Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-744/2023 28.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-673/2023 saylı, 28 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 770.000 manat borc pulun və 200.000 manat məbləğində mənəvi zərərin, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 100.000 manat məbləğində cərimə faizinin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə ******* manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10 ildən artıq müddətdir tanıyır. Cavabdeh uzun müddətdir ki, öz briqadası ilə təmir-tikinti işləri ilə məşğul olur. Tərəflərin arasında olan razılaşmaya əsasən cavabdeh iddiaçının Abşeron rayonunun Xırdalan qəsəbəsi ərazəsndə yerləşən 6, Bakı şəhərində isə yerləşən 1 evinin, həmçinin Cəlilabad şəhərində yerləşən restoranını tam təmir edib iddiaçıya təhvil verməli idi. Lakin cavabdeh tərəflərin razılaşdığı vaxtda götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə 2019-cu ilin təxminən ortalarında bütün əlaqələrini kəsdilər. Sonuncu haqq-hesablarına əsasən cavabdehin iddiaçıya 770000 manat borcu qalmış və Cavabdeh iddiaçıya söz verdi ki, bir ay ərzində bütün borcunu qaytaracaq. İddiaçı Cavabdeh ona olduğu borcunu ödəmədiyini görüb, ona şifahi xəbərdarlıq etmişdir. Lakin, bu xəbərdarlıqlar hər hansı bir nəticə verməmişdir. Bununla da cavabdeh iddiaçının pulunu əsassız olaraq özündə saxlayaraq, iddiaçının həmin puldan öz məqsədləri üçün istifadə etməyə maneçilik törətmiş və nəticədə iddiaçının gərgin əsəb və stress keçirtməyinə, həmçinin ayrı-ayrı şəxslərə (banklara) borclarının yaranmasına səbəb olmuşdur. Bunların nəticəsində iddiaçıya çox ağır mənəvi zərər də dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərəri 200000 manat məbləğində qiymətləndirir. İddiaçı həmçinin hesab edir ki, cavabdeh həm də gecikdirilən hər üçün qanunvericiliklə nəzərdə tutulmuş cərimə faizləri də ödəməlidir. Buna görə də cavabdeh iddiaçıya vurduğu 770000 manat maddi ziyanın və 220000 manat məbləğində mənəvi ziyanın, eyni zamanda AR Mülki Məcəlləsinin 449-cu maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 100000 manat məbləğində cərimə faizinin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
3. Cavabdeh nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə” iddia tələbinə dair məhkəməyə müraciət etmişdir. 2(011)-4512/2020 saylı mülki iş 16 noyabr 2020-ci il tarixdə qərardad çıxarılaraq baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı Cavabdeh qarşı qaldırdığı iddia tələbini əsassız və qanunsuz hesab edir. Belə ki, iddia tələbi üzrə və heç bir müqavilə öhdəliyi olmamış və bununla bağlı hər hansı bir sübutlar Bakı şəhəri Xətai Rayon Məkəməsinə təqdim edilməmişdir. Son 3-4 il ərzində iddiaçıyla cavabdeh arasında biznes münasibətləri olmamış və buna dair təqdim edilmiş qaimələr və digər sənədlər Banklar haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə belə uyğun gəlmir. Görünən budur ki, mülki dövriyyəni əks etdirən heç bir mötəbər sənəd (sübut) mülki işə əlavə edilməmişdir. Mülki və kommersiya mübahisələri üzrə sübutları tərəflər təqdim edir, hər kəs öz iddia tələbini əsaslandırmağa borcludur. Hazırkı iddia tələbinin müddəti iddiaçı tərəfindən ötürülmüşdür, belə ki, vaxtaşırı ödənişə görə 3 illik iddia müddətinə əməl etməmişdir. İddiaçının Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə təqdim etdiyi şahidlər hadisənin 2016-cı ildə baş verdiyinə dair izahatlar vermişdirlər. Həmin faktlar məhkəmə iclas protokolu ilə təsdiq edilir. İddiaçı tərəfindən məhkəmə iclasında dindirilmələri üçün dəvət edilmiş şahidlər 2016-cı il tarixdə tikinti məhsullarının aralarında ticarət əlaqəsi olduğunu təsdiq etmişdirlər, lakin öhdəliyin icrası ilə bağlı hər-hansı iş barədə məlumatları olmamışdır. Pul tələbinə dair (borcunun) real pul formasında deyil, tikinti işlərində istifadə olunan kubik-daşlarının götürdüyünü bildirsələr də sonunda podrat müqavilələrindən irəli gələn öhdəliyin icrasından yayındığını qeyd etmişdirlər. Belə ki, 2(011)-383/2022 saylı, xx.xx.2022-ci il tarixli Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı 30-40 ildir ki, tanıyır. Ailəvi dostlar. Cavabdeh 2015-2016-cı ildən tanıyır. Belə ki, o, İddiaçı işlərinə nəzarət edirdi. Tərəflərin danışıqlarından bilir ki, Cəlilabadda görüləsi işləri indiyə kimi qalıb. Cavabdeh İddiaçı məxsus evin işində parketindən tutmuş kafel, metlax və evin içində görülən bütün işləri yerinə yetirməli idi. Cavabdeh əvvəl-əvvəl mallar göndərirdi, sonradan onu da kəsdi. O, həmin evdə 2015-cı ildən işləmişdi. Tərəflər arasında təxminən 700000 manatlıq borc barədə söhbətin şahidi olmuşdur. Onlar, Cavabdeh ilə 2016-cı ili əhatə edir. Cavabdeh tərəfindən təmir üçün göndərilən malları qəbul edirdi. İddiaçı pul verdiyi onun əvəzində tikinti məhsulları ilə təmin olunduğu qeyd edilirdi. Cavabdeh mal göndərirdi. Beləliklə də iddiaçı hələdə 1 200 000 AZN pul tələbinin mənbəyini göstərə bilmir. Qeyd edilən faktla bağlı şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. İdddiaçının bağ evində mühafizəçi vəzifəsində işləyən şahid izahatı və ona məxsus daş karyerində işləyən şəxsin izahatı işin faktiki hallarına və iddia tələbinin mahiyyətinə uyğun gəlmir və biri-biri ilə ziddiyyət təşkil edir. Yəni şahid qismində dəvət edilmiş şəxslə, hakim tərəfindən ünvanlanan suallara cavablandıra bilməyərək təhvil-təslim aktını və pulun verilməsinə dair qəbzin, sənədlərində imzanın nəyə görə, olmamasını göstərə bilməmişdirlər. Mülki işə hər hası mötəbər və işin hallarını təsdiq edən sənədlər əlavə edilməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-673/2023 saylı, 28 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-2(113)-673/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam olaraq təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin arasında olan hazırkı münasibətlər göstərir ki, cavabdeh iddiaçının Abşeron rayonunun Xırdalan qəsəbəsi ərazəsndə yerləşən 6, Bakı şəhərində isə yerləşən 1 evinin, həmçinin Cəlilabad şəhərində yerləşən restoranını tam təmir edib ona təhvil verməli idi. Lakin cavabdeh işləri yekunlaşdırmamış, iddiaçıya 770000 manat maddi ziyan vurmuşdur. İddia tələbinin əsaslı olması məhkəmə prosesində iştirak edən şahidlərin verdiyi ifadələr və məhkəməyə təqdim olunan qaimələrlə təsdiqini tapır. Lakin məhkəmə iddia tələbini rədd etməklə qeyd edilən maddi normaların pozulması ilə müşayət olunan qətnamə qəbul etmişdir. Cavabdeh iddiaçıya 770000 manat maddi ziyan vurmuşdur. Həmin pulu iddiaçıya ödəməmişdir. Cavabdeh həmin məbləği qanunsuz saxlamış, onu qaytarmaqdan boyun qaçırmışdır. Təbii ki, həmin pul vəsaitindən də faydalanmışdır. Hesab edir ki, 770000 manat pul vəsaitini iddiaçıya qaytarmadığına görə faizlər də iddiaçıya ödənilməlidir. İddiaçının cavabdehə qarşı 100000 manat cərimə faizinin ödənilməsinə dair iddia tələbi əsaslıdır. Lakin məhkəmə iddia tələbini həmin hissədə rədd etməklə qeyd edilən maddi normanı pozmuşdur. Şəxsin mənəvi ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində yaranmışdır. Hazırkı işdə cavabdeh iddiaçıya maddi ziyan vurmuş və onun bu əməli hüquqa ziddir. Cavabdehin hərəkətləri nəitcəsində iddiaçı gərgin əsəb və stress keçirtmiş, həmçinin ayrı-ayrı şəxslərə (banklara) borcları yaranmış, onları ödəyə bilməmişdir. İddiaçıya çox ağır mənəvi zərər dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərəri iddiaçı tərəfindən 200000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının cavabdehə qarşı 200000 manat mənəvi zərər barədə iddia tələbi əsaslıdır. Lakin məhkəmə iddia tələbini həmin hissədə rədd etməklə qeyd edilən maddi normanı pozmuş, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarını işə düzgün tətbiq etməmişdir. Məhkəmə qeyd edilən prosessual normanın tələblərini pozmuş, məhkməyə təqdim etdiyimiz vəsatəti təmin etməmişdir. Belə ki, İddiaçı 2020-ci il tarixində (iş mülki qaydada məhkəmədə iddia qaldırılmamışdan əvvəl) Cavabdeh barəsində şikayət ərizəsi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Həmin idarə də şikayət ərizəsi əsasında tərəflərin izahatı alınmış və əmələ hüquqi qiymət verilmişdir. Məhkəmə iclasında cavabdehin vəkili bu barədə məhkəməyə məlumat da vermişdir. Tərəfimizdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vəkil sorğusu verilmiş lakin, həmin idarə bugünə qədər sorğumuza cavab verməmişdir. Bu səbəbdən qeyd edilən İddiaçı 2020-ci il tarixində Cavabdeh barəsində şikayət ərizəsi üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış aradırma üzrə tərəflərin izahatlarının və digər sənədlərin idarədən tələb edilməsi ilə bağlı sorğu göndərilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə çəkişmə prinsipini və qeyd edilən prosessual normalarının tələblərini pozmuş, məhkəməyə təqdim etdiyimiz vəsatəti təmin etməmişdir. Məhkəmə iclasında şahidlər dindirilmiş, şahidlər ifadələrində cavabdehin iddiaçıya məxsus evlərdə təmir işləri gördüyünü, iddiaçının cavabdehə maşınlarla daş göndərdiyini, cavabdehin iddiaçıdan pul aldığını, aralarında pul və təmir işlərinə görə narazlığın olduğunu bildiklərini bildirmişlər. Lakin, şahid ifadələrini məhkəmə möhtəbər sübut kimi qəbul etməmişdir. Ona görə də həmin sübutlara daha sonra düzgün hüquqi qiymət verilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, məhkəmə işə baxarkən qeyd edilən normaların tələblərini pozmuşdur. Məhkəmə iş üzrə mövcud olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və düzgün qiymət verməmişdir. Belə ki, məhkəmə tərəflərin adlarının qeyd edildiyi ümumi dəyəri 89700 manat olan daşların qəbul edilməsinə dair qaimə fakturalara düzgün hüquqi qiymət verməmişdir. Həmin qaimə fakturalar sübut edir ki, iddiaçı cavabdehə dəfələrlə müxtəlif məbləğlərdə daş göndərmişdir. Digər tərəfdən şahidlər ifadələrində cavabdehin iddiaçıya məxsus evlərdə təmir işləri gördüyünü, iddiaçının cavabdehə maşınlarla daş göndərdiyini, cavabdehin iddiaçıdan pul aldığını, aralarında pul və təmir işlərinə görə narazılığın olduğunu bildiklərini bildirmişlər. Lakin şahid ifadələrini məhkəmədə hüquqi qiymət verilərkən yanlış olaraq qiymət verilmiş, həmin ifadələrdəki xüsusatlara obyektiv yanaşılmamışdır. Məhkəmə qətnamə qəbul edərkən tərəflər arasında Cinayətkarlıqla Mübarizə İdarəsində də apardırmanın aparılamasın, həmin idarədə tərəflərin izahatlar verməsinə əhəmiyyət verməmiş, bununla da işi hərtərəfli aradırmaq niyyətinin olmadığını göstərmişdir. Yuxarıda qeyd edilən faktlar göstərir ki, məhkəmə qeyd edilən prosessual normanın tələblərini pozmuşdur. Qeyd edilən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamışdır. Belə ki, maddi və prosessual normalar işə baxılarkən düzgün tətbiq edilməmiş və onların tələbləri kobud surətdə pozulmuşdur. Bu pozuntuların nədən ibarət olması yuxarıdakı qrafalarda ətraflı olaraq şərh edilmiş və sadalanmışdır. Qeyd edilənlər göstərir ki, qətnamə qanuni və əsaslı deyildir. Bundan başqa qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Hakimin öz subyektiv mülahizəsinə uyğun olaraq əsaslandırılmışdır. Nəticədə maddi və prosessual normaların pozulması ilə müşayət olunan qətnamə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə və heç bir müqavilə öhdəliyi olmamış və bununla bağlı hər hansı bir subutlar məhkəməyə təqdim edilməmişdir. Son 3-4 il ərzində iddiaçıyla cavabdeh arasında biznes münasibətləri olmamış və buna dair təqdim edilmiş qaimələr və digər sənədlər Banklar haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə belə uyğun gəlmir. Görünən budur ki, mülki dövriyəni əks etdirən heç bir mötəbər sənəd (sübut) mülki işə əlavə edilməmişdir. Qeyd edim ki, mülki və kommersiya mübahisələri üzrə sübutları tərəflər təqdim edir, hər kəs öz iddia tələbini əsaslandırmağa borcludur. Hazırki iddia tələbinin müddəti iddiaçı tərəfindən ötürülmüşdür, belə ki, vaxt aşırı ödənişə görə 3 illik iddia müddətinə əməl etməmişdir. Qeyd edim ki, iddiaçının Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə təqdim etdiyi şahidlər hadisənin 2016-cı ildə baş verdiyinə dair izahatlar vermişdirlər. Həmin faktlar məhkəmə iclas protokolu ilə təsdiq edilir. İddiaçı tərəfindən məhkəmə iclasında dindirilmələri üçün dəvət edilmiş şahidlər 2016-cı il tarixdə tikinti məhsullarının aralarında ticarət əlaqəsi olduğunu təsdiq etmişdirlər, lakin öhdəliyin icrası ilə bağlı hər-hansı iş barədə məlumatları olmamışdır. Pul tələbinə dair (borcunun) real pul formasında deyil, tikinti işlərində istifadə olunan kubik daşlarının götürdüyünü bildirsələr də sonunda podrat müqavilələrindən irəli gələn öhdəliyin icrasdan yayındığını qeyd etmişdirlər. Belə ki, 2(011)-383/2022 saylı, xx.xx.2022-ci il tarixli Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı 30-40 ildir ki, tanıyır. Ailəvi dostdurlar. Cavabdeh 2015-2016-cı ildən tanıyır. Belə ki, o, İddiaçı işlərinə nəzarət edirdi. Tərəflərin danışıqlarından bilir ki, Cəlilabadda görüləsi işləri indiyə kimi qalıb. Cavabdeh İddiaçı məxsus evin işində parketindən tutmuş kafel, metlax və evin içində görülən bütün işləri yerinə yetirməli idi. Cavabdeh əvvəl-əvvəl mallar göndərirdi, sonradan onu da kəsdi. O, həmin evdə 2015-cı ildən işləmişdi. Tərəflər arasında təxminən 700000 manatlıq borc barədə söhbətin şahidi olmuşdur. Onlar, Cavabdeh ilə 2016-cı ili əhatə edir. Cavabdeh tərəfindən təmir üçün göndərilən malları qəbul edirdi. İddiaçı pul verdiyi onun əvəzində tikinti məhsulları ilə təmin olunduğu qeyd edilirdi. Cavabdeh mal göndərirdi. Beləliklə də, iddiaçı hələdə 1 200 000 AZN pul tələbinin mənbəyini göstərə bilmir. Qeyd edilən faktla bağlı özü nədə şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. İdddiaçının bağ evində mühafizəçi vəzifəsində işləyən şahid izahatı və ona məxsus daş karyerində işləyən şəxsin izahatı işin faktiki hallarına və iddia tələbinin mahiyyətinə uyğun gəlmir və biri-biri ilə ziddiyyət təşkil edir. Yəni şahid qismində dəvət edilmiş şəxslər, hakim tərəfindən ünvanlanan suallara cavablandıra bilməyərək təhvil-təslim aktını və pulun verilməsinə dair qəbzin, sənədlərində imzanın nəyə görə, olmamasını göstərə bilməmişdirlər. Mülki işdə hər hası möhtəbər və işin hallarını təsdiq edən sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin onun iddia tələbi və ya müqavilə öhdəliyi üzrə cavabdehə heç bir borcu qalmamışdır. Bu səbəbdən İddiaçı qarşısında cavabdehin heç bir öhdəliyi yoxdur. İddiaçı “borc müqaviləsi üzrə” iddia tələbinin qanunsuz və əsassız olduğunu, iddiaçı tərəfindən iddia müddətinin keçməsini nəzərə alaraq iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
16. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
17. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
18. Həmin Məcəllənin 372.1 maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
19. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
20. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
21. Həmin Məcəllənin 752.1. maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.
28. MA seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X3 mülkiyyətindədir.
29. RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.
30. RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası (şadlıq evi) X3 xüsusi mülkiyyətindədir.
31. "xxxx" MMC və X6 arasında bağlanılmış xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, MMC alıcıya Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən "xxxx" MMC-yə məxsus 3 saylı yaşayış binasında 24 saylı mənzili dəyəri tam ödənildikdən sonra təyin edilmiş vaxtda təhvil verməyi öhdəsinə götürür.
32. 266996 nömrəli xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil 60.000 manata X1. Alğı-satqı müqaviləsi xx.xx.2011-ci il tarixində Bakı şəhəri 27 saylı notariat kontoru tərəfindən təsdiq edilmişdir.
33. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 1095/2021 saylı qətnaməsi ilə "xxxx" QSC-nin cavabdehlər İddiaçı və X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, evdən çıxarılma və evin boşaldılması tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı və X2 müştərək qaydada xx.xx.2018-ci il tarixli müqavilə üzrə 50588.42 manat kredit borcu, 5423.89 manat faiz borcu, 5058 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 54569,81 manat əsas, 5454,12 manat faiz borcu, 5456 manat cərimə borcu, xx.xx.2019cu il tarixli müqavilə üzrə 28283,92 manat əsas, 3416,65 manat faiz borcu, 2828 manat cərimə borcu, ümumilikdə 161078,81 (yüz altmış bir min yetmiş səkkiz manat səksən bir qəpik) manat borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumu və 40 (qırx) manat xidmət haqqı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 25,50 (iyirmi beş manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması, tutmanın X4 məxsus Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evinə və Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış 141.6 kv.m köməkçi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməsi, Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evinin hərracda satılması üçün ilkin satış qiymətinin 166748 manat məbləğində müəyyən edilməsi, Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış 141.6 kv.m köməkçi sahədən ibarət bağ evinin hərracda satılması üçün ilkin satış qiymətinin 207427 manat məbləğində müəyyən edilməsi, 500 (min beş yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 1275 (min iki yüz yetmiş beş) manatının cavabdehlər İddiaçı və X2, 225 (iki yüz iyirmi beş) manatının "xxxx" QSC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, AZ08İBAZ********************, Kod 805614, Müxbir hesab AZ03NABZ********************, S.W.İ.F.T. Bik: İBAZAZ2X) ödənilməsi, Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.01507 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 92.3 kv.m yaşayış, 54.9 kv.m köməkçi sahədən ibarət bağ evi və Abşeron rayonu Novxanı kəndi Bağlar massivi 0.0147 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 93.6 kv.m yaşayış 141.6 kv.m köməkçi sahədən ibarət bağ evi satıldıqdan sonra X3 həmin bağ evlərindən çıxarılsın və bağ evlərinin onun tərəfindən boşaldılması qət edilmişdir.
34. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X12 məhkəməyə izahatında eyni zamanda verilmiş suallara cavablarında qeyd etmişdir ki, İddiaçılə işləyir, sürücüdür. Eldənizin borcu olduğunu bilir. Xırdalana təmir işləri üçün material daşımışdır. Cavabdeh nağd şəkildə pul verilərkən orada iştirak etməmişdir. Təmir edilən evlərə material apararkən ustaların həmin evlərdə işlədiyini görmüşdür. Cavabdeh həmin mənzillərə material apararkən görmüşdür. Təmir edilən evlər İddiaçı evləri olmuşdur.
35. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirlmiş X7 məhkəməyə izahatında eyni zamanda verilmiş suallara cavablarında qeyd etmişdir ki, daş karxanasında master işləyir. Həmin daş karxanası İddiaçı məxsusdur. Özü Cavabdeh 450 maşına yaxın daş göndərmişdir. Daşlar İddiaçı dediyi ünvanlara göndərilmişdir. Şirkətin adından göndərilən qaimələri kimin qəbul etməsini bilmir, sürücü daşları aparıb sex sahibinə verir. Göndərilən maşınlar müxtəlif dəyərlərdə olub. Standart deyildi. Qaimələri kimin hazırlamasından məlumatsızdır, 2000-ci ildən işə başlamış, 2016-cı ildən də Cavabdeh daş göndərmişdir. Daşlar 2016-2021-ci illər aralığında göndərilmişdir. Tərəflərin aralarında pul söhbəti ilə bağlı narazılıqlar olduğunu bilir, lakin şəxsən yanında hər hansı pul söhbəti danışılmamışdır. Hər ay sonunda İddiaçıla hesabat aparılmış, lakin bu hesabata Cavabdeha verilmiş mallar daxil olmamış, Cavabdeh və İddiaçı göndərilən daşlarla bağlı öz aralarında hesabat aparmış, lakin bu hesabatdan məlumatı olmamışdır. Daşların aparılmasını həyata keçirən 510 nömrəli maşınlar onlara məxsusdur.
36. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X5 məhkəməyə izahatında qeyd etmişdir ki, İddiaçı qohumudur. Evlərin 6-sı da yoldaşının adınadır. Cavabdeh evi təmir etmək üçün 300.000 manat pul almışdır. Dəfələrlə təmir işlərinin qurtarılması üçün müraciət olunmuşdu, lakin evlər yarımçıq qalmışdı. 2 mənzildə 50 % işlər görülüb qalan 4 evdə sadəcə ev ağardılıb, işıq sistemi çəkilib daha sonra təmir yarımçıq qalıb. Binanın komendatı, elektrik çəkən ustalar hamısı Cavabdeh tanıyır. Cavabdeh təxminən 61 yaşı olar. 2016-cı ildən həmin şəxsi tanıyır. Pul Cavabdeh verilərkən orada iştirak etməmişdir. 300.000 manat birdəfəlik verilməmişdir. Evlərdən 2 mənzilin divar üzlükləri vurulmuş, 4 mənzil tam yarımçıq qalmışdır. Ustalarla əlaqə saxlanılan zaman bildirilmişdir ki, Cavabdeh vəsait vermədiyindən işlər də görülmür.
37. Kollegiya ilk növbədə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
38. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
39. Həmçinin sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı Qərarı, § 68).
40. Kollegiya qeyd edir ki, iddiaçı Cavabdeh ilə podrat müqaviləsinin bağlanıldığını, həmin müqavilə üzrə cavabdehin iddiaçı üçün Abşeron rayonunun Xırdalan qəsəbəsi ərazisində yerləşən 6, Bakı şəhərində isə yerləşən 1 evinin, həmçinin Cəlilabad şəhərində yerləşən restoranını tam təmir edib iddiaçıya təhvil verməyi öhdəsinə götürdüyünü, iddiaçı tərəfindən cavabdehə bu işlərin müqabilində əvvəlcədən 770000 manat məbləğində pul vəsaitinin ödənildiyini bildirsə də, istinad etdiyi halları sübut edəcək mötəbər sübutlar təqdim etməmişdir.
41. Digər tərəfdən məhkəmə prosesi zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri də, iddiaçının istinad etdiyi halların sübuta yetirilməsi üçün yetərli hesab edilmir. Şahid ifadəsi ilə yuxarıda qeyd olunan sübutetmə predmetinə daxil olan halların sübut edilməsi hazırkı halda mümkün deyildir. Yalnız mötəbər sübutlar təqdim olunduğu halda şahid ifadələrinə qeyd olunan sübutlarla birlikdə qiymətləndirilməklə sübutetmə predmetinə daxil olan halların sübut edilməsində istinad oluna bilər.
42. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimə-fakturalarında 89700 dəyərində daşın Cavabdeh təqdim edildiyi qeyd edilsə də, həmin daşların həqiqətən də cavabdeh tərəfindən və ya onun işçisi tərəfindən təhvil alındığı müəyyən olunmur. Qaiməfakturalarında daşların Əliyev soyadlı şəxs tərəfindən təhvil alındığı halda, həmin şəxsin Cavabdeh ilə işlədiyi sübut olunmamışdır.
43. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən məhkəmə sorğusuna daxil olmuş 22 dekabr 2023-cü il tarixli cavab məktubuna əlavə olunmuş Cavabdeh izahatından görünür ki, onun uzun illər santexinka mağazaları olmuşdur. İddiaçı təxminən 2012-ci il tarixdən tanıyır. Belə ki, Ramiz həmin vaxt evinin təmiri üçün ondan 32.000 manatlıq santexnika malları aldı. O, aldığı malların pulunu vermədiyindən əvəzində mişar daşı verdi. Ramiz ona daimi daş verə biləcəyindən o Binəqədi rayonu Baksol yolunda daş sexi İcarəyə götürüb mütəmadi Ramizdən daş alıb kəsməyə başladı. Aralarında olan razılaşmaya əsasən ondan aldığı daşın əvəzində ona müxtəlif tikinti malları alıb verirdi. Sonradan Ramizlə aralarında olan danışığa əsasən onun Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən təxminən 200 kvadrat metrlik evin, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ümumi ölçüsü 500 kvadrata yaxın 6 evin, Novxanı qəsbəsində yerləşən evin hamamını, Cəlilabad rayonunda yerləşən həyət evinin hamamını, Cəlilabadda yerləşən “Rasim” şadlıq evini təxminən 1000 kvadratmetrəlik hissəsinin daxili təmirini öz öhdəsinə götürmüşdür. Bunun əvəzində o, ona mişar daşı verirdi ki, o daşı pilətə sexində kəsib satıb qazanc əldə edirdi. Əldə edilən qazanc hesabına bütün bu işləri görürdü. Sonradan ödəsinə götürdüyü işləri gördü ki, son dövrlər Ramiz ona daş göndərmədi. Buna görə də işlər dayandı. Onu da qeyd edir ki, əsl həqiqətdə Ramizin ona hazırda 200.000 manata yaxın borcu yaranmışdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sonuncu haqq-hesablarına əsasən cavabdehin iddiaçıya 770000 manat borcunun qaldığını bildirsə də, tələb etdiyi 770000 manat məbləği hansı sənədlər əsasında müəyyən etdiyinə dair sübut təqdim etməmişdir.
45. Bundan başqa, iddia tələbinin mənəvi zərərin tutulması hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçıya cavabdehin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində zərərin vurulduğu iş materialları ilə sübut olunmadığından, həmin hissədə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
46. Birinci instansiya məhkəməsi iddia tələbini əldən çıxmış fayda kimi zərərin cavabdehdən tutulması hissəsində də təmin edilməməklə düzgün nəticəyə gəlmişdir.
47. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
48. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər.
49. İddiaçı cavabdehin faydalandığına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
50. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddəti institutu mülki qanunvericilikdə iddia tələbi əsaslı olduğu, lakin qanunda qeyd olunan müddətlərdə irəli sürülmədiyi halda məhkəmənin iddianın rədd olunması barəsində qərar çıxarması üçün əsas kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə iddia tələbi əsaslı olmadığından iddia müddətinin tətbiqi barədə ərizə də təmin oluna bilməz.
51. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
52. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
53. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
54. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-673/2023 saylı, 28 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova