Məhkəmə qərarları › İş №2-2(103)-739/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-739/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-739/2025 28.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-284/2025 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında 30.6.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-08134LE/2019 saylı Razılaşma imzalanmışdır.

2. xx.xx.2022-ci il tarixli GL5687 nömrəli kredit limiti müqaviəsi əsasında İddiaçı ASC birdəfəlik və ya hissələrlə verilən kreditlər üçün Cavabdeh3 MMC-yə xx.xx.2032-ci il tarixədək, illik faiz dərəcəsi 25% olmaqla, 10.000.000 (on milyon) manat məbləğində kredit limiti ayırır.

3. xx.xx.2022-ci il tarixli GL5687 nömrəli kredit limiti müqaviləsindən irəli gələn borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə X6 (zamin) arasında xx.xx.2022-ci il tarixli, Z5420 saylı zaminlik müqaviləsi bağlanmışdır.

4. xx.xx.2022-ci il tarixli GL5687 nömrəli kredit limiti müqaviəsindən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədilə bank, Cavabdeh1 (ipoteka qoyan), Cavabdeh3 MMC (borc alan) arasında ipoteka qoyana məxsus ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilin ipotekaya qoyulması ilə bağlı xx.xx.2022-ci il tarixli İ4438 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən ipoteka predmetinin dəyəri 90.000 mana məbləğində qiymətləndirilmişdir.

5. 14. xx.xx.2022-ci il tarixli GL5687 nömrəli kredit limiti müqaviəsi daxilində İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli K5687 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) əsasında bank tərəfindən xx.xx.2023cü il tarixədək illik 15% dərəcəsi ilə 200.000 manat məbləğində kredit verilmişdir.

6. xx.xx.2022-ci il tarixli K5687 nömrəli Maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə xx.xx.2023-cü il tarixli 01 saylı Əlavə ilə kreditin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Müqavilələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

7. 19.04.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh3 MMC-nin banka əsas borc məbləği 96.920,11 manat, cərimə borcu 4.458,32 manat, cəmi 101.378,43 manat təşkil edir.

8. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli hesabata əsasən ünvan 2 ünvanında yerləşən 30 saylı mənzilin bazar qiyməti 120.000, likvid qiyməti 110.000 manat dəyərində dəyərində müəyyən edilmişdir.

9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 9/3755 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü tarixə banka olan əsas borcu 202.653,85 manat, faiz borcu 6676,48 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa təqdim olunan cari hesabdan çıxarışa əsasən İddiaçı ASC ilə Cavabdeh3 MMC-nin arasında bağlanmış (Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-08134LE/2019 saylı Razılaşma çərçivəsində xx.xx.2022-ci il tarixli K5687 saylı maliyyələşdirmə üçün ərizə (kredit müqaviləsi) üzrə qətnamənin qəbul edildiyi tarixədək (xx.xx.2025-ci il tarixə) olan bütün ödənişlər nəzərə alınmaqla Cavabdeh3 MMC-nin banka əsas borcu 26.404,75 (40.172,75-13768,00) manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “A X9" MMC, Cavabdeh2 birgə qaydada - K5687 saylı kredit müqaviləsinə əsasən 96.920,11 manat əsas borc, 4.458,32 manat cərimə borcu olmaqla, cəmi 101,378.43 manat məbləğində borcun: - 40060AZNHK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 4.22 manat cərimə borcunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi: tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, 43.6 kv.m ümumi sahədən ibarət 30 saylı mənzilə yönəldilməsi; Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, 43.6 kv.m ümumi sahədən ibarət 30 saylı mənzilin hərracdan ilkin satış qiymətinin 72.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər “A X8" MMC, Cavabdeh2 İddiaçı ASC-yə olan borclarının ödənilməsinə yönəldilməsi; əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; İpoteka və girov predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər “A X9" MMC, Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; İddia ərizəsinin verilməsi üçün 391.38 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “A X9" MMC arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 08134LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: xx.xx.2022-ci il tarixdə GL5687 saylı Kredit limiti müqaviləsi imzalanmış və limit çərçivəsində tərəflər arasında xx.xx.2022-ci il tarixli K5687 saylı maliyyələşdirmə üçün ərizə və ona edilmiş xx.xx.2023-cü il tarixli 01 sayl əlavəyə əsasən borcalana xx.xx.2023cü il tarixədək, dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 200.000 (iki yüz min) manat məbləğində kredit xətti açılmışdır. Qeyd olunan kredit xətti çərçivəsində tərəflər arasında xx.xx.2022-ci il tarixli DC00461146-03 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 15.5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30.5% olmaqla, 159,260 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanılmış GL5687 saylı Kredit limiti müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə: - Bank ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli Z5420 saylı zaminlik müqaviləsi imzalanmış; - Bank ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DG**********216 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan əlavə İddiaçı ASC ilə “A X9" MMC arasında bağlanmış GL5687 saylı Kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, 43.6 kv.m ümumi sahədən ibarət 30 saylı mənzil İddiaçı ASC-nin xeyrinə 04.110.2022-ci il tarixli İ4438 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********38- 05101-093031, qeydiyyat tarixi: xx.xx.2022, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək K5687 saylı kredit üzrə 86 gün, DC00461146-03 saylı kredit üzrə 118 gün həyata keçirməmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-284/2025 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə dair iddia “Əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-284/2025 saylı qətnaməsi ilə iddia qismən edilmiş, xx.xx.2022-ci il tarixli K5687 saylı Kredit müqaviləsinə əsasən, əsas borc üzrə 96.920 manat, 11 qəpik, cərimə borcu üzrə 4.458 manat, 32 qəpik olmaqla, cəmi 101.378 manat, 43 qəpik məbləğində pul Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2022-ci il tarixli K5687 saylı Kredit müqaviləsi üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 43.6 kv.m ümumi sahədən ibarət 30 saylı mənzilə ilkin satış qiyməti 110.000 manat müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Dövlət rüsumunun əvəzi olaraq 391 manat 38 qəpik məbləğində pulun Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 15 manat və xidmət haqqının əvəzi olaraq 36 manat məbləğində pulun Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. İddia qalan hissədə təmin edilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni əsaslandırarakən müəyyən etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Əsas borc üzrə 96.920,11 manat məbləğində pulun Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilərkən maliyyə arayışı nəzərə alınmışdır. 4.458,32 manat məbləğində dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsindən başqa ağlabatan və ədalətli olması səbəbilə təmin edilmişdir. Məhkəmə "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli hesabatı əsas götürərək hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli K5687 nömrəli Kredit müqaviləsi üzrə tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 43.6 kv.m ümumi sahədən ibarət 30 saylı mənzilə ilkin satış qiyməti 110.000 manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməzsə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın qeyd edilən hissəsi təmin edilə bilməz.

15. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 741, 462.1, 470.1, 472.1, 472.2, 269.5, 317.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

16. Cavabdeh3 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının tələb etdiyi cərimə məbləğini tam təmin edərək yanlışlığa yol vermişdir. Çünki belə olan halda cavabdehlərin maddi vəziyyəti nəzərə alınmalı idi. Məhkəmə isə bu halı ümumiyyətlə araşdırmamışdır. Göründüyü kimi bu tip işlərdə cavabdehin iştirakının təmin olunmasa belə məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Məhkəmənin maliyyə arayışına və hesabdan çıxarışa əsaslanması qəbul edilməzdir. Hesab edir ki, məhkəmə bu halda prosessual pozuntu edərək ekspertiza təyin etməmişdir. Məbləğ tamamilə əsassızdır. Buunla bağlı ödəniş sənədləri mövcuddur və eyni zamanda iddiaçının sistemindən çıxarışdan görünür ki, borc qalığı 73.063,11 manat təşkil edir. İddiaçı ASCnin sistemindən çıxarışdan görünür ki, borc məbləği qeyd etdiyi məbləğdir. Cavabdehin etdiyi ödənişlərə məhkəmə ya fikir verməyərək ya da iddiaçı tərəfindən təqdim olunmadığından işin halları düzgün araşdırılmamışdır. Bu halda məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda ekspertiza da təyin olunmamışdır. Bundan başqa daşınmaz əmlakın qiymətləndirilməsi həyata keçirilmişdir. Məhkəmə yalnız bu rəyə əsaslanaraq 160000-170000 manat dəyərində olan evi 110000 manata dəyərləndirmişdir. Halbuki görünən odur ki, evə vizual baxış keçirilmişdir. Qiymətləndirmədə cavabdehin iştirakı təmin olunmamışdır. Evin ölçüsü 43.6 kv.m. göstərilmiş, lakin evdə artırmaların olduğu nəzərə alınmamışdır. Real ölçü fərqlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. İddiaçı yazılı etirazında göstərmişdir ki, cavabdeh apellyasiya şikayətinin tələbində məhkəmə tərəfindən qət edilmiş cərimə məbləğinin çox olduğuna istinad edərək, bu məbləğin tutulmamalı olduğunu qeyd etmişdir. Buna münasibətdə qeyd edir ki, Bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd edir ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi Dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq məqsədi güdmüşdür. Cavabdehlə bağlanmış kredit müqavilələrinə əsasən kreditlər 15.5 faizlə verilmiş, kreditin gecikdirilməsinə görə hesablanacaq cərimə faizi isə 15 faizlə hesablanacağı qeyd edilmişdir. Buna görə də iddiaçının tələb etdiyi və məhkəmənin qət etdiyi 4458.32 manat cərimə məbləği 96920,11 manat əsas borcun heç 5 faizini təşkil etmir və əsas borca tam mütənasibdir. Ona görə də hesab edir ki, cavabdehin cərimə məbləği ilə bağlı şikayəti əsassızdır və təmin edilməməlidir. Həmçinin cavabdehin qeyd etdiyi məhkəmə tərəfindən ekspertizanın keçirilməməsinə münasibətdə qeyd edir ki, ekspertizanın keçirilməsi imperativ norma deyil və məhkəmənin və tərəflərin təşəbbüsünə əsaslanır. Cavabdeh tərəfindən isə ekspertizanın keçirilməsi xahiş olunmamışdır. Həmçinin qanunvericiliyə əsasən məhkəmə tərəflərin təqdim etdiyi sübutlara əsasən işə baxır və qərar qəbul edir. Əgər cavabdeh dediyi kimi borcu az idisə, bu barədə məhkəməyə ödənişləri barədə qəbzlərini təqdim edə bilərdi. Lakin bunu etməmiş və məhkəmə də haqlı olaraq bank tərəfindən təqdim edilmiş maliyyə arayışına və hesabdan çıxarışa əsasən işə baxmışdır. Həmçinin cavabdeh qeyd etmişdir ki, ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizasında iştirakı təmin olunmamışdır və ilkin satış qiyməti ilə razı deyil. Buna münasibətdə qeyd edək ki, məhkəmə əmlakın qiymətləndirilməsi barədə tərəflərə dəfələrlə bildiriş göndərmişdir. Tərəflərin gəlməməsi əmlaka baxış keçirilməsinə mane ola bilməz. Ekspertizanın verdiyi rəylə razı olmayan cavabdeh bu barədə rəyə etirazını bildirə bilərdi. Lakin bunu etməmiş və qətnamədən şikayət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

19. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda apellyasiya şikayətinə etiraz etmiş, ekspertin nəticədə göstərdiyi hallar ilə razı olduqlarını, digər hissələrdə isə ekspert rəyi ilə razılaşmadıqlarını bildirmişdir.

20. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

21. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. -“İpoteka haqqında” Qanunun hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasının: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. -34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: -34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. -1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. -“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

22. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

Apellyasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə tam şəkildə ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin dəlilləri qətnamənin kredit müqaviləsi üzrə borcun (əsas və cərimə) tutulması tələbinin təmin edilmiş hissəsində və ipoteka predmeti olan əmlakın ilkin satış dəyəri hissəsində ləğvinə yönəldilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı həmin hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən –mübahisəli maliyyələşdirmə üçün ərizə üzrə tutulması qət edilmiş əsas borc hissəsində dəyişdirilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında 30.6.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-08134LE/2019 saylı Razılaşma imzalanmışdır.

29. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli GL5687 nömrəli kredit limiti müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh3 MMC-yə birdəfəlik və ya hissələrlə verilən kreditlər üçün xx.xx.2032-ci il tarixədək, illik faiz dərəcəsi 25% olmaqla, 10.000.000 manat məbləğində kredit limiti ayrılmışdır.

30. xx.xx.2022-ci il tarixli GL5687 nömrəli kredit limiti müqaviləsi daxilində Cavabdeh3 MMC tərəfindən banka təqdim edilmiş və bank tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli K5687 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) əsasında bank tərəfindən Cavabdeh3 MMC-yə xx.xx.2023-cü il tarixədək illik 15% dərəcəsi ilə 200.000 manat məbləğində kredit verilmişdir.

31. Kredit limiti müqavilə üzrə kredit alanın öhdəliklərinin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış və zamin yuxarıda göstərilən maliyyələşdirmə üçün ərizələr üzrə sonuncular kredit alanın öhdəliklərinə zamin durmuşdur. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, Cavabdeh3 MMC maliyyələşdirmə üçün ərizə (kredit müqaviləsi) üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə həmin müqavilələr üzrə banka borcları yaranmışdır. Hazırda İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (əsas borcun və dəbbə pulunun) cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində mübahisəli kredit müqaviləsi üzrə tutulmalı olan borc məbləğləri mübahisələndirildiyindən cavabdehin iddiaçıya əsas və faiz borcunun məbləğlərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə cavabdehin mübahisəli maliyyələşdirmə ərizəsi üzrə müqavilə müddətinin bitməsi tarixinə, yəni xx.xx.2023-cü il tarixinə əsas borcunun 202.653,85 manat, faiz borcu 6676,48 manat məbləğində olması, həmin tarixdən qətnamənin çıxarıldığı tarixə, yəni xx.xx.2025-ci il tarixə kimi cavabdeh tərəfindən həmin müqavilə üzrə 169.157,58 manat ödənilməsi, nəticədə xx.xx.2025-ci il tarixə 40172,75 manat məbləğində əsas borcunun qalması, faiz borcunun isə qalmaması, bundan sonra xx.xx.2025-ci il tarixə 13.768 manat məbləğində ödəniş edilməsi və nəticədə cavabdehin banka əsas borcunun 26.404,75 manat təşkil etməsi müəyyən edilmişdir.

33. Ekspert rəyində müəyyən edilmiş xx.xx.2023-cü il tarixinə olan əsas və faiz borcu məbləğləri ilə razılaşması, lakin ekspert tərəfindən sonrakı ödənişlərin dəbbə pulu borcuna silinməməsi səbəbindən rəyin verildiyi tarixə hesablanmış qalıq əsas borc məbləği ilə razılaşmaması barədə iddiaçının nümayəndəsinin dəlillərinə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, hazırkı iddia ərizəsində iddiaçı tərəfindən kredit müqaviləsi üzrə əsas borcu ilə yanaşı dəbbə pulu borcunun ödənilməsi də tələb edilmiş və həmin hissədə iddia tələbi məhkəmə tərəfindən təmin edilmişdir.

34. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfindən ödənilməsi tələb edilən əsas borc məbləği 96.920,11 manat təşkil etdiyi halda ekspert tərəfindən cavabdehin əsas borc məbləğinin ekspert rəyinin verildiyi tarixə 26.404,75 manat məbləğində olması müəyyən edilmişdir. Bankın mövqeyinə görə göstərilən fərqin müqavilə müddəti bitdikdən sonrakı dövrdə (yəni müqavilə üzrə yeni faizlərin hesablanmadığı dövrdə) borcun dəbbə puluna silinməməsi nəticəsində əmələ gəldiyini nəzərə aldıqda belə qənaətə gəlmək olar ki, bank tərəfindən müqavilə müddəti bitdikdən sonrakı dövrdə borc alan tərəfindən ödənilmiş 70.000 manat yaxın məbləğdə ödənişlər dəbbə puluna silinmiş, bundan əlavə qalıq əsas borca hesablanmış 4.458,32 manat məbləğində dəbbə pulunun tutulması məhkəmə qaydasında tələb edilmişdir.

35. Kollegiya hesab edir ki, əsas borcun təxminən 35%-i məbləğində ödənişlərin bank tərəfindən dəbbə puluna silinməsi cavabdehlərdən tənasübsüz surətdə yüksək məbləğdə dəbbə pulu tutulmasına səbəb olmaqla Mülki Məcəllənin 467-ci maddəsində müəyyən edilmiş mütənasiblik prinsipinə, eləcə də Mülki Məcəllənin 425-ci maddəsində təsdib edilmiş vicdanlılıq prinsipinə uyğun davranış hesab edilə bilməz. Odur ki, iddiaçının yuxarıda istinad edilən dəlilləri əsassız hesab edilir.

36. Belə olan halda kollegiya ekspert rəyi ilə razılaşmaması üçün əsas olmadığından hesab edir ki, əsas borcun tutulması hissəsində qətnamə dəyişdirilməli, mübahisəli kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmalı olan əsas borc məbləği həmin rəy əsasında 26.404,75 manat məbləğində müəyyən edilməlidir.

37. Digər tərəfdən iddianın dəbbə pulu tutulması hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər nəticəsində hazırda kredit müqaviləsi üzrə əsas borc məbləği azalsa da, işin yuxarıda göstəilən hallarından da göründüyü kimi müqavilə müddətinin bitdiyi tarixə gecikdirilmiş borc məbləği 202.653,85 manat təşkil etmişdir. Odur ki, göstərilən halı da nəzərə alan kollegiya hesab edir ki, kreditin qaytarılması öhdəliyinin gecikdirilməsinə görə cavabdehlərdən tutulması tələb edilən dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək deyildir və belə olan halda həmin hissədə iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.

38. Cavabdehin ipoteka predmeti olan mənzilin ilkin satış dəyəri ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış dəyərinin əmlakın real qiymətini əks etdirmədiyini iddia etsə də qiymətləndirmə rəyini şübhə altına ala biləcək konkret hallara istinad etməmiş, eləcə də ipoteka predmeti olan mənzilin sahəsinin artırılması barədə arqumentlərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda həmin dəlillər formal mülahizə kimi dəyərləndirilir.

39. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, mübahisəli maliyyələşdirmə üçün ərizə üzrə tutulması qət edilmiş əsas borcun məbləği və buna müvafiq olaraq ümumi məbləği və məhkəmə xəcləri hissəsində dəyişdirilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Buna müvafiq olaraq birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də dəyişdirilməli, dövlət rüsumunun əvəzi olaraq cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq məbləğ 115 manat məbləğində müəyyən edilməlidir.

41. Apellyasiya şikayəti qismən təmin edildiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən şikayətin təmin edilmiş hissəsinə (30%) mütənasib olaraq həmin şikayətin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58 manat iddiaçıdan tutularaq apellyatora ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə apellyatorun özünə aid edilməlidir.

42. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 30 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 70 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-284/2025 nömrəli qətnaməsi əsas borc, məhkəmə xəcləri və cavabdehdən tutulacaq ümumi məbləğ hissəsində dəyişdirilsin, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-dən iddiaçının xeyrinə tutulacaq əsas borc 26404,76 manat və ümumi məbləğ isə 30863,08 manat məbləğində, həmçinin dövlət rüsumunun əvəzi olaraq tutulacaq pul vəsaiti 115 manat məbləğində müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 30 manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-dan müştərək qaydada, 70 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Cavabdeh3 MMC-yə ödənilsin, dövlət rüsumunun qalan hissəsi cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Ziya Şirinov

Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar