Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-754/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2128/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı “X12 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X12 Azərbaycan” QSC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC-dən, Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh3 müştərək (birgə) qaydada Bank qarşısında götürdükləri kredit öhdəliklərini pozduqları üçün - 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240,95 kv.m ümumi, 193,15 kv.m yaşayış, 47,8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evinin Bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci daxil ümumilikdə 18500.84 AZN (iyirmi dörd min üç yüz on yeddi manat 92 qəpik), o cümlədən hərrac xidmətləri 12155.72 manat, sadələşdirilmiş vergi yalnız bağ evinə (tikiliyə görə) 3797.10 manat, sadələşdirilmiş vergi yalnız torpaq sahəsinə görə 360 manat, əldə edilmiş əmlakın X10 (ƏDV) 18% dərəcəsi ilə 2188.02 manat; 0,0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272,76 kv.m ümumi, 141,66 kv.m yaşayış sahədən ibarət olan ünvan 2 ünvanında yerləşən mənzilin Bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci daxil ümumilikdə 12750 AZN (on iki min yeddi yüz əlli yüz on iki manat 10 qəpik), o cümlədən hərrac xidmətləri 10805.08 manat, əldə edilmiş əmlakın X10 (ƏDV) 18% dərəcəsi ilə 1944.92 manat məbləğində vəsaitin, (Banka vurulmuş maddi ziyan) və 217.59 AZN dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2128/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı “X12 Azərbaycan” QSC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(011)-104/2019 qətnaməsi ilə Cavabdeh4 MMC-dən və Cavabdeh3 xx.xx.2013-cü il tarixli, 92304/1 saylı Kredit xətti müqaviləsi üzrə cəmi 340 432.50 959.86 ABŞ dolları (qətnamədə göstərildiyi kimi), ABŞ dolları əsas borc, 27527 ABŞ dolları faiz, 2752 ABŞ dolları cərimə borcunun, cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə 29 avqust 2014-cü il tarixli, 92304/3 saylı kredit müqaviləsi üzrə 526587.39 manat əsas, 40005.10 manat faiz, 4000 manat cərimə borcunun bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borc dəyərində bankın xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-652/2020 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-105/2019 saylı, 15 mart 2019-cu il tarixli qətnaməsini ləğv edilmiş və iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh4 MMC-dən və Cavabdeh3 22 fevral 2013-cü il tarixli, 92304/1 saylı Kredit Xətti Müqaviləsinin 17 sentyabr 2014-cü il tarixli 10 nömrəli Kredit Sazişi Müqaviləsi üzrə əsas borc üzrə 116.018,15 ABŞ dolları, faiz borcu üzrə 2.568,73 ABŞ dolları, cərimə borcu üzrə 66,99 ABŞ dolları olmaqla, ümumilikdə 118.653,87 ABŞ dolları, 04 dekabr 2014-cü il tarixli 11 nömrəli Kredit Sazişi Müqaviləsi üzrə 65 580 manat əsas, 3333,65 ABŞ dolları faiz və 378,94 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 69.292,59 ABŞ dolları, 19 dekabr 2014-cü il tarixli 12 nömrəli Kredit Sazişi Müqaviləsi üzrə 168.200 ABŞ dolları əsas, 10512, 50 ABŞ dolları faiz, 1576,87 ABŞ dolları cərimə olmaqla, 180.289,37 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatı ifadəsində) habelə cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh3, X6 və Qanuni nümayəndə 29 avqust 2014-cü il tarixli, 92304/3 saylı Kredit müqaviləsi üzrə 508.834,73 manat əsas, 165.508,43 manat faiz, 14.824,92 manat cərimə olmaqla, cəmi 689.168,08 manatın iddiaçı “X12 Azərbaycan” QSC-nın xeyrinə tutulması, tutmanın ipoteka (girov) qoyulmuş əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və əldə ediləcək vəsait hesabına kredit borcları ödənilməsi, X2 məxsus olan 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240.95 kv.m ümumi, 193.15 kv.m yaşayış, 47.8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evi, ilkin satış (likvid) qiyməti 450.000 manat, X3 məxsus olan 0.02063 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 245.3 kv.m ümumi sahədən ibarət olan ünvan 4 ünvanında yerləşən əmlak kompleksi, ilkin satış (likvid) qiyməti 530.000 manat, X1 məxsus olan 0.0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272.76 kv.m ümumi, 141.66 kv.m yaşayış sahədən ibarət olan ünvan 2 ünvanında yerləşən mənzil, ilkin satış (likvid) qiyməti 400.000 manat müəyyən edilməklə iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-2502/2021 saylı qərarı ilə Cavabdeh3 tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-652/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirmədən saxlanılmışdır. Həmin qətnamə icraya yönəldilmiş və və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac prosesində keçmiş mülkiyyətçi X2 məxsus olmuş (22 fevral 2013-cü tarixli İpoteka müqaviləsi) 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240,95 kv.m ümumi, 193,15 kv.m yaşayış, 47,8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evi satılmadığı üçün yekun olaraq Banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak hərracın nəticələri barədə 18 may 2023-cü il tarixli, 130/23 saylı yekun protokola əsasən 286.875 manat vəsaitə "xxxx" QSC tərəfindən əldə edilmişdir/alınmışdır. Keçirilən digər hərrac prosesində keçmiş mülkiyyətçi X1 məxsus olmuş (27 sentyabr 2014-cü il tarixli İpoteka müqaviləsi) 0,0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272,76 kv.m ümumi, 141,66 kv.m yaşayış sahədən ibarət olan ünvan 2 ünvanında yerləşən mənzildə satılmadığı üçün yekun olaraq Banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak hərracın nəticələri barədə 09 iyun 2023-cü il tarixli, 97 saylı yekun protokola və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 09 iyun 2023-cü tarixli müqaviləyə əsasən 255.000 manat vəsaitə “X12 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir/alınmışdır. İddiaçı bildirir ki, ünvan 1 ünvanında yerləşən bağ evinin bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci ümumilikdə 24317.92 manat, o cümlədən hərrac xidmətləri 12155.78 manat, sadələşdirilmiş vergi yalnız bağ evinə (tikiliyə görə) 3797.10 manat, sadələşdirilmiş vergi yalnız torpaq sahəsinə görə 360 manat, əldə edilmiş əmlakın X10 (ƏDV) 18% dərəcəsi ilə 4765.04 manat məbləğində vəsait ödənişi (Banka vurulmuş maddi ziyan) bank tərəfindən həyata keçirmişdir (ödənilmişdir). Həmçinin, ünvan 2 ünvanında yerləşən mənzilin bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci, ümumilikdə 18 212.10 manat, o cümlədən hərrac xidmətləri 10805.08 manat, əldə edilmiş əmlakın X10 (ƏDV) 18% dərəcəsi ilə 1944.92 manat məbləğində vəsait ödənişi (Banka vurulmuş maddi ziyan) bank tərəfindən həyata keçirmişdir (ödənilmişdir). Hazırda “X12 Azərbaycan” QSC cavabdehlər Cavabdeh4 MMC, Qanuni nümayəndə, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia qaldıraraq, həmin məbləğlərə görə dəymiş maddi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, həmin tələbə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 74.1-ci maddəsinə əsasən icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. Həmin Qanunun 74.2-ci maddəsinə əsasən bütün tələblər təmin olunduqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği borcluya qaytarılır. Həmin Qanunun 74.3-cü maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Həmin Qanunun 81.4-cü maddəsinə əsasən icra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə, ipoteka saxlayanın tələbi tam həcmdə təmin edilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1 ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2 bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3-cü maddəsinə əsasən sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4-cü maddəsinə əsasən bu Qanunun 47.2.1-47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. “İcra haqqında” Qanunun qeyd olunan müddəalarından müəyyən edilir ki, borclunun əmlakının satılması ilə bağlı xərclər icra xərclərinə aiddir. Eyni zamanda, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Həmin Qanunun müddəalarından isə müəyyən edilir ki, ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra müəyyən olunan qaydada bölüşdürülür və həmin gəlir hesabına ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərin ödənilməsi də daxildir. Eyni zamanda, həmin məsələni icra məmuru həll edir, yalnız ipoteka saxlayanın bütün tələbləri təmin olunduqdan sonra “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdə icra ödənişi ödənilir və bütün bu ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri ilə bağlı kollegiya qeyd edir ki, bu məsələ yalnız Mülki Məcəllənin 319.5-ci maddəsində göstərilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Bununla yanaşı, “İcra haqqında” Qanunun 79.1-ci maddəsində müəyyən edilib ki, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin Qanunun 79.2.1-ci maddəsində isə göstərilmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4-cü maddəsində “ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar digər xərclər” ifadəsindən istifadə olunmuşdur. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri, habelə hərracın qalibinin əldə etdiyi əmlakla bağlı digər xərclər (vergilər və s.) icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərə aiddir. Eyni zamanda, ipoteka saxlayanın “İpoteka haqqında” Qanunun 43.7 və 43.7-1-ci maddələrinə əsasən ipoteka predmetini əldə etdiyi zaman çəkdiyi xərclər də həmin xərclərə aiddir. Belə ki, həmin xərclər bilavasitə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərdir. “İcra haqqında” Qanunun 47.2-ci maddəsindən isə müəyyən edilir ki, bu xərclərin müəyyən edilərək ipoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi, habelə ipoteka predmetini ipoteka saxlayan əldə etdiyi zaman nəzərə alınması icra məmurunun səlahiyyətinə aiddir. Bu baxımdan kollegiya hesab edir ki, hazırki mübahisənin predmetini təşkil edən hərrac xərclərinin və əldə edilmiş əmlakla bağlı digər xərclərin (vergilərin) icra işi üzrə borclulardan tutulması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, bu səbəbə görə apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “X12 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2128/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, hazırki iddia ərizəsində irəli sürdüyü tələblər icra mərhələsində həll olunan məsələlərə aid olduğuna görə istinad etdiyi qətnamənin icrasını həyata keçirən icra məmuruna müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Ziya Şirinov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-754/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-754/2024
10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver