Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-750/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və İbrahim Adil oğlu İbrahimlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-979/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 mart 2020-ci il tarixli AZTX/086 saylı icarə müqaviləsinə əsasən icarə üzrə borc və gecikdirilmiş günlər üzrə cərimələr də daxil olmaqla ümumilikdə 11750,80 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.03.2021-ci il tarixli e-2-2(113)-979/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 11576,28 manat məbləğində əsas borc və 100 manat cərimə olmaqla ümumilikdə 11676,28 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirərək, əvvəlki aylar üzrə icarə haqqını iddiaçıya ödəmiş, lakin müqavilənin şərtləri iddiaçı tərəfindən pozulmuşdur. Çünki, müqavilənin şərtlərinə görə, iddiaçı icarəyə saz və istifadəyə yararlı texnikalar təqdim etməli və iş prosesində texnikalara servis göstərməli idi. Lakin texnikalarda müəyyən nasazlıqlar yarandığından tam istifadə olunmamış və buna görə də, ödənişlər dayandırılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" LTD MMC ilə Cavabdeh MMC arasında 16.03.2020-ci il tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən "xxxx" MMC müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçi Cavabdeh MMC-yə verməyi, icarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh icarə müqaviləsi öz öhdəliklərini tam yerinə yetirməmiş və onun ödənilməmiş əsas borcu 11576,28 manat, cərimə 174,52 manat, cəmi borcu 11750,80 manat təşkil edir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, icarə haqqının ödənilməsi barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Hazırki işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə tələblərini əhəmiyyətli dərəcədə pozaraq, icarə haqlarını tam olaraq iddiaçıya ödəməmişdir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilən 10.06.2020-ci il tarixli EBAK seriyalı 942360 saylı və 13.07.2020-ci il tarixli EBAM seriyalı 328260 saylı elektron qaimələr tərtib edilərək, Cavabdeh MMC-dən müvafiq olaraq 11342,36 manat və 6882,22 manat məbləğində icarə haqqının ödənilməsi tələb edilmişdir. Cavabdeh MMC də həmin elektron qaimələri qəbul etmiş və onlara dair hər hansı etirazını bildirməmişdir. İş materiallarından da görünür ki, həmin elektron qaimələr elektron qaydada oxunmuş, iddiaçıya qaytarılmamış, dolayısı ilə elektron qaimələr bəyənilməklə həmin dəyərdə icarə haqqının ödənilməsi qəbul edilmişdir. İcarə haqlarının tam ödənilməməsi faktını cavabdeh özü də apellyasiya şikayətində etiraf edir. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də texnikalarda müəyyən nasazlıqlar yaransaydı, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bu hal isə cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi texnikaların bəyənilməsi və həmin texnikaların icarə haqqının ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 11576,28 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır. Cərimə borcunun tutulması tələblərinə dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Tərəflər arasında bağlanmış 16.03.2020-ci il tarixli icarə müqaviləsinin 4.10-cu bəndində də göstərilmişdir ki, faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödəmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0,01 % gecikmə faizi hesablanacaq. İcarəçi icarə haqlarını faktura tarixindən 5 iş günü ərzində ödəyəcəyini bəyan və qəbul edir. Yuxarıda göstərilən elektron qaimələrin tarixləri və ödənilməli olan məbləğlərlə hazırki iddianın verildiyi tarixi müqayisə edərək kollegiya hesab edir ki, iddiaçı birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə cərimə pulunu tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə məhkəmənin yuxarıda qeyd olunan əsaslandırmasına əsasən əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-979/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Ziya Şirinov İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №2-2(103)-750/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-750/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver