Məhkəmə qərarları › İş №2-2(103)-751/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-751/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-751/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеhlər Cavabdeh2nə və Qanuni nümayəndə1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X7) qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, ekspert rəyinin mötəbərliliyi, müqavilənin elektron qaydada bağlanması, cərimə borcunun azaldılması, apellyasiyanın həddi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2nə və Qanuni nümayəndə1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 X2 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 03 fevral 2021-ci il tarixdə OnGTC-03687LE/2021 saylı “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu”nun 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır.

2. X5 “Müqavilənin predmeti” adlı hissəsində aşağıdakılar göstərilmişdir: 1) bu Müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. 2) Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur. Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. 3) Müştəriyə yalnız sifariş edilən və ərizədə qeyd edilən xidmət təqdim olunacaq. Ərizə bankın və müştərinin imza və möhürü ilə yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda bank tərəfindən icraya qəbul ediləcək. 4) Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi ərizədə öz əksini tapacaq. 5) Bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq ərizə ilə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək. 6) Tərəflər arasında bu müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu müqavilənin şərtlərinin müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu müqavilə şərtləri tətbiq olunur.

3. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 MMC (borc alan) arasında 19 fevral 2021-ci il tarixdə DCS00307409-02 saylı kredit müqaviləsi bağlanmış və borc alana Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 17 fevral 2021-ci il tarixli ZM- 534/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 14 525 (on dörd min beş yüz iyirmi beş) manat məbləğində kredit verilmişdir.

4. İddiaçı ASC və Qanuni nümayəndə1 arasında bağlanan 19 fevral 2021-ci il tarixli DGS**********68 saylı zaminlik müqaviləsinə əsasən zamin – Qanuni nümayəndə1 İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 19 fevral 2021-ci il tarixli DCS00307409-02 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür .

5. 06 aprel 2023-cü il tarixli PB/PBL-OUT-00213-2023 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh2 MMC-nin 10 fevral 2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DCS00307409-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13 800,42 manat əsas borc, 2756,48 manat faiz borcu, 1275,53 manat cərimə borcu olmaqla, cəmi 17 832,43 manat təşkil edir (gecikmə günlərinin sayı – 479).

6. 15 may 2023-cü il tarixli PB/PBL-OUT-00299-2023 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh2 MMC-nin 12 may 2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DCS00307409-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13 800,42 manat əsas borc, 2802,48 manat faiz borcu, 2284,97 manat cərimə borcu olmaqla, cəmi 18 887,87 manat təşkil edir (gecikmə gününün sayı – 570).

7. 12 mart 2024-cü il tarixli PB/PBŞ-OUT-00342-2024 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh2 MMC-nin 20 fevral 2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DCS00307409-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13 800,42 manat əsas borc, 2802,48 manat faiz borcu, 1318,91 manat cərimə borcu olmaqla, cəmi 17 921,81 manat təşkil edir (gecikmə gününün sayı – 489).

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalana və zaminə xx.xx.2022-ci xəbərdarlıq məktubu göndərilərək, xx.xx.2022-ci il tarixinə bank qarşısında öhdəliklərin icrasının gecikdirildiyi, gecikdirilmiş öhdəliklər yerinə yetirilmədiyi təqdirdə müqavilənin ləğvi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı ASC (iddiaçı) Cavabdeh2nə və Qanuni nümayəndə1 (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, DCS00307409-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13 800,42 (on üç min səkkiz yüz manat qırx iki qəpik) manat əsas borc, 2756,48 (iki min yeddi yüz əlli altı manat qırx səkkiz qəpik) manat faiz borcu, 1275,53 (bir min iki yüz yetmiş beş manat əlli üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 17 832,43 (on yeddi min səkkiz yüz otuz iki manat qırx üç qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini 479 gün həyata keçirməmiş, borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın 10 fevral 2023-cü il tarixinə DCS00307409-02 saylı maliyyələşdirmə üçün ərizə müqaviləsinə əsasən borcu cəmi 17 832,43 manat təşkil edir. Bundan başqa, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə olunmamışdır. İddiaçı mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir. X5 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X5 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X6 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.

11. Sonradan iddiaçının nümayəndəsi “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlərdən birgə qaydada DCS00307409-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13 800,42 (on üç min səkkiz yüz manat qırx iki qəpik) manat əsas borc, 2802,48 (iki min səkkiz yüz iki manat qırx səkkiz qəpik) manat faiz borcu, 2284,97 (iki min iki yüz səksən dörd manat doxsan yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 18 887,87 (on səkkiz min səkkiz yüz səksən yeddi manat səksən yeddi qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə tərəfindən “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşdur.

13. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə etmiş, Cavabdeh2 nümayəndəsi (vəkili) borc məbləğinin düzgün hesablanmadığını bildirərək mühasibatlıq ekspertizası keçirilməsini istəmiş, eyni zamanda zaminə münasibətdə iddia müddətinin ötürüldüyünü bildirmişdir.

14. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Məhkəmə Ekspertiza Mərkəzi) 31 yanvar 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh2 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 19 fevral 2021-ci il tarixli DCS00307409-02 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh2 MMC-nin banka olan borcu 19 fevral 2023-cü il tarixə əsas borc üzrə 13 800,42 manat; faiz borcu üzrə 1749,75 manat; 12 may 2023-cü il tarixə əsas borc üzrə 13 800,42 manat; faiz borcu üzrə 1908,84 manat; 31 yanvar 2024-cü il tarixə əsas borc üzrə 13 800,42 manat; faiz borcu üzrə 2405,27 manat məbləğində müəyyən edilir”.

15. Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2024-cü il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh2 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 19 fevral 2021-ci il tarixli DCS00307409-02 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh2 MMC-nin (suallarda göstərilən tarixlərə) banka olan borcu 19 fevral 2023-cü il tarixə əsas borc üzrə 13 800,42 manat; faiz borcu üzrə 1749,75 manat; 12 may 2023-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 13 800,42 manat; faiz borcu üzrə 1749,75 manat, 5% borcu üzrə 159,09 manat; 12 mart 2023-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 13 800,42 manat; faiz borcu üzrə 1908,84 manat, 5% borcu üzrə 575,02 manat; xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 13 800,42 manat; faiz borcu üzrə 2483,86 manat, 5% borcu üzrə 274,09 manat məbləğində müəyyən edilir. Həmçinin rəydə qeyd edilmişdir ki, ekspert qarşısında qoyulan suallara uyğun olaraq İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 19 fevral 2021-ci il tarixli DCS00307409-02 saylı kredit müqaviləsi üzrə borcalana hesablanmış faizlər müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanıldı”.

16. Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2025-ci il tarixli rəyində göstərilmişdir ki, “...iş materiallarında olan Cavabdeh2 MMC tərəfindən iddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 19 fevral 2021-ci il tarixli DCS00307409-02 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh2 MMC-nin (suallarda göstərilən tarixlərə) banka olan borcu 10 fevral 2023-cü il tarixə əsas borc üzrə 13 811,33 manat; faiz borcu üzrə 2709,14 manat; 19 fevrla 2023-cü il tarixə əsas borc üzrə 13 811,33 manat; faiz borcu üzrə 2760,63 manat, 15 may 2023-cü il tarixə əsas borc üzrə 13 811,33 manat; faiz borcu üzrə 2760,93 manat, 5% borcu üzrə 164,97 manat; 12 mart 2024-cü il tarixə əsas borc üzrə 13 811,33 manat; faiz borcu üzrə 2760,93 manat, 5% borcu üzrə 734,69 manat məbləğində müəyyən edilir. Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 19 fevral 2021-ci il tarixli DCS00307409-02 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, iddiaçı bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə cərimə borcu hesablanmadı. Həmçinin qeyd edilir ki, iş üzrə daha əvvəl verilmiş ekspert rəylərinin nəticəsi ilə hazırkı hesablama zamanı gəlinmiş nəticənin fərqli olmasının səbəbi, əvvəlki tədqiqatlarda aparılmış ödənişlərin bir müddət sonra “reverse” əməliyyatı ilə hesaba geri qaytarılmasının nəzərə alınmaması olmuşdur. Qeyd olunan xüsusatlara sonradan iddiaçı bank tərəfindən aydınlıq gətirildiyindən, hazırkı hesablama zamanı həmin hissə nəzərə alınmaqla tədqiqat aparıldı”.

17. Birinci instansiya məhkəməsinin 03 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh2ndən və Qanuni nümayəndə1 birgə qaydada DCS00307409-02 saylı müqavilə üzrə 13 800,42 manat (on üç min səkkiz yüz manat qırx iki qəpik) əsas borc, 2709,14 manat (iki min yeddi yüz doqquz manat on dörd qəpik) faiz borcu, 800 (səkkiz yüz) manat cərimə, ödənilmiş mediasiya xərci olaraq 200 (iki yüz) manat olmaqla, ümumilikdə 17 509,56 manat (on yeddi min beş yüz doqquz manat əlli altı qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 275 manat hissəsinin Cavabdeh2ndən və Qanuni nümayəndə1 birgə qaydada, 25 manat hissəsinin isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zamin) müqavilələr üzrə öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuş, nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

19. Məhkəmə 19 fevral 2025-ci il tarixli ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam (tələbə uyğun olaraq), faiz borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Bu zaman məhkəmə onu da nəzərə almışdır ki, 19 fevral 2025ci il tarixli ekspert rəyinə görə, 10 fevral 2023-cü il tarixə (məhkəməyə müraciət edərkən ilk maliyyə arayışında göstərilən tarix) faiz borcunun məbləği 2709,14 manat təşkil etmişdir.

20. Məhkəmə həmçinin vurğulamışdır ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır, lakin cərimə borcu məbləğinin əsas borc məbləğinə nisbəti, eləcə də tərəflərin əsaslı mənafeləri nəzərə alınaraq, cavabdehlərdən birgə qaydada tutulacaq cərimə məbləği azaldılıb 800 (səkkiz yüz) manat məbləğində müəyyən olunmalıdır.

21. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386-cı, 379.4-1-ci, 379.1.6-cı, 442-ci, 448.1-ci, 462.1-ci, 465.2-ci, 467-ci, 470-ci, 472-ci, 477.0.4-cü, 739-cu, 741-ci maddələrinə istinad etmişdir.

22. Qətnamədən Cavabdeh2 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, məhkəmənin tərəflər arasında yazılı kredit və zaminlik müqavilələrinin bağlanmadığını və cavabeh MMC-nin həyata keçirdiyi 5300 manat məbləğində ödənişi nəzərə almadığı, borcun məbləğinin dəiqləşdirilməsi üçün təkrar ekspertiza təyin etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Şikayətdə göstərilmişdir ki, Cavabdeh2 MMC əsas borcunun məbləğinin 13 800,42 manat deyil, 8500 manat olduğunu irəli sürür və faiz borcu da bu məbləğə uyğun hesablanmalıdır.

Apellyasiya şikayətinə qarşı etiraz

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

24. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər (nümayəndələri) məhkəməyə gəlməmiş (apellyatorun nümayəndəsi ərizə göndərərək iclasın təxirə salınmasını xahiş etdiyindən məhkəmə iclası 1 gün təxirə salınmış, lakin nümayəndə yenə də gəlməmişdir), iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

26. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

28. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

31. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

32. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

33. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

34. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

35. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

39. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

40. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

41. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

“Elektron imza və elektron sənəd haqqında” Qanun

42. Maddə 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

43. Maddə 3.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.

“Elektron ticarət haqqında” Qanun

44. Maddə 7. Elektron ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd formasında bağlanır. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada hazırlanmalıdır. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı (təchizatçı) müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir. Müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab olunmur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

48. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

51. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

52. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.

53. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.

Apellyasiya baxışının həddi

54. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

56. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir”.

57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin Cavabdeh2ndən və Qanuni nümayəndə1 birgə qaydada DCS00307409-02 saylı müqavilə üzrə 5300,42 manat əsas borc, 2709,14 manat (iki min yeddi yüz doqquz manat on dörd qəpik) faiz borcu, 800 (səkkiz yüz) manat cərimə, ödənilmiş mediasiya xərci olaraq 200 (iki yüz) manat olmaqla, ümumilikdə 9009,56 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 275 manat hissəsinin Cavabdeh2ndən və Qanuni nümayəndə1 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı ümumiyyətlə şikayət verməmiş, Cavabdeh2 MMC-nin nümayəndəsi isə qətnamənin ləğv olunmasını xahiş etsə də, apellyasiya şikayətini əsaslandırarkən Cavabdeh2 MMC əsas borcunun məbləğinin 13 800,42 manat deyil, 8500 manat olduğunu irəli sürür və faiz borcu da bu məbləğə uyğun hesablanmalıdır” vurğulamaqla, faktiki olaraq qətnaməni sözügedən hissədə mübahisələndirmişdir.

58. Eyni zamanda qeyd olunmalıdır ki, iddianın zaminə və əsas borcluya qarşı yönəlmiş hissəsi bölünməz xarakterlidir (hazırkı işin halları baxımından) və Cavabdeh2 şikayətinin dəlilləri qətnamənin zaminə aid hissədə də yoxlanılmasını zəruri edir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

59. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

60. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

61. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh2 MMC-nin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

62. Həmçinin kollegiya, apellyatorun həm kredit müqaviləsinin, həm də zaminlik müqaviləsinin etibarsızlığı ilə bağlı dəlillərini əsassız hesab edir.

63. Bununla bağlı qeyd etmək lazımdır ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı).

64. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

65. Göründüyü kimi tərəflər arasında müqavilənin bağlanmış hesab edilməsi üçün onların “iradəsi qovuşmalıdır”. Tərəflərin öz növbəsində bu halı rəsmiləşdirmək üçün qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətləri nəzərə almaqla, istənilən formada müqavilə bağlamaq azadlıqları var (§ 27, 30 - 33).

66. Belə ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarı).

67. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir, sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin.

68. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir.

69. Həmçinin nəzərə alınmalıdır ki, “Elektron ticarət haqqında” Qanunda əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur (§ 44).

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli qərarında göstərmişdir ki, “...yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; - mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir”.

71. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, tərəflər arasında elektron qaydada kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə Mülki Məcəllənin 407.2-ci maddəsində qeyd edilən “sadə yazılı müqavilə” şərtini ödədikləri üçün etibarlı müqavilədir.

72. Zaminlik müqaviləsi isə adi yazılı formada tərtib olunmuş və zamin (Qanuni nümayəndə1) tərəfindən fiziki olaraq imzalanmışdır.

73. Cavabdeh MMC-nin digər dəlili ekspertiza rəyinin mötəbərliyi və məhkəmənin onun tərəfindən edilən ödənişləri nəzərə almaması ilə bağlıdır – kollegiya bu dəlili də əsassız hesab edir.

74. İş materiallarındakı sənədləri ekspert rəyi ilə birlikdə təhlil edən kollegiya hesab edir ki, rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi borc məbləğlərini rəyə istinadən hesablamaqda haqlı olmuşdur.

75. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o halda yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun.

76. Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, borcun məbləğinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, apellyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin əsaslı olduğuna dəlalət edəcək heç bir sübut təqdim etməmişdir.

77. Kollegiya məhkəmənin, cavabdehlərdən müvafiq məbləğlərdə cərimə borcunun tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edir:

78. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

79. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasib şəkildə azaltmışdır.

80. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

81. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-24/2025 saylı iş üzrə 03 aprel 2025ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar