Məhkəmə qərarları › İş №2-2(103)-751/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-751/2021

13.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-751/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və İbrahim Adil oğlu İbrahimlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1556/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 21018,49 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.04.2021-ci il tarixli e-2-2(113)-1556/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdi, üçüncü şəxsin nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, müvafiq icra və probasiya şöbələri tərəfindən verilmiş sifariş əsasında hərrac təşkilatçısı olan "xxxx" MMC tərəfindən ipoteka predmetləri olan daşınmaz əmlaklar satışa çıxarılmış və "xxxx" ASC (indiki İddiaçı ASC) tərəfindən həmin əmlaklar satın alınmışdır. Bununla bağlı müvafiq protokollar tərtib edilmiş və "xxxx" ASC ilə hərracın təşkilatçısı olan "xxxx" MMC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr bağlanılmışdır. Nəticə etibarilə "xxxx" MMC tərəfindən Vergi Məcəlləsinin 150.1.3-cü maddəsinə müvafiq olaraq İddiaçı ASC-dən ümumilikdə 21018,49 manat məbləğində ödəmə mənbəyində sadələşdirilmiş vergi tutularaq büdcəyə ödənilmişdir. İddiaçı bildirir ki, həmin verginin bankdan tutulması qanunsuzdur və ona görə də, cavabdehdən tutularaq ona ödənilməlidir. Üçüncü şəxs iddiaya etiraz edir və bildirir ki, həmin verginin tutulması qanuna uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddia tələblərinin qanuni əsasının mümkün variantları isə Mülki Məcəllənin 386-cı maddəsində sadalanmışdır. Həmin maddədə öhdəliyin yaranmasının üç əsası göstərilmişdir ki, bu da müqavilə, zərər vurulması və əsassız varlanmadır. Öhdəliyin əmələ gəlməsinin digər əsasları isə ümumi şəkildə “bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində” göstərilir. Lakin hazırkı işdə həmin əsaslar müəyyən edilmir. Belə ki, tərəflər arasında iddiaçıdan tutulmuş vergilərin geri qaytarılması ilə bağlı hər hansı bir müqavilə bağlanmamış və ya razılaşma əldə olunmamışdır. Bundan başqa kollegiya qeyd edir ki, hazırki iddia tələbləri Mülki Məcəllənin 1092.1ci maddəsinə əsasən də təmin edilə bilməz. Belə ki, həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı iddia tələblərinin Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin edilməsi üçün aşağıdakı halları müəyyən edilməlidir: iddiaçıdan tutulmuş vergi məbləğləri cavabdehin mülkiyyətinə keçmiş, bunun nəticəsində isə sonuncu əsassız varlanmışdır. Lakin hazırki işin mübahisəsiz halıdır ki, həmin vergi məbləğləri dövlət büdcəsinə köçürülmüşdür. Eyni zamanda kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələri götürüldüyü halda da iddia təmin edilə bilməz. Belə ki, həmin maddələrin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Çünki tutulan vergi məbləğləri dövlət büdcəsinə köçürüldüyü üçün bununla bağlı cavabdehin hərəkətlərinin qanuni və qanunsuz olmasına hazırki icraatda qiymət verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 3-cü bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. 5.7-ci bəndə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 6-cı bəndinə əsasən maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməyindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. İstinad edilən normaların tələblərindən göründüyü kimi artıq ödənilmiş vergilərin büdcədən qaytarılması vergi ödəyicisinin həmin qaydalara uyğun təqdim edilmiş ərizəsi əsasında qəbul edilmiş vergi orqanının müvafiq rəyinə əsasən maliyyə orqanları tərəfindən təmin edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı ASC tərəfindən ödənilmiş vergi məbləğinin büdcədən geri qaytarılması məqsədilə yuxarıda sadalanan Qaydalara uyğun hərəkət edilməlidir. Onun müraciətinə imtina edildikdə isə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1556/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Ziya Şirinov İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar