Məhkəmə qərarları › İş №2-2(103)-742/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-742/2021

06.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-742/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2-2 (113)-1642/2021 nömrəli qətnaməsindən (hakim Səbinə Nuriyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehin 22.09.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1252,91 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 35951,56 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 729,43 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1260 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2-2 (113)-1642/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1360/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin verdiyi izahatı nəzərə almamış və iddiaçı tərəfindən lazımi məlumatlar təqdim olunmasını gözləmədən qərar qəbul etmişdir. Belə ki, məhkəmə cavabdehin vergi, sosial müdafiə və işsizlikdən sığorta ilə bağlı yaranmış borclarının qətnamənin qəbul edilməsi anına mövcud vəziyyəti barədə cavabdehin verdiyi izahatı nəzərə almamış və iddiaçı tərəfindən cavabdehin borcu barədə lazımi məlumatların təqdim olunmasını gözləmədən qərar qəbul etmiş və beləliklə, qətnamə həmin ana olan həqiqi borc məbləğindən daha yüksək məbləğin iddia tələbi kimi təmin edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. İşə apelyasiya qaydasında baxılması 06.08.2021-ci il tarixə təyin edilmiş tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2-2 (113)-1642/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Vergi borcunun ödənilməsinə dair 28.07.2020-ci il tarixli **********548200 qeydiyyat nömrəli **********2 nömrəli bildirişdən görünür ki, Cavabdeh MMC-nin 28.07.2020-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 31241,75 manat məbləğində borcunun olması bildirilərək göstərilən borcların 5 gün müddətində ödənilməsi təklif olunmuşdur. Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 21.09.2020-ci il tarixli **********3 nömrəli qərardan görünür ki, Aba Logistics MMC-nin əmlaklarının siyahıya alınması və əmlakların siyahıya alınmasının həyata keçirilməsinin Şöbənin rəisinin müavini X3 və böyük dövlət vergi müfəttişi X2 tapşırılması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında 18.11.2020-ci il tarixli **********3 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1260 manat dəyərində əmlakı siyahıya alınmışdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında 18.11.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən cavabdehə məxsus olan siyahıya alınmış əmlak məsul saxlanma üçün Qanuni nümayəndə təhvil verilmiş, lakin Qanuni nümayəndə siyahıya alınmış əmlakı və aktın surətini təhvil almaqdan imtina etmişdir. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Cavabdeh MMC-yə 26.04.2006-cı il tarixdə VÖEN verilmiş, əsas fəaliyyət növü yük avtomobil nəqliyyatlarının fəaliyyətidir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə 03.12.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh MMC-yə əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, 28.02.2021-ci il tarixə vergilər üzrə borcu 12906,38 manat təşkil edir. Birinci instansiya məhkəməsi işdəki sübutları nəzərə alaraq, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1, 23.1.6, 89.1, 89.7, 89.10, 90.1-ci maddələrini mübahisə üzrə düzgün tətbiq edərək iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlili bundan ibarətdir ki, vergi orqanı tərəfindən siyahıya alınmış əmlaklar cavabdehin mülkiyyətində yox, istifadəsindədir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə iddiaya etirazın əsası kimi istinad etdiyi halla bağlı hər hansı sübut təqdim edilmədiyindən apelyasiya şikayəti əsassızdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2-2 (113)-1642/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06 may 2021-ci il tarixli, e-2-2 (113)-1642/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar