Məhkəmə qərarları › İş №2-2(103)-74/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-74/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-74/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: icarə haqqı Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 2931/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından göünür ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında nəqliyyat vasitələri və texnikaların icarəyə verilməsi ilə bağlı xx.xx.2020 tarixli 19.06.20.General/YKT2020 saylı icarə müqaviləsi bağlanmışdır.

2. xx.xx.2020-ci il tarixində "xxxx" MMC və Cavabdeh MMC arasında imzalanmış müqaviləyə əlavə № 1-dən məlum olur ki, icarəyə veriləcək nəqliyyat vasitələri və texnikaların aylıq icarə haqqı cəmi 90871,2 manat razılaşdırılmışdır. 3-cü bəndə əsasən uzun müddətli yağışlı günlərdə, bayram günlərində və maşın-mexanizmlərin nasaz olduğu günlərdə icarə haqqı hesablanmayacaqdır; 4-cü bəndə əsasən bu əlavə imzalandığı andan qüvvəyə minir və 19.06.General/YKT2020 saylı xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsidir.

3. İşdən görünür ki, EBAP seriyalı, 285354 saylı, xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 19.477,08 manat, EBAQ seriyalı 459182 saylı, xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 31.509,54 manat, EBAR seriyalı 969276 saylı, xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 29.772,58 manat, EBAT seriyalı 336559 saylı, xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 32.386,28 manat, EBAW seriyalı 431021 saylı, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 25.139,9 manat, EBAX seriyalı 151143 saylı, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 9.851,82 manat, EBAX seriyalı 681922 saylı, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 6.819,22 manat "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı tərəfindən ümumilikdə 154956,42 (yüz əlli dörd min doqquz yüz əlli altı manat qırx iki qəpik) manat, ƏDV-siz 131319 manat məbləğində elektron qaimələr göndərilmişdir.

4. İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubunda 58.005 manat əsas borc, 10440,90 manat ƏDV məbləğinin 15 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

5. İş materiallarından görünür ki, xx.xx.2020 tarixli 000İCAZ201880108 nömrəli ödəniş tapşırığına əsasən 2.000 manat, xx.xx.2020 tarixli 000İPXO202455200 nömrəli ödəniş tapşırığına əsasən 10.506 manat, xx.xx.2020 tarixli 000İPXO202754798 nömrəli ödəniş tapşırığına əsasən 6.703 manat, xx.xx.2020 tarixli 000İPXO203011727 nömrəli ödəniş tapşırığına əsasən 26.000 manat, xx.xx.2020 tarixli 000İPXO203647767 nömrəli ödəniş tapşırığına əsasən 21.305 manat, xx.xx.2021 tarixli 000İPXO121270111F nömrəli ödəniş tapşırığına əsasən 6.800 manat, ümumilikdə 73314 manat məbləğində (ƏDV daxil deyil) ödəniş olmuşdur.

6. 08 sentyabr 2020 tarixli aktdan məlum olur ki, avqust ayı üzrə 28.661 manat xidmət haqqı və 1958 manat avans ödənişi, 14 oktyabr 2020 tarixli aktdan məlum olur ki, sentyabr ayı üzrə 27090 manat xidmət haqqı və 1859 manat avans ödənişi, 24 noyabr 2020 tarixli aktdan məlum olur ki, sentyabr ayı üzrə 29.101 manat xidmət haqqı və 1655 manat avans ödənişi, 28 dekabr 2020 tarixli aktdan məlum olur ki, noyabr ayı üzrə 23.597 manat xidmət haqqı və 2292 manat avans ödənişi qeyd edilmşdir. Aktlar "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş, "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh MMC-nin maliyyə mütəxəssisi Şahid1 adları qeyd edilməklə imzalanmışdır.

7. Cavabdeh MMC və "xxxx" MMC-nin möhürləri ilə təsdiq edilmiş “dekabr 2020” aktında cəmi 11193 manat “məbləğ”, 2844 manat “avans” 8349 manat “qalıq”, 1503 manat “ƏDV”, cəmi 9852 manat; “yanvar 2021” aktında cəmi 6099 manat “məbləğ”, 320 manat “avans”, 5779 manat “qalıq”, 1040 manat “ƏDV”, cəmi 6820 manat göstərilmişdir.

8. xx.xx.2023 tarixli ödəniş qəbzindən məlum olur ki, Bakı “12” X1 hesabına 401 manat ödənilmişdir.

9. xx.xx.2023 tarixli ödəniş qəbzindən məlum olur ki, Bakı şəhəri “16” saylı Vəkil Bürosunun hesabına 100 manat ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1906 saylı, xx.xx.2020-ci il tarixli icrarə müqaviləsi üzrə 58005 manat əsas, 10440,90 manat ƏDV borc məbləği, borc məbləğinin borcun ödənilmədiyi gündən məhkəmə qərarının çıxarıldığı günədək Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi illik faiz bank uçot dərəcəsinə uyğun hesablanan məbləğ, 10000 (on min) manat mənəvi ziyan, pozulmuş hüquququn bərpası üçün vəkilə ödənilmiş 100 (bir yüz) manat, ödənilmiş 400 məhkəmə xərci, 58005 manat əsas borc məbləğinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üzrə bank uçot (7.5%) dərəcəsinə uyğun hesablanılmış 7521,52 manat olmaqla, cəmi 86467,42 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağlanılmış 1906 saylı, xx.xx.2020-ci il tarixli icrarə müqaviləsinə əsasən texnikalar və nəqliyyat vasitələri cavabdehə icarəyə verilmişdir. Bağlanılmış müqavilə üzrə razılaşdırılmış texnikalar və nəqliyyat vasitəri xidməti ehtiyaclar üzrə cavabdehə təqdim edilərək öhdəliklər icra edilmiş, cavabdeh MMC isə icarəyə verilmiş əmlakları xidməti ehtiyacları üçün istismar etmiş, lakin əmlaklar üzrə razılaşdırılmış icarə haqlarını ödəməyərək, müqavilə üzrə öhdəliklərinin tam icrasını təmin etməmişdir. Cavabdehə qeyd olunan müqaviləyə əsasən elektron qaimələrə əsasən 131319 manat icarə haqqı hesablanmışdır. Həmin borc məbləğindən cavabdeh tərəfindən cəmi 73314 manat bank hesabına köçürülmüş, yerdə qalan 58005 manatın ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Nümayəndə cavabdeh MMC-nin rəhbəri ilə görüşərək müqavilə üzrə qalıq məbləğin ödənilərək öhdəliklərinin tam icrasını tələb etmiş, cavabdeh tərəfindən hər dəfə borc məbləğinin növbəti ay ödəniləcəyi vəd edilsə də, verilən vədə bu günədək əməl edilməmişdir. Cavabdeh ilə bağlanılmış icarə müqaviləsi üzrə əsas borc məbləği 58005 manat, ƏDV üzrə borc məbləği 10440,90 manat təşkil edir. Cavabdeh yaranmış borc məbləğini könüllü ödəməyərək, müqavilə üzrə öhdəliklərinin icrasını tam təmin etmədiyindən həmin borc məbləği faiz dərəcəsi ilə, çəkilən və çəkiləcək xərclər məhkəmə qaydasında cavabdeh MMC-dən alınaraq ödənilməlidir. Mübahisənin məhkəmədən kənar həll olunması üçün mediatora müraciət edilsə də, cavabdeh məlumatlı olmasına baxmayaraq, mediasiya sessiyasında iştirak etməmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2931/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia qismən təmin edilmiş, Cavabdehndən 58005 manat borc, 10440,90 manat ƏDV, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 5024 (beş min iyirmi dörd) manat, 100 (yüz) manat hüquqi yardım xərci, 400 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 73969,9 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilə əsasında İddiaçınə məxsus texnikalar Cavabdehnə icarəyə verilmişdir. "xxxx" MMC icarəyə verilmiş texnikalarla bağlı ödənişlərin olması üçün qarşı tərəfə elektron qaimələr göndərmiş, Cavabdeh MMC tərəfindən ödənişlər edilsə də, tam olaraq icra edilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etirazında tərəflər arasında imzalanmış müqaviləni mübahisələndirmiş, əslində tərəflər arasında olan münasibətin hər hansı texnikalar və nəqliyyat vasitələrinin icarəyə verilməsi deyil, faktiki olaraq yüklərin daşınması xidməti barədə münasibət olduğunu bildirmişdir. Tərəflər arasında yaranan münasibətlərin icarə müqaviləsindən deyil, xidmət müqaviləsindən irəli gələn münasibətlər olmasına dair cavabdehin nümayəndəsinin mövqeyinə münasibətdə qeyd olunmalıdır ki, hazırkı mübahisə məhz icarə hüquq münasibətlərindən irəli gələn mübahisədir (eyni zamanda tərəflər arasında başqa münasibətlərin olmasına toxunulmur). Belə ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, icarənin predmeti, aylıq icarə haqqı, icarəyəverən və icarəçi olaraq tərəflərin öhdəlikləri müəyyən olunmuşdur. Eyni zamanda icarə predmetləri icarəçiyə təhvil verilmiş, icarə haqları qismən ödənilmişdir. Cavabdehə göndərilən elektron qaimələrdən də görünür ki, qaimələr məhz icarə haqlarının ödənişi üçün (biri istisna olmaqla) göndərilmiş, edilən ödənişlərin bir çoxunun təyinatında da məhz həmin qaimələrə istinad olunmuşdur. Ona görə də hazırkı mübahisə icarə müqaviləsindən irəli gələn mübahisədir.

15. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı tərəfindən ümumilikdə 154956,42 (yüz əlli dörd min doqquz yüz əlli altı manat qırx iki qəpik) manat, ƏDV-siz 131319 manat məbləğində elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən ümumilikdə 73314 (yetmiş üç min üç yüz on dörd) manat məbləğində (ƏDV daxil deyil) ödəniş olmuşdur.

16. Məhkəmə borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı faizlərin tutulmasına münasibətdə qeyd etmişdir ki, iddiaçının tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 2.2-ci bəndində razılaşdırılmışdır ki, ödəniş müddəti tərəflər arasında ay bitdikdən sonra növbəti ayın 15-dən sonra tərəflər arasında bağlanmış akta uyğun ödəniş həyata keçirilir. Məhkəmə araşdırması nəticəsində məlum oldu ki, cavabdeh tərəfindən sonuncu ödəniş 27 sentyabr 2021-ci il tarixində olmuşdur. Belə olan halda isə cavabdehin öhdəliyi gecikdirməsi öz təsdiqini tapır.

17. Məhkəmə iddianın əsas borc məbləğinin ödənişinin gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üzrə bank uçot (7.5%) dərəcəsinə uyğun hesablanılmış 7521,52 manatın tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, qeyd edilən hissədə iddia tələbi qismən təmin edilməli, MM-nin 445.7-ci maddəsinə əsasən cavabdehdən gecikdirilmiş vaxt (20 ay 24 gün) üçün illik beş faizlə hesablanmaqla 5024 manat məbləğində (58005x5:100:12x20ay=4833,75, 58005x5:100:366x24=190,18, 4833,75+190,18≈5024 manat) pul tutulmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2931/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan münasibətlər əslində hər hansı texnikalar və nəqliyyat vasitələrinin icarəyə verilməsi deyil, faktiki olaraq asfalt işlərinin görülməsi ilə bağlı yüklərin daşınması xidməti olmuşdur. Məhkəmə səhv olaraq tərəflər arasındakı münasibətləri icarə münasibətləri kimi qəbul etmişdir. Yəni qeyd edirik ki, tərəflər arasında bağlanmış müqavilə icarə müqaviləsi adı altında bağlansa da tərərflər aralarındakı münasibət faktiki olaraq xidmət müqaviləsi olmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən bir tərəfli qaydada tərtib edilmiş aktlardan da görünür ki, Ağstafa rayonu, Qırlı kəndi avtomagistralın tikintisi ilə əlaqədar olaraq “General İnşaat" MMC-nin aktlarda adları qeyd olunan sürücüləri tərəfindən nəqliyyat vasitələri idarə edilərək yüklərin daşınması həyata keçirilmişdir. Bu da onu sübut edir ki, iddiaçının guya cavabdehə icarəyə verdiyi nəqliyyat vasitələri "General İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin öz istifadəsində olmuşdur. Yəni həmin nəqliyyat vasitələri Cavabdeh icarəsində olmamışdır. Göründüyü kimi tərəflər arasında olan işgüzar adətlər, münasibətlər icarə müqaviləsi deyil, xidmət müqaviləsi olmuşdur. Odur ki, hesab edirik ki, məhkəmə tərəflər arasında olan münasibətlərə Mülki Məcəllənin icarə müqaviləsinin normalarını deyil, maddi hüquq norması kimi Mülki Məcəllənin xidmət, tapşırıq müqaviləsinin normalarını tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. "xxxx" MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən ödəniş müddəti tərəflər arasında ay bitdikdən sonra növbəti ayın 15-ən sonra tərəflər arasında bağlanmış akta uyğun ödəniş həyata keçir. Müqaviləyə əlavə № 1-dən məlum olur ki, icarəyə veriləcək nəqliyyat vasitələri və texnikaların aylıq icarə haqqı cəmi 90871,2 manat razılaşdırılmışdır. 285354 saylı, xx.xx.2020-ci il tarixli elektron qaimə istisna olmaqla digər elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilməmişdir. Həmin elektron qaimələrin cavabdeh tərəfindən ləğv edilməməsi, iddiaçı tərəfindən xidmətlrin göstərilməsi kimi qiymətləndirilə bilməz. İddianı qismən təmin edən məhkəmə, borcun mövcudluğunu və müxtəlif texnikaların həqiqətən cavabdehə icarəyə verilməsini həmin elektron qaimələrə, aktlara və müqaviləyə istinad etmişdir. Elektron qaimə xidmətlərin göstərilməsini təsdiq edən sənd deyildir. Həmin elektron qaimələrin alt sənədləri, təstiqedici sənədləri, yəni təhvil-təslim aktları, 2 saylı aktı yoxdur. İş materiallarında olan 4 ədəd aktların heç birində Cavabdeh MMC-nin möhürü və səlahiyyətli nümayəndəsinin imzası yoxdur. Ancaq həmin aktlara əlavə edilmiş 2 ədəd sənəddə Şahid2 və Şahid1 adları və imzaları əks olunduğu müəyyən olunmuşdur. Cavabdeh Məhdud Məsuliyyətinin Cəmiyyətinin nümayəndələri qismində həmin şəxslərin sözügedən sənədləri imzalamağa, malları təhvil almağa və ya təhvil verməyə hüquq və səlahiyyətlərinin olub-olmaması, bu barədə etibarnamələrinin olub-olmaması, şirkətlə əlaqələrinin mövcud olub-olmaması barədə heç bir məlumat qeyd edilməmişdir. 4 ədəd akt və akta əlavə edilmiş 2 ədəd sənədin əsilləri məhkəməyə tədqiq edilməmişdir. Həmin aktlardakı imzalar bizdə şübhə doğurduğundan, həmin aktlara əlavə edilmiş sənədlərdəki imzalarin cavabdeh MMC-nin əməkdaşları tərəfindən imzalanmamasını bildirərək, həmin aktlara əlavə edilmiş sənədlərdəki imzaların həqiqətən MMC-nin nümayəndələri Şahid2 və Şahid1 məxsus olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə tərəfindən cavabdeh MMC-nin əsaslı vəsatətini heç bir əsas göstərmədən təmin edilməmişdir. Məhkəmə iclasında aktlarda imzaları olan Şahid2 və Şahid1 şahid qismində dindirilmiş, onlar iclasda aktlardakı imaların onlara məxsus olmadıqlarını bildirmələrinə baxmayaraq, məhkəmə onların izahatlarına da əhəmiyyət vermmişdir. Sözügedən aktların əsillərinin məhkəməyə təqdim edilməməsi, aktlarda cavabdeh MMC-nin möhürü və səlahiyyətli nümayəndəsinin imzasının olmaması, aktlara qoşma olaraq qoyulmuş 2 ədəd sənətdə olan imzaların həqiqətən həmin şəxslər tərəfindən icra edilib-edilməməməsi barədə şübhələrin olması, həmin aktların doğruluğunu və həqiqətən həmin tarixdə tərtib edilməsini şübhə altına alır. Buna görə də şübhə doğuran, birtərəfli qaydada tərtib edilmiş həmin aktlar mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin birtərəfli tərtib edilmiş aktlar əsassızdır, mötəbər sübut hesab oluna bilməz. İddiaçı cavabdehə icarəyə vermədiyi texnikalara görə əsassız olaraq əlavə pul tələb edir, Bakı Kommersiya məhkəməsi də səhv hüquqi nəticəyə gələrək həmin pulu bizdən tutmaqla maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı öz iddia tələblərinin əsaslı olması barədə məhkəməyə heç bir mötəbər sübut verməyib.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

21. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

22. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddə- icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddə- icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 425.1-ci maddə-öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddə- öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddə- (mübahisə yaranan dövrdə qüvvədə olan redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

23. Qətnamə cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

24. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2931/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterinin düzgün müəyyən edilmədiyini, aralarındakı müqavilə icarə müqaviləsi kimi bağlansa da, əslində xidmət müqaviləsi olduğunu, yəni iddiaçı tərəfindən icarəyə verilmiş nəqliyyat vasitələrinin və texnikaların sürücülərlə birlikdə təqdim edildiyini və həmin sürücülərin cavabdehin sifarişi ilə daşınmanı həyata keçirdiyini qeyd etmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi adında müqavilə növü olmadığından tərəflərin hüquq və öhdəliklərinin xarakterinə və müqavilə şərtlərinə görə onlar arasında bağlanmış müqavilənin hansı müqavilə növünə uyğun olduğuna məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. MM-nin 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Hazırkı halda tərəflər arasında bağlanmış bağlı xx.xx.2020 tarixli 19.06.20.General/YKT2020 saylı müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə Əlavə 1-də qeyd edilmiş aylıq sabit icarə haqqı müqabilində həmin Əlavədə nəzərdə tutulmuş nəqliyyat vasitələrini və texnikaları icarəyə vermişdir. Müqavilənin icarəyə verənin öhdəliklərini nəzərdə tutan 3-cü bəndində icarəyəverənin icarə obyektlərinin sürücülərlə birlikdə veriləcəyi barədə öhdəliyi nəzərdə tutulmasa da icarəçinin öhdlikləri ilə bağlı müqavilənin 3.2-ci bəndində icarəyə götürənin nəqliyyat vasitələrinin, texnikaların və sürücülərin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət edilməsinə cavabdehliyi və icarəyə götürənin sürücü və operatorları yatacaq yeri ilə və gündə 3 dəfə yeməklə təmin etmək öhdəliyi nəzərdə tutulduğundan müəyyən edilir ki, nəqliyyat vasitələri ilə yanaşı cavabdehə iddiaçının sürücüləri tərəfindən də xidmət göstərilmişdir. Müqavilə qarışıq olsa da cavabdehin öhdəliyi xarakterinə görə icarə müqaviləsindən irəli gələn öhdəliyə daha yaxın olduğu üçün məhkəmə düzgün olaraq mübahisə üzrə icarə ilə bağlı maddi hüquq normalarını tətbiq etmişdir.

27. İddiaçı tərəfindən işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 32.386,28 manat, EBAW seriyalı 431021 saylı, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 25.139,9 manat, EBAX seriyalı 151143 saylı, xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 9.851,82 manat borcu ödəməmiş, xx.xx.2020 tarixli elektron qaimə üzrə isə qismən ödəniş etsə də 905 manat əsas borc üzrə, 162,90 manat isə ƏDV üzrə borcu qalmışdır. Bu qaimələr sistem tərəfindən təsdiqlənsə də, qeyd edilən qaimələr üzrə cavabdehin ödəməli olduğu məbləğ iş materiallarına əlavə edilmiş və cavabdehin maliyyə mütəxəssisi Şahid1 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli aktlarla və iş materiallarının 74-cü vərəqinə əlavə edilmiş, üzərində Cavabdeh MMC-nin möhürü olan, cavabdehin əməkdaşları tərəfindən imzalanmış aktla təsdiq edilir.

28. Cavabdehin nümayəndəsi və vəkili aktlardakı imzaların Şahid1 tərəfindən icra edildiyini mübahisələndirərək iş üzrə ekspertiza təyin edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(103)-74/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, işin 68-71-ci vərəqlərində olan 08 sentyabr 2020-ci il tarixli, 14 oktyabr 2020ci il tarixli, 24 noyabr 2020-ci il tarixli, 28 dekabr 2020-ci il tarixli “Akt”ların aşağı hissələrində “3. YKT İnşat MMC-nin” qrafalarında “Maliyyə mütəxəssisi Şahid1” yazılarının qarşılarında olan imzalar Şahid1 tərəfindən icra edilmişdir.

29. Məhkəmə kollegiyası işdəki sübutlar və ekspert rəyi ilə iddianın əsaslı olduğunun təsdiq edildiyini, cavabdeh tərəfindən tələb edilən borcun ödənildiyinə dair hər hansı sübut təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslıdır və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.

30. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2931/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2931/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 124 manat ekspertiza xərci cavabdeh "YKT İnşaat” MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar