Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-75/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehler Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialına və Cavabdehnə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair Açar söz: kredit borcunun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehler Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialına və Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1668/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə sonuncuya illik 1 (bir) faiz olmaqla, 6 ay müddətinə 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı olaraq Bankla “STAR GULF FZCO ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialı (VÖEN **********, indiki adı Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialı) arasında xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və sonuncu kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə əsas borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
3. 22 aprel 2020-ci il tarixli 104.CL.170320.00001/a saylı saxlanc müqaviləsinə əsasən tərəfləri girovsaxlayan və Cavabdeh MMC olan 22 aprel 2020-ci il tarixli 104.CL.220420.00001/b saylı kredit müqaviləsinin şərtlərinə əsasən illik 1 faiz dərəcəsi ilə 2.000.000 (iki milyon) ABŞ dolları məbləğdə 6 (altı) ay müddətə verilmiş kredit müqaviləsi və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə girovqoyan əmlakı saxlanca verir, eləcə də, ona olan hüquq və maraqları girovsaxlayana verir. Həmin saxlanc müqaviləsinə 1 nömrəli əlavədə İddiaçı ASC-də ******************** nömrəli hesabda saxlanılan "xxxx" Şirkətinə məxsus 2.300.000 ABŞ dolları pul vəsaitinin girov qoyulması əks olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialına və Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cəmi 2.077.668 ABŞ dolları – bundan 2.000.000 (iki milyon) ABŞ dolları əsas, 10.945 (on min doqquz yüz qırx beş) ABŞ dolları faiz, 18.389 (on səkkiz min üç yüz səksən doqquz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 48.334 (qırx səkkiz min üç yüz otuz dörd) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 1.856,40 (bir min səkkiz yüz əlli altı manat qırx qəpik) manat dövlət rüsumunun «BOS ŞELF” MMC və Zamin Şirkətindən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh «BOS ŞELF” MMC arasında bağlanmış 22 aprel 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 06 (altı) ay müddətinə illik 01 (bir) faiz dərəcəsi ilə ******* (iki milyon) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh «BOS ŞELF” MMC-yə kredit verilərkən Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialı VÖEN ********** (keçmiş adı “STAR GULF FZCO ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı filialı) ilə bank arasında 22 aprel 2020-ci il tarixli, 104.CL.220420.00001/b saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 7.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər.
6. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC və Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC, Filial və Bank arasında imzalanmış Saxlanc Müqaviləsinin 3.1-ci maddəsinə uyğun olaraq, təminatın həyata keçirilməsini, Bankın MMC-yə və Filiala qarşı kredit borcu tələbinin girova yönəldilməsini və 2.077.668 ABŞ dolları məbləğində kredit borcunun saxlanc müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 2.300.000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına ödənilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1668/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1668/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1668/2022 saylı qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli 104.LN.2005.220420.00001 saylı krеdit müqaviləsi üzrə 2.000.000 ABŞ dolları əsas, 10.000 ABŞ dolları faiz, 18.389 ABŞ dolları cərimə, əsas borca illik 5 faiz hesablanmaqla 48.334 ABŞ dolları, cəmi 2.076.723 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ilə "Bos Şelf” Məhdud Məsuliyyətli Cəmiyyəti və Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialından müştərək qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.856,40 manat məbləğində pulun "Bos Şelf” Məhdud Məsuliyyətli Cəmiyyəti və Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialından müştərək qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehlərin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Həmçinin də qeyd edilməlidir ki, cavabdeh tərəf pulun ona verilməsini və mövcud borc məbləğini mübahisələndirməmiş, məbləğlə razı olmuş, sadəcə olaraq pulun girov predmetinə yönəldilməsini xahiş etmişdir. Əsas borcun tutulması hissəsində iddia tələbinin əsaslı olduğu sübut edildiyindən məhkəmə həmin hissədə iddianı təmin etmişdir.
11. Faiz borcu ilə bağlı hissədə məhkəmə iddianı qismən təmin edərək qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə «BOS ŞELF” MMC arasında bağlanmış 22 aprel 2020-ci il tarixli 104.CL.220420.00001/b saylı kredit müqaviləsinin 2.1- ci bəndinə əsasən borcalan istifadə etdiyi kreditə görə kreditora illik 1 (bir) faiz ödəyir. Müqavilənin müddətinin 6 aylıq olmasını və 5.1-ci maddəsini nəzərə alaraq məhkəmə 10.000 ABŞ dolları faiz borcu tələbi ilə bağlı hissədə iddianı əsaslı hesab etmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən borcalan aldığı krediti bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Müqavilənin 1 saylı əlavəsində fazi borcu 10.000 ABŞ dolları məbləğində hesablanmışdır. Bundan başqa da, sadə riyazi hesablama ilə illik faizin 1 faiz olmasını nəzərə alaraq 6 ay üçün 0,5 faiz hesablanmaqla, müqavilənin müddətinin bitmə tarixinə borc 10.000 ABŞ dolları (2.000.000 x0,5 %) təşkil edir.
12. Məhkəmə hesab etmişdir ki, iddia dəbbə borcunun tələb edilməsi hissəsində əsaslıdır və öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı tərəfindən hesablanmış 18389 ABŞ dolları müqavilə şərtlərinə uyğun olmaqla yanaşı əsas borca mütənasib olduğundan dəbbə pulu tələbi hissəsində iddia tam təmin edilməlidir.
13. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə 48.334 ABŞ dolları məbləğində pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Müqavilənin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi və maliyyə arayışının xx.xx.2021-ci il tarixdə tərtib edilməsi nəzərə alındıqda 6 ay müddətin keçdiyi müəyyən olunur. Bu halda isə əsas borca illik 5 faiz üzrə hesablanmalı olan məbləğ 2000.000x5%=100.000 (1 il üçün) 100.000/2=50.000 ABŞ dolları (6 ay üçün) təşkil edir. Belə olan halda, iddiaçının iddiasında əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğin 48.334 ABŞ dolları olmasını nəzərə alaraq məhkləmə hesab etmişdir ki, sonuncu məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1668/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən verilmiş kredit Mülki Məcəllənin tələblərinə uyğun olaraq girovla təmin edilmişdir və cavabdehlər tərəfindən kredit borcu ödənilmədiyi halda, tərəflər arasında imzalanmış Saxlanc Müqaviləsinin şərtlərinə uyğun olaraq, bankın cavabdehlərə qarşı kredit borcu tələbi girova yönəldilməlidir. Apellyasiya şikayətində məhkəmə tərəfindən MM-nin 295-ci, 285.4-cü, “Banklar haqqında” Qanununun 78.1-ci maddəsinin, MPM-nin 153.2.1-ci, 218.3-cü, 88-ci maddəsinin pozulduğu qeyd edilir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2023-cü il tarixə təxirə salınmış, iddiaçının nümayəndəsinə iclasların vaxtı barədə məlumat verilsə də, iclaslarda iştirak etməmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili məhkəməyə xəstə olduğu üçün iclasın təxirə salınması barədə vəsatət versə də, vəsatətə bu barədə sübut əlavə edilmədiyindən, hüquqi şəxsin məhkəməyə digər nümayəndə göndərmək imkanı olduğu və işə baxılması üçün qanunla nəzərdə tutulmuş müddətin xx.xx.2023-cü il tarixdə bitdiyi nəzərə alınaraq vəsatət təmin edilməmişdir.
17. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 281.1-ci maddə- girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. 295-ci maddə- girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 300.0.1-ci maddə-saxlanc girovun növlərindən biridir. 301-ci maddə- saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 18.Qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1668/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. Cavabdehlərin apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdehlər tərəfindən kredit borcunun məhkəmə tərəfindən tutulmuş məbləği mübahisələndirilmir. Cavabdehlər hesab edir ki, həmin kredit borcunun ödənilməsi 22 aprel 2020-ci il tarixli 104.CL.170320.00001/a saylı saxlanc müqaviləsi əsasında bankda saxlanılan pul vəsaiti hesabına təmin edilməldir.
21. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, girova tutma yönəltmək girov saxlayanın hüququ olduğundan bu hüquqdan istifadə etmirsə məhkəmə tərəfindən girovsaxlayanın üzərinə belə vəzifə qoyulmasının qanuni əsası yoxdur.
22. Bundan əlavə işdən görünür ki, cavabdehlər məhkəməyə qarşılıqlı idda ərizəsi ilə müraciət edərək kredit borcunun saxlanc müqaviləsi əsasında bankda saxlanılan 2.300.000 ABŞ dolları pul vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli qərardadı ilə yolverilməzliyə görə icraata qəbul edilməmiş, cavabdehlərə izah edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 60.2, 72.1.2, 72.1.3, 76.1, 78.1-ci maddələrinə əsasən ləğv prosesində olan banka qarşı irəli sürülmüş öhdəliklərin əvəzləşdirilməsi ilə bağlı tələbə mülki icraat qaydasında baxıla bilməz. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası bu məsələ ilə bağlı hüquqi mövqeyini iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadında bildirdiyi halda cavabdehlər apellyasiya şikayətində yenidən iddiaçıya olan kredit borcunun saxlanc girovu hesabına ödənilməsini xahiş etdiklərindən eyni məsələ ilə bağlı yenidən hüquqi mövqe bildirilməsi zəruri hesab edilmir.
23. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 1668/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdehlərin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1668/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.