Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-744/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli, 262 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2438/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. A4 Ofis” MMC ilə Cavabdeh MMC arasında 30 mart 2022-ci il tarixli 262 nömrəli malların və/və ya xidmətlərin alışı haqqında müqavilə bağlanmışdır.
2. Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı satır, alıcı isə müqaviləyə əsasən tərəflər arasında razılaşdırılacaq qoşmalarda göstəriləcək çap, tipoqrafiya, promo, reklam, möhür-ştamplar, dəftərxana və təsərrüfat mallarım və/və ya xidmətlərini alır. Mövcud müqavilə Azərbaycan Respublikası qanunları ilə tənzimlənir. Müqavilə alıcı və satıcı tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və bütün keçmiş təklifləri, danışıqları və yazışmaları əvəz edir. Mövcud müqavilə alıcı və satıcı tərəfindən imzalanana qədər alıcı satıcı qarşısında heç bir öhdəlik daşımır.
3. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən mallar üzrə qiymət və müvafiq ödəniş şərtləri, bu müqavilənin qoşmalarında müəyyən edilib.
4. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilənin qoşmalarında başqa hal müəyyən edilməyibsə, malların ödənişi satıcının hesab faktura təqdim etdiyi gündən 30 (otuz) təqvim günü ərzində ödənilməlidir. Ödənişlər bu müqavilədə müəyyən edilən satıcının bank hesablarına edilməlidir.
5. Həmin müqavilənin 25-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və imzalandığı tarixdən etibarən 1 (bir) il müddətində etibarlı hesab edilir. Müqaviləyə vaxtından əvvəl xitam verilməzsə müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra o, eyni şərtlərlə daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Ancaq, tərəflər yazılı şəkildə qarşılıqlı razılığa gələrək müqavilənin müddətini artıra bilərlər, bundan başqa, tərəflərdən hər biri məhsul/xidmətin təmin edilməsindən əvvəl müqaviləyə xitam vermək hüququna malikdir və bu zaman müqaviləyə xitam verən tərəf digər tərəfə 30 (otuz) gün əvvəlcədən yazılı bildiriş təqdim edəcək. Alıcı müqaviləyə xitam verilməsi haqqında bildiriş verilən tarixdən əvvəl icra olunmuş məhsul/xidmətin dəyərini satıcıya ödəməlidir.
6. A4 Ofis” MMC ilə Cavabdeh MMC arasında bağlanan 30 mart 2022-ci il tarixli 262 nömrəli müqavilənin 1 saylı əlavəsinə satılacaq malın qiyməti ümumilikdə (2.637 manat ƏDV daxil) 17.287 manat göstərilmiş, lakin Əlavə 1 yalnız satıcının imzası və möhürü ilə təsdiq edilmişdir.
7. İddiaçı tərəfindən Cavabdeh MMC-yə (1.715,22 manat ƏDV daxil) 11.244,22 manat dəyərində göndərilmiş mallara görə, EBBV seriyalı, 272263 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə təqdim edilmişdir.
8. xx.xx.2022-ci il tarixli 004223 nömrəli, xx.xx.2022-ci il tarixli 004985 nömrəli, xx.xx.2022-ci il tarixli 004984 nömrəli, xx.xx.2022-ci il tarixli 005017 nömrəli, xx.xx.2022- ci il tarixli 004983 nömrəli, xx.xx.2022-ci il tarixli 005143 nömrəli, xx.xx.2022-ci il tarixli 005372 nömrəli, xx.xx.2022-ci il tarixli 005428 nömrəli, xx.xx.2022-ci il tarixli 005429 nömrəli yol vərəqələrinə əsasən müəyyən olunur ki, mal təchiz edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müştəri Cavabdeh MMC-yə ümumilikdə ƏDV xaric 16.190 manat dəyərində mallar təqdim edilmişdir.
9. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 272263 saylı elektron qaimə ilə təsdiq edilir ki, A4 Ofis” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 11.244,22 manat dəyərində malların təqdim edilməsinə görə elektron qaimə göndərilmişdir.
10. İddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlayaraq borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 11.244,22 manat əsas borc, 200 manat məcburi ilkin mediasiya xərci və 125 manat dövlət rüsumu kimi ödənilmiş məbləğin, ümumilikdə - 11.569,22 manat məbləğində pulun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ("xxxx" MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixli 262 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə satıcı alıcını müvafiq olaraq mallar ilə təmin etməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 17.287 manat dəyərində mal verilmişdir. Lakin müqavilənin göstərilən şərtlərinə zidd olaraq, alıcı ona verilmiş malların dəyərini tam ödəməmiş və hal-hazırda, yəni xx.xx.2023-cü il tarixədək 11.244,22 manat əsas borcu yaranmışdır. Göründüyü kimi bir ildən artıq müddət keçdiyinə baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsindən imtina edilir. Halbuki, müqavilənin 5.2-ci bəndinə görə satıcı malları alıcıya təhvil verdikdən sonra, alıcı malların dəyərini 30 (otuz) gün ərzində ödəməyi öhdəsinə götürür. Cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya qaydasında borcun ödənilməsi barədə bildiriş göndərilsə də, həmçinin qanunvericiliyə uyğun olaraq məcburi mediasiya prosesinə çağırılsa da, öhdəlik uzun müddətdir ki, icra olunmur.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2438/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia təmin edilmişdir.
14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin qeyd edilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu ƏDV daxil 11.244,22 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, malların təqdim edilməsi faktını cavabdehin qanuni təmsilçisi məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir.
15. Cavabdehin iddia ərizəsinə etirazında əsas kimi istinad etdiyi təqdim edilmiş malları daha aşağı qiymətə alması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehə alqı-satqının predmeti olan malların razılaşdırılmış qiymətini təsdiq edən əlavə sübutların təqdim edilməsi üçün vaxt verilsə də, cavabdehin nümayəndəsi nə təyin edilmiş növbəti məhkəmə iclaslarında iştirak etmiş, nə də ki, əlavə sübutları məhkəməyə təqdim etmişdir.
16. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdehə mübahisəli malların iddia ərizəsində göstərilən qiymətə - ƏDV daxil 11.244,22 manata satılmasına dair elektron qaimə göndərilsə də, cavabdeh həmin elektron qaiməni qanunvericilikdə nəzərdə tutulmuş 5 gün müddət ərzində düzəliş üçün qaytarmamış, eləcə də cavabdeh üçün vergi öhdəliyi yaradan elektron qaimə ilə bağlı iddiaçıya və ya vergi orqanına hər hansı bir formada etiraz ünvanlamamışdır. Məhkəmə hesab etmişdir ki, göstərilən hal da tərəflərin mübahisəli malların məhz iddiaçının iddia etdiyi qiymətə qalqı-satqısına dair razılığa gəlməsinə dəlalət edir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2438/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin ekspertizasının keçirilməməsi, qətnamənin çıxarılması zamanı cavabdehin iştirakının təmin edilməməsi, əvvəlki iclasda cavabdehin əlavə sübutlar şahidlər və təqdim etmək imkanının verilməməsi səbəbindən qətnamə qanunsuzdur, tərəflərin çəkişməsi prinsipinin pozulması ilə qəbul edilmişdir. Belə ki, elektron qaimədə 11.244,22 manat qeyd edilməsinə baxmayaraq, malların faktiki dəyəri 6000 manata yaxındır və cavabdehin bu faktı təsdiq etməsi üçün şahidləri var, hansı ki, həmin şəxslər malların alınmasında və əldə edilməsində iştirak etmiş, həm iddiaçının, həm də cavabdehin işçiləridir. Həmçinin, təqdim edilən sübutlar qismində elektron qaimədə 11.244,22 manat qeyd edilmiş, lakin yol vərəqələrində ümumi məbləğ 16.190 manat qeyd edilmişdir. İddiaçı cavabdehin öhdəliyin bir hissəsini icra etdiyini, qalan borcun 11.244,22 manat olduğunu bildirsə də, ödənişlərin olunmasına dair sənədləri məhkəməyə təqdim etməmiş, məhkəmə isə öz növbəsində həmin hissəni araşdırmamış, cavabdehin faktiki olaraq hansı məbləğdə ödəniş etdiyini, hansı hissədə borclu qaldığını müəyyən etmədən natamam və məhkəmə mühasibatlıq ekspertizasından keçirilməmiş sübutlara istinad edərək qətnamə qət etmişdir. Qətnamədə göstərilir ki, iddiaçının təqdim etdiyi xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin 1 saylı əlavəsi yalnız satıcı tərəfindən imzalanaraq möhürlənmişdir. Yəni bu da sübut edir ki, iddiaçı malların qiyməti ilə bağlı əlavəni cavabdehlə razılaşdırmadan və onun iştirakı olmadan tərtib edərək imzalamışdır. Nəticə etibarı ilə müqavilədən fərqli olaraq əlavə etibarsızdır və həmin əlavəyə uyğun olaraq müəyyən edilmiş məbləğlərin tələb edilməsi əsassızdır. Konstitusiya Məhkəməsinin mövqeyindən də aydın olduğu kimi, iddiaçı tərəfindən veirlmiş alqı-satqı müqaviləsi və ona 1 saylı əlavənin etibarlılığı məhkəmə tərəfindən müəyyən edilməli idi və bu məhkəmənin vəzifəsidir. Lakin məhkəmə bu halı aydınlaşdırmamış, əqdlərin etibarlılığına münasibət bildirməmiş, habelə, bununla belə əlavənin yalnız iddiaçı hüquqi şəxs tərəfindən imzalanın möhürləndiyini qeyd etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq (elektron kabinetlərə bildiriş yerləşdirilməklə) məhkəmə iclasında iştirak etməmişdirlər.
20. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəllə; 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddə-alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 398.1-ci maddə-müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 398.3-cü maddə-əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddə-məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
22. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
23. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2438/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış 30 mart 2022-ci il tarixli 262 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 272263 saylı elektron qaimədə dəyəri ƏDV daxil 11.244,22 manat manat qeyd edilmiş mal satılmışdır.
25. Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında malları iddiaçıdan aldıqlarını təsdiq etmişdir. Cavabdehin iddiaya etirazı və apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, satılacaq malın qiyməti ilə bağlı tərtib edilmiş müqaviləyə Əlavə 1 alıcı tərəfindən imzalanmamışdır. İddiaçı elektron qaimədə saılmış malın dəyərini razılaşdırılmış qiymətdən yüksək göstərmişdir.
26. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, satılacaq malın qiyməti ilə bağlı 1 saylı Əlavə alıcı olaraq cavabdeh tərəfindən imzalanmasa da, satılmış malın qiyməti həm yol vərəqələrində, həm elektron qaimədə öz əksini tapdığı halda cavabdeh həmin qiymətlərlə bağlı qarşı tərəfə hər hansı pretenziya göndərmədən malları qəbul etdiyindən və elektron qaiməyə düzəliş və ya ləğv edilməsi ilə bağlı müraciəti olmadığından hazırda həmin qiymətə etiraz etməsi əsassızdır.
27. Bundan əlavə malın dəyərinin ödənilməsi barədə sübutları məhkəməyə təqdim etmək öhdəliyi iddiaçının deyil, cavabdehin üzərinə düşdüyü halda cavabdeh məhkəməyə ödənişlər və iddiaya etirazının əsasları ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etmiş, qətnamənin ləğv edilməsinə əsas ola biləcək hər hansı maddi və ya prosessual pozuntuya yol verməmişdir.
28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2438/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2438/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.