Məhkəmə qərarları › İş №2-2(103)-745/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-745/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-745/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-707/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 11.047,29 manat əsas borc, 30 manat məbləğdə ödənilmiş dövlət rüsumu və 500 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,2 faizi həcmində hesablanmaqla 11.047,29 manat penya, cəmi 22.124,58 manat məbləğdə borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən edilmiş, cavabdehdən 11.047,29 manat məbləğdə borc, 200 manat məbləğdə dəbbə pulu, cəmi 11.247,29 manat məbləğdə pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh “Eurohome” Ticarət Mərkəzində iddiaçıdan və digər şəxslərdən aldığı malların satışı ilə məşğul olmuşdur. Lakin orada baş verən yanğında onun mağazasında olan bütün mallar yanmış və tamamilə yararsız hala düşmüşdür. Hazırda “Eurohome” Ticarət Mərkəzində baş vermiş yanğın ilə əlaqədar açılmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq cinayət işinin materialları baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Yəni yanğın hadisəsi olduğu üçün o öhdəliyi icra edə bilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, baxmayaraq ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin bütövlükdə ləğvi xahiş edilmişdir, mübahisənin predmeti bölünən olduğu və iddiaçı tərəfindən də apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamə iddia təmin olunan hissədə yoxlanılmalıdır. Bu kontekstdə araşdırma aparılan işin mübahisəsiz hallarına görə, tərəflər arasında 10 mart 2014-cü il tarixli 60/14 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır, iddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla da sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur, hazırda cavabdehin müqavilə üzrə iddiaçıya borcu 11.047,29 manat təşkil edir. Belə ki, Müqavilə ilə ödənişlərin malın qəbul edilməsindən sonra 30 gündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirilməsi (3.2-ci bənd), ödənişlərin gecikdirilməsinə görə alıcının (cavabdehin) gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,2%-i həcmində penya ödəyəcəyi (6.2-ci bənd) razılaşdırılmışdır, 01.11.2019-cu il tarixli 15248 saylı və 21.05.2020-ci il tarixli 14169 saylı Öhdəliklərin qarşılıqlı təminatı aktlarına görə Müqaviləyə əsasən quru inşaat qarışıqları üzrə cavabdehin iddiaçıya 8.857,26 manat və 4.263,89 manat borcu vardır, cavabdeh sonuncu dəfə 10.12.2019-cu il tarixdə 700 manat məbləğdə ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin alqı-satqı müqaviləsinə əsasən təqdim edilmiş malların bazarda baş vermiş yanğın nəticəsində məhv olması barədə dəlili ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin 571.1-ci maddəsinə görə, “Əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir”. Hazırkı işdə cavabdehin istinad etdiyi yanğın hadisəsi mallar alıcıya (cavabdehə) təhvil verildikdən sonra alıcıya məxsus mağazanın yerləşdiyi bazarda baş verdiyindən, adıçəkilən normanın tələbləri baxımından malların zədələnməsi riskini alıcı (cavabdeh) daşıyır. Belə olan halda isə malların yanması barədə cavabdehin istinad etdiyi dəlillər öz təsdiqini tapsa belə, göstərilən hallar cavabdehi aldığı malların qiymətini ödəmək vəzifəsindən azad etmir. “Eurohome” Ticarət Mərkəzində baş vermiş yanğın ilə əlaqədar başlanmış cinayət işi üzrə ibtidai istintaqın yekunlaşaraq cinayət işinin materiallarının baxılması üçün məhkəməyə göndərilməsi də cavabdehin borcunu ödəmək məsuliyyətini ləğv etmir. Birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 467-ci maddəsinə istinadən müqavilə ilə tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləği azaldaraq 200 manat məbləğdə müəyyən etməsi də qanuni, əsaslı və ədalətli olmaqla, cavabdehin əmlak mənafelərinə uyğun həddədir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-707/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar