Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-755/2025 04.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4486/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32,7 kv.m olan 49 saylı mənzilə vurulmuş ziyanın əvəzi olaraq 9089,85 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4486/2025 saylı qərardadı ilə iddia ərizəsi, ərizəyə əlavə edilmiş sənədlər və ödənilmiş 111,60 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayətlə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)- 4486/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəlcə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 32.7 kv.m olan 49 saylı mənzilə vurulmuş ziyanın əvəzi olaraq 9089,85 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsi işi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh də iştirak etmiş, məhkəmə iclasında hakim sənədlərin poçt və ya əl ilə ona çatdırılmasını tələb etmiş, cavabdehin telefon nömrəsini ona verilmiş və iddia ərizəsi geri qaytarılmışdır. Bundan sonra tərəf rəsmi qaydada pretenziyanı, iddia ərizəsini və ona aid sənədləri cavabdehə çatdırmış və həmin xəbərnaməni məhkəməyə təkrar göndərmiş, lakin iddia ərizəsində texniki səhv olaraq təkcə pretenziya qeyd edilmişdir. Cavabdeh fiziki şəxsdir, onun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti iddiaçıya məlum deyil və haradan öyrənməlidir, o da məlum deyil. Şikayət verən şəxs AR Konstitusiyasının 60, MPM-in 150-ci maddələrinə istinad etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4486/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasını, iddia ərizəsinə iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınması məqsədilə pretenziya qaydasında məktubun göndərilməsini və həmin məktubun cavabdehə çatdırılmasını təsdiq edən sənədlər əlavə edilməmişdir MPM-in 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şikayətdə pozulduğu iddia edilən normalara gəldikdə isə qeyd edilir ki, ədalətli məhkəmə araşdırması hüququnun mühüm tərkib hissəsi olan məhkəməyə çatımlılıq hüququ mütləq bir hüquq olmamaqla qanunda nəzərdə tutulan hallarda məhdudlaşdırıla bilər. Kollegiya vurğulayır ki, MPM-in tələblərinə əsasən məhkəməyə çatımlılıq hüququ iddia ərizəsinin verilməsi zamanı prosessual tələblərə riayət olunması ilə şərtləndirilmişdir. Odur ki, iddia ərizəsinin qanunda nəzərdə tutulan prosessual tələblərə riayət edilməməsi əsası ilə qaytarılmasının həmin hüququn pozuntusu kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4486/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-755/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-755/2025
04.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver