Məhkəmə qərarları › İş №2-2(103)-755/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-755/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-755/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 may tarixli e-2-2(113)- 1392/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli HX serialı 002/1218 saylı xidmət müqaviləsi üzrə 30.039,02 (otuz min otuz doqquz, 02) manat borcun, 3.504,55 (üç min beş yüz dörd, 55) manat ödəməni gecikdirdiyi 2 il 5 ay üçün borcun illik 5 faizini, xx.xx.2019-cu il tarixli Hİ serialı 026/0419 saylı icarə müqaviləsi üzrə 12.810,79 (on iki min səkkiz yüz on, 79) manat borcun və 2.135,12 (iki min bir yüz otuz beş, 12) manat ödəməni gecikdirdiyi 3 il 4 ay üçün borcun illik 5 faizini, 4.000 (dörd min) manat vəkil pulunu, ümumilikdə 52.489,48 (əlli iki min dörd yüz qırx doqquz, 48) manat pulun və 247 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" məhdud məsliyyətli cəmiyyəti ilə Cavabdeh arasında HX 002/1218 saylı, xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçinin tapşırığı əsasında icraçı, sifarişçinin icrasını həyata keçirdiyi “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmərtəbəli yaşayış kompleksinin sahədaxili və sahə xarici sukanalizasiya təminatı işləri” layihəsi çərçivəsində su anbarlarının tikintisi ilə bağlı katlavan qazma işlərində bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən işləri yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən bu müqavilənin qiyməti faktiki görülmüş işlərin aktların (Forma - 2, Forma – 3) cəmi əsasında ödənilir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən qruntun növünün müəyyən olunması barədə tərəflər arasında akt tərtib olunur və tərəflərin qanuni təmsilçiləri tərəfindən təsdiqlənir. Qruntun növü müəyyən olunduqdan sonra faktiki görülmüş işlərin aktları (Forma – 2, Forma – 3) hazırlanır. Faktiki görülmüş işlərin aktları (Forma – 2, Forma – 3) sifarişçi tərəfindən təsdiq olunduqdan sonra sifarişçi icraçıya ödəniş edir. Hazırda iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırır. Belə ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixli HX serialı 002/1218 saylı xidmət müqaviləsi üzrə 30.039,02 (otuz min otuz doqquz, 02) manat borc ödənilməmişdir. Eyni zamanda "xxxx" məhdud məsliyyətli cəmiyyəti ilə Cavabdeh arasında Hİ 026/0419 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti ondan ibarət olmuşdur ki, icarəyə verən ona məxsus ekskavatoru icarə məqsədi ilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən texnika üçün nəzərdə tutulan aylıq icarə haqqı ƏDV daxil 4.720 (dörd min yeddi yüz iyirmi) manat təşkil edir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən təhvil təslim aktı təsdiq olunduqdan sonra 5 (beş) iş günü ərzində icarəyə verən icarəçiyə hesab faktura təqdim edir. İcarəçi hesab fakturanı qəbul etdikdən sonra 30 (otuz) iş günü ərzində bank köçürmə yolu ilə icarəyə verənə ödəniş edir. Həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi icra etməsinə baxmayaraq cavabdeh şirkət üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırır. Belə ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2019-cu il tarixli Hİ serialı 026/0419 saylı icarə müqaviləsi üzrə 12.810,79 (on iki min səkkiz yüz on, 79) manat borc ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçının səyləri nəticəsiz olmuş və bu səbəbdən iddiaçı həmin borcun cavabdehdən alınaraq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin HX serialı 002/1218 saylı, xx.xx.2018-ci il tarixli xidməti müqaviləsi üzrə xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək ödəməni gecikdirdiyi 2 il 5 ay üçün 30.039,02 manat borcun illik 5 faizi (30.039,02 manatın 1 % = 300,39 manat x 5% = 1501,95 manat x 2 ilə = 3.003,90 + 5 ay (500,65)) 3.504,55 (üç min beş yüz dörd, 55) manat təşkil edir. Hİ 026/0419 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək ödəməni gecikdirdiyi 3 il 4 ay üçün 12.810,79 manat borcun illik 5 faizi (12.810,79 manatın 1 % = 128,10 manat x 5% = 640,53 x 3 ilə = 1921,61 manat + 4 ay (213,51)) 2.135,12 (iki min bir yüz otuz beş,12) manat təşkil edir. Bundan əlavə iddiaçı öz hüquqlarını məhkəmədə müdafiə etmək məqsədi ilə “Faiq Nağıyev və Partnyorları” vəkil bürosu ilə hüquqi yardım göstərilməsi üçün müqavilə bağlamış və həmin müqaviləyə əsasən 4.000 (dörd min) manat büroya vəsait ödəmişdir. Həmin məbləğ də cavabdeh şirkətdən tutularaq iddiaçıya ödənilməlidir.

3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli HX serialı 002/1218 saylı xidməti müqaviləsi üzrə 30.039,02 (otuz min otuz doqquz, 02) manat borcun, 3.504,55 (üç min beş yüz dörd, 55) manat ödəməni gecikdirdiyi 2 il 5 ay üçün borcun illik 5 faizini, xx.xx.2019-cu il tarixli Hİ serialı 026/0419 saylı icarə müqaviləsi üzrə 12.810,79 (on iki min səkkiz yüz on, 79) manat borcun və 1.547,94 (bir min beş yüz qırx yeddi, 12) manat ödəməni gecikdirdiyi 2 il 5 ay üçün borcun illik 5 faizini, 4.000 (dörd min) manat vəkil pulunun, ümumilikdə 51.902,3 (əlli bir min doqquz yüz iki, 30) manat pulun və 247 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli HX002/1218 saylı xidməti müqaviləsi üzrə 30.039,02 manat borcun, 3.504,55 manat faiz borcun xx.xx.2019-cu il tarixli Hİ 026/0419 saylı icarə müqaviləsi üzrə 12.810,79 manat borcun və 2.135,12 faiz borcun, həmçinin 4.000 manat vəkil pulunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı səbəblərə görə həmin iddia tələbi rədd olunmalıdır: iddia tələbi əsassız olmaqla yanaşı, həmçinin iddiaçı iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan iş materiallarından da göründüyü kimi: HX002/1218 saylı xidməti müqaviləsi xx.xx.2018-ci il tarixdə imzalanmış, müqavilə üzrə son ödəniş isə xx.xx.2019-cu il tarixdə cavahdeh tərəfindən həyata keçirilmişdir, Hİ 026/0419 saylı icarə müqaviləsi xx.xx.2019-cu il tarixdə imzalanmış və cavahdeh tərəfindən sözügedən müqavilə üzrə son ödəniş xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 may tarixli e-2-2(113)-1392/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

6. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1392/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 380-cı maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Qanunvericiliyin bu norması onu deməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə göndərildiyi xx.xx.2020-ci il tarixli, elektron hesab fakturaların cavabdeh tərəfindən qəbul edilməsi, sonuncunun həmin yaranmış borcun etiraf etməsini göstərən hərəkət kimi qəbul edilməlidir. Belə ki, iddiaçı "xxxx"MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə daha sonra iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli HX serialı 002/1218 saylı xidməti müqaviləsi üzrə 30.039,02 (otuz min otuz doqquz, 02) manat borcun, 3.504,55 (üç min beş yüz dörd, 55) manat ödəməni gecikdirdiyi 2 il 5 ay üçün borcun illik 5 faizini, xx.xx.2019-cu il tarixli Hİ serialı 026/0419 saylı icarə müqaviləsi üzrə 12.810,79 (on iki min səkkiz yüz on, 79) manat borcun və 1.547,94 (bir min beş yüz qırx yeddi, 12) manat ödəməni gecikdirdiyi 2 il 5 ay üçün borcun illik 5 faizini, 4.000 (dörd min) manat vəkil pulunun, ümumilikdə 51.902,3 (əlli bir min doqquz yüz iki, 30) manat pulun və 247 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərkən iddia müddətinin axımının kəsilməsinə səbəb olan cavabdehin etirafını nəzərə almamaqla qanunvericiliyin bununla bağlı hüquqi normasının tələblərinə qarşı çıxmışdır. İddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanılmış hər iki müqavilənin müddəti 2019-cu ilin dekabr ayının sonuna təsadüf edir. Belə ki, xx.xx.2018-ci il tarixli, HX 002/1218 saylı xidmət müqaviləsinin 14.5-ci bəndinə əsasən, müqavilənin hüquqi qüvvədə qalma müddəti xx.xx.2019-cu ilə qədərdir. Bu müqavilə üzrə üç illik xx.xx.2019-cu ilə qədərdir. Bu müqavilə üzrə üç illik iddia müddəti qanunun tələblərinə əsasən xx.xx.2022-ci ilə qədər müəyyən olunmuşdur. Eyni zamanda, xx.xx.2019-cu il tarixli Hİ serialı 026/0419 saylı icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən icarə müddəti: xx.xx.2019-cu ilə qədər göstərilmişdir. Bununla da, həmin müqavilə üzrə üç illik iddia müddəti qanunvericiliyin normasına əasən xx.xx.2022-ci ilə qədər müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi, müqavilələr üzrə sonuncu ödənişlər 2019-cu ilin avqust və sentyabr aylarında olduğunu və iddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət olunduğunu əsas gətirərək hesab etmişdir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür, lakin, qeyd olunan sonuncu ödənişlərdən sonra, iddiaçı tərəfindən cavabdehə göndərildiyi xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi əsasında göstərilmiş xidmətlərə görə 416670 №-li və xx.xx.2019cu il tarixli icarə müqaviləsi əsasında icarə haqqına görə 416161 №-li, xx.xx.2020-ci il tarixli elektron hesab fakturalarını cavabdeh tərəfindən qəbul edilməsinı məhkəmə nəzərdən qaçırmışdır. Həmin hesab fakturaları cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul etməsi və bu günə kimi ləğv etməməsi və ya həmin borcun olmamasına dair etiraz etməməsi borcun etiraf edilməsi anlamına gətirir. Belə olan halda, iddia müddətinin axımı 2020-ci ilin 15 iyulunda kəsilmiş və 30 günlük fasilədən sonra, xx.xx.2020-ci il tarixdən iddia müddəti başlanaraq fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmədən xx.xx.2023-cü il tarixə qədər davam edir. Bu səbəbdən hesab edirlər ki, iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmədiyindən Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1392/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsassız olduğundan ləğv edilməli və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçı noyabr ayında ilkin mediasiya sessiyasında iştirak etsə də, onun tamamlanmasına dair arayışı mediasiya təşkilatından 2023-cü ilin yanvarın əvvəlində götürüb. Həmin dövrdə məlumatsızlığa görə mediasiyanın yekunlaşmasını gözləmişlər. Belə olan halda, qanuna görə həmin arayışı tərəfə poçt vasitəsilə göndərmək mediatorun vəzifəsi olub. İş materiallarında arayışın iddiaçıya daha əvvəl verildiyini təsdiq edə sübut yoxdur. Belə olan halda, mediasiyanın başlamasından arayışı aldığımız vaxtadək olan müddətdə iddia müddətinin axımı dayanmış hesab olunmalı idi.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, tələbləri cavabdehdən xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi üzrə 30.039,02 manat borcun, 3.504,55 manat ödəməni gecikdirdiyi 2 il 5 ay üçün borcun illik 5 faizini, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə 12.810,79 manat borcun və 1.547,94 manat ödəməni gecikdirdiyi 2 il 5 ay üçün borcun illik 5 faizini təşkil edir. Lakin birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməmişdir. Qətnamədə qeyd olunmuşdur ki, maliyyə arayışlarına əsasən xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə xx.xx.2019-cu il tarixində sonuncu ödəniş olmuşdur. Belə olan halda isə məhkəmə iddiaçı tərəfindən xx.xx.2023 tarixində məhkəməyə müraciət olunduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia ərizəsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə verildiyindən hazırki iş üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Lakin, tərəflər arasında bağlanılmış hər iki müqavilənin müddəti 2019-cu il dekabr ayının sonuna təsadüf edir, bu da öz növbəsində 3 illik iddia müddətinin 2022-ci il tamam olduğunu göstərir. Həmçinin, xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi əsasında icarə haqqına görə xx.xx.2020-ci il tarixli elektron hesab fakturalarını cavabdeh tərəfindən qəbul edilməsini məhkəmə nəzərdən qaçırmışdır. Həmin hesab fakturaları cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul etməsi və bu günə kimi ləğv etməməsi və ya həmin borcun olmasına etiraz etməməsi borcun etiraf edilməsi anlamına gətirir. Suallara cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, tərəflərindən 23 noyabr 2022-ci il tarixdə mediasiyaya müraciət edilmişdir, lakin cavabdeh tərəf hər dəfə bildirirdi ki, gəlib hissə-hissə ödənilmə ilə bağlı barışıq sazişi bağlayacaqlar, bu səbəbdən fevral ayında məhkəməyə müraciət etməli oldular. Cavabdeh 2018-ci il tarixli xidmət müqaviləsi üzrə 4000 manat ödəniş etmişdir. Tərəflərindən göndərilmiş iki elektron qaiməni cavabdeh qəbul etmişdir.

10. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

16. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

17. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

19. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

20. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

21. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

22. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

23. Həmin Məcəllənin 445.1 maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

24. Həmin Məcəllənin 445.7 maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.

26. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir.

27. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

28. Həmin Qaydaların 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

29. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

30. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

32. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

33. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

36. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 02 aprel 2019-cu il tarixli Hİ 026/0419 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus ekskavatoru icarə məqsədi ilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. 1.2 bənddə icarə müddəti xx.xx.2019-cu il tarixədək qeyd edilmişdir.

37. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən texnika üçün nəzərdə tutulan aylıq (aylıq 28 gün) icarə haqqı ƏDV daxil 4.720 (dörd min yeddi yüz iyirmi) manat təşkil edir.

38. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən təhvil təslim aktı təsdiq olunduqdan sonra 5 (beş) iş günü ərzində icarəyə verən icarəçiyə hesab faktura təqdim edir. İcarəçi hesab fakturanı qəbul etdikdən sonra 30 (otuz) iş günü ərzində bank köçürmə yolu ilə icarəyə verənə ödəniş edir.

39. İddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli HX 002/1218 nömrəli xidmət müqaviləsinə əsasən sifarişçinin tapşırığı əsasında icraçı, sifarişçinin icrasını həyata keçirdiyi “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmərtəbəli yaşayış kompleksinin sahədaxili və sahə xarici sukanalizasiya təminatı işləri” layihəsi çərçivəsində su anbarlarının tikintisi ilə bağlı katlavan qazma işlərində bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən işləri yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürür.

40. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilənin qiyməti faktiki görülmüş işlərin aktların (Forma -2, Forma – 3) cəmi əsasında ödənilir.

41. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən qruntun növünün müəyyən olunması barədə tərəflər arasında akt tərtib olunur və tərəflərin qanuni təmsilçiləri tərəfindən təsdiqlənir. Qruntun növü müəyyən olunduqdan sonra faktiki görülmüş işlərin aktları (Forma – 2, Forma – 3) hazırlanır. Faktiki görülmüş işlərin aktları (Forma – 2, Forma – 3) sifarişçi tərəfindən təsdiq olunduqdan sonra sifarişçi icraçıya ödəniş edir.

42. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir.

43. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən təhvil təslim aktı icraçının sifarişçidən ödəniş tələb etməsi üçün əsas sənəddir.

44. "xxxx" MMC tərəfindən tərtib edilmiş HX 002/1218 nömrəli müqavilə üzrə xx.xx.2019-xx.xx.2019 tarixlərini əhatə edən xx.xx.2019 tarixli Forma-3 sənədinə əsasən cəmi 7.099,59 manat ödəniş müəyyən edilmiş "xxxx" MMC tərəfindən təsdiq edilmişdir.

45. xx.xx.2019 il tarixli Forma-2 sənədində 7.099,59 manat ödəniləcək məbləğ qeyd edilmiş, "xxxx" MMC tərəfindən təsdiq edilmişdir.

46. İB seriyalı 816966 nömrəli xx.xx.2019 tarixli elektron vergi hesab fakturasına əsasən 7099,59 manat məbləğində göstərilmiş xidmətlər "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

47. "xxxx" MMC tərəfindən tərtib edilmiş HX 002/1218 nömrəli müqavilə üzrə xx.xx.2019-xx.xx.2019 tarixlərini əhatə edən xx.xx.2019 tarixli Forma-3 sənədinə əsasən cəmi 12.840,21 manat ödəniş müəyyən edilmiş, akt "xxxx" MMC tərəfindən təsdiq edilmişdir.

48. xx.xx.2019 il tarixli Forma-2 sənədində 12.840,21 manat manat ödəniləcək məbləğ qeyd edilmiş, sənəd "xxxx" MMC tərəfindən təsdiq edilmişdir.

49. İB seriyalı 797972 nömrəli xx.xx.2019 tarixli elektron vergi hesab fakturasına əsasən 12.840,21 manat məbləğində göstərilmiş xidmətlər "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

50. İD seriyalı 157183 nömrəli xx.xx.2019 tarixli elektron vergi hesab fakturasına əsasən 19.739,51 manat məbləğində göstərilmiş xidmətlər "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Hesab-faktura "xxxx" MMC tərəfindən təqdim edilmişdir.

51. EBAM seriyalı 416670 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 15.019,51 manat məbləğində göstərilmiş xidmətlər "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Hesab-faktura "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.

52. xx.xx.2019 tarixli Hİ 026/0419 saylı müqavilə üzrə tərtib edilmiş İD seriyalı 157182 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 9.440 manat, xx.xx.2020ci il tarixli 416161 saylı elektron qaiməyə əsasən 12.810,79 manat, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

53. Cavabdeh MMC-yə məxsus xx.xx.2019 tarixli aktda "xxxx" MMC-yə məxsus ekskavatorun xx.xx.2019 tarixindən- xx.xx.2019 tarixinədək, Cavabdeh MMC-yə məxsus xx.xx.2019 tarixli aktda "xxxx" MMC-yə məxsus ekskavatorun xx.xx.2019 tarixindənxx.xx.2019 tarixinədək, Cavabdeh MMC-yə məxsus xx.xx.2019 tarixli aktda "xxxx" MMCyə məxsus ekskavatorun xx.xx.2019 tarixindən xx.xx.2019 tarixinədək, Cavabdeh MMC-yə məxsus xx.xx.2019 tarixli aktda "xxxx" MMC-yə məxsus ekskavatorun xx.xx.2019 tarixindən-xx.xx.2019 tarixinədək iş günü olması qeyd edilmiş, aktlar Əliyev Rza (iş icraçısı), Nümayəndə (texniki şöbə rəisi), Abdiyev Ramiz (nümayəndə) qeyd edilməklə imzalanmış, "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.

54. "xxxx" MMC-yə məxsus bank hesabından çıxarışdan məlum olur ki, Cavabdeh MMC tərəfindən ayrı-ayrı tarixlərdə hesaba mədaxil olmuşdur.

55. "xxxx" MMC tərəfindən tərtib edilmiş 28 oktyabr 2022-ci il tarixli maliyyə arayışından xx.xx.2018-cu il tarixli HX 002/1218 saylı icarə müqaviləsi üzrə 19.739,51 manat dəyərində xx.xx.2019-cu il tarixli İD 157183 nömrəli elektron qaimə üzrə xx.xx.2019-cu il tarixində 4000 manat, xx.xx.2019-cu il tarixdə 720 manat depozit ödənişi edildiyi, həmin qaimə üzrə 15019,51 manat borcun, EBAM 416670 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 15019,51 manat borcun, cəmi Cavabdeh MMC-nin 30.039,02 manat məbləğində borcunun olması görünür.

56. "xxxx" MMC tərəfindən tərtib edilmiş 28 oktyabr 2022-ci il tarixli maliyyə arayışında xx.xx.2019-cu il tarixli Hİ 026/0419 saylı icarə müqaviləsi üzrə Cavabdeh MMCnin 12.810,79 manat məbləğində borcunun olması qeyd edilmişdir.

57. Göründüyü kimi, tərəflər arasında icarə və xidmət müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilələrdən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

58. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

59. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

60. İşin müəyyən edilmiş hallarından, o cümlədən icarə müqaviləsinin 4.3-cü bəndindən göründüyü kimi tərəflər arasında işlərin təhvil-təslimi hesab faktura və elektron qaimə göndərilməsi ilə, bununla yanaşı xidmət müqaviləsinə əsasən xidmətin göstərilməsi təhvil-təslim aktının imzalanması ilə müəyyən edilsə də, tərəflər arasında işgüzar adətlərə görə elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.

61. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi tərəfindən etdikləri ödənişlərin digər sənədlər əsasında aparılmasını dair hər hansı sübut təqdim edilməmişdir.

62. xx.xx.2019-cu il tarixli Hİ serialı 026/0419 saylı icarə müqaviləsi üzrə tərtib edilmiş EBAM seriyalı 416161 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 12.810,79 manat və xx.xx.2018-ci il tarixli HX serialı 002/1218 saylı xidmət müqaviləsi üzrə tərtib edilmiş EBAM seriyalı 416670 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 15.019,51 manat məbləğində göstərilmiş xidmətlər "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

63. Həmin elektron qaimə-fakturalar faktiki olaraq cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir (düzəliş edilməmiş və ya ləğv edilməmişdir).

64. Cavabdehin EBAM seriyalı 416161 nömrəli xx.xx.2020 tarixli Hİ 026/0419 saylı müqavilə üzrə tərtib edilmiş elektron qaiməyə əsasən 12.810,79 manat, EBAM seriyalı 416670 nömrəli xx.xx.2020 tarixli HX002/1218 saylı müqavilə üzrə tərtib edilmiş elektron qaiməyə əsasən 15.019,51 manat məbləğində işlərin görülməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə işlərin görülməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi və ya düzəliş edilməsi ilə bağlı müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, həmin müqavilələrə əsasən xidmət müqaviləsi üzrə 15.019,51 manat və icarə müqaviləsi üzrə 12.810,79 manat dəyərində görülmüş işlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

65. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir.

66. Mülki Məcəllənin 380-ci maddəsinin mənasına görə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur.

67. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır.

68. 2018-ci il 28 noyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına əsasən, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

69. Göründüyü kimi, qeyd olunmuş Qərarda borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətlərə aydınlıq gətirilmişdir ki, bu siyahı “digər mühüm hallar” ilə tamamlanmışdır.

70. İddiaçı tərəfindən cavabdehə göndərildiyi EBAM seriyalı 416161 nömrəli xx.xx.2020 tarixli Hİ 026/0419 saylı müqavilə üzrə tərtib edilmiş elektron qaimə və EBAM seriyalı 416670 nömrəli xx.xx.2020 tarixli HX002/1218 saylı müqavilə üzrə tərtib edilmiş elektron qaimənin cavabdehin qəbul edilərək təsdiq etməsi, sonuncunun həmin yaranmış borcun etiraf etməsini göstərən hərəkət kimi qəbul edilməlidir. Odur ki, həmin məbləğlərin tələb edilməsinə dair iddia müddəti ötürülməmişdir.

71. Beləliklə, cavabdehin EBAM seriyalı 416161 nömrəli xx.xx.2020 tarixli Hİ 026/0419 saylı müqavilə üzrə tərtib edilmiş elektron qaiməyə əsasən 12.810,79 manat, EBAM seriyalı 416670 nömrəli xx.xx.2020 tarixli HX002/1218 saylı müqavilə üzrə tərtib edilmiş elektron qaiməyə əsasən 15.019,51 manat məbləğində iddiaçıya borcu yaranmış, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

72. İddia tələbindən göründüyü kimi 2019 və 2020-ci il tarixli elektron qaimələr üzrə yaranmış borcun ödənilməsi xahiş edir.

73. İD seriyalı 157183 nömrəli xx.xx.2019 tarixli elektron qaimə üzrə tələb olunan məbləğ üzrə göstərilmiş xidmətlərə görə 19.739,51 manat məbləğindən "xxxx" MMC tərəfindən xx.xx.2019-cu ildə 4000 manat və xx.xx.2019-cu il tarixdə 720 manat depozit ödənişi həyata keçirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixinə qədər məhkəməyə müraciət etməli olduğu halda, müddət ötürülməklə iddiaçı tərəfindən xx.xx.2023 tarixində məhkəməyə müraciət olunmuşdur.

74. Odur ki, HX002/1218 saylı xx.xx.2018-ci il tarixli xidməti müqaviləsi üzrə İD seriyalı 157183 nömrəli xx.xx.2019 tarixli elektron qaimə üzrə tələb olunan məbləğə aid hissədə iddia rədd edilməlidir.

75. Beləliklə kollegiya hesab edir ki, xx.xx.2018-ci il tarixli HX serialı 002/1218 saylı xidməti müqaviləsi üzrə tələb olunan 30.039,02 manat məbləğin 15019,51 manat məbləği təmin edilməli, qalan hissədə iddia müddətinin ötürülməsi əsası ilə idda tələbi təmin edilməməli, xx.xx.2019-cu il tarixli Hİ serialı 026/0419 saylı icarə müqaviləsi üzrə tələb olunan 12.810,79 manat məbləğə dair hissədə də iddia tələbi təmin edilməlidir.

76. Məhkəmə kollegiyası iddiaçının tələbinin xx.xx.2018-ci il tarixli HX serialı 002/1218 saylı xidməti müqaviləsi üzrə 3.504,55 (üç min beş yüz dörd, 55) manat ödəməni gecikdirdiyi 2 il 5 ay üçün borcun illik 5 faizini, xx.xx.2019-cu il tarixli Hİ serialı 026/0419 saylı icarə müqaviləsi üzrə 1.547,94 (bir min beş yüz qırx yeddi, 12) manat ödəməni gecikdirdiyi 2 il 5 ay üçün borcun illik 5 faizini, tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbini Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsaslandırmışdır.

77. Mülki Məcəllənin həmin maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

78. Həmin maddədə illik beş faiz məbləğin hesablanması imperativ qaydada müəyyənləşdirilmişdir.

79. Məhkəmə kollegiyası hesab edir ki, faiz tələbi qismən təmin edilərək cavabdehin iddiaçı qarşısında pul öhdəliyini tam icra etmək vəzifəsinin yarandığı tarixdən iddiaçının iddia ərizəsində öhdəliyin icrasının gecikdirilməsinə görə faiz hesabladığı tarixədək 2 il 5 ay (29 ay) üçün illik 5 faizlə cavabdehdən xx.xx.2018-ci il tarixli HX serialı 002/1218 saylı xidməti müqaviləsi üzrə 1814,85 AZN (15.019,51 AZN x 5 % = 750,97 / 12 ay x 29 ay (gecikdirilmiş müddət) = 1814.85 AZN) və xx.xx.2019-cu il tarixli Hİ serialı 026/0419 saylı icarə müqaviləsi üzrə 1547,94 AZN (12.810,79 AZN x 5 % = 640,53 / 12 ay x 29 ay (gecikdirilmiş müddət) = 1547.94 AZN) pul tutulmalıdır.

80. Bundan başqa, iddiaçı 4000 manat vəkilə çəkilmiş xərcin tutulmasını xahiş etmişdir.

81. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

82. "xxxx" MMC-“ müraciət edən”/”hüquqi yardım göstərilən şəxs”, Vəkil olmaqla imzalanmış 30 yanvar 2023 tarixli hüquqi yardımın göstərilməsi haqqında 047 nömrəli müqaviləyə əsasən 4.000 manat hüquqi yardım haqqı tərəflər arasında razılaşdırılmışdır.

83. EBCN seriyalı 832320 nömrəli xx.xx.2023 tarixli elektron qaiməyə əsasən “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosu "xxxx" MMC-yə hüquqi şəxsin hüquqlarının müdafiəsi ilə bağlı 4.000 manat ödənilməsi üçün təqdim etmişdir.

84. Məhkəmə kollegiyası MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 2000 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

85. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

86. Odur ki, hazırkı qətnamə ilə qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 165 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 83 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

87. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 may tarixli e-2-2(113)-1392/2023 saylı qətnaməsi ləğv olunmalı, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli HX serialı 002/1218 saylı xidməti müqaviləsi üzrə 15.019,51 manat borc, 1814,85 manat faiz borcu, xx.xx.2019-cu il tarixli Hİ serialı 026/0419 saylı icarə müqaviləsi üzrə 12.810,79 manat borc və 1.547,94 manat faiz borcu, 2000 manat vəkil pulu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 165 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 83 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

88. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 may tarixli e-2-2(113)-1392/2023 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli HX serialı 002/1218 saylı xidməti müqaviləsi üzrə 15.019,51 manat borc, 1814,85 manat faiz borcu, xx.xx.2019-cu il tarixli Hİ serialı 026/0419 saylı icarə müqaviləsi üzrə 12.810,79 manat borc və 1.547,94 manat faiz borcu, 2000 manat vəkil pulu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 165 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 83 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar