Məhkəmə qərarları › İş №2-2(103)-75/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-75/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-75/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı LPO QSC "xxxx" KB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair və müstəqil tələblər irəli sürən üçüncü şəxslər X11, X16, X12, X1 ləğv prosesində olan QSC "xxxx" KB-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, üçüncü şəxslərin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2848/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 oktyabr 2011-ci il tarixli 2(009)- 2295/2011 saylı qətnaməsi ilə iddiaçı "xxxx" X17 Səhmdar Cəmiyyətinin cavabdehlər X12, X11 və X13 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair iddia təmin edilmiş, xx.xx.2007-ci il tarixli 377B/7 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 121703,83 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, həmçinin xx.xx.2008-ci il tarixli 146B/8 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 198814,26 manat məbləğində pul vəsaiti, xx.xx.2008-ci il tarixli 126B/8 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 66749,94 manat məbləğində pul vəsaiti, xx.xx.2008-ci il tarixli 136p/8 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 45145,76 manat məbləğində pul vəsaiti cavabdeh X2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, xx.xx.2008-ci il tarixli 266VH8 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 2897,50 ABŞ dolları məbləğində, faiz borcuna görə 89,42 ABŞ dolları məbləğində, cərimə borcuna görə 1022,55 ABŞ dolları məbləğində, cəmi isə 3.979,55 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, həmçinin xx.xx.2008-ci il tarixli 7VH8 saylı kredit müqaviləsi üzrə yaranmış kreditə görə 6985,69 ABŞ dolları məbləğində pul vəsaiti, faiz borcuna görə 221,98 ABŞ dolları məbləğində və cərimə borcuna görə 2492,23 ABŞ dolları məbləğində, cəmi 9699,90 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti cavabdeh X3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, məhkəmədə iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat məbləğində pul vəsaiti cavabdehlər X12, X11 və X7 müştərək qaydada tutularaq "xxxx" KB ASC-yə ödənilməsi, xx.xx.2007-ci il tarixli 377B/7 saylı kredit müqaviləsi üzrə yaranmış tələbin 121703,83 ABŞ dolları məbləğində Bakı şəhəri, Bül-Bül prospektində yerləşən, 63 saylı evin 47, 48, 49 saylı mənzillərinə, Bakı şəhəri, R.Behbudov küçəsində yeriləşən 59 saylı evin 53, 54 saylı mənzillərinə, Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 44-45 saylı mənzillərinə, xx.xx.2008-ci il tarixli 146N/8 saylı kredit müqaviləsi üzrə yaranmış (198814,26 manat) tələbin Bakı şəhəri, Bül-Bül prospektində yerləşən 63 saylı evin 47, 48, 49 saylı mənzillərinə və Bakı şəhəri,R.Behbudov küçəsində yerləşən 59 saylı evin 53, 54 saylı mənzillərinə, xx.xx.2008-ci il tarixli 126B/8 saylı kredit müqaviləsi üzrə yaranmış (66749,94 manat) tələbin Bakı şəhəri, Nizami küçəsində yerləşən, 86 saylı evin 44-45 saylı mənzillərinə, xx.xx.2008-ci il tarixli 136p/8 saylı kredit müqaviləsi üzrə yaranmış (45145,76 manat) tələbin Bakı şəhəri, Nizami küçəsində yerləşən, 86 saylı evin 45 saylı mənzilinin 1 otağına (14 kv.m) və Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 46 saylı mənzilinə, Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 44-45 saylı mənzillərə yönəldilməsi, ipoteka predmeti olan əmlaklar açıq hərracda açıq hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti (hər bir kredit müqaviləsinə uyğun müvafiq ipoteka predmetləri adi edilməklə) yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq hissəsi) müvafiq olaraq ipoteka predmeti olan əmlakların mülkiyyətçilərinə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Bül-Bül prospektində yerləşən, 63 saylı evin 47, 48, 49 saylı mənzillləri, Bakı şəhəri, R.Behbudov küçəsində yerləşən 59 saylı evin 53, 54 saylı mənzilləri, Bakı şəhəri, Nizami küçəsində yerləşən, 86 saylı evin 44-45 saylı mənzilləri, Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 45 saylı mənzilinin 1 otağı (14 kv.m) və Bakı şəhəri, Nizami küçəsində yerləşən 86 saylı evin 46 saylı mənzili hərracda satıldıqdan sonra X11, X12 və X16 ən geci 1 ay ərizində həmin yaşayış sahələrindən çıxarılması qət edilmişdir.

2. Həmin qətnamə qanuni qüvvəyə minmiş və 04 fevral 2013-cü il tarixdə icraya yönəldilmişdir.

3. "xxxx" KB ASC (kreditor) ilə QSC "xxxx" KB (yeni kreditor) arasında bağlanmış 29 noyabr 2012-ci il tarixli tələbin güzəşti haqqında müqaviləyə əsasən "xxxx" X17 Səhmdar Cəmiyyəti borcalan X11 ilə bağladığı xx.xx.2007-ci ili tarixli 377B/7 saylı xx.xx.2008-ci il tarixli 126B/8 saylı, xx.xx.2008-ci il tarixli 146B/8 saylı və xx.xx.2008-ci il tarixli 136p/8 saylı kredit müqavilələrinə, borcalan X12 ilə bağladığı xx.xx.2008-ci il tarixli 266VH8 saylı və xx.xx.2008-ci il tarixli 267VH8 saylı kredit müqavilələrinə, həmçinin 2(009)-2295/2011 saylı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən borcalanlar X8 və X9 qarşı irəli sürə biləcəyi bütün tələblərini qətnamədə göstərilən 310709,96 manat və 135383,28 ABŞ dolları məbləğində borcun ona ödənilməsi müqabilində yeni kreditora güzəşt edir, yeni kreditor isə həmin borcu bu müqavilə ilə müəyyən edilmiş müddətdə kreditora ödəməyi öhdəsinə götürür. Kreditorun kredit müqavilələri və qətnamə üzrə tələb hüququ, həmçinin kredit müqavilələrindən irəli gələn öhdəliyin təminatı olan Bakı şəhəri, Bül-Bül prospekti, 63 saylı evin 47, 48, 49 saylı mənzillərinə, Bakı şəhəri, R.Behbudov küçəsi, 59 saylı evin 53, 54 saylı mənzillərinə, Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 44-45,46 saylı mənzillərinə, Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 45 saylı mənzilinin bir otağına dair ipoteka hüququ tam həcmdə və istisnasız olaraq yeni kreditora keçir.

4. Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Hüseyn Hüseynli tərəfindən qəbul edilmiş 09 iyun 2015-ci il tarixli qərara əsasən icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin "xxxx" QSC ilə əvəz edilmişdir.

5. Bakı şəhəri, Bül-Bül prospekti, 63 saylı evin 47, 48, 49 saylı mənzillərin ilkin satış qiyməti 215000 manat, Bakı şəhəri, R.Behbudov küçəsi, 59 saylı evin 53, 54 saylı mənzillərin ilkin satış qiyməti 900000 manat, Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44-45 saylı mənzillərin ilkin satış qiyməti 240000 manat, Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 46 saylı mənzilin ilkin satış qiyməti 92000 manat, Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 45 saylı mənzilin 1 otağının ilkin satış qiyməti 55000 manat müəyyən edilməklə birinci hərracın keçirilməsi 05 dekabr 2018-ci il tarixə təyin edilmişdir.

6. Həmin hərrac baş tutmadığı üçün ikinci hərracın keçirilməsi 09 yanvar 2019-cu il tarixə təyin edilmişdir.

7. Həmin tarixə təyin edilmiş hərrac da baş tutmamış və "xxxx" MMC tərəfindən QSC "xxxx" KB-na xx.xx.2019-cu il tarixli 028 nömrəli ipoteka predmetinin alqı-satıqısı üçün müqavilə bağlanması barədə bildiriş ünvanlanaraq ipoteka predmətləri olan X11, X16 və X5 Bakı şəhəri, Bülbül prospekti, ev 43, mənzil 47, 48, 49, Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, mənzil 53, 54, Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 44, 45, Bakı şəhəri, Nizami küçəsi, ev 86, mənzil 46, Bakı şəhəri, Nizami küçəsi, ev 86, 45 saylı mənzilin 1 otağının alması təklif edilmişdir.

8. "xxxx" MMC ilə QSC "xxxx" KB arasında ipoteka predmetlərinin əldə olunması ilə bağlı protokol imzalanmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən ipoteka predmetləri olan Bakı şəhəri Bülbül prospekti 63 saylı evin 47, 48, 49 saylı mənzilləri, Bakı şəhəri, R.Behbudov küçəsi 59 saylı evin 53, 54 mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 44, 45 saylı mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 46 saylı mənzili, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 45 saylı mənzilinin bir otağının satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı bildirir ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 028 saylı məktubuna cavab olaraq QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli 028 saylı məktub ünvanlanmışdır. Həmin məktubda bildirilmişdir ki, “QSC "xxxx" KB-nin xeyrinə yüklü edilmiş Bakı şəhəri Bülbül prospekti 53 saylı evin 47, 48, 49 saylı mənzilləri, Bakı şəhəri R.Behbudov küçəsi 59 saylı evin 53, 54 mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 11, 15 saylı mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 46 saylı mənzili, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 45 saylı mənzilinin bir otağı əldə edilməsi təklifi qəbul edilir və həmin mənzillərlə əlaqədar bağlanacaq alqı-satqı müqaviləsini, eləcə də hərrac təşkilatına ödənilməli olan xidmət haqqının ödənilməsi üçün müvafiq hesab-fakturanın təqdim edilməsi xahiş edilir. Lakin sonradan daşınmaz əmlaklar üzrə müvafiq alqısatqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin QSC “BankStandard” KB-nin adına rəsmləşdirilməsi yönündə "xxxx" MMC tərəfindən heç bir addım atılmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən dəfələrlə "xxxx" MMC-yə şifahi qaydada müraciət edilərək hərracın yekunlarına dair protokolun imzalanması üçün təqdim olunmasını xahiş etmələrinə baxmayaraq, hərracın yekunlarına dair protokol imzalanması üçün ipoteka saxlayan olaraq LPO QSC "xxxx" KB-yə təqdim olunmamışdır. Göründüyü kimi qanunverciliyin müddəaları pozularaq "xxxx" MMC tərəfindən protokol təqdim edilməmiş və iddiaçının iradəsinə zidd olaraq ipoteka predmeti tərəflərindən əldə edilə bilinməmişdir. Bununla da, hərrac təşkilatı tərəfindən ipoteka saxlayan kimi iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları kobud şəkildə pozularaq ipoteka predmetinin əldə edilməsi hüququ məhdudlaşdırılmışdır.

11. Müstəqil tələblər irəli sürən üçüncü şəxslər X11, X16, X12 və X10 cavabdeh "xxxx" Kommersiya Bankı QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar X12 və X6 məxsus Bakı şəhəri, R.Behbudov küçəsi 59 saylı evin 53 və 54 saylı mənzillərə dair bağlanmış 221bi/3-130b/5 saylı 15 dekabr 2005-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi, iddiaçılar X12 və X6 məxsus Bakı şəhəri, Bül-bül prospekti, 63 saylı evin 47/48/49 saylı mənzillərə dair bağlanmış 221bi/3 saylı 5 dekabr 2003-cü il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi, iddiaçı X8 məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 46 saylı mənzilə dair bağlanmış 136p1/8-1 saylı xx.xx.2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə ipoteka hissəsində xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi, iddiaçı X8 məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin, 45 saylı mənzilinin 1 otağına dair bağlanmış 136p1/8-2 saylı xx.xx.2008-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinə ipoteka hissəsində xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi, iddiaçı X13 məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin, 44/45 saylı mənzillərə dair bağlanmış 221bi2/3 18 dekabr 2003-cü il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. Müstəqil tələblər irəli sürən üçüncü şəxslərin tələbləri onunla əsaslandırılır ki, QSC "xxxx" KB hərraca çıxarılmış əmlakları əldə etməkdə maraqlı olmamışdır. Hərracın keçirilməsindən 3 il 3 ay müddət keçdikdən sonra Bakı şəhəri Səbail rayon icra şöbəsi xx.xx.2022-ci il tarixli sifarişlə yenidən həmin əmlakların təkrar hərraca çıxarılması ilə bağlı "xxxx" MMC-yə müraciət etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-201/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X9, X8 və X13 məxsus olan Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, 53, 54 saylı mənzillərinə, Bakı şəhəri, Bül-bül pr, ev 63, 47/48/49 saylı mənzillərinə, Bakı şəhəri, Nizami küçəsi, ev 86, 44/45 saylı mənzillərinə, Bakı şəhəri, Nizami küçəsi, ev 86, 46 saylı mənzilinə və Bakı şəhəri, Nizami küçəsi, ev 86, 45 saylı mənzilin 1 otağına dair təkrar hərracın keçirilməsi ilə bağlı Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilmiş və daşınmaz əmlaklar hərracdan geri çağırılmışdır. Göründüyü kimi QSC "xxxx" KB Bankı hərraca çıxarılmış əmlakları "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsində müəyyən edilən 30 təqvim günü ərzində, yəni xx.xx.2019-cu il tarixədək əldə etməmişdir. Hərracın baş tutmamış elan olunmasından 4 ildən artıq vaxt keçib və nəticə etibarilə, müəyyən olunmuş müddətdə tələbkar ipoteka predmentini qəbul etməkdən imtina etdiyi üçün ipoteka müqavilələrinə xitam verilməli və ipoteka qeydləri ləğv edilməlidir.

13. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2848/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı LPO QSC "xxxx" KB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmetləri olan Bakı şəhəri Bülbül prospekti 63 saylı evin 47, 48, 49 saylı mənzilləri, Bakı şəhəri R.Behbudov küçəsi 59 saylı evin 53, 54 mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 44, 45 saylı mənzilləri, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 46 saylı mənzili, Bakı şəhəri Nizami küçəsi 86 saylı evin 45 saylı mənzilinin bir otağının satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanmış hesab edilməsi, ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı LPO QSC "xxxx" KB-yə ödənilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxslər X11, X16, X12, X1 LPO QSC "xxxx" KB-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.

14. Müstəqil tələb irəli sürən üçüncü şəxslər apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətlərinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbini təmin edərkən istinad etdiyi yeganə əsas, iddiaçı "xxxx" Kommersiya Banki QSC tərəfindən ipoteka predmentlərinin qəbul etməklə bağlı cavabdehə göndərildiyi iddia edilən 18 yanvar 2019-cu il tarixli **********323 nömrəli məktubun, xx.xx.2029-cu il tarixdə cavabdeh tərəfindən möhür vurularaq qəbul edilmiş sənədin surəti olmuşdur. Məhkəmə araşdırması zamanı müstəqil tələb irəli sürən üçüncü şəxslər sənədin həqiqiliyinə əsaslı şübhələr olduğu üçün, yazılı vəsatət verərək qanunvericiliyin tələbinə uyğun olaraq sənədin əslinin və ya təsdiq olunmuş surətinin məhkəmə araşdırmasına təqdim olunmasını tələb etmişlər. Məhkəmə tərəfindən vəsatət təmin olunaraq, həmin sənədin əsli iddiaçıdan tələb olunmuş, iddiaçı təqdim edə bilmədiyi üçün cavabdehə sorğu göndərilmiş, o da cavab vermədiyi üçün icra işi Səbail rayon İcra şöbəsindən məhkəməyə gətirilmişdir. Həmin sənədin nə əsli, nə də surəti icra işinin matrialları arasında mövcüd deyildir. Əgər həqiqətən iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 1 ay ərzində ipotekanın qəbul edilməsi ilə bağlı hərrac təşkilatına müraciət edibsə, müraciətini təsdiq edən sənədin əslini məhkəməyə təqdim etməyə borcludur. Həmin sənədin icra işinin içərisində olmaması da məhkəməyə təqdim olunmuş sənədin saxta olduğunu göstərir. Bütün bunlar onu göstərir ki, "xxxx" Kommersiya Bankı QSC tərəfindən ipoteka predmentlərinin qəbul etməklə bağlı cavabdehə göndərildiyi iddia edilən 18 yanvar 2019cu il tarixli **********323 nömrəli məktubun xx.xx.2029-cu il tarixdə cavabdeh tərəfindən möhür vurularaq qəbul edilmiş sənədin surəti həmin vaxt mövcüd olmamış, hətta həmin sənədi iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edə bilməmişdir. Bu da onu deməyə əsas verir ki, həmin sənəd məhkəmə prosessinin gedişatında iddiaçı tərəfindən hazırlanmışdır. İddianın əsasını təşkil edən sənədin əslinin məhkəmə araşdırmasına təqdim edilməməsi iddianın rədd olunması üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında üçüncü şəxslərin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinə eiraz etdi.

18. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onuniştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19.Mülki Məcəllənin 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. 20.Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 21.Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. 23.Həmin Qanunun 43.1-ci madəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə (43.1.1); hərracın iştirakçısı olmadıqda (43.1.2); hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə (43.1.3); hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın (43.1.4). 24.Həmin Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 25.Həmin Qanunu 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 26.Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 27.Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

28. Həmin Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

29. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

30. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə (48.1.1); əsas öhdəliyə xitam verildikdə (48.1.2); tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda (48.1.3); ipoteka predmeti məhv olduqda (48.1.4); bu Qanunla nəzərdə tutulmuş digər hallarda (48.1.5).

31. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

35. Belə ki, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin iddia tələbi ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində iddiaçı və cavabdeh tərəfindən imzalanmış hesab edilməsi ilə bağlıdır.

36. Tələbdən də göründüyü kimi onu irəli sürməkdə iddiaçının əsas məqsədi ipoteka predmetini əldə etməkdən ibarətdir.

37. Bununla bağlı tənzimləmə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuşdur.

38. Həmin maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

39. Göründüyü kimi, qanunverici təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetinin əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir.

40. Bununla yanaşı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 04/2022 saylı qərardadında məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə bu məsələlərə aydınlıq gətirilmişdir.

41. Belə ki, həmin Qərardadın 33-39, 43-45, 47-52, 57, 59, 61-62-ci bəndlərində aşağıdakılar qeyd edilmişdir:

42. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilmənin təkrar hərracın baş tutmamış elan edilməsindən 30 təqvim günü ərzində əldə edilməməsi şərti özü-özlüyündə 2 məsələyə aydınlıq gətirilməsini tələb edir: 30 günlük müddətin axımının başlanması anı və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası.

43. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

44. Belə ki, “İpoteka haqqında” Qanunun 43.7-1-ci və 43.8-ci maddələrinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

45. “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsində deyilir ki, hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir.

46. Göründüyü kimi, qanunverici hərrac təşkilatları tərəfindən hərracın yekunlarına dair elanların həm hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində), həm də özünün rəsmi internet saytında dərc edilməsini tələb edir.

47. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, Maddə 368) hesablanmağa başlayır.

48. O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir.

49. Beləliklə, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsi üçün qanuni əsas yaradır. Bununla bağlı tərəflər arasında mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.

50. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı isə ilk növbədə qeyd edilməlidir ki, qanunverici hərracdan əmlakın əldə edilməsinin əsas qaydası kimi hərracın nəticələrinə dair müqavilə qüvvəli yekun protokolun imzalanmasını nəzərdə tutmuşdur.

51. Belə ki, Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

52. Xüsusi ilə vurğulanmalıdır ki, hərracdan ipoteka predmeti olan və yaxud olmayan əmlakın əldə edilməsi qaydası qanunvericilikdə aydın şəklildə tənzimlənsə də, “İpoteka haqqında” Qanunun ilkin redaksiyasında ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka predmetini əldə etməsi qaydası müəyyən edilməmişdi. Lakin sonradan həmin qanuna edilmiş dəyişikliklə belə əldə etmə də əmlakın hərracdan əldə edilməsinə dair müəyyən edilmiş ümumi qaydaya uyğun nizamlanmışdır.

53. Belə ki, “İpoteka haqqında” Qanuna 2021-ci il 25 may tarixli 327-VİQD nömrəli Qanunla əlavə edilmiş yeni 43.7-1-ci maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayır və bu protokol müqavilə qüvvəsinə malikdir.

54. Göründüyü kimi, qanunverici təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetinin əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir.

55. Qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir.

56. Əmlakın hərracdan əldə edilməsinin ipoteka saxlayanın bununla bağlı hərrac təşkilatçısına ünvanlanmış iradə ifadəsinin çatdırılması (təklifin göndərilməsi) ilə deyil, məhz yekun protokolun imzalanması ilə şərtləndirilməsi “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsi ilə də öz təsdiqini tapır. Belə ki, həmin maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

57. Göründüyü kimi, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir.

58. Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər.

59. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.

60. Bununla yanaşı, ipoteka predmetini əldə etmək istəyən ipoteka saxlayan hərrac təşkilatçısı onunla protokolun imzalanmasından imtina etdiyi və ya yayındığı halda hərrac təşkilatına qarşı müstəqil iddia ilə məhkəməyə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada və vicdanlılığın tələb etdiyi tərzdə müraciət etməlidir.

61. Mülki Məcəllənin vicdanlılıq prinsipini özündə ehtiva edən 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

62. Göründüyü kimi vahid məhkəmə təcrübəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddət hesab olunur. Həmçinin qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Belə ki, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir. Bundan əlavə, protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.

63. Hazırki işdə də iddiaçı bildirir ki, yekun protokolun imzalanması ondan asılı olmayan səbəblərdən baş vemişdir.

64. Lakin kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi hallar təsdiq olunmur.

65. Belə ki, iddiaçının özünün istinad etdiyi hallara əsasən onun tərəfindən ipoteka predmetinin əldə edilməsi ilə bağlı cavabdeh təşkilata yalnız xx.xx.2019-cu il tarixində aksept məktubu təqdim edilmiş, bundan sonra isə şifahi müraciətlər etmişlər.

66. İlk olaraq kollegiya qeyd edir ki, həmin məktubun əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti təqdim edilmədiyinə görə Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qəbul edilə bilməz.

67. Eyni zamanda, həmin məktubun əsli təqdim edildiyi təqdirdə belə iddianın əsaslı olması qənaətinə gəlmək üçün əsaslar mövcüd deyil.

68. Belə ki, iddiaçı tərəf üzərinə düşən zəruri hərəkətləri 4 ildən artıq müddət ərzində yerinə yetirməmiş, yəni bilavasitə protokolun imzalanması üçün səylər göstərməmiş, protokolun imzalanmaması ilə bağlı nə İcra şöbəsinə məlumat verilməmiş, nə hərrac təşkilatının hərəkətindən (hərəkətsizliyindən) şikayət edilməmiş, nə də ki, “hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin imzalanması vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etməmiş və nəticədə qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük kəsici müddəti ötürmüşdür.

69. Göründüyü kimi iddiaçı 2019-cu ildən 2023-cü ilə kimi yalnız bir aksept məktubu yazmaqla (onun yazılması qəbul edildiyi halda) kifayətlənmiş və hazırda hərrac protokolunun imzalanmış hesab olunması barədə iddianı irəli sürmüş, lakin cavabdehin protokolun imzalanmasından imtina etməsini və yayınmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

70. İddiaçının nümayəndəsinin bildirdiyi dəlillər, yəni hazırki iddia ilə müraciət etmək hüququnun olduğunun yalnız Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadının qəbul edilməsindən sonra bildikləri ilə bağlı dəlillərə dair isə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.

71. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhər Səbail rayon icra şöbəsinin sifarişi əsasında yenidən ipoteka predmetləri olan daşınmaz əmlaklar hərraca çıxarılmış və "xxxx" MMC tərəfindən hərracın keçirilməsi 23 may 2022-ci il tarixdə saat 11:00-a təyin edilmişdir.

72. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(009)-201/2022 saylı qərardadından görünür ki, borclular X9, X8 və X13 məxsus olan daşınmaz əmlaklara dair təkrar hərracın keçirilməsi ilə bağlı Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və əmlakların hərracdan geri çağırılması barədə borcluların şikayəti təmin edilmiş, borclular X9, X14 və X13 məxsus olan Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, 53, 54 saylı mənzillərinə, Bakı şəhəri, Bül-Bül pr., ev 63, 47/48/49 saylı mənzillərinə, Bakı şəhəri, Nizami küçəsi, ev 86, 44/45 saylı mənzillərinə, Bakı şəhəri, Nizami küçəsi, ev 86,46 saylı mənzilinə və Bakı şəhəri, Nizami küçəsi ev 86, 45 saylı mənzilin 1 otağına dair təkrar hərracın keçirilməsi ilə bağlı Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilməsi və daşınmaz əmlakların hərracdan geri çağırılmasını qərara almışdır.

73. "xxxx" MMC tərəfindən Səbail Rayon İcra Şöbəsinə göndərilmiş 07 iyun 2022-ci il tarixli 152/22 nömrəli məktubdan isə görünür ki, Səbail rayon İcra Şöbəsinin 77979/2016-xx-xx/1390, 02 iyun 2022-ci il tarixli məktubuna əsasən iş icra şöbəsinə geri qaytarılmışdır.

74. Göründüyü kimi, təkrar hərracın baş tutmadığı 09 yanvar 2019-cu il tarixdən 2 il 4 ay müddət keçdikdən sonra icra şöbəsinin sifarişi əsasında ipoteka predmetləri olan daşınmaz əmlaklar təkrarən hərraca çıxarılmış, iddiaçı isə buna etirazını bildirməmiş və yalnız ipoteka qoyanların şikayəti əsasında icra məmurunun hərəkətləri qanunsuz hesab edilmiş və daşınmaz əmlaklar hərracdan geri çağırılmışdır.

75. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının 2022-ci ildə ipoteka predmetləri olan daşınmaz əmlakların təkrarən hərraca çıxarılmasına etiraz etməməsi ilə yanaşı hazırki iddianın irəli sürülməsi Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərinə də ziddir. 76.Belə ki, həmin maddəyə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

77. Bu baxımdan, kollegiya hesab edir ki, iddia rədd edilməlidir.

78. Müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiası isə əsaslıdır.

79. Belə ki, 09 yanvar 2019-cu il tarixə təyin edilmiş təkrar hərrac baş tutmamış və ipoteka saxlayan QSC "xxxx" KB-na həmin əmlakların alması təklif edilsə də, o, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etməmiş və ipoteka predmetlərini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əldə etməmişdir.

80. Həmin Qanunun 43.8-ci maddəsində isə təsbit edilmişdir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

81. Eyni zamanda, həmin Qanunun “İpotekaya xitam verilməsi” adlı 48-ci maddəsində nəzərdə tutulmuşdur ki, ipotekaya həmin Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir (48.1.5).

82. Bu baxımdan, kollegiya hesab edir ki, müstəqil tələblər irəli sürən üçüncü şəxslər tərəfindən irəli sürülmüş ipoteka müqavilələrinə (mahiyyət etibarı ilə ipotekaya) xitam verilməsi barədə iddia təmin edilməlidir.

83. Eyni zamanda, ipotekalara xitam verildiyinə görə Mülki Məcəllənin 139.1-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən onların dövlət qeydiyyatı ləğv edilməlidir.

84. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddiaçının iddiası rədd edilməli, müstəqil tələblər irəli sürən üçüncü şəxslrin iddiaları isə təmin edilməli və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

85. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Müstəqil tələblər irəli sürən üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2848/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair iddia rədd edilsin. Müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiaları təmin edilsin. X12 və X6 məxsus Bakı şəhəri, R.Behbudov küçəsi 59 saylı evin 53 və 54 saylı mənzillərə dair bağlanmış 221bi/3-130b/5 saylı 15 dekabr 2005-ci il tarixli ipoteka müqaviləsinə (ipotekaya) xitam verilsin və bununla bağlı ipoteka qeydi ləğv edilsin. X12 və X6 məxsus Bakı şəhəri, Bül-bül prospekti, 63 saylı evin 47, 48, 49 saylı mənzillərə dair bağlanmış 221bi/3 saylı 5 dekabr 2003-cü il tarixli ipoteka müqaviləsinə (ipotekaya) xitam verilsin və bununla bağlı ipoteka qeydi ləğv edilsin. X8 məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 46 saylı mənzilə dair bağlanmış 136p1/8-1 saylı xx.xx.2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə ipoteka hissəsində (ipotekaya) xitam verilsin və bununla bağlı ipoteka qeydi ləğv edilsin. X8 məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin 45 saylı mənzilinin 1 otağına dair bağlanmış 136p1/8-2 saylı xx.xx.2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə ipoteka hissəsində (ipotekaya) xitam verilsin və bununla bağlı ipoteka qeydi ləğv edilsin. X13 məxsus Bakı şəhəri, Nizami küçəsi, 86 saylı evin, 44-45 saylı mənzillərə dair bağlanmış 221bi2/3 saylı 18 dekabr 2003-cü il tarixli ipoteka müqaviləsinə (ipotekaya) xitam verilsin və bununla bağlı ipoteka qeydi ləğv edilsin. İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Müstəqil tələblər irəli sürən üçüncü şəxslər X11, X16, X12 və X10 tərəfindən ödənilmiş cəmi 150 manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan QSC "xxxx" KBdan tutularaq üçüncü şəxslərə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Ziya Şirinov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar