Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-750/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2-2(113)- 763/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddaçı ilə cavabdeh arasında olmuş icarə münasibətlərinə əsasən 38,940.00 manat əsas borcun, 150.00 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin, 200.00 manat mediasiya xərclərinin, 8 manat dövlət rüsumunun, cəmi 39298 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2002-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, əsas fəaliyyət növü icarə fəaliyyəti göstərilməsindən ibarətdir. İddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılığa əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 №-li küçə ünvanında yerləşən ümumi sahəsi 80 kv.m olan ofis sahəsi cavabdehə 01 may 2021-ci il tarixdə icarəyə verilmişdir. Razılaşmaya əsasən icarə haqqı məbləği aylıq olaraq əlavə dəyər vergisi ilə birlikdə 1,062.00 manat müəyyən edilmişdir. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılığa əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 №-li küçə ünvanında yerləşən ümumi sahəsi 520 kv.m olan qeyri-yaşayış binası (anbar sahəsi) cavabdehə 01 oktyabr 2021-ci il tarixdə icarəyə verilmişdir. Razılaşmaya əsasən icarə haqqı məbləği aylıq olaraq əlavə dəyər vergisi ilə birlikdə 3,540.00 manat müəyyən edilmişdir. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, hər iki icarə müqaviləsi 01 fevral 2022-ci il tarixdə yenilənmiş, ümumi sahəsi 80 kv.m olan ofis sahəsinin aylıq icarə haqqı məbləği əlavə dəyər vergisi ilə birlikdə 354.00 manat, ümumi sahəsi 520 kv.m olan qeyri-yaşayış binasının (anbar sahəsinin) aylıq icarə haqqı məbləği isə əlavə dəyər vergisi ilə birlikdə 1,416.00 manat olaraq müəyyən edilmişdir. Tərəflər arasında müxtəlif tarixlərdə 4 ədəd icarə müqaviləsinin bağlanmasına razılıq əldə edilsə də, cavabdeh həmin müqavilələri bu müddət ərzində müxtəlif bəhanələrlə imza etməkdən yayınmışdır. Bununla belə, cavabdehə aylıq icarə haqqı məbləğləri ilə bağlı elektron qaimələr göndərilmiş, həmin qaimələr cavabdeh tərəfindən qəbul edilmiş və icarə haqları məbləğləri ilə bağlı ödənişlər olunmuşdur. Belə ki, 02 noyabr 2022-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən müəyyən olunur ki, cavabdehə ümumi məbləği 48,498.00 manat olan elektron qaimələr göndərilmiş, cavabdeh həmin məbləğdən ümumilikdə 9,558.00 manat ödəniş aparmış, lakin 38,940.00 manat icarə haqqı məbləğini bugünədək ödəməmişdir. Tərtib olunmuş qarşılıqlı üzləşmə aktı da cavabdeh tərəfindən təsdiq edilməmişdir. Beləliklə, cavabdehin 02 noyabr 2022-ci il tarixinədək iddiaçıya olan borcu 38,940.00 manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixində elektron qaydada pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 7 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 mart 2021-ci il tarixli, 01-03A/21 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 №-li küçə ünvanında yerləşən ümumi sahəsi 520 kv.m olan qeyri-yaşayış sahəsi (anbar) aylıq 520 (beş yüz iyirmi) manata iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. İddiaçı özü də iddia ərizəsində bildirir ki, göndərilmiş elektron qaimələrə əsasən cavabdeh tərəfindən 9.558 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixdən iddiaçı qanunsuz olaraq cavabdehin qeyd olunan qeyri-yaşayış sahəsindən istifadə etməsini məhdudlaşdırmışdır. Bununla bağlı Cavabdeh MMC-nin təsisçisi Toğrul Əliyev, direktor Qanuni nümayəndə, digər şəxslər Fərid Atayev, Orxan Ağayev və Elxan Şirinovun iştirakları ilə akt tərtib olunmuşdur. İddiaçı ilə razışlamaya görə təxminən 3-4 ay cavabdeh icarə haqqı verməməli idi. Lakin iddiaçı 2021-ci may ayında icarə haqqını tələb etdiyi üçün ödəniş həmin vaxtdan başlamışdır. Görünür iddiaçı cavabdehə cəmi 2 ay icarə haqqını güzəşt etmişdir. Tərəflər arasında bağlanmış 01 fevral 2021-ci il tarixli, 01-02A/21 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 №- li küçə ünvanında yerləşən ümumi sahəsi 60 kv.m olan qeyri-yaşayış sahəsi (ofis) aylıq 100 (yüz) manata iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. Sonradan isə yəni, 2022-ci ilin mart ayından etibarən cavabdeh əmlak kompleksinin ikinci mərtəbəsində olan 60.0 kv.m qeyri-yaşayış sahəsindən (ofis) çıxaraq həmin binanın birinci mərtəbəsində hər biri 20.0 kv.m olmaqla 2 otaqdan ibarət 40.0 kv.m qeyri-yaşayış sahəsindən istifadə etmişdir. Göründüyü kimi iddiaçı 38.940 manat icarə məbləği tələb etsə də həmin məbləğin əsasını təşkil edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu isə onu göstərir ki, iddiaçı cavabdehin maddi vəsaiti hesabına əsassız olaraq varlanmaq niyyətindədir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
4. Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2-2(113)-763/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 3060 manat əsas borc, 550,80 manat ƏDV, ödənilmiş 50 manat dövlət rüsumu, 150 manat hüquqi yardımla bağlı xərc, ümumilikdə 3801,80 (üç min səkkiz yüz bir manat səksən qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumunun iddiaçı "xxxx" QSC-nin özünə aid edilməsi qət edilmişdir.
5. Həmin qətnamədən iddiaçı "xxxx" QSC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-763/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-763/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv olunaraq, mövcud sübutlara qiymət verməklə iddia tələbinin tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, icarə münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçıya məxsus Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 №-li küçə ünvanında yerləşən ümumi sahəsi 80 kv.m olan ofis sahəsi 01 fevral 2021-ci il tarixdə cavabdehin istifadəsinə verilmiş və 01 may 2021-ci il tarixədək güzəşt müddəti tanınmışdır. İddiaçıya məxsus Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 №-li küçə ünvanında yerləşən ümumi sahəsi 520 kv.m olan qeyri-yaşayış sahəsi isə 01 mart 2021-ci il tarixdə cavabdehin istifadəsinə verilmiş və 01 may 2021-ci il tarixədək güzəşt müddəti tanınmışdır. Cavabdeh iddiaçıya müraciət edərək bildirmişdir ki, onlar yeni təsis olunmuş (xx.xx.2021-ci il) hüquqi şəxsdir və fəaliyyətlərinin təmini, sahibkarlıq subyekti kimi bizneslərinin inkişafı üçün xeyli pul vəsaiti lazımdır. Bu səbəbdən də icarəyə götürdükləri obyektlərə dair icarə ödənişləri üçün onlara müəyyən güzəştli müddət verilməsini xahiş etmişlər. İddiaçı da cavabdehin səmimiyyətinə inanaraq həm ofis, həm də anbar sahəsi üçün onlara 2021-ci ilin may ayınadək pulsuz güzəştli müddət müəyyən etmişdir. Bundan başqa, cavabdeh təşkilat iddiaçı təşkilata bildirmişdir ki, bu güzəşt müddətində tərəflər arasında formal qiymətlərlə icarə müqaviləsi bağlamaq lazımdır. Belə ki, cavabdeh təşkilat həmin müqavilələri vergi orqanına təqdim edərək, həm ofis, həm də istehsalat sahəsi üçün obyekt kodları almalıdır. Cavabdehin fəaliyyətinin təşviqi üçün iddiaçı onların təklifi ilə razılaşmış və iddiaçı ilə cavabdeh arasında, cavabdeh tərəfindən vergi orqanından obyekt kodlarının alınması üçün müqavilələr imzalanmışdır. Göstərilən formal icarə müqavilələri üzrə cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmiş, iddiaçı da cavabdehə güzəşt müddəti tanıdığı üçün pul tələb etməmişdir. Güzəşt müddəti bitdikdən sonra isə, 2021-ci ilin may ayında ofis sahəsi və istehsalat sahəsi üçün ayrı-ayrı icarə müqavilələri tərəflər arasında razılaşdırılmış qiymətlərlə iddiaçı tərəfindən tərtib olunmuş və ona uyğun elektron qaimələr də cavabdehə göndərilmişdir. Cavabdeh ilk aylarda ödənişləri həyata keçirtmiş, lakin müqaviləni imzalayaraq iddiaçıya təqdim etməmişdir. İddiaçı da cavabdehin ödənişləri aparmasını, eyni zamanda elektron qaimələri düzəlişə və ya geriyə qaytarmadığını gördüyü üçün bu məsələnin üzərinə çox getməmişdir. Həmin müqavilələr və icarə qiymətləri aşağıdakı kimidir: 1. xx.xx.2021-ci il tarixli, 01-05/21 nömrəli müqaviləyə əsasən 80 kv.m ofis sahəsinin aylıq icarə haqqı məbləği - əlavə dəyər vergisi ilə birlikdə 1062 manat (900 manat+ 162 (18%ƏDV) manat;
2. xx.xx.2021-ci il tarixli, 01-05/A-21 nömrəli müqaviləyə əsasən 520 kv.m istehsalat sahəsinin aylıq icarə haqqı məbləği - əlavə dəyər vergisi ilə birlikdə 1770 manat; 3. xx.xx.2021-ci il tarixli, 01-10/21 nömrəli müqaviləyə əsasən 520 kv.m istehsalat sahəsinin aylıq icarə haqqı məbləği - əlavə dəyər vergisi ilə birlikdə 3540 manat; 4. xx.xx.2022-ci il tarixli, 01-02/22 nömrəli müqaviləyə əsasən 80 kv.m ofis sahəsinin aylıq icarə haqqı məbləği - əlavə dəyər vergisi ilə birlikdə 354 manat; 5. xx.xx.2022-ci il tarixli, 01-02A/22 nömrəli müqaviləyə əsasən 520 kv.m istehsalat sahəsinin aylıq icarə haqqı məbləği - əlavə dəyər vergisi ilə birlikdə 1416 manat; Dövlət Vergi Xidməti tərəfindən də məhkəməyə təqdim edilmiş məlumatlardan göründüyü kimi, sübut kimi təqdim edilmiş 36 ədəd elektron qaimə həqiqətən mövcuddur və cavabdeh tərəfindən nə geri qaytarılmamış, nə də düzəlişə verilməmiş, həmin qaimələr olduğu kimi qəbul edilmişdir. Göstərilən icarə fəaliyyətinə görə iddiaçı hesablanmış vergilərini dövlət büdcəsinə vaxtında və tam şəkildə ödəmiş, cavabdeh isə fəaliyyətdə olduğu dövrdə dövlət büdcəsinə cəmi 10,40 manat vergi məbləği ödəmişdir. Vergi orqanının məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 01- 03A/21 nömrəli İcarə müqaviləsi ilə bağlı isə təkrarən bildiririk ki, həmin müqavilə cavabdeh təşkilatın obyekt kodu alması üçün bağlanmış formal müqavilədir. Həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya heç bir ödənişin olmaması da bunu sübuta yetirir. Əgər cavabdeh həmin müqavilə üzrə icarə münasibətlərində olduğunu iddia edirsə, o zaman sual meydana çıxır ki, bəs nə üçün cavabdeh ödənişləri edərkən həmin müqaviləyə və qiymətlərə yox, ona göndərilmiş elektron qaimələrə və fərqli qiymətlərə istinad etmişdir?! Göründüyü kimi, birinci instansiya məhkəməsi yalnız formal mülahizələrə əsasən müqavilənin hər iki tərəf tərəfindən təsdiqlənmədiyi əsası ilə, iddiaçı tərəfindən təqdim edilmiş müqavilələri mötəbər sübut hesab etməmişdir. Halbuki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə həmin müqavilələrdən əlavə olaraq, həmin müqavilələrə istinad edilməklə tərtib edilmiş 36 ədəd elektron qaimə və cavabdeh tərəfindən də həmin qaimələrə istinad edilməklə aparılmış ödənişləri təsdiq edən sənədlər də təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh vaxtilə tərəflər arasında mübahisə yaranmadığı dövrdə həmin müqavilələri və icarə qiymətlərini könüllü qəbul etmiş və ödənişlər aparmışdır. Lakin, məhkəmə buna hüquqi qiymət verməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdehin həmin ödənişlərin məbləğinin özlərinin məhkəməyə təqdim etdiyi icarə müqavilələrində olan qiymətlərdən qat-qat yüksək olması ilə, aparılan ödənişlərin avans ödənişləri olması ilə bağlı Kollegiyanın nəzərinə çatdırırıq ki, bütün elektron qaimələr və cavabdehin ödəniş sənədləri iş materiallarında mövcuddur. Nə qaimələrdə, nə də ödəniş sənədlərin hesablanmış və ödənilən icarə haqqı məbləğlərinin avans ödəniş olması ilə bağlı heç bir qeyd yoxdur. Bu iddia sadəcə cavabdehin mülki məsuliyyətdən boyun qaçırması üçün irəli sürülmüşdür. İddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdən, eləcə də cavabdehin həmin qaimələri qəbul edərək və istinad edərək ödənişlər aparmasından məlum olur ki, icarə qiymətləri cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçının təqdim etdiyi və cavabdeh tərəfindən imzalanmamış müqavilələrin və elektron qaimələrin mötəbər sübut edilməməsi ilə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim olunmuş və formal bağlanmış icarə müqavilələri əsasında hesablama aparmaqla, iddiaçının hüquqlarını pozmuş və icarəçinin icarəyə verən müəyyənləşdirilmiş icarə haqqını tam şəkildə ödəməsinin qarşısını almışdır. Kollegiyanın nəzərinə çatdırırıq ki, məhkəmənin qətnamənin əsası kimi qəbul etdiyi icarə müqavilələrinə əsasən, 80 kv.m ofis sahəsi cavabdehə 100 manat, 520 kv.m istehsalat sahəsi isə 520 manata icarəyə verilmişdir. Təbii ki, göstərilən rəqəmlər absurddur və həqiqətə uyğun deyildir. Bakı şəhəri, Nərimanov rayonu ərazisində heç bir yerdə oxşar icarə qiyməti yoxdur və bazar reallığını əks etdirmir. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsaslansaq, o zaman belə çıxır ki, iddiaçının mülkiyyətində olan istehsalat sahəsinin 1 kv.m ərazisini 1 manata, ofis sahəsinin 1 kv.m ərazisi isə təxminən 1,20 manata icarəyə verilmişdir!? nəzər yetirsək müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 2021-ci ilin may ayından hesablanmaqla 36 ədəd elektron qaimə göndərilmişdir. Həmin qaimələr cavabdeh tərəfindən qəbul edilmiş, qaimələrə istinad verilməklə həm əsas məbləğ, həm də ƏDV üzrə ödənişlər həyata keçirilmişdir. Beləliklə də, işin hallarından müəyyən olunur ki, tərəflər arasında 2021-ci ilin fevral və mart aylarında bağlanmış formal icarə müqavilələrinə yazılı surətdə xitam verilməsə, eyni zamanda iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş sonrakı 5 ədəd icarə müqaviləsi cavabdeh tərəfindən imza və möhürlü şəkildə təsdiq edilərək iddiaçıya təqdim edilməsə belə, cavabdeh öz hərəkətləri ilə yeni qiymətlərlə razılaşmış və ödənişləri yeni qiymətlərə əsasən həyata keçirmişdir. tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01-02A/21 saylı icarə müqaviləsində aylıq icarə haqqının məbləği 100 manat (ƏDV-siz), xx.xx.2021-ci il tarixli, 01-03A/21 saylı icarə müqaviləsində isə 520 manat (ƏDV-siz) müəyyən edilmişdir.” Məhkəmənin göstərilən mövqeyi ilə də razı deyilik və elektron qaimənin mötəbər sübut kimi qəbul edilməməsi məhkəmə aktlarının vahidliyi təcrübəsinin ziddinədir. Belə ki, iddiaçı tərəfindən aylıq olaraq cavabdehə elektron qaimələr göndərilmiş və həmin qaimələrdə hesablanmış borcun istinadı (icarə haqqı) və məbləğləri göstərilmişdir. Cavabdeh tərəfindən həmin ödənişlərə nəinki etiraz bildirilməmiş, hətta elektron qaimələrə istinad verməklə qismən ödənişlər həyata keçirilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələr ikitərəfli imzalanmasa da, ortada qəbul edilmiş elektron qaimələr mövcuddur və cavabdehin elektron qaimələri qəbul etməsi, onlara etiraz etməməsi, düzəlişə göndərməməsi (“susmaq”), o cümlədən həmin qaimələrə istinad verməklə ödənişlər həyata keçirməsi (“iradə ifadəsi”) cavabdehin həmin müqavilələri qəbul etməsidir.
8. Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi tam deyil, qismən iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır. Çünki iş müəyyən edilmiş hallar iddia tələbinin əsas məbləğə münasibətdə 3801,80 (üç min səkkiz yüz bir manat səksən qəpik) manat təmin olunması üçün kifayət etməsə də məhkəmə iddia tələbini təmin etməklə qeyd olunan maddənin tələbini pozmuşdur. Cavabdeh olaraq tərəfimizdən xx.xx.2022-ci il tarixli akt məhkəməyə təqdim edilərək iddiaçının qanunsuz olaraq ağır texnikalara icarə sahəsinin (fabrikin) girişini bağlatdıraraq cavabdehin qeyd olunan qeyri-yaşayış sahəsindən istifadə etməsini məhdudlaşdırması bildirilsə də məhkəmə bu fakta qiymət verməyərək iddia tələbini qismən təmin etməklə qeyd olunan maddələrin tələbini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
15. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
16. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
19. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
23. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2096-cı məhəllə, 15X ünvanında yerləşən 2808,8 kv.m sahədən ibarət əmlak kompleksi iddiaçının mülkiyyətindədir.
24. Tərəflər arasında bağlanmış 01 fevral 2021-ci il tarixli 01-02A/21 saylı icarə müqaviləsinə əsasən icarəyə verən (iddiaçı) Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 nömrəli küçə ünvanında yerləşən və öz balansında olan 60 m2 sahəsini istifadə etmək üçün cavabdehin istifadəsinə verir, “icarəçi” isə həmin sahəni icarəyə götürür.
25. Müqavilənin 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı 100 manat + 18 % ƏDV təyin edilir.
26. Müqavilənin 2.2-ci bəndinə əsasən aylıq icarə haqqı icarəçi tərəfindən icarəyə verənin hesablaşma hesabına və ya kassasına nağd yolla hər ayın 5-dən gec olmayaraq ödənilir.
27. Tərəflər arasında bağlanmış 01 mart 2021-ci il tarixli 01-03A/21 saylı icarə müqaviləsinə əsasən icarəyə verən (iddiaçı) Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 nömrəli küçə ünvanında yerləşən və öz balansında olan 520 m2 sahəsini istifadə etmək üçün cavabdehin istifadəsinə verir, “icarəçi” isə həmin sahəni icarəyə götürür.
28. Müqavilənin 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı 520 manat + 18 % ƏDV təyin edilir.
29. Müqavilənin 2.2-ci bəndinə əsasən aylıq icarə haqqı icarəçi tərəfindən icarəyə verənin hesablaşma hesabına və ya kassasına nağd yolla hər ayın 5-dən gec olmayaraq ödənilir
30. 25 iyun 2021-ci il tarixli köçürmədən görünür ki, cavabdeh tərəfindən iddiaçıya EBBC 576104 nömrəli, EBBC 576140 nömrəli, EBBC 576256 nömrəli, EBBB 27410 nömrəli elektron qaimələrə əsasən 2400 manat ödəniş edilmişdir.
31. 06 iyul 2021-ci il tarixli köçürmədən görünür ki, cavabdeh tərəfindən iddiaçıya iyul və may ayları icarə haqqı ödənişləri üçün 3300 manat ödəniş edilmişdir. 06 avqust 2021-ci il tarixli köçürmədən görünür ki, cavabdeh tərəfindən EBBF 754358 nömrəli, EBBF 754336 ödənişləri üçün 2400 manat ödəniş edilmişdir.
32. Vergilər Nazirliyinin sistemindən çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2021-ci i tarixdə 162 manat və 270 manat, xx.xx.2021-ci il tarixdə 594 manat, xx.xx.2021-ci il tarixdə 432 manat ödəniş edilmişdir.
33. İddiaçı tərəfindən tərtib edilmiş 02 noyabr 2022-ci il tarixli akta əsasən iddiaçı ilə cavabdeh arasında bağlanış 01 may 2021-ci il tarixli, 01-05/21 nömrəli, 01 oktyabr 2021-ci il tarixli 01-10/21 nömrəli, 01 fevral 2022-ci il tarixli 01-02/22 nömrəli və 01 fevral 2022-ci il tarixli 01-02A/22 nömrəli icarə müqavilələrinə əsasən icarəçinin bu aktın tərtib edilən tarixə icarəyə verənə ödənilməmiş 38940 manat icarə haqqı borcu vardır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borc məbləği ödənilmədiyi üçün icarə predmetini təşkil edən Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507 nömrəli küçə ünvanında yerləşən ümumi sahəsi 520 kv.m olan qeyri-yaşayış binası (anbar sahəsi) və 80 kv.m olan ofis sahəsi icarəçinin sahiblik və istifadəsində geri alınır və icarə münasibətlərinə xitam verilir.
34. Hazırkı işdən göründüyü kimi tərəflər arasında xx.xx.2021-ci il tarixli, 01-02A/21 saylı və xx.xx.2021-ci il tarixli, 01-03A/21 saylı icarə müqavilələri bağlanmış, həmin müqavilələr üzrə qeyri-yaşayış sahələri iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, lakin icarəçi (cavabdeh) tərəfindən üzərinə düşən öhdəliklər tam şəkildə icra edilməmişdir.
35. Bundan başqa, iddiaçıya məxsus olan icarə sahələrinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər cavabdehin sahiblik və istifadəsində qalmış, lakin icarə haqları tam şəkildə ödənilməmişdir.
36. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, icarə sahələrinin yaranmış borc ödənilmədiyi təqdirdə tərk etmələri, eyni zamanda icarə haqları ödənilməyəcəyi təqdirdə icarə sahəsində qalmış cavabdehə məxsus avadanlıqların sökülərək iddiaçıya məxsus anbarda borc məbləği tam ödənilənə qədər saxlanılacağı bildirilmiş, cavabdeh tərəfindən həmin bildirişlərə etiraz təqdim edilməmişdir.
37. Cavabdeh isə icarə sahəsinin xx.xx.2022-ci il tarixə qədər deyil, xx.xx.2022-ci il tarixə qədər onun sahiblik və istifadəsində olduğunu bildirmiş, bununla əlaqədar sübut qismində akt təqdim etmişdir, həmin akt birtərəfli qaydada tərtib edildiyindən sübut qismində qəbul edilə bilməz.
38. İddiaçı xx.xx.2021-ci il tarixli, 01-02A/21 saylı və xx.xx.2021-ci il tarixli, 01-03A/21 saylı müqavilələrin formal bağlandığını qeyd etsə də, həmin müqavilələrin sonradan ləğv edilməsi və ya onlara əlavə, dəyişikliklər edilməsi, habelə müqavilədə nəzərdə tutulmuş qiymətlərin dəyişdirilməsi (icarə haqqının artırılması) ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
39. Kollegiya icarə haqqının məbləği ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01-02A/21 saylı icarə müqaviləsində aylıq icarə haqqının məbləği 100 manat (ƏDV-siz), xx.xx.2021-ci il tarixli, 01-03A/21 saylı icarə müqaviləsində isə 520 manat (ƏDV-siz) müəyyən edilmişdir.
40. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01-03A/21 saylı icarə müqaviləsinin əsli (cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icarə müqaviləsi) təqdim edilmiş və iddiaçı tərəfindən təqdim edilmiş internet vergi idarəsindən çıxarışda da icarə müqaviləsinin tarixi kimi xx.xx.2021-ci il, müqavilənin nömrəsi olaraq 01-03A/21, icarə məbləği kimi də 520 manat qeyd olunmuşdur.
41. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixli, 01-05/21 saylı, xx.xx.2021-ci il tarixli, 01-10/21 saylı, xx.xx.2022-ci il tarixli, 01-02/22 saylı, xx.xx.2022-ci il tarixli, 01-02A/22 saylı müqavilələr yalnız iddiaçı tərəfindən imzalanıb möhürləndiyindən, cavabdeh tərəfindən təsdiq edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq həmin müqavilələri hazırkı iş üzrə mötəbər sübut qismində qəbul etməmişdir.
42. Bundan başqa, xx.xx.2021-ci il tarixli, 01-02A/21 saylı icarə müqaviləsində aylıq icarə haqqının məbləğinin 100 manat (ƏDV-siz), xx.xx.2021-ci il tarixli, 01-03A/21 saylı icarə müqaviləsində isə 520 manat (ƏDV-siz) müəyyən edildiyindən, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələri hazırkı iş üzrə mötəbər sübut qismində qəbul edilməmişdir.
43. Göründüyü kimi, mübahisələndirilən dövr (18 ay) üzrə cavabdeh tərəfindən hər iki müqavilə üzrə iddiaçıya ümumilikdə 11160 manat əsas borc ödənilməli olduğu halda cəmi 8100 manat, əlavə dəyər vergisi üzrə 2008,80 manat ödənilməli olduğu halda 1458 manat vəsait ödənilmişdir.
44. Odur ki, tərəflər arasında bağlanmış icarə müqavilələri üzrə əsas borcun əvəzi olaraq 3060 manat (11160 manat – 8100 manat), əlavə dəyər vergisi üzrə 550,80 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
45. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Apellyasiya şikayətləri təmin edilmədiyindən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı "xxxx" QSC və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2-2(113)-763/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov