Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-739/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehin anbardan və boş istehsal sahəsindən çıxarılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, e-2-2(113)-3804/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin iddiaçıya məxsus məxsus, Bakı şəhəri Dərnəgül qəsəbəsi İslam Abışov küçəsi 20/94-cü məhəllədə yerləşən 300 kv.m sahəsi olan anbardan və 220 kv.m boş istehsal sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, e-2-2(113)-3804/2024 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ASC iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin iddiaçıya məxsus məxsus, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, İslam Abışov küçəsi, 20/94-cü məhəllədə yerləşən 300 kv.m. sahəsi olan anbardan və 220 kv.m. boş istehsal sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin “Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilməsi barədə tələbinə istinad olunmuşdur. Məhkəmə 31 may 2024-cü il tarixli, e-2-2(113)-3804/2024 saylı qərardadı ilə iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin “qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi” tələbinə istinad olunaraq göstərilib ki, iddia ərizəsi cavabdehin olduğu yerin məhkəməsinə verilməlidir, buna görə də iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Lakin iddiaçının tələbi öz daşınmaz əmlakını cavabdehin qanunsuz sahibliyindən geri alınmasından ibarət olduğu üçün işə Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə uyğun olaraq həmin daşınmaz əmlakın olduğu Bakı şəhərindəki kommersiya məhkəməsində baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Məhkəmə qeyd etmişdir ki, MPM-də müstəsna aidiyyətlə bağlı olan maddə ümumi ərazi aidiyyət qaydalarından istisna kimi müəyyən edilibdir. Konkret işin bu və digər məhkəmədə baxılması iddiaçının (cavabdeh) iradəsi və istəyindən asılı deyil. Belə ki, MPM-nin 39-cu maddəsində göstərilən hallar Mülki Məcəllənin 157–ci maddəsində mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi üçün istifadə edilən 3 iddianın tətbiqi ilə bağlıdır: vindikasiya, neqator və mülkiyyət hüququnun tanınması iddiaları. Mülkiyyət hüququnun tanınması iddiası ilə məhkəməyə üçüncü şəxslər tərəfindən mülkiyyət hüququnun mübahisələndirildiyi halda müraciət edilir. Neqator iddia – mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, yəni mülkiyyətçinin əmlaka sahiblikdən məhrumetmə ilə bağlı olmayan pozuntulara xitam verilməsi tələbdir. Vindikasiya iddiası- əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsidir. Bu əşya-hüquq iddialarının xüsusiyyətləri ondan ibarətdir ki, tərəflər müqavilə-hüquq münasibətlərində deyillər. Göründüyü kimi, cavabdehə qarşı müqavilə öhdəliklərinin icra edilməməsi ilə əlaqədar hazırkı işdə bu hallar mövcud deyil, tərəflər arasında yaranan mübahisə - mülki hüquq müqaviləsi üzrə öhdəliyin icra edilməməsi və cavabdehin icarə predmeti olmuş əmlakdan çıxarılması ilə bağlıdır. Tərəflər arasında müqavilə əsası mövcud olduğundan əmlakın başqasının qeyriqanuni sahibliyindən götürülməsi barədə müstəsna aidiyyət qaydası hazırkı iş üzrə tətbiq edilə bilməz. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiya məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin geri qaytarılması əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, e-2-2(113)-3804/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-739/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-739/2024
11.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver