Məhkəmə qərarları › İş №2-2(103)-740/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-740/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-740/2023 31.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-140/2023 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-140/2023 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə pul tələbi, əmlaka tutma yönəldilməsi, əmlakın açıq hərracda satılması, istifadə hüququnun itirilmiş hesab edilməsi, daşınmaz əmlakdan çıxarılma, boşaldılması və banka təhvil verilməsi tələbinə dair iddia qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-140/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh3 qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərir ki, Azərbaycan dilinin izahlı lüğəti”ndə (İİ cild, Bakı: Şərq-Qərb, 2006, s. 203-204 - əlavə olunur) “forma” sözü “şeyin xarici görünüşü, şəkli”,“tip, quruluş, təşkilat sistemi, struktur”, “ülgü, biçim, şablon, nümunə” kimi tərif olunur. “Forma”nın antonimi “məzmun”dur. Forma və məzmun dialektik fəlsəfənin və məntiqin qoşa kateqoriyalarından biridir. Qanunvericilikdə də “forma”, bir qayda olaraq, zahiri görünüşü, strukturu ehtiva edir və məzmundan (mahiyyətdən) bununla fərqlənir. Belə ki, məsələn, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.7-ci maddəsində deyilir: “məcəllələşdirmə – normativ hüquqi aktların forma və məzmun baxımından yenidən işlənməsi yolu ilə vahid normativ hüquqi aktlarda birləşdirilməsi”. Qərardadda isə forma və məzmun kateqoriyaları qarışdırılır. MPM-in 361.1.4-cü bəndində konkret yazılıb: “şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi”. Beləliklə, tələbin necə ifadə edilməsi formaya deyil, məzmuna aiddir. 361.1-ci maddənin əvvəlində isə sadəcə vurğulanır ki, apellyasiya şikayəti Məcəllə ilə müəyyən edilmiş formada verilməli və orada “aşağıdakılar göstərilməlidir”. Beləliklə, Məcəlləyə “Əlavə 2”-də təsbit edilmiş “Apellyasiya şikayətinin forması” adından da göründüyü kimi məhz formadır, şikayətin strukturudur. Orada məzmun tələbləri müəyyən edilməyib. Həmin formanın bəndlərinin cümlələri isə yalnız izahedici (yardımçı) xarakter daşıyır. Əks yanaşma o demək olardı ki, şikayəti verən apellyasiya şikayətinin hər bəndini mütləq doldurmalıdır. Lakin təcrübədə bu belə deyil və ola da bilməz. Bəndlərin doldurulub-doldurulmaması, necə doldurulması və s. şikayət verənin öz işidir. Çünki, bu, artıq forma deyil, məzmun məsələsidir və buna apellyasiya instansiyası məhkəməsi şikayətə baxarkən qiymət verəcək. Məsələn, formanın 2-3-cü bəndləri vəkil və nümayəndə haqda məlumatlar üçündür. Amma vəkil və nümayəndə olmaya da bilər. Formanın 6-11-ci bəndlərinin də doldurulması mütləq deyil. İşin hallarından asılıdır. Formanın 14-cü bəndində imza olmalıdır. Amma elektron formada verilən şikayətin həmin bəndində imzanın olması ümumiyyətlə qeyri-mümkündür. Buna görə də verilmiş apellyasiya şikayəti forma tələbini pozmamışdır. Qərardadın özündə də deyilir “cavabdeh isə apelyasiya şikayətini həmin formaya uyğun tərtib etsə də, şikayətindəki tələbləri tam göstərməmişdir (qətnamə tamamilə ləğv edilsin)”. Yəni “mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələb”i birbaşa göstərilməmişdir. Lakin “mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələb”in olması Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsindən irəli gəlmir. Məcəlləyə “Əlavə 2”-də təsbit edilmiş “Apellyasiya şikayətinin forması”nın 12-ci bəndinin izahından irəli gəlir. Yəni, Məcəllənin məzmuna dair tələbi deyil, formanın izahıdır. Şikayətə baxmalı olacaq apellyasiya instansiyası məhkəməsi üçün apellyasiya şikayətində ifadə edilən tələb tam aydın olacaq. Bakı Kommersiya Məhkəməsi iddiaçının iddiasını qismən təmin edib. Həmin qətnamənin tam ləğvi tələb edilir. Bu, o deməkdir ki, iddia təmin edilməsin. Başqa nə ola bilər ki? Hansı alternativ var ki? Məsələn, qarşılıqlı iddia olsaydı və təmin edilməsəydi, demək olardı ki, “mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələb” aydın deyil (amma yenə də bu, forma deyil, məzmun məsələsidir). Burada isə tam aydındır. Axı Məcəlləyə “Əlavə 2”-də təsbit edilmiş “Apellyasiya şikayətinin forması”nın 12-ci bəndində belə deyilir: “Bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir”. Burada əsas məsələ “apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli” müddəasıdır. Ondan sonra gələn isə “yəni” sözü ilə başlayır. Tələb aydındır və dəqiq bildirilmişdir. Özü də lakonik, yığcam şəkildə. Onun başa düşülməməsi, yaxud fərqli anlanılması mümkün deyil. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-140/2023 saylı qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Cavabdeh isə apellyasiya şikayətini həmin formaya uyğun tərtib etsə də, şikayətindəki tələbləri tam göstərməmişdir (qətnamə tamamilə ləğv edilsin). Apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilənlərlə razılaşır və hesab edir ki, həmin dəlillər qərardadın ləğv edilməsi üçün əsasdır. Çünki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən MPM-in 363.1 və 363.1.1-1-ci maddəsinə əsaslansa da həmin normanı məqsədindən xaric tətbiq etmişdir. Başqa sözlə, apellyasiya şikayəti formal əsaslarla geri qaytarılıb, bu da ədalət mühakiməsinin məqsədlərinə xidmət etmir. Çünki, apellyasiya şikayətinin geri qaytarılması yalnız onun nəticə hissəsində şikayət verən şəxsin tələbinin necə göstərilməsindən asılı edilməməlidir. Yəni, şikayətin məzmununda şikayət verən şəxsin istəyi və tələbi aydın görünürsə, hansı ki, hazırki şikayətdə bu belədir, nəticə hissəsində tələbin necə göstərilməsindən asılı olmayaraq formal əlamətlərə istinad etməklə apellyasiya şikayəti geri qaytarılmamalıdır. Bir daha qeyd olunur ki, apellyasiya şikayəti verən şəxs qətnamənin ləğv edilməsini xahiş edib, şikayətin məzmununda isə məhkəmənin hansı maddi hüquq normasını pozduğuna dair dəlillərini göstərib. Bu cür vəziyyətdə məhkəmənin məhz MPM-in 363.1.1-1-ci maddəsində nəzərdə tutulan əsasla apellyasiya şikayətini geri qaytarması formal olmuşdur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 140/2023 saylı qərardadı ləğv edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-140/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-140/2023 saylı qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-140/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar