Məhkəmə qərarları › İş №2-2(103)-746/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-746/2023

19.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-746/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1047/2023 saylı, 25 may 2023cü il tarixli qətnaməsindən ilk iddia tələbi üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25520 Avro borcun, yükün daşınmasına görə 4693 Avro yükün daşınmasına görə xidmət haqqı, ümumilikdə 30213 Avronun, hüquqi yardıma görə ödənilmiş 600 manat, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (Təchizatçı) tərəfindən cavabdehin (Sifarişçi) sifarişi əsasında mallar gətirilmişdir. Mallar gətirilən zaman müəyyən problemlər yaranmış, bunun nəticəsində malın çatdırılmasında gecikmələr olmuşdur. Sifarişçi işlərinin davam etdirilməsi üçün Təchizatçı tərəfindən 63520 Avro məbləğində cavabdehə qaytarılmaq şərti ilə kompensasiya şəklində borc verilmişdir. xx.xx.2022-ci il tarixli sənədə əsasən, yük Gürcüstan-Azərbaycan sərhədini keçdikdən sonra borc məbləği tam şəkildə Təhcizatçıya ödənilməli idi. Yük sərhədi müvəffəqiyyətlə keçməsinə baxmayaraq, Sifarişçi tərəfindən borc məbləğində 38000 Avro ödənilmişdir. Hazırda Sifarişçi 25520 Avro borc məbləği, yükün daşınmasına görə 4693 Avro xidmət haqqı borcu, ümumilikdə 30213 Avro borcu yaranmışdır. Tərəflərindən qeyd olunan problemin həlli üçün xx.xx.2022-ci il tarixində cavabdehə pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunda yaranmış mübahisənin həlli üçün müvafiq addımların atılması xahiş edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin, cavabdeh tərəfindən heç bir addım atılmamış və iddiaçıya dəymiş ziyan ödənilməmişdir.

3. Daha sonra iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, cavabdehdən 40000 Avro, ödənilən günün məzənnəsi uyğun olaraq Azərbaycan Respublikasının manatı ilə vurulmuş zərər və 306 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının iddia tələblərini qəbul etmir və iddia ərizəsinə qarşı olaraq aşağıdakıları bildirir. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC Almaniyanın Köln şəhərindən X10 GmbH Co KG firmasından idman qida məhsullarını 55658,54 Avroya alıb Azərbycan Respublikası ərazisinə gətirilməsi üçün İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına daşımaya təhvil verilmişdir. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı həmin malı 2 ay Gürcüstan Respublikasında saxladıqdan sonra Azərbaycan Respublilkası ərazisinə gətirmişdir. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı malın daşınmasında əsassız gecikdirmələrə yol verdiyindən Cavabdeh MMC satış nöqtələrinə məhsullarını vaxtında çatdırmamış, sifarişçilər qarşısında öhdəliklərini icra etməmiş, xüsusi qida məhsullarının idxalı üçün yeni lisenziyanın (razılığın) alınması zərurəti yaranmış, nəticədə Cavabdeh MMC-yə 40000 avro zərər vurulmuşdur. Cavabdeh MMC iddia tələbinə görə 306 manat dövlət rüsumu ödəmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1047/2023 saylı, 25 may 2023-cü il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 25520 (iyirmi beş min beş yüz iyirmi) Avro borc, yükün daşınmasına görə 4693 (dörd min altı yüz doxsan üç) Avro xidmət haqqı, hüquqi yardıma görə ödənilmiş 600 (altı yüz) manat, ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumunun, ümumilikdə 30213 (otuz min iki yüz on üç) Avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 1000 (bir min) manat məbləğində pulun tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 306 (üç yüz altı) manat dövlət rüsumunun Cavabdeh MMC-nin özünə aid edilməsi qət edilmişdir.

6. İlk iddia tələbi üzrə Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1047/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddiasının tamamilə rədd edilməsi, Cavabdeh MMC-nin İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddiasının təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə İngiltərənin Midisbu şəhərində yerləşən LV CaspianLtd (İngiltərənin hüquqi şəxsi) ilə Cavabdeh MMC arasında LVC-GBR-S-1771nömrəli Yükdaşıma xidmətlərinə dair Xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 7.1.-ci bəndinə uyğun olaraq tərəflər müqavilənin ləğv edilməsinə dair müraciətləri olmadığından bu günə kimi qüvvədədir. Cavabdeh MMC xx.xx.2022-ci iltarixdə "xxxx" MMC Almaniyanın Köln şəhərindən X10 GmbH Co KG firmasından idman qida məhsullarını 55658,54 Avroya alıb LVC-GBR- S1771 nömrəli Yükdaşıma xidmətlərinə dair Xidmət müqaviləsinə əsasən LV Caspian Ltd müəssisəsinə sifarış vermişdir. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı "xxxx" MMC-nin razılığını almadan LVC-GBR-S-1771 nömrəli Yükdaşıma xidmətlərinə dair Xidmət müqaviləsinin icrasını öz üzərinə götürərək Cavabdeh MMC-nin malını Almaniyadan Azərbaycan Respublikası ərazisinə daşımasına çalışmışdır. Nəticədə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı malı xx.xx.2022-ci il tarixədək malı Gürcüstan Respublikası ərazisində saxlamaqla daşımanı gecikdirmişdir. Gecikdirməyə səbəb İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əməkdaşlarına qarşı kondrabanda cinayəti üzrə cinayət işinin başlanması olmuşdur. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbəri Fuad baş ofisi olan LV Caspian Ltd-nin LVC-GBR-S-1771 nömrəli Yükdaşıma xidmətlərinə dair Xidmət müqaviləsinə aid yük daşıması sifarişini özbaşına, baş ofisinə məlumat vermədən, tək başına icra etdiyi zaman barələrində cinayət işinin olması, malın çatdırılmasını gecikdirməsi, "xxxx" MMC-nin baş ofisə şikayətlərindən qorxub xx.xx.2022-ci il tarixdə axırıncı MMC-ə 63520 Avro kompensasiya ödəmişdir. Fuad həmin kompensasiyanı şəxsi hesabından vermişdir. Bu halı pulun verilməsi zamanı yazılan vərəqdə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının möhürünün və rəsmi şəxsinin imzası olmaması, eləcədə Qanuni nümayəndəla Fuadın danışıqlarından (Vatsapda olan səsyazma iş materiallarına əlavə edilib) bəlli olur. Fuad bildirir ki, kompensasiyanı müəssisənin hesabindan ödəyə bilmərəm. Qeyd olunan yazıda “İşin adı” qrafasında “Kompensasiya” sözü yazılmışdır. Məhkəmə isə həmin yazıdakılarını borc müqaviləsi kimi qiymətləndirməkdə səhv etmişdir. Məhkəmə müqavilənin LV Caspian Ltd ilə Cavabdeh MMC arasında olmasına baxmayaraq qətnamədə sifahi müqavilə sözlərindən istifadə etməklə guya İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC-nin arasında müqavilə olmasına dair düzgün nəticəyə gəlməmişdir. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş sənədə Cavabdeh MMC-nin nümayəndəsi Elçin Məmmədov bir tərəfdən, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əməkdaşı Samir Babaşov digər tərəfdən imza etməklə təsdiq etmişlər ki, xx.xx.2022-ciil tarxidə Fuad ilə Qanuni nümayəndə görüşərək razılığa gəldikləri kimi, "xxxx" MMC-ə vurulan 40000 Avro məbləğində zərərin 22800 manat məbləğində hissəsi İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən qarşılanır, 38000 Avro məbləğində pul Cavabdeh MMC tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilir, qalan 17930 manat əlavə ödənildikdən sonra 65320 Avro məbləğində vəsaitin İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilmiş hesab ediləcəkdir. Fuad ilə Qanuni nümayəndə xx.xx.2022-ci il tarixdə görüşüb göstərilən razılığa gəlməsi Vatsap danışıqları və şahidlərin izahatları ilə təsdiqini tapmışdır. Məhkəmənin nəticəsinə görə Samir Babaşov Filialın sürücüsü işlədiyinə və etibarnaməsi olmadığından qeyd olunan xx.xx.2022-ci il tarixli sənəd mötəbər deyildir. Lakin həmin sənəddə göstərildiyi kimi 38000 Avro məbləğində pulun Cavabdeh MMC-dən Samir Babaşovun qəbul etməsini möhtəbər hesab edərək qəbul etmişdir. Məhkəmə qətnaməsində göstərir ki, Samir Babaşov həmin sənədi oxumadan imzalamışdır. Lakin sənəddən görünür ki, Samir öz xətti ilə yazir “Oxudum təsdiq edirəm.” X8 ifadəsində təsdiq etmişdir ki, Samir Babaşov sənədi oxumuş, Fuada telefon vasitəsilə demiş və sonradan “Oxudum təsdiq edirəm” yazmaqla imza etmiş, 38000 Avro pulu qəbul etmişdir. İş materiallarında İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının daşımanı 67 gün gecikdirməsi, "xxxx" MMC-nin qida malları zamanında çatdırılmadığından müştəriləri ilə problemlərinin yaranması, bazarda qida məhsullarının satıcısı kimi işguzar nufuzuna xələl gəlmiş, yeni lisenziya, razılıqlar, ekspertiza müayinələrinin keçirilməsi üçün əlavə pulların ödənilməsi, Fuadın Cavabdeh MMC-ə kompensasiyanın ödənilməsi, Qanuni nümayəndə güzəşt edərək zərərin yalnız 22800 manat hissəsini Fuaddan saxlamasını, Fuadın buna razılıq verməsini, kompensasiyanın 38000 Avro məbləğinin Fuada ödənilməsi və qalan 17930 manat Cavabdeh MMC tərəfindən Fuada ödənilməsi öhdəliyi mövcud olmuşdur. Məhkəmə maddi hüquq normalarına düzgün tətbiq etməmiş və işi hərtərəfli, qərəzsiz araşdırmamış, nəticədə səhvlərə yol vermişdir. Məhkəmə qətnaməsində göstərilir: “Məhkəməyə təqdim edilmiş və məhkəmə araşdırmasının predmeti olmuş sübutlara əsasən işin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında ekspeditor xidmətlərinə dair müqavilə bağlanmış, həmin müqavilə əsasında cavabdehin sifarişi ilə iddiaçı Almaniya Respublikasından özünə məxsus nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasına cavabdehə məxsus yüklərin (idman qida malları) daşınmasını həyata keçirmişdir. Daşıma haqqının ümumi məbləği 4693 Avro müəyyən edilmiş, mallar iki ay gecikmə ilə cavabdehə təhvil verilmişdir. ”Məhkəmə əminliklə göstərir ki, tərəflər arasında müqavilə olmuşdur. Müqavilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında olmamışdır. Müqavilə İngiltərə şirkəti olan LV Caspian Ltd ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli LVC-GBR-S-1771 nömrəli Yükdaşıma xidmətlərinə dair Xidmət müqaviləsidır. Həmin Müqavilənin 3.4.-cü bəndinə əsasən podratçı, yəni LV Caspian Ltd göstərdiyi xidmətlərə görə İngiltərə qanunvericiliyi tətbiq edilməlidir. Yəni, məhkəmə xidmətin ödənişlərinə görə Azərbaycan Respublikasının maddi hüquq normalarını tətbiq etməli deyildir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında ilk iddia tələbi üzrə cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, tərəflər arasında borc müqaviləsi olmamış, sənədin özündə də qeyd edildiyi kimi kompensasiya qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş sənədə Cavabdeh MMC-nin nümayəndəsi Elçin Məmmədov bir tərəfdən, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əməkdaşı Samir Babaşov digər tərəfdən imza etməklə təsdiq etmişlər ki, xx.xx.2022-ci il tarxidə Fuad ilə Qanuni nümayəndə görüşərək razılığa gəldikləri kimi, "xxxx" MMC-ə vurulan 40000 Avro məbləğində zərərin 22800 manat məbləğində hissəsi İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən qarşılanır, 38000 Avro məbləğində pul Cavabdeh MMC tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilir, qalan 17930 manat əlavə ödənildikdən sonra 65320 Avro məbləğində vəsaitin İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilmiş hesab ediləcəkdir. Fuad ilə Cəsarət Əhmdəovun xx.xx.2022-ci il tarixdə görüşüb göstərilən razılığa gəlməsi whatsapp danışıqları və şahidlərin izahatları ilə təsdiqini tapmışdır. Məhkəmənin nəticəsinə görə Samir Babaşov Filialın sürücüsü işlədiyinə və etibarnaməsi olmadığından qeyd olunan xx.xx.2022-ci il tarixli sənəd möhtəbər deyildir. Lakin həmin sənəddə göstərildiyi kimi 38000 Avro məbləğində pulun Cavabdeh MMC-dən Samir Babaşovun qəbul etməsini möhtəbər hesab edərək qəbul etmişdir. Samir Babaşov həmin sənədi oxumadan imzalamışdır. Lakin sənəddən görünür ki, Samir öz xətti ilə yazir “Oxudum təsdiq edirəm.” X8 ifadəsində təsdiq etmişdir ki, Samir Babaşov sənədi oxumuş, Fuada telefon vasitəsilə demiş və sonradan “Oxudum təsdiq edirəm” yazmaqla imza etmiş, 38000 Avro pulu qəbul etmişdir. Bundan əlavə qeyd edim ki, müdafiə etdiyi tərəf həmin şirkətin Azərbaycan Respublikasında yeganə distributorudur və bütün məhsullar məhz bizim şirkət vasitəsi ilə gətirilir. İş materiallarında İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının daşımanı 67 gün gecikdirməsi, "xxxx" MMC-nin qida malları zamanında çatdırılmadığından müştəriləri ilə problemlərinin yaranması, bazarda qida məhsullarının satıcısı kimi işguzar nufuzuna xələl gəlmişdir. İş materiallarına da əlavə etdiyimiz sənədlərdən görünür ki, müştərilərin bir qismi məhsulları almaqdan imtina etmişdir, bu da bizim müştəri itkimizlə nəticələnmişdir. Həmçinin, yeni lizensiya alınması ilə əlaqədar xərclər çəkilmişdir.

10. Məhkəmə iclasında ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, 28 sentyabr 2022-ci il tarixli borc müqaviləsinə əsasən 63.550 avro biz qarşı tərəfə yeni məhsullar sifariş etmələri üçün borc vermişik. Lakin aramızda olan danışıqlara əsasən onlar məhsulları təhvil aldıqdan sonra bizə həmin məbləği qaytarmalı idilər. Qarşı tərəf iş materialları birinci instansiya məhkəməsinin icraatında olarkən də bildirdi ki, bizə ziyan dəyib, biz is öz növbəmizdə dəymiş zərəri aradan qaldırmağa hazır olduğumuzu bildirdik bir şərtlə ki, bizə mövcud zərərin nədən ibarət olmasına dair rəsmi sübut təqdim etsinlər. Lakin onlar hər hansı bir sübut təqdim edə bilmədilər, yalnız yeni lizensiyanı və 2019-cu ildə alınmış 1 il müddətinə qüvvədə olan lizensiyaları təqdim etdilər. Bu isə həmin vaxt onların məhsulları gətirmək üçün lizensiyalarının olmamasını deməyə əsas verir. Həmçinin, mənim tərəfimdən X2 müvafiq sorğu verilmiş və cavabında məlum olmuşdur ki, Azərbaycan Respublikasına gətirilən hər bir məhsul üçün ayrılıqda sertifikat verilməli idi. Bir daha qeyd etmək istəyirəm ki, müdafiə etdiyim tərəf qarşı tərəf onlara dəyən zərərin birbaşa bizim məhsulları gec çatdırmağımızla əlaqədar olduğunu sübut edə bildiyi təqdirdə ödəməyə hazırdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır.

12. Həmin Məcəllənin 328.6-cı maddəsinə əsasən əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır.

13. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

16. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.

17. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

23. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

24. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

27. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

28. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.

29. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi əsaslı, qarşılıqlı iddia tələbi əsassızdır.

32. Tərəflər arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən yük Gürcüstanda gömrükdən çıxa bilmədiyinə görə LV Caspian Limited Şirkətinin Azərbaycandakı filialı 63520 Avro məbləğində cavabdehə kompensasiya ödənilməsini həyata keçirir. Bu yük Gürcüstan – Azərbaycan sərhədini keçdikdən sonra həmin gün məbləğ tam şəkildə 63520 Avro olaraq cavabdeh tərəfindən iddiaçıya geri ödənilməlidir.

33. 28.09.2023-cü il tarixli qəbzə əsasən 63520 Avro iddiaçı tərəfindən cavabdehin nümayəndəsi (Elçin Məmmədov) təhvil verilmişdir.

34. Cavabdeh tərəfindən X4 xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən cavabdehi təmsil etmək, pul ödəmək, pul vəsaitlərini almaq ... səlahiyyətləri verilmişdir. Etibarnamənin qüvvədə olması müddəti 1 il müəyyən edilmişdir.

35. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli invoysa əsasən ödənilməli olan daşınma haqqı 4693 Avro təşkil edir.

36. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, EBCİ saylı, 388785 saylı elektron qaiməyə əsasən nəqliyyat xərci 7902,55 manat (1Avro = 1.6839 manat) təşkil edir.

37. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş Babaşov Samir Vaqif oğlu ifadəsində göstərdi ki, 2017-ci ildən iddiaçı şirkətdə hazırkı günədək sürücü vəzifəsində çalışır. Cavabdeh MMC-ni tanıyır. Ötən ilin noyabr ayında həmin MMC-yə bir dəfə 38000 avro pulun alınmasına görə getmişdir. Həmin pulun alınmasına dair qəbzi imzalamışdır. Materiallarda olan xx.xx.2022-ci il tarixli sənəddə olan imza ona məxsusdur, lakin o, həmin sənədi oxumadan imzalamışdır. Ona öz rəhbərliyi tərəfindən Cavabdeh MMC-dən pul vəsaitini geri alarkən qəbzə imza etmək tapşırılmışdı, bu səbəbdən həmin sənədi imza etmişdir. Daha sonra o, Cavabdeh MMC-yə getməmişdir. Pulu alanda cavabdehin direktoru Cəsarət bəy orada olmuşdur. Pul ilə bağlı bir dəfə Cavabdeh MMC-yə getmiş, ondan əvvəl isə invoysların alınmasına görə getmişdir. Direktorları Fuad müəllim ona yalnız pulu almaq və bununla bağlı qəbzə qol çəkməyi həvalə etmişdi. Sənədi imzalayan zaman direktorları Fuad müəllimə zəng etməmişdir.

38. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 2009-cu ildən Cavabdeh MMC-də ictimai əsaslar ilə işləyir. Əmək müqaviləsi yoxdur. Etibarnamə əsasında gömrük və sair işləri görür. Cavabdeh MMC və İddiaçı Şirkəti ilə son 4-6 il müddətində əməkdaşlıq edib. Malların son daşınmasında Gürcüstan Respublikasında problem yaranmış, bu səbəbdən malların çatdırılmasında gecikmələrin olması səbəbindən aldıqları idman qidalarını digər şəxslərə satdıqları üçün Cavabdeh MMC-də problemlər olmuş, müştərilər tərəfindən onlardan bununla bağlı kompensasiyalar tələb edilmişdir. İddiaçı Şirkətindən verilmiş pulu almış, belə ki, şirkətlərin direktorları tərəfindən danışıqlar həyata keçirilmiş, 2022-ci ilin sentyabr ayında axşam saatlarında İddiaçı Şirkətindən təxmini 63000 avro pulu təhvil almışdır. Bu barədə qəbzə imza etmiş, materiallarda olan qəbzdəki imza ona məxsusdur. Yeni partiya malın alınması üçün iddiaçıdan borc pul almışlar. Almaniyaya həmin pulla yeni sifarişlər verilmiş, yeni sifarişlərin çatdırılması bu dəfə başqa şirkətə həvalə edilmiş, direktorlar arasında razılaşmaya görə onlara dəymiş ziyanın yarısını iddiaçı öz üzərinə götürmüş, 38000 avro pulun geri alınmasını iddiaçının sürücüsü S.Babaşov imzalamışdır. O, özünü cavabdehə iddiaçı şirkətin əməkdaşı kimi təqdim etmiş, qəbzi oxyuyandan sonra imzalamaqdan qəti şəkildə imtina etmiş, daha sonra direktorları Fuad müəllimə zəng etdikdən sonra sonuncu ondan qəbzi imzalamasını xahiş etmişdir. O, onların telefon danışıqlarını eşitməmiş, ehtimal etmişdir ki, sürücü direktorla danışmış, həmin telefon danışığından sonra qəbzi imza etmişdir. Həmin sənədi həmçinin o, imzalamışdır. Oradakı imza ona məxsusdur. Malların çatdırılmasında gecikmələr baş verəndən sonra, cavabdeh bəzi lisenziyaları yeniləmiş, mallar vaxtında çatdırılsa idi, onların lisenziyaları yenilənməsi zərurəti yaranmazdı.

39. Tərəflərin nümayəndələri (iddiaçı və cavabdehin qanuni nümayəndələri) arasındakı whatsapp yazışmalardan görünür ki, yükün çatdırılmasının yubanacağı barədə məlumat həmin proqram vasitə ilə verilmiş, cavabdeh yükün mümkün qədər tez çatdırılmasını xahiş etsə də konkret tarix göstərməmişdir.

40. Malın vaxtında çatdırılmasının mümkün olmadığı müəyyən edildikdən sonra, sifarişçi daşımadan imtina etməmiş, iddiaçı öz öhdəliklərini icra edərək, daşımanı həyata keçirmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi 2 ay gecikdirməklə icra etsə də qeyd olunan hal daşıma haqqının ödənilməsindən imtina üçün əsas ola bilməz.

41. Kollegiya qeyd edir ki, iddiaçı üzərinə götürdüyü öhdəlikləri icra etmiş, cavabdeh isə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, nəticədə onun iddiaçıya 4693 Avro borcu yaranmışdır, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququ yaranmışdır.

42. Birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli yazılı sənədi hazırkı iş üzrə mötəbər sübut hesab etməyərək qeyd etmişdir ki, həmin sənəddə göstərilmişdir ki, Almaniyadan yeni sifariş edilmiş mallar Azərbaycana gəldikdən və satışa çıxarıldıqdan sonra cavabdeh iddiaçıya qalan 11000 Avro məbləğində borcu ödəyəcək. Bununla xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə verilmiş 63520 Avro məbləğində pul tam olaraq geri qaytarılacaqdır. Belə ki, həmin sənədi iddiaçının adından orada əmək müqaviləsi əsasında işləyən sürücüsü (S.Babaşov) imzalamış, onun iddiaçının sürücüsü olması faktı cavabdehə bəlli olmuş, belə bir razılaşmanın imzalanmasına dair ona hər hansı etibarnamə verilməmişdir. İddiaçının nümayəndəsi izahatında sürücüləri S.Babaşovun həmin sənədi imza etmək kimi səlahiyyətinin olmadığını, ona yalnız qaytarılan borcu qəbul etməklə bağlı səlahiyyət verildiyini bildirmiş, göstərilən halı məhkəmə iclasında şahid S.Babaşov özü də təsdiq etmişdir. Materiallarda həmin razılaşmaya dair iddiaçının iradə ifadəsinin olduğunu təsdiq edən hər hansı sübut mövcud deyil.

43. 25520 Avro məbləğində borcun qaytarılması hissəsi ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında 28 sentyabr 2022-ci il tarixdə borc müqaviləsi imzalanmış, iddiaçı tərəfindən cavabdehə 63520 Avro məbləğində kompensasiya şəklində borc verilmiş, borcun qeyd olunan mallar Azərbaycan Respublikasına idxal edildikdən sonra qaytarılmalı olması razılaşdırılsa da, borcun bir qismi xx.xx.2022-ci il tarixdə qaytarılmış, qalan 25520 Avro məbləğində borc ödənilməmiş qalmışdır.

44. Belə olan halda isə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

45. Qarşılıqlı iddiaçı tərəfindən tələbin və etirazın əsası kimi istinad edilən hallara dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

46. Cavabdeh tərəfindən X1, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X6 hesabına ödənilmiş məbləğlərə dair sənədlər və ekspert rəyləri təqdim edilmişdir. Cavabdeh tərəfindən ekspertiza ilə bağlı çəkdiyi xərclər iddiaçı tərəfindən cavabdehə vurulmuş zərər kimi qiymətləndirilə bilməz.

47. Cavabdeh Almaniyadan məcbur qalıb daha yüksək qiymətə yeni sifarişlərin verilməsi ilə bağlı xərclərin, habelə üçüncü şəxslər (həmin qida məhsullarını təhvil verməli olduqları alıcılar) qarşısında öz öhdəliklərini vaxtında icra etməməklə bağlı yaranmış zərərlə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir.

48. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən ilk iddia tələbi üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, ilk iddia tələbi üzrə cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İlk iddia tələbi üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1047/2023 saylı, 25 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar