Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-749/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеhlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2499/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh5 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdеhlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6.466,58 manat əsas borc, 791,9 manat faiz borcu və 217,90 manat cərimə borcu olmaqla cəmi 7.476,38 manat borcun, 94,76 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2499/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 6.466,58 (altı min dörd yüz altmış altı) manat, 58 (əlli səkkiz) qəpik, faiz borcu üzrə 791 (yeddi yüz doxsan bir) manat, 90 (doxsan) qəpik, cərimə borcu üzrə 217 (iki yüz on yeddi) manat, 90 (doxsan) qəpik olmaqla, cəmi 7.476 (yeddi min dörd yüz yetmiş altı) manat, 38 (otuz səkkiz) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 tutularaq tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
3. Cavabdehlər Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2499/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcu ödəməkdən boyun qaçırır. Lakin iddiaçı cavabdehləri hansı tarixdə xəbərdar etməsini və onların bu xəbərdarlığı hansı tarixdə almalarını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı bilirdi ki, zaminlərin də başqa banklardan götürdüyü kredit üzrə ödənilməmiş öhdəlikləri var, buna baxmayaraq onları zamin kimi qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən iddiaçıdan məhkəməyə qədər cavabdehlərə pretenziya qaydalarına riayət edilibedilməməsini araşdırmamış, iddianı icraata qəbul etməklə və iddiaçının iddia ərizəsini və ona əlavə etdiyi sənədlərin surətini onlara göndərib-göndərmədiyini və bu sənədləri cavabdehlərin alıb-almadıqlarını araşdırmamış, nəticədə Azərbaycan Respublikası Mülki Prosessual əsinin 150.1.6 və 152.1.6-cı maddələrinin tələblərinə əməl etməməklə prosessual pozuntuya yol vermişdir. Məhkəmə işə baxarkən onları lazımı qaydada xəbərdar etməmiş və Bakı Kommersiya Məhkəməsi 07 may 2024-cü il tarixli, e2-2(113)- 2499/2024 nömrəli qətnaməsini qəbul edərkən cavabdehlərdən birinin həbsdə olmasını, əlində olan bu günədək ödənilmiş ödəniş qəbzlərini məhkəməyə təqdim edə bilməməsini nəzərə almamışdır. Göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin 07 may 2024-cü il tarixli, e 2-2(113)-2499/2024 saylı qətnaməsini qəbul edərkən bankdan kredit götürən Cavabdeh4 lazımı qəydada xəbərdar etməmiş bu iddia tələbi üzrə cavabdehin mövqeyini, münasibətini öyrənməmişdir. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin halarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Lakin məhkəmə bu maddənin tələblərinə əməl etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Cavabdehlər və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
8. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
9. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
10. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
11. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
12. Həmin məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
13. Həmin məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.
17. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşma imzalanmış və həmin razılaşma üzrə Yelo Bank” ASC-nin “11 saylı” filialından 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh5 və xx.xx.2022-ci il tarixdə Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Daha sonra, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, Cavabdeh4 İddiaçı ASC-dən illik 22% olmaqla 30 ay müddətinə 15.000 manat məbləğində kredit götürmüşdür.
18. Kredit müqavilələri və zaminlik müqaviləsi cavabdehlərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.
19. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6.466.58 manat əsas borc, 791.9 manat faiz borcu, 435,79 manat cərimə borcu vardır. İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6.466.58 manat əsas borc, 791.9 manat faiz borcu, 217.90 manat cərimə borcu olmaqla, cəmi 7.476.38 manat borcun ödənlməsini xahiş etmişdir.
20. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Qeyd olunan normaların tələblərini və yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab etmişdir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 6.466,58 manat, faiz borcu üzrə 791,9 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən tutularaq Banka ödənilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehin əsas borcuna münasibətdə 217,90 manat məbləğində dəbbə pulunun tələb edilməsi ağlabatan və ədalətlidir.
21. Cavabdehlər Cavabdeh3 və Cavabdeh5 birgə şəkildə verdikləri apellyasiya şikayətində borcun yaranması, məhkəmə iclasları barədə onlara xəbərdarlıq edilmədiklərini bildirmişlər.
22. Apellyasiya şikayətinin dəlillərinin əksinə olaraq iddiaçı tərəfindən cavabdehlərin ünvanına borcun ödənilməsi barədə xəbərdarlıq məktubularının göndərilməsi iş materiallarına əlavə edilmişdir. Məktubların çatdırılması barədə qəbzlər də işə əlavə edilmişdir. Məhkəmə də iddiaçının təqdim etdiyi tərəflərin imzaladığı müqavilələrdə olan cavabdehlərin ünvanlarına bildiriş göndərmişdir.
23. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
24. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
25. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
26. Qeyd edilən prosessual normaların tələblərinə uyğun olaraq məhkəmə işə yazılı icraat qaydasında baxmışdır. İşdən görünür ki, məhkəmənin göndərdiyi bildirişlər geri qayıtmışdır. Mülki Prosessual Məcəllənin tələbinə əsasən cavabdehlər ünvanı dəyişdikləri halda məhkəməni bu barədə məlumatlandırmalı idilər. Lakin cavabdehlər bu vəzifəni yerinə yetirmədiklərindən onlara göndərilmiş bildirişlər ünvana çatdırılmış hesab olunur.
27. Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
28. İşdən görünür ki, apellyatorların elektron kabinetləri xx.xx.2024-cü il tarixdən yaradılmışdır. Lakin hazırkı günədək onlar mübahisələndirilən borcla bağlı sübutlarını təqdim etməmiş, şifahi icraat qaydasına keçid edən apellyasiya məhkəməsinin iclasında iştirak etməmişlər. Qeyd edilənlər onların dəlillərinin əsassız olmasını göstərir.
29. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
30. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cərimə borcu ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddia ərizəsində 217 manat cərimə borcu qeyd olunduğu halda, məhkəmə işin hallarını, cərimənin əsas borc məbləğinə nisbətini, cavabdehlərin maddi durumunu nəzərə alaraq əsaslı olaraq hesab etmişdir ki, cərimə borcu ağlabatan və ədalətlidir. Hazırkı halda cərimə borcunun daha da azaldılması üçün yeni əsaslar müəyyən edilmədiyindən kollegiya hesab edir ki, həmin dəlillər əsassızdır.
32. Bundan əlavə iş materiallarında olan kredit müqavilələri, zaminlik müqaviləsi, maliyyə arayışı və digər sənədlər məhkəmənin gəldiyi qənaətin əsaslı və qanuni olmasını göstərir. İddianın rədd olunması üçün heç bir əsas müəyyən edilməmişdir. Həmçinin məhkəmənin prosessual pozuntulara yol verməsi müəyyən edilməmişdir.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Cavabdehlər apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu özlərinə aid edilməlidir.
35. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdehlər Cavabdeh3 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2499/2024 nömrəli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.