Məhkəmə qərarları › İş №2-2(103)-746/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-746/2021

16.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-746/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-863/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçılar İddiaçı1 Kiçikbəy oğlu və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz şəhəri, Aran küçəsində yerləşən obyektin 2522,67 manat borcun İddiaçı1 **********9 saylı abunə hesabından silinməsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi və cavabdeh "xxxx" ASC-dən ümumilikdə dəymiş 28512 manat məbləğində ziyanın tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 19.04.2021-ci il tarixli e-2-2(113)-863/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı1 Kiçikbəy oğluna "xxxx" ASC tərəfindən 14.03.2020-ci il tarixli 027951 saylı akt əsasında 07.07.2020-ci il tarixdə hesablanmış 513,67 manat məbləğində borcun silinməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin "xxxx" ASC-dən tutularaq İddiaçı1 Kiçikbəy oğluna ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçılara aid edilməsi qət edilmişdir. İddiaçı2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ona aid hissədə ləğv edilməsi və iddianın həmin hissədə tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi. İddiaçılar İddiaçı1 Kiçikbəy oğlu və İddiaçı2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin İddiaçı2 tərəfindən verildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız həmin iddiaçıya aid hissədə yoxlanılır. İddiaçıların öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, 07 mart 2020-ci il tarixdə Xaçmaz şəhəri, Aran küçəsində yerləşən obyektin elektrik sayğacında yanğın baş vermiş və bu yanğın nəticəsində obyektdə verilən elektrik enerjisi kəsilmiş və obyekt elektrik şəbəkəsindən ayrılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı2 arasında 20 noyabr 2019-cu il tarixli malların saxlama müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi çəkisi 47530 kq təşkil edən skumbriya (dondurulmuş 200-300 qr) balığın sonuncuya xüsusi mülkiyyət hüququ ilə məxsus olan Xaçmaz şəhəri, Aran küçəsində yerləşən obyektdə saxlanılması tapşırılmışdır. 07 mart 2020-ci il tarixdə elektrik enerjisinin kəsilməsi ilə əlaqədar obyektdə yerləşən dondurucularda saxlanılan skumbriya balıqlarına ziyan dəymişdir. Belə ki, elektrik enerjisinin dərhal bərpa olunmaması nəticəsində 198 qutuda saxlanılan, yəni 5940 kq dondurulmuş balıq məhsulunun donu açılmış və yararsız hala düşmüşdür. Beləliklə, tapşırana 20 noyabr 2019-cu il tarixli müqavilə üzrə ümumilikdə 28512 manat məbləğində ziyan dəymişdir. Qeyd olunan ziyan İddiaçı2 tərəfindən tam olaraq "xxxx" MMC-yə ödənilmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, onun hərəkətlərində hər hansı qanunsuzluğa yol verilməmişdir. Həmçinin zərərin dəyməsinin təsdiq edən lazımi sübutlar da təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 aid hissədə iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Çünki İddiaçı2 özünün bildirdiyinə görə elektrik enerjisinin kəsilməsinə səbəb sayğacın yanması olmuşdur. Sayğacın yanmasında cavabdehin hansı təqsirinin olması isə ümumiyyətlə əsaslandırılmamışdır. Eyni zamanda iddiaçı tərəfindən yanğın baş verdikdən dərhal sonra cavabdehə müraciət etməsi, lakin cavabdeh tərəfindən sayğacın dəyişdirilməsi və ya digər üsulla elektrik enerjisinin bərpa edilməsindən imtina etməsi və yaxud hərəkətsizliyi ilə bağlı hallara da istinad olunmamışdır. Həmçinin nəzərə alınır ki, iddiaçının təqdim etdiyi 08 mart 2020-ci il tarixli akta əsasən artıq həmin tarixdə zərər vurulmuşdur. Cavabdehin əməkdaşları tərəfindən yanma nəticəsində yararsız hala düşmüş elektrik sayğacına isə 14 mart 2020-ci il tarixdə baxış keçirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən dəyməsi ehtimal edilən zərərin məhz cavabdehin təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulması həm əsaslandırmamış, həm də bunu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, dəyməsi ehtimal edilən zərərin mövcud olmasını təsdiq edə biləcək sübutlar araşdırılmadan İddiaçı2 aid hissədə iddia rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisləndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-863/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.04.2021-ci il tarixli qətnaməsi İddiaçı2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Fuad Talışinski Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar