Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-754/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdeh firmasının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh firmasına qarşı “müqavilə bağlanması öhdəliyinin qoyulması və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-69/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi hissəsində yerləşən 250000 m2 torpaq sahəsinə dair aylıq icarə haqqı 75000 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh firmasının üzərinə qoyulması, icarə haqqının iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən hesablanması, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediasiya sessiyası ilə bağlı mediatora ödənilmiş 400 manat məbləğində vəsaitin cavabdehdən xidmətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Cavabdeh firması tərəfindən dövlət mülkiyyətində olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanında yerləşən 250000 m2 torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “istifadə edilən torpaq sahəsinin satın alınması və ya icarəyə götürülməsi barədə” xx.xx.2021-ci il tarixli, **********22 nömrəli məktubla müraciət edilsə də, cavabdeh tərəfindən torpaq sahəsinin satın alınmasından və ya icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Aşağıdakı səbəblərdən hesab edirik ki, cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılmasından imtina edilməsi qanunsuzdur və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə Xidmətlə müvafiq icarə müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalıdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 253 nömrəli sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi hissəsində ticarət mərkəzlərinin tikintisinin layihələndirilməsi üçün 60 ha torpaq sahəsi icarə əsasında “Yeganə” firmasının, "xxxx" firmasının və Cavabdeh firmasının istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı ilə Cavabdeh firması arasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanında yerləşən 250000 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli, 0786 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyəti dövlət torpaqlarının fiziki və ya hüquqi şəxsin icarəsinə və ya istifadəsinə yalnız o halda verə bilər ki, həmin torpaq sahəsi boş olsun və onun üzərində heç bir tikili mövcud olmasın. Qeyd edilən sərəncamlar verilərkən, torpaq sahələri boş olduğu üçün Bakı Şəhər İcra Hakimiyyəti həmin torpaq sahəsinin Cavabdeh firmasının icarəsinə verməkdə səlahiyyətli olmuşdur. Ticarət Mərkəzi inşa edildikdən sonra həmin qeyriyaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi və özəlləşdirilməsi səlahiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olmuşdur. Fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur və qeyd edilən torpaq sahələri Xidmətin təklifi əsasında müəssisə və ya obyektin mülkiyyətçisi tərəfindən ya satın alınmalı, ya da Xidmətlə satınalma hüququ ilə icarə müqaviləsi bağlanılmalıdır. Lakin cavabdeh qanunvericiliyin qeyd edilən tələblərinə riayət etməyərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi hissəsində ticarət mərkəzinin tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin təklifini qəbul etməmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndiriciyə müraciət olunmuş və qiymətləndiricinin xx.xx.2021-ci il tarixli, UNİ/A 202-670/21 nömrəli rəyinə əsasən torpaq sahəsinin bazar dəyəri 30000000 manat məbləğində müəyyən edilmişdir
3. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsinə dair cavabdehlə müqavilənin bağlanması öhdəliyini müəyyən etməyə çalışmış və bu tələbini “icarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respubikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli 629 saylı Fərmanının 1-ci bəndi ilə əsaslandırmışdır. Lakin, biz bu əsaslandırma ilə razı deyilik, düşünürük ki, aşağıdakı iki səbəbə görə qeyd edilən əsaslandırma düzgün olmamışdır. Belə ki, həmin Fərmanın 1-ci bəndinin birinci hissəsindən də göründüyü kimi qeyd edilən Fərman dövlət əmlakını icarəyə vermə səlahiyyətini nəzərdə tutmuşdur ki, Fərmanın dərc edildiyi tarixdə Dövlət əmlakı və Dövlət Mülkiyyətində olan Torpaq sahələri fərqləndirilirdi. Hazırki mübahisə isə cavabdehə icarəyə verilən torpaq sahəsi ilə bağlı olduğundan düşünürük ki, bu əsaslanmanın düzgün olmadığını sübuta yetirən ilkin hal məhz budur. Bundan əlavə, Fərmanın dərc edildiyi tarixə və hazırki iş üzrə iddiaçının yaradıldığı tarixə nəzər salsaq görərik ki, qeyd edilən Fərmanda iddiaçının adının olması mümkün deyildi. Belə ki, Dövlət Əmlakının (torpaq sahələri istisna olmaqla) İdarə edilməsi sahəsində 1997ci il tarixdə səlahiyyətlər Azerbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamentinə məxsus olmuş, lakin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 1008 saylı Sərəncamı ilə bu qurumun əsasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi təsis edilmişdir. Sonradan “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 285 saylı Sərəncamı ilə sonuncu dövlət qurumunun bazasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmışdır. Həmçinin onu da qeyd etməyi zəruri bilirik ki, hazırki iş üzrə Cavabdeh Firması ilə üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti arasında 19 iyul 2007-ci il tarixli Torpaq sahəsinin İcarəyə verilməsi haqqında 0786 saylı İcarə müqaviləsi mövcud olmuşdur ki, həmin müqavilə ilə dövlət mülkiyyətində olan torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. İcarə müqaviləsinin tarixinə nəzər salsaq görərik ki, icarə müqaviləsi iddiaçı təşkilatın yaradılmasından 2 il əvvəl bağlandığından iddia ərizəsində torpaq sahəsinin müqaviləsiz istifadə edilməsi ilə bağlı qeyd edilənlər əsassızdır. Həmçinin onu da qeyd edirik ki, Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş huçuqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın qeyd edilən tələblərindən də göründüyü kimi Azərbaycan Respublikasında mülkiyyətin 3 növü fərqləndirilir ki, iddiaçı mülkiyyətçi kimi deyil, mülkiyyətçinin səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Maraqlıdır ki, torpaq sahəsinin mülkiyyətçisi olan dövlətin bir digər səlahiyyətli nümayəndəsi də iş üzrə üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətidir. Bu səbəbdən də düşünürük ki, iddiaçı onlara verilən səlahiyyətlərdən və hüquqlardan sui-istifadə edir və nəinki bu hüquq və səlahiyyətlərdən hətta mülkiyyətdən belə sui-istifadə yolverilməzdir. İddiaçının iddia tələblərini əsaslandığı bir digər qanunvericilik aktı olan “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respubikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli 629 saylı Fərmanının 1-ci bəndinin sonrakı abzasında qeyd edilir ki, Bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsi hesab olunsun. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Komitəsi, yaradıldığı günə qədər bağlanan müqavilələrdə varis hesab edilir. Bundan əlavə, iddia ərizəsində iddiaçının etirafından (ret. Bakı Şəhər İcra Hakimiyyəti dövlət torpaqlarının fiziki və ya hüquqi şəxsin icarəsinə və ya istifadəsinə yalnız o halda verə bilər ki, həmin torpaq sahəsi boş olsun və onun üzərində heç bir tikili mövcud olmasın. Qeyd edilən sərəncamlar verilərkən, torpaq sahələri boş olduğu üçün Bakı Şəhər icra Hakimiyyəti həmin torpaq sahəsinin Cavabdeh firmasının icarəsinə verməkdə səlahiyyətli olmuşdur.) da görünür ki, cavabdehlə üçüncü şəxs araşında bağlanan icarə müqaviləsi qanuni və əsaslıdır, həmçinin, hal-hazırda qüvvədə olmaqla tərəflər üçün hycuq və öhdəliklər müəyyən edir. Kommersiya işinə əlavə etdiyimiz aerofoto çəkilişdən də göründüyü kimi torpaq sahəsi icarəyə verilərkən orada heç bir tikinti olmamış, həmin sahə göl və altında yerləşən boş torpaq sahəsindən ibarət olmuşdur.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-69/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
5. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 69/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarına düzgün qiymət verməmiş, qanunvericilik normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnaməsində iddianın rədd edilməsi üçün iki əsas qeyd etmişdir: 1. müvafiq torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 253 nömrəli sərəncamına əsasən Cavabdeh firması ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanılmış hazırda qüvvədə olan xx.xx.2007-ci il tarixli, 0786 nömrəli icarə müqaviləsi vardır; 2. Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamağa məcbur edilməsinə yol verilmir. Aşağıdakı səbəblərdə bildiririk ki, məhkəmənin qeyd etdiyi dəlillər əsassızdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 253 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbində ticarət mərkəzlərinin tikintisinin layihələndirilməsi üçün 60 ha torpaq sahəsi icarə əsasında Cavabdeh firmasının, “Yeganə” firmasının və "xxxx" firmasının istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh firması arasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbində yerləşən 250 000 kv.m torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 0786 nömrəli 49 illik icarə müqaviləsi bağlanılmışdır. xx.xx.2007-ci il tarixli Bakı ŞİH Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən verilmiş 07/744 nömrəli (istifadəyə (icarəyə) verilən torpaq sahəsinin) ayrıc aktına görə, Bakı ŞİH başçısının xx.xx.2007-ci il tarixli 253 nömrəli sərəncamına əsasən, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqində, Bakı-Salyan- Lökbatan yolayrıcının qərbində, 25 ha ərazi ticarət mərkəzinin layihələşdirilməsi və tikintisi üçün Cavabdeh firmasına verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 299 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 33 nömrəli, Cavabdeh firmasının xx.xx.2021-ci il tarixli, 17 nömrəli və “Yeganə” firmasının xx.xx.2021-ci il tarixli, 03 nömrəli razılıq məktubları nəzərə alınaraq, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbində ticarət mərkəzlərinin tikintisinin layihələndirilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 253 nömrəli, xx.xx.2009-cu il tarixli, 497 nömrəli və xx.xx.2012, 478 nömrəli sərəncamları və aparılmış müvafiq sənədləşmə işləri "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021ci il tarixli, 299 nömrəli sərəncamının 2-ci bəndi ilə "xxxx" MMC-yə (Cavabdeh firması) torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “İnterservis” Müdiriyyəti ilə icarə müqaviləsinin bağlanılması həvalə edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən digər bir analoji iş üzrə müvəqqəti təminat tədbiri barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunaraq, işə baxılıb yekun qərar qəbul edilənədək, torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanılmasının "xxxx" MMC-yə və Bakı Şəhər İcra Hakimiyyətinə qadağan edilməsi xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı və daha sonra eyni məsələ ilə bağlı xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə Xidmətin ərizələri təmin edilərək, mübahisəli torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması cavabdehə və üçüncü şəxsə qadağan edilmişdir. Beləliklə, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 299 nömrəli sərəncamının 2-ci bəndinə əsasən "xxxx" MMC (Cavabdeh firması) ilə torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “İnterservis” Müdiriyyəti arasında yeni icarə müqaviləsinin bağlanılması nəzərdə tutulsa da, yeni müqavilə hazırkı vaxta qədər bağlanılmamışdır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli, 299 nömrəli sərəncamının verilməsi, həmin sərəncama əsasən "xxxx" MMC-nin (Cavabdeh firması) yeni icarə müqaviləsini bağlamalı olması, lakin belə bir müqavilənin bağlanılmaması, tərəflər arasında hazırda icarə münasibətlərinin mövcud olmadığını təsdiq edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəməyə təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 299 nömrəli Sərəncamından görünür ki, məhkəmənin istinad etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 253 nömrəli Sərəncamına dəyişiklik edilmişdir. Beləliklə istinad edilən qanunun tələbinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli Sərəncam hüquqi qüvvəsini itirdiyindən, ondan irəli gələn nəticələr də qüvvədən düşmüş sayılır. Məhkəmə isə işin bu halını obyektiv araşdırmamış və iş üzrə qanuni qərarın qəbul edilməsi üçün bu halın mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, qərar qəbul edərkən işin qeyd edilən halını nəzərə almamışdır. Göründüyü kimi, məhkəmənin hazırda cavabdehlə üçüncü şəxs arasında icarə müqaviləsinin mövcud olmasını iddianın rədd edilməsi üçün səbəblərdən biri kimi qeyd etməsi əsassızdır. Məhkəmənin iddianın rədd edilməsi üçün istinad etdiyi digər bir dəlil (müqavilə bağlamağa məcburetməyə yol verilməməsi) də əsasızıdır. Məhkəmə işin hallarına və Mülki Məcəllənin 390.3-cü maddəsinin məzmununa lazımi diqqət yetirməmiş, nəticədə işin bu halı barəsində səhv qənaətə gəlmişdir. Belə ki, işin hallarından məlumdur ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh firması arasında xx.xx.2007-ci il tarixli, 0786 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Beləliklə, tərəflər arasında qeyd edilən torpaq sahələrinə dair icarə müqaviləsi bağlanılmaqla artıq icarə münasibətləri mövcuddur. Hazırkı mübahisə də məhz icarə müqaviləsinin Bakı Şəhər İcra Hakimiyyəti ilə deyil, qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanılması barədədir. Cavabdehlə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanılmış icarə müqaviləsi artıq mövcud olduğundan, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehdən müqavilənin yerli icra hakimiyyəti orqanı ilə deyil, Xidmətlə bağlanılmasını tələb etməsi onu müqavilə bağlamağa məcburetmə qəbul edilə bilməz. Xidmətin tələbi müqavilə bağlamağa məcburetmə kimi o halda qəbul edilə bilərdi ki, cavabdeh mübahisənin predmeti olan torpaq sahəsindən icarə müqaviləsi olmadan istifadə etmiş olsun. Göründüyü kimi, məhkəmə işin bu halını da obyektiv araşdırmamış, qanunvericiliyi düzgün təfsir və tətbiq etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
9. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
11. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
12. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
13. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
14. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
15. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
16. “Torpaq icarəsi haqqında” AR Qanununun 10-cu maddəsinin ikinci hissəsinə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır.
17. Həmin Qanunun 29-cu maddəsinə əsasən torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır.
18. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 116 nömrəli Fərmanının 2.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirirlər.
19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş, xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmişdir. Fərmanın 4.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə dövlət xidmətinə keçmişdir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
24. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
26. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.
29. xx.xx.2007-ci il tarixli 253 nömrəli Bakı ŞİH başçısının sərəncamında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün X1 təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamına əsasən, X4 boyunca yerləşmiş yarmarkaların köçürülməsinə dair “Yeganə” firmasına (xx.xx.2007-ci il tarixli 01 nömrəli məktub); "xxxx" fırmasına (xx.xx.2007-ci il tarixli 15 nömrəli məktub); Cavabdeh firmasına (xx.xx.2007-ci il tarixli 01 nömrəli məktub) torpaq sahəsi ayrılması nəzərə alınaraq, Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbində ticarət mərkəzlərinin tikintisinin layihələndirilməsi üçün 60 ha torpaq sahəsi icarə əsasında həmin firmaların istifadəsinə verilmişdir.
30. 19 iyul 2007-ci il tarixli 0786 nömrəli Cavabdeh firması ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə görə, Bakı ŞİH başçısının xx.xx.2007-ci il tarixli 253 nömrəli sərəncamı və xx.xx.2007-ci il tarixli 12110 nömrəli İnşaat pasportuna əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanda yerləşən 250000 m2 torpaq sahəsi 49 il müddətə Cavabdeh firmasına icarəyə verilmişdir.
31. xx.xx.2007-ci il tarixli Bakı ŞİH Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən verilmiş 07/744 nömrəli (istifadəyə (icarəyə) verilən torpaq sahəsinin) ayrıc aktına görə, Bakı ŞİH başçısının xx.xx.2007-ci il tarixli 253 nömrəli sərəncamına əsasən, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqində, Bakı-Salyan-Lökbatan yolayrıcının qərbində, 25 ha ərazi ticarət mərkəzinin layihələşdirilməsi və tikintisi üçün Cavabdeh firmasına verilmişdir.
32. 16 avqust 2021-ci il tarixli UNİ/A 202670/21 nömrəli "xxxx" MMC tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış Daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəydə qeyd edilmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanda yerləşən 25 ha torpaq sahəsinin 16 avqust 2021-ci il tarixinə bazar dəyəri 30000000 milyon manat təşkil edir.
33. 13 fevral 2023-cü il tarixli 10707208 nömrəli 13060 manat məbləğində, 13 fevral 2023-cü il tarixli 10707201 nömrəli 8734 manat məbləğində, 13 fevral 2023-cü il tarixli 5100 manat məbləğində, 13 mart 2023-cü il tarixli ********** nömrəli 6528 manat məbləğində, 13 mart 2023-cü il tarixli 15 nömrəli 3000 manat məbləğində, 13 mart 2023cü il tarixli ********** nömrəli 1362 manat məbləğində ödəniş qəbzlərindən görünür ki, Cavabdeh firması ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsi üzrə Cavabdeh firması tərəfindən icarə haqqı ödənilmişdir.
34. Bakı ŞİH başçısının xx.xx.2021-ci il tarixli 299 nömrəli (Bakı ŞİH başçısının xx.xx.2007-ci il tarixli 253 nömrəli, xx.xx.2009-cu il tarixli 497 nömrəli və xx.xx.2012-ci il tarixli 478 nömrəli sərəncamlarının addan-ada keçirilməsi haqqında) sərəncamında qeyd edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2021 -ci il tarixli 33 nömrəli müraciətini və “Yeganə” firmasının xx.xx.2021-ci il tarixli 03 nömrəli, Cavabdeh firmasının xx.xx.2021-ci il tarixli 17 nömrəli razılıq məktublarını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq qərara alınır: 1) Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub-şərqi BakıSalyan-Lökbatan dairəvi yolayrıcının qərbində ticarət mərkəzlərinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında Bakı ŞİH başçısının xx.xx.2007-ci il tarixli 253 nömrəli, xx.xx.2009-cu il tarixli 497 nömrəli və xx.xx.2012-ci il tarixli 478 nömrəli sərəncamları və aparılmış müvafiq sənədləşmə işləri "xxxx" MMC-nin adına rəsmiləşdirilsin; 2) "xxxx" MMC Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı ŞİH nəzdində “İnterservis” Müdiriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını və bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etsin.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddia tələbinin qanuni əsasını MM-in 390.3-cü maddəsi təşkil etmişdir.
36. Mülki Məcəllənin adıçəkilən müddəasının göründüyü kimi müqavilə bağlamaqda azad olan mülki hüquq subyektlərinin müqavilə bağlamağa məcbur edilməsinə, bir qayda olaraq, yol verilmir. Lakin qanunverici bu qaydaya iki istisna müəyyən etmişdir: 1) müqavilə bağlamaq vəzifəsi Mülki Məcəllədə; 2) tərəfin könüllü götürdüyü öhdəlikdə nəzərdə tutulmuş olmalıdır.
37. Hazırkı işdə qeyd olunan hallardan heç biri mövcud deyil.
38. Belə ki, cavabdehin belə bir vəzifəsi Mülki Məcəllədə nəzərdə tutulmamışdır, onun iddiaçı qarşısında eyni öhdəliyi götürməsi də iş materialları ilə təsdiqini tapmır.
39. Bundan əlavə, mübahisəli ünvanda yerləşən torpaq sahəsinin icarəyə verilməsi barədə vaxtilə buna səlahiyyəti olan inzibati orqanla, yəni eyni əmlakla bağlı eyni hüquqi əsasla eyni tərəflər (hüquqi şəxslə dövlət orqanı) arasında müqavilə bağlanmışdır və həmin müqavilə hazırda da qüvvədədir ki, iddiaçı da öz növbəsində sözügedən müqavilənin qanuniliyini mübahisə etmir.
40. Digər tərəfdən, Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
41. İddiaçı iddia tələbinin qanuni əsas kimi istinad etdiyi normativ hüquqi aktlarda onların qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunması nəzərdə tutulmamışdır.
42. “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.
43. Mülki Məcəllənin 7.2-ci maddəsində də göstərilir ki, qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər.
44. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsinin qoyulması ilə bağlı nə müqavilədə, nə də qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Göründüyü kimi, göstərilən normaların da tələbindən belə qənaətə gəlinir ki, sonradan qüvvəyə minmiş və mülki hüquq münasibətlərini tənzimləyən hər hansı normativ-hüquqi aktın müddəalarının geriyə qüvvəsi yalnız həmin aktın özündə retroaktivliyə dair müəyyən olunmuş qaydanın mövcudluğu halında mümkündür.
45. Bakı ŞİH tərəfindən xx.xx.2021-ci il tarixli sərəncamın verilməsi, həmin sərəncama əsasən "xxxx" MMC-nin yeni icarə müqaviləsini bağlamalı olması, lakin belə bir müqavilənin bağlanmaması, xx.xx.2007-ci il tarixli 0786 nömrəli icarə müqaviləsi üzrə tərəflər arasında icarə münasibətlərinin mövcud olmadığına dəlalət etmir.
46. Bakı ŞİH-in xx.xx.2021-ci il tarixli sərəncamı il xx.xx.2007-ci il tarixli 253 nömrəli sərəncama dəyişiklik edilməsi də xx.xx.2007-ci il tarixli 0786 nömrəli icarə müqaviləsinin qüvvədən düşməsi demək deyil.
47. Bundan başqa, ödəniş qəbzlərindən göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh firması arasında icarə münasibətləri hələdə davam edir və dövlət büdcəsinə icarə haqqı ödənilir.
48. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-69/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışovav