Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-752/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdeh5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli, e-2-2(113)-309/2023 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə Cavabdeh5 (borc alan) arasında 19001-S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə əsasında (çərçivəsində) xx.xx.2019-cu il tarixli 1 nömrəli razılaşma bağlanmışdır. İddiaçı ASC həmin razılaşmaya əsasən Cavabdeh5 xx.xx.2021-ci il tarixinədək illik 24 %lə 15.000 manat məbləğində kredit vermiş, daha sonra 25 dekabr 2019-cu il tariхli razılaşmaya əlavə olaraq 001İAMR201350004 nömrəli xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşması imzalanmış və həmin restrukturizasiya razılaşmasına əsasən restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit (borc) üzrə 13.648,58 manat məbləğdə əsas borc, 627,43 manat məbləğdə faiz borcunun mövcudluğu barədə tərəflər razılaşmışlar və kredit (borc) üzrə faiz dərəcəsi 24 faiz və kreditin son icra müddəti xx.xx.2022-ci il olaraq müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 11.821,30 manat məbləğində əsas borc, 4.110,97 manat məbləğində faiz borcu, 1.232,23 manat məbləğində cərimə, 100 manat məbləğində mediasiya xərci və 41,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2019-cu il tarixli 1 №-li Razılaşmaya və xx.xx.2020-ci il tarixli restruktizasiya razılaşmasına əsasən borcalan Cavabdeh5 (VÖEN **********) bankdan dövriyyə vəsaitlərinin artırılması və cari xərclər üçün xx.xx.2022-ci ilədək qaytarmaq və illik 24 % ödəmək şərti ilə aldığı 15.000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günün də hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 11.821,30 manat; b) faizlər üzrə 4.110,97 manat; c) cərimə üzrə 1.232,23 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alan Cavabdeh5 və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 AR MPM-in 150.2-ci maddəsində göstərilən qaydada pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. Tərəflər ilkin mediasiya sessiyasında iştirak edib, lakin razılaşma əldə olunmadığı üçün mediator ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verib. xx.xx.2023-cü il tarixdə iddiaçı məlumat xarakterli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı iş üzrə məhkəməyə xx.xx.2023-cü ildə daxil olmuş ekspertin vəsatəti ilə əlaqədar qeyd edirlər ki, xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşmasının imzalandığı tarixə borcalanın kredit müqaviləsi üzrə əsas borcu 13.648,58 manat, faiz borcu 627,43 manat olmuş (razılaşmanın 2-ci bəndi) və əsas borc restrukturizasiya olunaraq eyni faiz dərəcəsi (illik 24%) ilə icra müddəti xx.xx.2022-ci ilədək uzadılmış və yeni ödəniş cədvəli təsdiq olunmuşdur (razılaşmasının 3cü bəndi). Qeyd olunan restrukturizasiya razılaşmasına qədər və ondan sonra borcalan tərəfindən aparılan bütün ödənişlər bank hesabından çıxarışda əksini tapmışdır. Ödənişlərin əksəriyyəti terminallar (MilliÖn və s.) vasitəsilə aparıldığı üçün kassa mədaxil orderləri rəsmiləşdirilmir. Nəzərə alınmasını xahiş edirlər.
4. Cavabdehlərin iddia ərizəsinə etirazları daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli, e-2-2(113)-309/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 11.821,30 manat məbləğində əsas borc, 586,86 manat məbləğində faiz borcu, 500 manat məbləğində dəbbə pulu, cəmi 12.908,16 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC -yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaitinin 160 manat hissəsinin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 40 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
6. Cavabdeh5 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən – faiz və dəbbə pulunun tutulması hissəsində ləğv edilməsinə və iddianın həmin hissədə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır, məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Onun maddi vəziyyətinin pisləşməsi, sahibkarlıq fəaliyyətinin davam etdirilməsinin mümkünsüz olması kreditin ödənilməsinə təsiri nəzərə alınmamışdır, faiz və dəbbə pulu hesablamaqla üzərinə əlavə öhdəlik qoyulmuşdur. Tərəfindən edilmiş ödənişlərin əsas borcdan və ya faiz borcundan çıxılması müəyyən edilmədən onun üzərinə faiz ödənilməsi öhdəliyi qoyulmuşdur və bu hal iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq sübut edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında Cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. İddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
14. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
15. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
16. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
19. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
20. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.
21. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız Cavabdeh5 tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız həmin cavabdehə və faiz borcu ilə dəbbə pulunun tutulmasına aid hissədə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
24. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 741, 462, 467-ci maddələri təşkil edir.
25. Hazırki işin materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 19001- S122186/789308 saylı, xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi, həmin müqavilə əsasında (çərçivəsində) bağlanmış xx.xx.2019-cu il tarixli 1 nömrəli razılaşma, həmin razılaşmaya əlavə olaraq imzalanmış 001İAMR201350004 nömrəli xx.xx.2020-ci il tarixli restrukturizasiya razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri iddiaçı lazımi qaydada icra etmiş, lakin Cavabdeh5 kredit limiti müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan yuxarıda qeyd edilən razılaşmalar üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixinə kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.
26. Belə olan halda isə iddiaçının kredit razılaşması üzrə faiz borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır.
27. Birinci instansiya məhkəməsində icraatdan və apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi Cavabdeh5 əsas borc məbləği ilə razılaşmışdır.
28. Birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı tam təmin etmiş, faiz və dəbbə pulunun tutulması hissəsində isə iddianı qismən təmin etmişdir.
29. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2023-cü il tarixli 9/1185 saylı ekspert rəyi ilə müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh5 banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, xx.xx.2020-ci il tarixli, 001İAMR201350004 nömrəli restrukturizasiya razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh5 xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix, müqavilənin son tarixi) banka olan əsas və faiz borcu 15.085,44 manat məbləğindədir, o cümlədən: xx.xx.2022-ci il tarixə: əsas borc üzrə 13.648,58 manat, faiz borcu üzrə 1.436,86 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları üzrə xx.xx.2022-ci il tarixdə 500,00 manat, xx.xx.2022-ci il tarixdə 100.00 manat, xx.xx.2022- c i il tarixdə 100,00 manat olmaqla ümumilikdə 700,00 manat kredit ödənişi müqavilə üzrə əsas borcdan silinmişdir. Ödəniş qəbzlərinə əsasən xx.xx.2022-ci il tarixdə 50,00 manat və xx.xx.2022-ci il tarixdə 100,00 manat olmaqla ümumilikdə 150,00 manat məbləğində kredit ödənişinin kredit müqaviləsi üzrə əsas və ya faiz borcuna silinməsini həmin ödənişlərin hesabdan çıxarış məlumatlarında öz əksini tapmadığı üçün müəyyən etmək mümkün olmadı. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırki tədqiqatla İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 001İAMR201350004 nömrəli restrukturizasiya razılaşması üzrə Cavabdeh5 xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix, müqavilənin son tarixi) müəyyən edilmiş 15.085,44 manat məbləğində kredit borcundan xx.xx.2022-ci il tarixdən (sualda göstərilən tarix, müqavilənin son tarixi) sonra ümumilikdə ödənilmiş 850 manat məbləğində kredit ödənişi çıxıldıqda Cavabdeh5 xx.xx.2023-cü il tarixə (ekspert rəyinin yazıldığı tarix) banka olan borcu 14.235,44 manat məbləğindədir, o cümlədən: 1.436,86 manat faiz borcu - 850,00 manat ödəniş = 586,86 manat faiz borcu, 13.648,58 manat əsas borc + 586 manat faiz borcu = 14.235,44 manat ümumi borc.
30. Kredit müqavilələri üzrə cavabdehdən tutulmalı faiz borcunun məbləği ilə bağlı qeyd edilməlidir ki, ekspert rəyi ilə Cavabdeh5 xx.xx.2022-ci il tarixə (müqavilənin son tarixi) banka olan əsas borcunun 13.648,58 manat və faiz borcunun 1.436,86 manat, kredit borcundan xx.xx.2022-ci il tarixdən sonra ümumilikdə ödənilmiş 850 manat məbləğində kredit ödənişi çıxıldıqda Cavabdeh5 xx.xx.2023-cü il tarixə (ekspert rəyinin yazıldığı tarix) banka olan əsas borcunun 13.648,58 manat və faiz borcunun 586,86 manat təşkil etməsi müəyyən edilmişdir.
31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
32. Hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
33. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyi ilə müəyyən edilmiş 586 manat məbləğində faiz borcunun Cavabdeh5 tutulmasını təmin etməkdə haqlı nəticəyə gəlmişdir.
34. Eyni zamanda Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
35. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 1.232,23 manat manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 500 manat manat məbləğində müəyyənləşdirmişdir.
36. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə maliyyə arayışını araşdıraraq və Mülki Məcəllənin 741, 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, Cavabdeh5 və faiz borcu ilə dəbbə puluna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
37. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
38. Həmçinin, mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 12 may 2023-cü il tarixli, e-2-2(113)-309/2023 saylı qətnaməsi Cavabdeh5 və faiz borcu ilə dəbbə pulunun tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova