Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-738/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMCyə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, e-2-2 (113)- 1360/2020 nömrəli qətnaməsindən (hakim Səbinə Nuriyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehin 18.11.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 17938,49 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5774,13 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 386,5 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 28216,06 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 18.11.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 18.11.2020-ci il il tarixə yaranan 18996,62 manat borcuna görə 28216,06 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 19.11.2020-ci il tarixli **********8 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdeh 02.12.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 18.11.2020-ci il tarixə dövlət büdcəsinə 17938,49 manat, Dövlət Sosial Müdafiə Fonduna 5774,13 manat və işsizlikdən sığorta fonduna 386,5 manat ödənilməmiş borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1360/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1360/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin verdiyi izahatı nəzərə almamış və iddiaçı tərəfindən lazımi məlumatlar təqdim olunmasını gözləmədən qərar qəbul etmişdir. Belə ki, məhkəmə cavabdehin vergi, sosial müdafiə və işsizlikdən sığorta ilə bağlı yaranmış borclarının qətnamənin qəbul edilməsi anına mövcud vəziyyəti barədə cavabdehin verdiyi izahatı nəzərə almamış və iddiaçı tərəfindən cavabdehin borcu barədə lazımi məlumatların təqdim olunmasını gözləmədən qərar qəbul etmiş və beləliklə, qətnamə həmin ana olan həqiqi borc məbləğindən daha yüksək məbləğin iddia tələbi kimi təmin edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. İşə apelyasiya qaydasında baxılması 06.08.2021-ci il tarixə təyin edilmiş tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1360/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair 21.10.2020-ci il tarixli **********542100 qeydiyyat nömrəli **********7 nömrəli bildirişdən görünür ki, Aqat-R MMCnin 21.10.2020-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 24227,98 manat məbləğində borcunun olması bildirilərək göstərilən borcların 5 gün müddətində ödənilməsi təklif olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş şəxsi vərəqədən görünür ki, cavabdehin 18.11.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 17938,49 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5774,13 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 386,5 manat məbləğində borcu mövcuddur. Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 17.11.2020-ci il tarixli **********8 nömrəli qərardan görünür ki, "xxxx" MMC-nin əmlaklarının siyahıya alınması və əmlakların siyahıya alınmasının həyata keçirilməsinin Baş dövlət vergi müfəttişi X4, Dövlət vergi müfəttişi X2 tapşırılması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında 19.11.2020-ci il tarixli **********8 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 28216,06 manat dəyərində əmlakı siyahıya alınmışdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında 17.11.2020-ci il tarixli aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 117 ünvanında yerləşən Cavabdeh MMC-nin siyahıya alınmış əmlakları məsul saxlanma üçün X3 təhvil verilmişdir. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Cavabdeh MMC-yə 31.12.2004-cü il tarixdə VÖEN verilmiş, əsas fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışıdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə 02.12.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh MMC-yə əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutları nəzərə alaraq, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1, 23.1.6, 89.1, 89.7, 89.10, 90.1-ci maddələrini mübahisə üzrə düzgün tətbiq edərək iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlili bundan ibarətdir ki, məhkəmə qətnamə qəbul edərkən borcun məbləği ilə bağlı cavabdehin izahatını nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə iddiaya etirazın əsası kimi istinad etdiyi halla bağlı hər hansı sübut təqdim edilmədiyindən apelyasiya şikayəti əsassızdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1360/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1360/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-738/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-738/2021
06.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver