi tutulması qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

14.1. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 005R********** saylı uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC xx.xx.2024-cü il tarixli 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması üzrə Cavabdeh müqavilədə və razılaşmada müəyyən edilmiş şərtlərlə cəmi 50.000 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh isə kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. 14.2. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh xəbərdarlıq məktubu göndərilərək, xəbərdarlıq məktubunda həmin tarixə gecikdirilmiş borc məbləğinin ödənilməsi və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir. 14.3. Belə olan halda isə iddiaçı "xxxx" QSC xx.xx.2024-cü il tarixədək olan müddət üçün hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. 14.4. Məhkəmə Cavabdeh xx.xx.2024-cü il tarixli 005R********** saylı kredit razılaşması üzrə iddiaçı "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" QSC Cavabdeh xx.xx.2024-cü il tarixli 005R********** saylı kredit razılaşması üzrə 48247.21 manat məbləğində krеdit, 5103.85 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. 14.5. Bundan əlavə iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh hesablanmış 1547.63 manat məbləğində dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. 14.6. Məhkəmə hesab edir ki, Cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı Cavabdeh dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır. Eyni zamanda hesablanmış dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək olmadığından onun Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun olaraq azaldılması üçün əsas yoxdur. 14.7. İş materiallarından həmçinin görünür ki, Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə "xxxx" QSC ilə (kredit verən) ilə Cavabdeh (kredit alan) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 005M**********01 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 35-də yerləşən xüsusi mülkiyyətdə olan 72.7 m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 35-də yerləşən xüsusi mülkiyyətdə olan 72.7 m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. 14.8. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 254.7 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 14.9. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 254.7 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 14.10. Bundan əlavə, İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1908/2025 nömrəli əlavə qətnaməsi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 35-də yerləşən xüsusi mülkiyyətdə olan 72.7 kv/m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 130.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

15.1. Məhkəmə prosesində iştirak edərkən iddiaçının nümayəndəsi öz izahatında ipoteka müqaviləsində qeyd olunan qiymətin ipoteka predmetinin ilkin satış qiyməti kimi qətnamədə öz əksini tapmasını xahiş etmişdir. 15.2. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 005M**********01 saylı ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 35-də yerləşən xüsusi mülkiyyətdə olan 72.7 m2 ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 130.000 manat məbləğində müəyyən edilmişdir. 15.3. Beləliklə, yuxarıda göstərilənlərə, eləcə də işin araıdırılan halları ilə müəyyən olunmuş göstərişlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalı, İddiaçı QSC-nin Cavabdeh qarşı ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 35-də yerləşən xüsusi mülkiyyətdə olan 72.7 Kv/m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 130.000 manat məbləğində olması qət edilməlidir.

16. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2-ci maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 34.1.1, 34.1.2, 34.1.3-cü maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəmənin 20 iyul 2020-ci il tarixli qərardadını, AR MPM-nin 119.1, 229.1.1, 229.1.2-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh e-2-2(113)-1908/2025 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qətnamədən və xx.xx.2025-ci il tarixli əlavə qətnamədən apellyasiya şikayəti vermişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi hüquqi baxımdan əsassız və qeyri-qanunidir. Belə ki, bu qətnamənin icrası nəticəsində İddiaçı QSC-nin əsassız varlanması baş verəcəkdir ki, bu da mülki hüququn əsas prinsiplərinə ziddir. Məhkəmə qətnaməsində hüquqi yanaşma birtərəfli və natamam olmuşdur. İddiaçının tələb etmək hüququnun olması, tələb edilən məbləğlərin real və hüquqi əsaslara söykəndiyini avtomatik olaraq sübut etmir. Əksinə, məhkəmə icraatında kredit müqaviləsi üzrə göstərilən borc məbləğinin – yəni əsas borcun, faizin və cərimənin dəqiq və ətraflı araşdırılması həyata keçirilməmiş, bu barədə heç bir hüquqi ekspertiza rəyinə istinad edilməmişdir. Qətnamədən aydın olur ki, məhkəmə iddiaçının təqdim etdiyi rəqəmləri etibarlı və dəqiq şəkildə yoxlamadan, şişirdilmiş və reallığı əks etdirməyən məbləğlərə əsaslanaraq qərar vermişdir. Bu hal isə təkcə cavabdehin hüquqlarının pozulması deyil, həm də məhkəmə tərəfindən obyektivliyin və araşdırma prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Digər tərəfdən, məhkəmənin qəbul etdiyi qərarda 5.103,85 manat məbləğində faiz borcunun da cavabdehdən tutulması nəzərdə tutulmuşdur. Həmin faizlərin hesablanması 184 günlük gecikməyə əsaslanaraq aparılmış, lakin bank kreditin verilməsindən etibarən lazımi xəbərdarlıq tədbirlərini gecikdirməklə həyata keçirmişdir. Belə ki, kredit xx.xx.2024-cü il tarixində verilmiş, yalnız xx.xx.2024-cü ildə – yəni gecikmədən təxminən 6-7 ay sonra bank tərəfindən xəbərdarlıq məktubu göndərilmişdir. Bu isə kreditorun borclunun vəziyyətinə qeyri-fəal yanaşdığını göstərir. Hüquqi və faktiki tədbirlərin bu qədər gec görülməsi, lakin faiz və cərimələrin erkən tarixlərdən hesablanması Mülki Məcəllənin 1091.1-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma hallarına gətirib çıxarır. Əgər kreditor öhdəliyin pozulmasından xəbərdar olduğu halda öz hüquqlarının müdafiəsi üçün uzun müddət tədbir görmürsə, o zaman gecikmə dövrünə görə faiz və dəbbə pulu tələb etməsi qanuni və vicdanlı sayılmamalıdır. Bu baxımdan, məhkəmənin iddiaçının təqdim etdiyi faiz və dəbbə tələblərini tam şəkildə qəbul etməsi, kreditorun passiv davranışının nəticələrini borclunun üzərinə yükləməsi ilə nəticələnmişdir. Halbuki hüquqi baxımdan kreditor özü də öhdəliklərin qorunması üçün aktiv hərəkətlər etməli və bu məqsədlə borclunu vaxtında rəsmi xəbərdar etməli idi. Əks halda, belə süni şəkildə artan faiz və dəbbə borclarının tam miqdarda cavabdehdən tələb olunması ədalətsiz nəticə doğurur və konstitusion mülki hüquq prinsiplərinə ziddir. İddiaçıya ödənilməli olan əsas borc məbləğinin kifayət qədər yüksək olduğunu nəzərə aldıqda, 1547.63 manat məbləğində cərimə olduqca yüksək məbləğdir. Çünki cərimə pulu öhdəliyin icrasının təmin üsuludur və o kreditorun, yəni iddiaçının əsassız varlanmasına gətirib çıxarmamalıdır. Üstəlik, məhkəmə tərəfindən müəyyən edilmiş 5103.85 manat məbləğində olan faiz borcunun məbləği ilə də razılaşmıram. İş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və iddiaçıya olan faiz borcumuzun məbləği yenidən hesablanmalıdır. Əks halda məhkəmə tərəfindən qət edilmiş məbləğin iddiaçıya ödənilməsi onun əsassız varlanmasına gətirib çıxarmaqla bizim mülki qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarımızın pozulmasına səbəb olacaqdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin məbləğdə pulun ödənilməsinin qət edilməsi kreditorun əsassız varlanmasına səbəb olacaqdır ki, bu da yolverilməzdir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Lakin bu qərarın hüquqi əsaslandırılması ciddi şəkildə yetərsizdir, çünki ipoteka predmetinin real bazar dəyəri barədə heç bir qiymətləndirmə aparılmamışdır. Məhkəmə nə ipoteka qoyan və saxlayan arasında razılaşmanın olub-olmamasını araşdırmamış, nə də müstəqil qiymətləndirici təyin etmişdir. Əmlakın dəyərinin müəyyən olunmadan satışa çıxarılması, borcun əhatə dairəsinin qeyri-müəyyən qalması nəticəsində borclunun mülki hüquqlarının pozulması ilə nəticələnə bilər. Əgər əmlakın bazar dəyəri əhəmiyyətli dərəcədə yüksəkdirsə, bu halda borcun ödənilməsi üçün əlavə icraata və ya şəxsi mülkiyyətin məhdudlaşdırılmasına ehtiyac qalmaya bilərdi. Əgər ipoteka predmetinin dəyəri borcu ödəməyə yetərli deyilsə, bu, sübutlarla və müstəqil qiymətləndirmə ilə əsaslandırılmalıdır. Əks halda, borclunun üzərinə əlavə öhdəlik qoyulması həm hüquqi baxımdan, həm də konstitusion ədalət prinsiplərinə ziddir. Bu baxımdan, iş üzrə müstəqil qiymətləndirmə aparılmalı, ipoteka predmetinin real bazar dəyərinin müəyyənləşdirilməli və bu dəyərin borcun ödənilməsinə münasibətdə adekvat olub-olmaması barədə yenidən hüquqi qiymət verilməli idi.

Apellyasiya şikayətinə qarşı etiraz

19. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh apelyasiya şikayətində borcun düzgün hesblanmadığını bildirsə də, hansı ödənişlərin Bank tərəfindən nəzərə alınmadığını əsaslandırmamışdır. Halbuki hər bir tərəf istinad etdiyi halları əsaslandırmalıdır. Birinci instansiya məhkəməsində cavabdehin iştirakının təmin olunması məqsədilə məhkəmə iclası dəfələrlə təxirə salınsa da cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə öz münasibətini bildirməmişdir. Cavabdeh İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixli 005R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü krеdit bоrcundan 1752.79 manat ödəmiş, onun 48247.21 manat məbləğində kredit borcu qalmışdır. Bundan başqa, ipoteka predmetinin ilkin satış qiyməti tərəflər arasında imzalanmış ipoteka müqaviləsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş 130000 manat qiymətləndirilmişdir. Tərəflər müqavilə imzalanan zaman həmin məbləğlə bağlı öz iradə ifadalərini bildirərək ipoteka müqaviləsini imzalamışlar. Yuxarıda qeyd olunanlara əsasən, cavabdehin apellyasiya şikayətinin verilməsində məqsəd öz prosessual hüququndan istifadə edərək, öhdəliyin icrasından yayınmaq qətnamənin icraya yönəldilməsi prosesini uzatmaqdı.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

21. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

23. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

24. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

25. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

29. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

34. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

35. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

36. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

37. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

38. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

39. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

40. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

41. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadı

42. ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

43. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.

44. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipoteka qoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.

45. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “İpoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

55. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə və əlavə qətnamə tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

56. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində, əlavə qətnaməsi isə ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməlidir.

57. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

58. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

59. Cavabdeh öhdəliyin lazımınca icra edilmədiyini mübahisələndirməsə də, əsas və faiz borcunun məbləğlərinin düzgün müəyyənləşdirilmədiyini qeyd edərək, xüsusi bilik tələb etdiyi halda iş üzrə ekspertiza təyin edilmədiyini bildirmişdir.

60. Belə ki, əsaslı qətnamə qəbul edilməsi üçün işə aid bütün zəruri məsələlərə aydınlıq gətirmək, ziddiyyətli məqamlar aradan qaldırılmaq məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/3663 saylı ekspert rəyinə əsasən İddiaçı QSC-nin Cavabdeh qarşı 005R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borcunun məbləği – 49.458,29 manat, faiz borcu – 3.597,77 manat müəyyən edilmişdir.

61. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində müəyyən edilmişdir ki, xx.xx.2024cü il tarixindən sonra Cavabdeh tərəfindən kredit üzrə banka xx.xx.2024-cü il tarixində 150 manat, xx.xx.2024-cü il tarixdə 200 manat olmaqla 350 manat kredit ödənişi edilmiş və həmin ödənişlər faiz borcundan silinmişdir.

62. Formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması müəyyən edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması qəbul olunmuşdur.1

63. Ekspertiza rəyinin mötəbərliyinə şübhə doğuracaq və təkrar ekspertizanın keçirilməsini zəruri edəcək hal müəyyən edilməmişdir.

64. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.

65. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, 1 xx.xx.2024-cü il tarixli 005R********** saylı kredit müqaviləsi üzrə faiz borcu 3.247,77 manat müəyyən edilməlidir.

66. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir. Belə ki, əldə edilmiş ekspert rəyinə əsasən əsas borc 49.458,29 manat müəyyn edilmişdir. Ekspert rəyi ilə müəyyən edilən əsas borcun məbləği iddia ərizəsi ilə tələb edilən məbləğdən çox olduğundan məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2024-cü il tarixli 005R********** saylı kredit müqaviləsi üzrə əsas borc 48247.21 manat müəyyən edilməlidir.

67. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv 1 Ali Məhkəmə, İş № 2-2(102)-553/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_553+31.10.2024.pdf) § 50 şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

68. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi və xx.xx.2025-ci il tarixli, 9/3663 saylı ekspert rəyini və Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, dəbbə pulunun azaldılması üçün əsas yoxdur.

69. Bununla belə kollegiya, apellyatorun şikayətinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissəsini əsaslı hesab edir:

70. Belə ki, apellyasiya baxışı zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MEB-241-0725 nömrəli ekspert rəyinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 35-də yerləşən xüsusi mülkiyyətdə olan 72.7 m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 290.800,0 manat, likvid dəyəri 261.800,0 manat müəyyən edilmişdir.

71. Ötən dövr ərzində daşınmaz əmlak qiymətlərinin artma tendensiyası göstərdiyinin hər kəs tərəfindən bilinən reallıq olduğunu nəzərə alan kollegiyanın qənaətinə görə, rəy işdəki digər sübutlarla birgə dəyərləndirilərək əmlakların ilkin satış qiyməti müvafiq məbləğlərdə müəyyənləşdirilməlidir.

72. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, ipoteka predmetinin dəyəri müəyyən edilərkən yalnız bazar dəyəri deyil, bazar qiyməti nəzərə alınmaqla likvid dəyəri əsas götürməlidir (§ 44).

73. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində, əlavə qətnaməsi isə ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli, qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

74. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1908/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi “Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 005R********** saylı krеdit razılaşması üzrə 5103.85 manat məbləğində faiz bоrcu tutulması” hissəsində, xx.xx.2025-ci il tarixli əlavə qətnaməsi “iddiaçı “Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 35-də yerləşən xüsusi mülkiyyətdə olan 72.7 kv/m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 130.000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 005R********** saylı krеdit razılaşması üzrə 3.247,77 (üç min iki yüz qırx yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində faiz bоrcu tutulsun. Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 35-də yerləşən xüsusi mülkiyyətdə olan 72.7 m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 261.800,0 (iki yüz altmış bir min səkkiz yüz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya instansiyasında keçirilmiş ekspertizanın dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar