Məhkəmə qərarları › İş №2-2(103)-747/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-747/2021

06.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-747/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh firmasına qarşı icarə haqqı borcunun tutulmasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1019/2021 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh firmasına qarşı dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 104864,46 manat borcunun "xxxx" Firmasından tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" firmasının (VÖEN: **********) dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-ci il tarixə dövlət büdcəsinə 104864,46 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə “dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” xəbərdarlıq göndərilməsinə baxmayaraq cəmiyyət tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 23 noyabr 2005-ci il tarixli, 321 saylı Fərmanına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət qaydasında aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, "xxxx" firması (VÖEN: **********) tərəfindən icarəyə götürülmüş torpaq sahələrinə görə ümumilikdə dövlət büdcəsinə 104864,46 manat icarə haqqı ödənilməlidir. Bununla bağlı "xxxx" firmasına “Torpaq sahələrinə görə icarə haqqının ödənilməsi barədə” aidiyyəti üzrə xəbərdarlıq məktubu göndərilmişdir. Borclu tərəfindən xəbərdarlıq məktubu ilə tanış olunmasına baxmayaraq, yaranmış borc dövlət büdcəsinə ödənilməmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsində göstərilir ki, torpaq sahəsindən istifadəyə görə yaranmış icarə haqqını vaxtında ödəmək icarəçinin vəzifəsidir. Göründüyü kimi "xxxx" firması tərəfindən torpaq icarəsi üzrə yaranmış borc dövlət büdcəsinə vaxtında ödənilməməklə qanunvericilikdə nəzərdə tutulmuş vəzifələr icra edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1019/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Dövlət Vergi Xidmətinin hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 23 noyabr 2005-ci il tarixli 321 saylı Fərmanına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən, qanunda nəzərdə tutulan hallar istisna olmaqla, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq bilavasitə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqlarına aid edildiyindən, vergi orqanı icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. İşə apelyasiya qaydasında baxılması 06.08.2021-ci il tarixə təyin edilmiş tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iş üzrə qəbul edilmiş e- 2-2 (103)-747/2021 saylı 06.08.2020-ci il tarixli qərardadı ilə iddiaçının 46011,42 manat torpaq icarə haqqının cavabdehdən tutulmasına dair iddia tələbi üzrə icraata xitam verilmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1019/2021 nömrəli qətnaməsi 46011,42 manat icarə haqqı borcu ilə bağlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İcarəyə verən qismində Bakı Şəhər İcra Hakimiyyəti ilə icarəçi qismində Kapitol müəssisəsi arasında bağlanmış 30.12.2002-ci il tarixli, 0153 saylı icarə müqaviləsinə əsasən icarəyə verən 1230 m2 torpaq sahəsini 49 il müddətinə icarəçinin istifadəsinə vermişdir. Müqavilənin 7.3-cü bəndində icarə haqqının 01.01.2003-cü ildən hesablanması nəzərdə tutulmuşdur. Müqavilənin 7.4-cü bəndinə əsasən icarəçi hər il 4.731.200 AZM (946,24 AZN) icarə haqqı ödəməyə öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh firmasına ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehdən 13.10.2020-ci il tarixədək hesablanmış 104864,46 manat məbləğində torpaq icarə haqqı üzrə borcunun 7 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində tələb edilən borcun hansı müqavilələr üzrə və hansı dövr üçün tələb edildiyi qeyd edilməsə də iddia ərizəsinə əlavə edilmiş şəxsi vərəqədən görünür ki, iddiaçı cavabdehin dövlət torpaqlarının icarəsi ilə bağladığı bütün müqavilələr üzrə 13.10.2020-ci il tarixədək hesablanmış icarə haqqı borcunu tələb edir. Cavabdeh tərəfindən məhkəməyə mübahisəyə iddia müddətinin tətbiq edilməklə baxılması barəsində ərizə təqdim edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş məhkəmə aktlarından görünür ki, Cavabdeh firması ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında 30.12.2002-ci il tarixli, 0153 saylı icarə müqaviləsindən əlavə eyni zamanda 03.04.2004-cü il tarixli, Şəki şəhər İcra Hakimiyyəti ilə 22.03.2006-cı il tarixli icarə müqavilələri bağlanmışdır. 03.04.2004-cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh firmasına 49 il müddətinə Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət, F.Qasımzadə, S.Rüstəm və X.Şuşinski küçələrinin əhatə etdiyi 964-cü məhəllədə torpaq sahəsi icarəyə verilmiş, həmin müqavilədə illik icarə haqqının məbləği 28867738 AZM (5773,5 AZN) müəyyən edilmişdir. 22.03.2006-cı il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh firmasına 50 il müddətinə Şəki şəhər İcra Hakimiyyəti tərəfindən 1,2 ha torpaq sahəsi icarəyə verilmiş, icarə haqqı 22.03.2006-cı ildən hesablanmaqla illik icarə haqqının məbləği 720 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 13.02.2014-cü il tarixli 2-1(102)- 13/14 saylı qərarından görünür ki, vergi orqanının (əvvəlki adı Bakı şəhər Vergilər Departamenti) qeyd edilən 3 icarə müqaviləsi üzrə 2011-ci ilin aprel ayınadək hesablanmış 36528,97 manat icarə haqqı borcunun Cavabdeh firmasından tutulması barədə iddiası subyektiv hüququnun olmaması əsası ilə Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 07.08.2013-cü il tarixli 2-1(103)-333/2013 saylı qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 07.08.2013-cü il tarixli 2-1(103)-307/2013 saylı qanuni qüvvədə olan qətnaməsindən görünür ki, vergi orqanının Cavabdeh firmasına qarşı 30.12.2002-ci il tarixli, 0153 saylı və eyni tarixli 0347 saylı icarə müqavilələri üzrə 9842,45 manat məbləğində torpaq icarəsi üzrə borcun tutulması barədə iddiası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 27.03.2013-cü il tarixli 2 iqt(81)-913/2013 saylı qətnaməsi ilə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rədd edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən məhkəmə aktlarına əsasən müəyyən olunur ki, vergi orqanının 46011,42 manat torpaq icarə haqqının Cavabdeh firmasından tutulması barədə iddiasına artıq məhkəmələr tərəfindən baxılaraq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə icraata xitam verir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə 46011,42 manat torpaq icarə haqqı borcunun cavabdehdən tutulmasına dair iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməlidir. Qalan hissədə məhkəmə iddianın rədd edilməli olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2002-ci il tarixli, 828 nömrəli Fərmanında göstərilir ki, “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Fərman 2003-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2005-ci il tarixli, 321 nömrəli Fərmanına əsasən "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir." Fərman 2006-cı il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanının 13.2-ci bəndin altıncı abzası aşağıdakı redaksiyada verilmişdir: “həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir." Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 4.0.27-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsinin 3.0.16-cı bəndinə əsasən icarəyə götürülmüş dövlət torpaq sahələrinə görə icarə haqqı məbləğləri barədə məlumatları vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə daxil etmək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vəzifəsidir. İş materiallarına əlavə edilmiş çıxarışlardan, məhkəmə aktlarından və digər sənədlərdən görünür ki, cavabdehə icarəyə verilmiş torpaq sahələri üzərində yaşayış binaları və digər tikililər inşa edilmişdir. Məhkəmə kollegiyası istinad edilən normativ aktların tələblərinə əsasən hesab edir ki, vergi orqanının üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlardan istifadəyə görə icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüququ olmadığından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hazırkı iddianın qaldırılması ilə bağlı subyektiv hüquqa olmadığına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, e-2-2 (113)- 1019/2021 nömrəli qətnaməsi 46011,42 manat torpaq icarə haqqı borcu ilə bağlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1019/2021 nömrəli qətnaməsi 46011,42 manat icarə haqqı borcu ilə bağlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar