Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-742/2024 20.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “icarə müqaviləsi üzrə icarə haqqının, müqavilənin xitam tarixindən faktiki istifadəyə görə haqqın, əldən çıxmış faydanın tutulması və qeyri-yaşayış sahəsinin boşaldılması“ tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “icarə müqaviləsinin etibarsız hesab olunması və artıq ödənilmiş pulun tutulması” tələbinə dair qarşılıqlı iddialara dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2-2(113)-1773/2023 saylı, qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 19 500 manat icarə haqqı borcunun, icarə müqaviləsinin xitam tarixi – xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr üzrə icarə obyektindən faktiki istifadəyə görə 31 665 manat və əldən çıxmış faydanın əvəzi olaraq 50 000 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 195,75 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, X10 küçəsi, 18 N ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsinin Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icarə haqqı kimi artıq ödənilmiş 30 600 manat və mağazanın qanunsuz qapadılmaları nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 35 000 manat pulun İddiaçı, verilmiş borca görə artıq ödənilmiş 40 000 manat pulun Cavabdeh2 Cavabdeh1 xeyrinə tutulması, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən 19 166 (on doqquz min yüz altmış altı) manat 67 (altmış yeddi) qəpik icarə haqqı borcu, icarə obyektinin qaytarılmasının gecikdirildiyi müddət üçün xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmaqla 31 500 (otuz bir min beş yüz) manat icarə haqqı borcu olmaqla ümumilikdə 50 666 (əlli min altı yüz altmış altı) manat 67 (altmış yeddi) qəpik məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsinin Cavabdeh1 sahibliyindən alınaraq İddiaçı təhvil verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 95 (doxsan) manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
4. İlk iddia tələbi üzrə İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1773/2023 saylı qətnaməsinin ilkin iddianın rədd edildiyi (“əldən çıxmış faydanın əvəzi olaraq pulun tutulması”) hissəsində qismən ləğv edilməsi və ilkin iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İlk iddia tələbi üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-883/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışovadan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – icarə haqqı borcunun tutulması hissəsində dəyişdirilərək, iddiaçı ilə cavabdeh arasında 2022-ci il 10 avqust tarixində bağlanmış icarə müqaviləsinə əsasən 1.433 manat icarə haqqı borcu, icarə obyektinin qaytarılmasının gecikdirildiyi müddət üçün 2022-ci il 24 dekabr tarixindən 2023-cü il 4 iyul tarixinədək hesablanmaqla 6.300 manat icarə haqqı borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
7. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-2(102)-247/2024 nömrəli qərarı ilə (hakimlər B.M.Məmmədli (sədrlik edən və məruzəçi), B.F.Qəribov və Ə.M.Xıdırovdan ibarət tərkibdə) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 dekabr tarixli, 2-2(103)-883/2023 qətnaməsi qismən – ilkin iddia üzrə cavabdehdən icarə haqqı borcunun tutulması hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. İlk iddia tələbi üzrə İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin rədd edildiyi hissədə məhkəmə ilk öncə qeyd edir ki, zərər çəkmiş, qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Məhkəmə qətnaməsinin digər hissəsində işin mübahisəsiz halı kimi məhkəmə təsdiq edir ki, Cavabdeh1 müqavilə şərtlərini pozmuşdur, davamında müqavilənin ləğv edilməsinə baxmayaraq icarə obyektini mülkiyyətçiyə geri təhvil vermir. Digər bir ifadə ilə, qarşı tərəfin vəzifəsini pozması və əldən çıxmış fayda ilə pozuntu halı arasında səbəbli əlaqə məhkəmənin qətnaməsi ilə təsdiq olunur. Əldən çıxmış faydanın məbləği ilə bağlı məhkəmə belə bir məntiqi ardıcıllıq qurur ki, məhkəmə mübahisəsinin davam etdiyi məqamda iddiaçının ilkin müqavilə bağlaması ağlabatan deyil, habelə 50000 manatın verilməsinin hüquqi əsası müqavilədən görünmür. Ona görə də, müqavilədə təsbit olunan məbləğ adi mülki dövriyyə şəraitində əldə edilə biləcək gəlir kimi qiymətləndirilə bilməz. Halbuki, bütün məntiqi yanaşmaların əsasında həmin obyektin çox işlək (“ходовой”) yerdə yerləşməsi və bu kimi pərakəndə biznes/sahibkarlıq fəaliyyəti üçün cazibəli olması durmalıdır/durur. Bunun məntiqi nəticəsidir ki, bu kimi tez zamanda qoyulan sərmayəni geri qaytaran (pay-back edən) obyektləri əldə tutmaq üçün sahibkarlar xüsusi səy göstərirlər. Məhz buna görə də, Cavabdeh1 məhkəmə proseslərini uzadaraq həmin obyektdə daha çox qalmağa çalışmaqdadır. Məhkəmə baxış iclaslarının sonlarında notariusa sorğu verilmə, əmlaka baxış və saya biləcəyimiz bu kimi saysız hesabsız (sırf məhkəmə icraatını uzatmağa yönəlik) addımlar Cavabdeh1 həmin obyektdə bir az daha çox qalmasına xidmət edir. Çünki cavabdehin öz etirafı ilə, həmin obyektdə gündəlik xalis qazanc 500-800 manat, 15 sentyabr/31 dekabr/14 fevral/8 mart/10 may kimi xüsusi günlərdə azı 150000-200000 manat məbləğindədir. Məhz belə qazanclı yeri əldə etmək və orda bu kimi çox gəlirli-xüsusi müştəri kontingenti olan obyekti işlətmək arzusunda olan iş adamı iddiaçıya/mülkiyyətçiyə müraciət edərək qeyd olunan İlkin müqaviləni bağlamışdır. Qeyd olunanlara əsasən, belə bir müqavilənin bağlanması kifayət qədər anlaşılan və iş dünyasında təşəkkül tapan bir adətdir. Digər tərəfdən, “ilkin müqavilədə qeyd olunan 50 000 manatın verilməsinin hüquqi əsasının müqavilədən görünməməsi” barədə Məhkəmənin mövqeyi ilə razılaşmaq da mümkün deyil. xx.xx.2023-cü il tarixli müqavilənin 3-cü maddəsində aşkar qeyd olunur ki, icarə müqaviləsi bağlanılan gündən 3 iş günü ərzində mülkiyyətçiyə 50000 manat pul vəsaiti ödəniləcək. Göründüyü kimi, həmin məbləğin verilməsinin hüquqi əsası məhz bu maddədir. Ümumi olaraq məsələni təhlil etdikdə, obyektin işlək yerdə olması və yüksək qazanc potensiallı olması, iş dünyasındakı rəqabətlilik prinsipləri kontekstində xx.xx.2023-cü il tarixli müqavilə əsasında mülkiyyətçiyə ödəniləcək gəlir mülki dövriyyə şəraitində əldə edilə biləcək gəlir kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, Mülki Məcəllənin 390.7-ci maddəsində, əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Mülki Məcəllənin 10.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Burada iddiaçının hüquqdan sui-istifadə etməsindən hər hansı formada bəhs edilməməlidir. Çünki mülkiyyətindəki belə dəyərli əmlakına münasibətdə konstitusion təminatından məhrum olan bu vətəndaş cavabdehin saymazyana hərəkəti nəticəsində əmlakını geri götürə bilmir, cavabdehin öz malı kimi istifadə etməsinə görə güzəranını düzəldə bilmir, cavabdehin əmlakı zəbt etdiyinə görə gündəlik stress-əzab çəkir. Belə insanın hansı hüquq pozmasından və hüquqdan sui-istifadədən danışmaq olar?!
10. İlk iddia tələbi üzrə Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin baxış iclaslarında sübutlar tədqiq olunarkən Cavabdeh1 təqdim etdiyi “whatsapp” yazışmaları və məhkəmənin suallarına verdiyi cavablar əsasında müəyyən olundu ki, Cavabdeh1 yeni icarə müqaviləsinin bağlanması üçün Cavabdeh2 özü müraciət etmişdir. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh1 bildirmişdir ki, müxtəlif şəxslərə olan borclarının ödənilməsi məqsədi ilə kredit götürmək istəmiş, Cavabdeh2 kömək istəmiş, kreditin verilməsi üçün icarə müqaviləsinin daha uzun müddətə bağlanması zərurəti yarandığından yeni müqavilənin bağlanmasını xahiş etmiş və yeni icarə müqaviləsi bağlanmışdır. Belə olan halda aydın olur ki, əqd zorakılıq və ya hədə təsiri altında bağlanmamış, əksinə Cavabdeh1 təşəbbüsü ilə bağlanmışdır. Digər tərəfdən qarşılıqlı iddiaçı bildirir ki, icarə müqaviləsində 5000 manat yazıldığını bilməmişdir. Həmçinin bildirir ki, elə hesab etmişdir ki, 5000 manat yazılsa da, 1000 manat ödəyəcəkdir. Məhkəmənin baxış iclaslarında Cavabdeh1 təqdim etdiyi “whatsapp” yazışmaları tədqiq olunarkən müəyyən olunmuşdur ki, icarə müqaviləsi bağlandıqdan 1 gün sonra – xx.xx.2022-ci il tarixdə Əkbərov X2 Taleh İsax oğluna müraciət edərək icarə haqqının 5000 manat qeyd edilməsinə narazılığını yalnız icarə haqqının bu məbləğdə qeyd olunmasının ona kreditin verilməməsi ilə nəticələnə biləcəyinə görə ifadə etmişdir. Başqa əsasla etiraz etməmişdir. Yeni icarə müqaviləsinin Cavabdeh1 təşəbbüsü ilə bağlandığı, notarius tərəfindən müqavilə təsdiq olunarkən müqavilə tərəflərinə hüquq və vəzifələrinin, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq olunduğu, həmçinin “whatsapp” yazışmaları ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 icarə haqqının 5000 manat olması barədə xəbərdar olduğunun təsdiq olunduğu, qarşılıqlı iddiaçı tərəfin ziddiyyətli mövqeləri nəzərə alındıqda məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçının qeyd olunan mövqeyi əsassızdır. Məhkəmənin bu mövqeyi ilə razı deyilik. Birincisi ona görə ki, həmin obyektin real ölçüləri, təmiri, yerləşdiyi lokasiya nəzərə alınaraq bu məbləğ ağlabatan deyildir. Həmin ərazidə hətta bu obyektdən 2-3 dəfə böyük olan qeyri-yaşayış sahələrinin aylıq icarə haqqı ən yaxşı halda 1000-1500 manat arası dəyişir. Tərəfimdən məhkəməyə vəsatət verilərək, qiymətləndirilmə ekspertizasının keçirilməsi xahiş edilmişdir ki, real bazar qiyməti müəyyən edilsin və ilkin iddianın əsassız, habelə qarşılıqlı iddianın bu hissədə əsaslı olduğuna dair sübut toplanılsın. Təəssüf ki, məhkəmə bu vəsatəti təmin etməmişdir. Vəsatət təmin ediləcəyi halda məlum olacaqdır ki, həmin obyektin aylıq icarə haqqı heç bir halda 1000 manatdan artıq təşkil edə bilməz. Bundan başqa tərəfimdən vəsatət verilərək, hakimə yerli baxış keçirilməsi təklif olundu. Təəssüf ki, bu vəsatətim də təmin olmadı. Bundan sonra həmin obyektin videogörüntülərini məhkəməyə təqdim etdim, həmin görüntüdən aydın olur ki, obyekt təxmini 3m * 6m ölçüdə salon hissəsindən və təxmini 10m2 zirzəmi hissəsindən ibarətdir ki, toplamında 30m2 artıq deyildir, belə olan halda aylıq 5000 manat icarə haqqı olması absurddur. Şəhərin daha mərkəzi yerlərində daha böyük və daha təmirli obyektlər heç 5000 manata icarəyə vermirlər. Məhkəmə Qətnamədə həmin görüntülər barədə heç bir kəlimə qeyd etməmişdir. Məhkəmə həmçinin qeyd etməmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 aldanılması barədə dəfələrlə polis orqanlarına şikayətlər etmişdir. Qətnamədə məhkəmə ifadələri təhrif edərək hadisələrin axarını elə qələmə verir ki, guya Cavabdeh1 5000 manat aylıq icarə haqqına etirazı yalnız ona kredit verilməməsi qorxusundan irəli gəlmişdir. Cavabdeh1 təbiətcə çox sakit adamdır, konflikt etmir, etirazları da sakit mədəni formada ifadə edir. Bu konkret halda da zəng edib etirazını bildirib, vatsap yazışmasında da icarə haqqına dair qiyməti “anlaşılmamazlıq” kimi görüb və bu formada etiraz edib. Nəticədə, etirazinin hansı formasında ifadə edilməyindən asılı olmayaraq bu yenə də etirazdır. Məhkəmə kifayət qədər əsasın olmasına baxmayaraq bu hala düzgün qiymət verməmişdir. İlkin iddianın təmin edilmiş hissəsinə dair: Yuxarıda qeyd etdiyimiz kimi, icarə haqqı tərəflər arasında heç bir zaman 5000 manat məbləğində müəyyənləşdirilməmişdir. Müqavilədə 150 manat olub, buna baxmayaraq Cavabdeh1 1000 manat hər ay pul alınmışdır. Çoxsaylı sübutlardan aydın olur ki, hətta müqavilə saxtakarlıqla olsa da 5000 manat bağlandıqdan sonra da, iddiaçı(nümayəndələri) tərəfindən heç bir dəfə də olsun cavabdehə müraciət edilərək “bu ay 4000 manat bocun qaldı” kimi ifadələr işlədilməmişdir. Müqavilə bağlandığı vaxtdan sonra cavabdeh aylıq 1000 manatını ödəmiş, növbəti ay yenə ödəmiş lakin ona heç bir etiraz edilməmişdir. İcarə münasibətləri davam etdirilmişdir. Cavabdeh tərəf olaraq müqavilə üzrə borcu yalnız iddia veriləndən qətnamə qəbul edilən dövr ərzinə hər ay 1000 manat olmaqla qəbul edirik. İddiaçı tərəf iddiasının sübutu kimi yalnız bizim tərəfimizdən mübahisələndirilən, bağlandığı andan etibarsız olan müqaviləni göstərmişdir, başqa hər hansı sübut təqdim etməmişdir. İllərlə işlədiyin sahibkar sənə bir neçə ay 5000 manatdan hesablamaqla təxmini 20000 manat gəlirini səbəb göstərmədən ödəmir, sən də 3 ay gözlüyüb sakitçə məhkəməyə iddia qaldırırsan, başqa bu müddət ərzində də heç bir etitaz etmirsən? Bu heç də ağlabatan deyildir. Bu bir daha onu sübut edir ki, tərəflər arasında şifahi olaraq bir məbləğ razılaşdırılmışdır, sənəddə isə başqa məbləğ. Hesab edir ki, məhkəmə bu kimi hallara düzgün qiymət verməmişdir. Qarşılıqlı iddianın təmin edilməmiş hissəsinə dair: Müqavilədə nəzərdə tutulmuş (150 azn) məbləğdən artıq ödənilmiş (1000 azn) icarə haqqının geri tələb edilməsinə dair iddiaya məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddianın qeyd olunan hissədə təmin olunması üçün hüquqi əsası mövcud deyildir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olsa da, qeyd olunan əsas üzrə öhdəlik müəyyən edilməmişdir. Həmçinin hüquqi əsas olmadan, yəni qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsi halı da mövcud deyildir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı qeyd olunan məbləğdə pulu icarə obyektindən istifadəyə görə öz razılığı ilə icarə haqqı kimi icarəyə verənə ödəmişdir. Odur ki, icarəyə verən müqavilə əsası ilə qeyd olunan əmlakı əldə etmişdir.” Lakin məhkəmə bu yerdə tətbiq edilməsi lazım olan normanı kənara qoyaraq, məsələyə aidiyyatı olmayan maddi normalara istinad etmişdir, əsassız varlanma halları aşkar olsa da buna düzgün qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə iclasında qarşılıqlı iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
14. Qarşılıqdı iddia üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
18. Həmin Məcəllənin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadədir.
19. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
20. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
21. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
22. Həmin Məcəllənin 685.2 və 685.2.1-ci maddəsinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər.
23. Həmin Məcəllənin 398.1-сi maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.
24. Həmin Məcəllənin 398.2-сi maddəsinə əsasən müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.
25. Həmin Məcəllənin 398.3-сü maddəsinə əsasən əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinininin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, kassasiya instansiyası apellyasiya instansiyasının qətnaməsinin ilkin iddia tələbinin 19166,67 manat icarə haqqı borcunun tutulması hissəsində ləğv etdiyi və yeni baxışa qaytardığı üçün birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız həmin hissədə yoxlanılır. Ona görə də apellyasiya baxışının predmetini yalnız qarşılıqlı iddiaçının apellyasiya şikayətinin ilkin iddianın 19166,67 manat icarə haqqı borcunun tutulması hissəsində mübahisələndirilməsi təşkil edir. Belə ki, ilkin iddiaçının apellyasiya şikayətinə və qarşılıqlı iddiaçının apellyasiya şikayətinin digər hissələrinə apellyasiya və kassasiya instansiyası tərəfindən münasibət bildirilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. İşi yeni apellyasiya baxışına göndərən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin özünün etibarlı saydığı müqavilənin qiymətə dair şərtini kənara qoyaraq, mübahisəyə digər qiyməti tətbiq etməsi bir tərəfdən, istinad olunan normanın tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə, digər tərəfdən isə, məhkəmənin mübahisəli müqavilənin etibarlı olmasına dair öz mövqeyinə də zidd olmuşdur. Malların, işlərin, xidmətlərin, istifadənin (icarənin) qiymətlərinin müəyyən edilməsi zamanı “ağlabatanlıq” və “ədalətlilik” meyarlarına istinad o zaman mümkündür ki, ya ortada olan yazılı müqavilənin qiymətə dair etibarlı hesab edilən şərtləri mövcud olmasın, ya da tərəflər arasındakı işgüzar münasibətlər faktiki əsaslarla, yəni şifahi qaydada əldə olunmuş razılaşmalar əsasında formalaşmış olsun.
30. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, qarşılıqlı iddiaçının apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin 19166,67 manat icarə haqqı borcunun tutulması hissəsi əsaslı və qanuni olduğundan qarşılıqlı iddiaçının apellyasiya şikayəti təmin edilə bilməz.
31. Belə ki, işdən görünür ki, İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 (icarəçi) arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış, icarəyə verən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 15 kv.m. hissəsini aylıq 150 manata Cavabdeh1 icarəyə vermiş, icarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir.
32. İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 (icarəçi) arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmış, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsini aylıq 5000 manata Cavabdeh1 icarəyə vermiş, icarə müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir.
33. İddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış 2019-cu il 7 dekabr tarixində icarə müqaviləsində Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 15 kv.m. hissəsinin, 2022-ci il 10 avqust tarixli icarə müqaviləsində isə 100 kv.m. hissəsinin icarəyə verildiyi qeyd olunsa da, faktiki olaraq hər iki müqavilə üzrə eyni qeyri-yaşayış sahəsinin icarəyə verilməsi müəyyən edilir.
34. İddiaçı xx.xx.2022-ci il tarixdə icarə haqqı tam ödənilmədiyindən Cavabdeh1 bildiriş göndərərək icarə müqaviləsinə birtərəfli qaydada xx.xx.2022-ci il tarixdən xitam veriləcəyi ilə bağlı iradəsini ifadə etmişdir.
35. Birinci instansiya məhkəməsi 2022-ci il 10 avqust tarixli icarə müqaviləsinin etibarsız hesab olunması tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh əqdin etibarsızlığının əsası kimi zorakılıq, hədə təsiri altında əqdin bağlanmasını göstərmişdir. Qeyd olunan əsasla əqdin etibarsız hesab olunması üçün məhz etibarlılığı mübahisələndirilən əqdin bağlanması üçün şəxsə təsir olmalı, qeyd olunan təsir əqdin tərəfinə şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən real məcburetmə ilə ifadə olunmalıdır. Ümumi hadisələrin fonunda hədə və zorakılığın əqdin etibarsızlığına səbəb olması barədə arqument əqdin etibarlılığını şübhə altına almağa əsas vermir. Cavabdehin yaşı, cinsi, azad bazarın peşəkar subyekti olması, hüquq mühafizə orqanlarına dəfələrlə şikayət ərizələri ilə müraciət etməsi nəzərə alındıqda dolayı təsirlərin cavabdehə onu real təhlükənin gözlədiyinə dair təlqin edə bilən məcburetmə kimi qiymətləndirilməsi ağlabatan deyil.
36. Həmçinin cavabdeh hüquq mühafizə orqanlarına verdiyi izahatlarında, eləcə də məhkəmənin hazırlıq iclaslarında verdiyi izahatlarında bildirmişdir ki, X5, X6 və Cavabdeh2 icarə obyektini bağlı saxlayaraq onu hədələmişlər, həmçinin onu məcburi notariat kontoruna aparıb hədələyərək icarə müqaviləsini bağlamağa məcbur etmişlər. Lakin məhkəmənin baxış iclaslarında sübutlar tədqiq olunarkən cavabdehin təqdim etdiyi “whatsapp” yazışmaları və məhkəmənin suallarına verdiyi cavablar əsasında müəyyən olunmuşdur ki, cavabdeh yeni icarə müqaviləsinin bağlanması üçün Cavabdeh2 özü müraciət etmişdir. Məhkəmə iclasında verdiyi izahatında cavabdeh bildirmişdir ki, müxtəlif şəxslərə olan borclarının ödənilməsi məqsədi ilə kredit götürmək istəmiş, Cavabdeh2 kömək istəmiş, kreditin verilməsi üçün icarə müqaviləsinin daha uzun müddətə bağlanması zərurəti yarandığından yeni müqavilənin bağlanmasını xahiş etmiş və yeni icarə müqaviləsi bağlanmışdır. Belə olan halda aydın olmuşdur ki, əqd zorakılıq və ya hədə təsiri altında bağlanmamış, əksinə, cavabdehin təşəbbüsü ilə bağlanmışdır.
37. Digər tərəfdən cavabdeh qeyd etmişdir ki, icarə müqaviləsində 5.000 manat yazıldığını bilməmiş, 5.000 manat yazılsa da, 1.000 manat ödəyəcəyini hesab etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) isə bildirmişdir ki, icarə haqqının 5.000 manat olmasından məhkəmə bildirişi və iddia ərizəsini aldıqda xəbərləri olmuşdur.
38. Birinci instansiya məhkəməsinin baxış iclaslarında cavabdehin təqdim etdiyi “whatsapp” yazışmaları tədqiq olunarkən müəyyən olunmuşdur ki, icarə müqaviləsi bağlandıqdan 1 gün sonra 2022-ci il 11 avqust tarixində Cavabdeh2 müraciət edərək icarə haqqının 5.000 manat qeyd edilməsinə narazılığını yalnız icarə haqqının bu məbləğdə qeyd olunmasının ona kreditin verilməməsi ilə nəticələnə biləcəyinə görə ifadə etmiş, başqa əsasla etiraz etməmişdir. Yeni icarə müqaviləsinin cavabdehin təşəbbüsü ilə bağlandığı, notarius tərəfindən müqavilə təsdiq olunarkən müqavilə tərəflərinə hüquq və vəzifələrinin, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq olunduğu, həmçinin “whatsapp” yazışmaları ilə 2022-ci il 11 avqust tarixində cavabdehin icarə haqqının 5.000 manat olması barədə xəbərdar olduğunun təsdiq olunduğu, cavabdeh tərəfin ziddiyyətli mövqeləri nəzərə alındıqda məhkəmə cavabdehin qeyd olunan mövqeyinin və qarşılıqlı iddia tələbinin icarə müqaviləsinin etibarsız hesab olunması hissəsində əsassız olması nəticəsinə gəlmişdir.
39. Məhkəmə ilk iddia tələbinin icarə haqqı borcunun tutulması tələbinə aid hissəsinə münasibətdə MM-in 700.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcud olması qənaətinə gəlmişdir. Belə ki, iddiaçı 2022-ci il 10 avqust tarixli icarə müqaviləsi bağlandıqdan sonra cəmi 3.000 manat icarə haqqının ödənildiyini qeyd edərək, 2022-ci il 24 dekabr tarixinə qədər olan icarə haqqını tələb etmişdir. Cavabdeh daha artıq məbləğin ödənilməsini təsdiq edən sübut təqdim etməmişdir. İcarə obyektinin hazıradək cavabdehdə olması isə işin mübahisəsiz halıdır.
40. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı icarə haqqını tələb etməkdə haqlı olsa da, tələbi qismən əsaslıdır. Belə ki, 2022-ci il 10 avqust – 2022-ci il 23 dekabr (2022ci il 24 dekabr tarixində müqavilə artıq ləğv edilmişdir) tarixlərini əhatə edən 4 ay 13 gün üçün ödənilməli icarə haqqı məbləği 22.166,67 (20.000 + 2.166,67) manat təşkil edir (4 ay üçün 20.000 manat (5.000*4) - 13 gün üçün: 2.166,67 manat ((5.000 / 30) * 13). Həmin məbləğdən isə 3.000 manatı ödənilmişdir. Qalıq icarə haqqı borcu isə 19.166,67 manat təşkil edir. İlkin iddiaçı apellyasiya şikayətində iddianın bu hissədə qismən təmin edilməsini mübahisələndirməmişdir.
41. Göründüyü kimi məhkəmə 10 avqust 2022-ci il tarixli icarə müqaviləsini əsas götürərək, icarə haqqının 5000 manat məbləğində olmasını, icarə haqqından yalnız 3000 manat ödənilməsini, qarşılıqlı iddiaçının müqavilənin etibarsız olmasına dair dəlilinin əsassız olmasını müəyyən etmişdir. Məhkəmə müqavilənin etibarlılığını yoxlamış, qarşılıqlı iddianı rədd etmiş, bu nəticə ilə apellyasiya məhkəməsi razılaşmış və kassasiya məhkəməsi qətnaməni bu hissədə qüvvədə saxlamışdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, iddianın aylıq 5000 manat icarə haqqının cavadehdən tutulması hissəsinə qiymət verilməlidir.
43. Belə ki, cavabdeh apellyasiya şikayətində icarə haqqının məbləği ilə bağlı qeyd edir ki, iddiaçı ilə 1000 manat məbləğlə razılaşmış, 12 ay 1000 manat ödəmiş və iddiaçı buna etiraz etməmişdir.
44. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2023-cü il 8 iyul tarixli qərardan müəyyən olunmuşdur ki, araşdırma zamanı izahatı alınmış iddiaçının göstərmiş olduğu, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 4 il olar ki, mülkiyyətindədir. Vəziyyətini yaxşılaşdırmaq və ailəsinin maddi ehtiyaclarının qarşılanması üçün həmin yeri 2019-cu ildən icarəyə vermişdir. Özünün xanım olması və həyat yoldaşının da başının qarışıq olmasına görə həmin obyektin icarəyə verilməsində ona kömək etmələrini yaxın qohumu, Vergi Xidmətinin əməkdaşı olan Cavabdeh2 və Eyvaz Atayevdən xahiş etmişdir. Buna görə Cavabdeh2 etibarnamə də vermişdir ki, özü rahat lazımi işləri həyata keçirsin. Onlar icarə obyektinə onun tapşırığı ilə nəzarət etmiş, aylıq icarə haqqını alıb ona vermişlər. İlk 12 ay ona 1.000 manat, sonradan isə aylıq 5.000 manat ödəniş edilmiş, bəzən ödənişlərin gecikməsi olmuş, səbəbi də cavabdehin icarə haqlarını vaxtında ödəməməsi olmuşdur.
45. İddiaçının cinayət təqibi orqanına verdiyi qeyd edilən izahatdan görünür ki, 2019cu il tarixli icarə müqaviləsi bağlanandan sonra 12 ay 1000 manat ödəniş edilməsini qəbul etmiş, sonra 5000 manat ödəniş edilməsini qeyd etmişdir. Göründüyü kimi iddiaçının şifahi şəkildə cavabdehlə icarə haqqının 5000 manat məbləğində razılaşması iddiası yalnız cavabdeh tərəfindən irəli sürülmüş, iddiaçı bununla razılaşmamış və müqavilə şərtinə əsaslanmışdır. Bu təqdirdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə şifahi razılaşmasına dair heç bir sübut təqdim etməmişdir. Yalnız cavabdehin izahatı ilə etibarlı müqavilə şərtində müəyyən edilən xüsusatın inkar edilməsi mümkünsüzdür.
46. Cavabdehin iddiaçının niyə görə icarə pulunu tələb etməməsi ilə bağlı dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçının icarə haqqını tələb etməsi onun hüququdur və onun hüquqdan istifadə etməməsi ziyanına şərh edilə bilməz, həmçinin müqavilə şərtini qüvvədən sala bilməz.
47. Bununla yanaşı, M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır.
48. Məhkəmə haqlı olaraq icarə haqqı məbləğini müqaviləyə əsasən müəyyən etmiş və cavabdehdən tutulması qənaətinə gəlmişdir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1773/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilk iddianının 19166,67 manat icarə haqqı borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.