Məhkəmə qərarları › İş №2-2(103)-744/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-744/2020

08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-744/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3188/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı “xxxx” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010- cu il tarixli, 161 saylı kredit müqaviləsinin təminatı qismində “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ipoteka qoyan X2 məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 42,22 kv.m, yaşayış sahəsi 29.22 kv.m olan mənzilin sökülməsi nəticəsində iddiaçıya vurulmuş 37640.38 manat maddi və 32708,26 manat əldən çıxmış fayda üzrə zərərin əvəzinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 istifadəsinə verilmiş ünvan 2 ünvanında yerləşən 169 saylı mənzilin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi cavabdehlər X4, Cavabdeh1 MMC-yə və 3cü şəxslərə qadağan edilməsi barədə tətbiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(113)- 3188/2020 nömrəli qərardadı ilə ərizə təmin olunmamışdır. İddiaçı “xxxx” ASC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 şikayəti müdafiə etdi. Cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması barədə tədbirlər görülə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi Cavabdeh1 MMC tərəfindən inşa edilmiş və cavabdeh X3 istifadəsinə verilmiş ünvan 2 ünvanında yerləşən 169 saylı mənzilin üzərinə həbs qoyulması barədə iddianın təmini tədbiri seçilməlidir. Belə ki, iddia tələbi kifayət qədər yüksək məbləğin, yəni cəmi 70348,64 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasından ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş mənzilə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Bununla yanaşı kollegiya hesab edir ki, qalan hissədə ərizə təmin edilə bilməz. Belə ki, hazırkı mübahisənin predmeti pul tələbindən ibarətdir və ünvan 2 ünvanında yerləşən 169 saylı mənzilin özgəninkiləşdirilməsinin qadağan olunması ilə həmin iddia tələbi arasında hər-hansı əlaqə mövcud deyildir, yəni həmin mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi pul tələbinin icrasının təminatı kimi çıxış edə bilməz. Mülki Prosessual Məcəllənin 158.1.3-cü maddəsinin mənasından da görünür ki, iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək yalnız mübahisə predmetinə aiddir. Bu baxımdan kollegiya hesab edir ki, həmin mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı ayrıca təmin tədbirinin seçilməsi üçün zərurət yoxdur və iddianın təmini tədbiri qismində onun üzərinə həbs qoyulması kifayət edir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ərizə qismən təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3188/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş iddianın təmini tədbiri barədə ərizə qismən təmin edilsin. Cavabdeh X3 istifadəsinə verilmiş ünvan 2 ünvanında yerləşən 169 saylı mənzilin üzərinə həbs qoyulsun. Qalan hissədə ərizə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Bakı şəhəri Binəqədi və Nəsimi rayon icra və probasiya şöbələrinə həvalə edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar