Məhkəmə qərarları › İş №2-2(103)-756/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-756/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-756/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kərimli İlham Əziz oğlunun və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iddiaçının nümayəndələri Nümayəndə1, Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi, “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə qarşı icarə müqaviləsinin etibarsız sayılması və onun əsasında ödənilmiş vəsaitin geri qaytarılması barədə iddiaları üzrə Bakı Kommersiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli, e-2-2 (113)-105/2021 saylı qətnaməsindən (hakim Fərrux Qasımov) “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “X5 Şirkətlər Qrupu” MMC-nə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 01 may 2018ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və 6 ay ərzində icarə haqqına görə yaranmış 12.000 manat borcun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanda yerləşən özünə məxsus 280 kv.metr qeyri-yaşayış sahəsini avadanlıqla birlikdə 01 may 2018-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq 2000 manat olmaqla (ƏDV-siz) cavabdeh ““X5 Şirkətlər Qrupu”” MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsi bağlanan gündən cavabdeh 18 ay müddətində orada fəaliyyət göstərməsinə baxmayaraq icarə haqqından yalnız 12 ay ödəmiş, qalan 6 ay icarə haqqı olan 12.000 manat (ƏDV-siz) vəsaiti bu günə qədər ödəməmişdir. Həmçinin, “X5 Şirkətlər Qrupu” MMC İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.05.2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməklə həmin müqavilə üzrə ödənilmiş 32.640 manat pulun geri qaytarılması tələbinə dair iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “X5 Şirkətlər Qrupu” MMC-nin iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanda yerləşən 280 kv. metr qeyri-yaşayış sahəsini avadanlıqla birlikdə 01 may 2018-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq 2000 manat olmaqla (ƏDV-siz) “X5 Şirkətlər Qrupu” MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsi bağlanan gündən 12 aydan da qısa müddətdə orada fəaliyyət göstərmiş, icarə haqqının 12 ayı ödənilmişdir. Müqavilə müddəti başa çatdığı vaxt icarəyə verən müəssisənin sahibi, Qanuni nümayəndə1 ilə münasibətlər pozulmuş, göstərilən təşkilatın rəhbəri olaraq bütün əməkdaşlarla birlikdə ofis binası tərk edilmiş və artıq 16.10.2019-cu ildə yeni ofis binasının təmirini başa çatdıraraq həmin ofislə icarə müqaviləsi bağlamaqla orada fəaliyyət göstərmişdir. İddiaçı subyektiv hüququ olmadığı halda bağlamış olduğu icarə müqaviləsinə rəsmi şəkildə xitam verilmədiyi üçün bu şəraitdən istifadə edərək əlavə pul tələb edir. Halbuki, qeyd olunan əlavə 6 ay ərzində həmin ofis binasının cavabdeh olaraq icarələrində olmasını sübut edən, heç bir sübut təqdim etməmişdir. X3 Xidmətinin sayəsində məlum olmuşdur ki, “İddiaçı MMC icarə müqaviləsi bağlayaraq guya icarəyə verdiyi obyekt ona məxsus deyildir və bu səbəbdən həmin icarə müqaviləsi üzrə onlar əlavə olaraq 4000 manatdan çox vergi ödəmişlər. Qeyd olunan hadisədən sonra məlum olmuşdur ki, “İddiaçı MMC həmin obyekt üzərində heç bir hüquqa sahib olmamış, müqavilə bağlamaq üçün heç bir qanuni və hüquqi əsası mövcud deyildir. Bağlanmış qanunsuz müqavilə əsasında icarə haqqını könüllü ödəməkdən yayınmış və icarə müqaviləsini ləğv etməmişdir. İddiaçı MMC ilə “X5 Şirkətlər Qrupu” MMC arasında bağlanmış 01 may 2018-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilərək müqavilə əsasında ödənilmiş 24000 manat icarə haqqı, həmin icarə haqqında dair ödənilmiş 4320 manat ƏDV və müqavilənin qanunsuz olduğuna görə vergiyə təqdim etmədiyi üçün tərəflərindən ödənilmiş 4320 manat vergi, ümumilikdə 32640 manat pulun geri qaytarılamsını təmin etməsi barədə pretenziya məktubu göndərilmiş, lakin nəticə olmamışdır. Bakı Kommersiya Məhkəməsinin 01.03.2021-ci il tarixli, e-2-2(113)-1435/2021 saylı qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli, e-2-2 (113)-105/2021 saylı qətnaməsi ilə İddiaçı “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi barədə iddiası qismən təmin edilərək 12000 manat məbləğində pul vəsaitinin “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, İddiaçı iddiasının qalan hissədə rədd edilməsi, “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə qarşı icarə müqaviləsinin etibarsız sayılması və onun əsasında ödənilmiş vəsaitin geri qaytarılması barədə iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, İddiaçı iddiasının rədd edilməsi, “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC qeyd olunan icarə obyekti üzərində subyektiv hüquqların olub-olmaması barədə tərəfimizdən verilmiş sorğulara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən cavab verilməmiş məhkəmə həmin sənədlərin saxta olması barədə kifayət qədər əsas olmasına baxmayaraq həmin sərəncamlara istinad etmişdir. Bundan başqa məhkəmə zamanı "xxxx" MMC-nin nümayəndəsi işin faktiki halları ilə bağlı əhəmiyyətli sualları cavablandıra bilməməsinə və həmin sualların açıq qalmasına baxmayaraq yekun qənaətə gəlmiş, yanılmışdır. Belə ki, İddiaçı MMC ilə bağlanmış müqavilə sona çatdığı müddətdən etibarən həmin ofisdən istifadə edilməsi konkret olaraq dayandırılmış, heç bir formada həmin ofisdən istifadə edilməmişdir. "xxxx" MMC müqavilə müddəti bitmiş, istifadə edilməmiş ofis icarəsinin haqqını tələb etmiş, məhkəmə isə bu əsassız iddianı təmin etmişdir. İddiaçı MMC qeyd olunan ofisin 6 aylıq icarə haqqını tələb etdiyi dövrdə cavabdeh artıq başqa ofisdə təmir işlərini başa çatdıraraq fəaliyyət göstərmişdir ki, bunu təsdiq edən notarial müqavilə məhkəməyə də təqdim olunmuşdur. İddiaçı MMC heç bir sübüt təqdim etmir ki, niyə görə 6 ay mütəmadi olaraq icarə haqqı ödənilmirdisə hər hansı bir tələb ya xəbərdarlıq etməmişlər? Nəyə görə həmin ayların icarə haqqının ödənilməsinə dair nə yazılı, nə də ki elektron hesab faktura göndərilməmişdir? Göründüyü kimi Məhkəmə araşdırma apararkən işin faktiki halları üçün böyük əhəmiyyət kəs edən bu suallara aydınlıq gətirməmişdir. “X5 Şirkətlər Qrupu” MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. “ 2“MMC-nin nümayəndəsi məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək X qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmənin apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli, e-2-2 (113)-105/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin sənədlər və tərəflərin izahatları əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, 01 may 2018-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr.5 ünvanda yerləşən 280 kv. metr qeyri-yaşayış sahəsini avadanlıqla birlikdə aylıq 2000 manat olmaqla İddiaçı MMC tərəfindən cavabdeh “X5 Şirkətlər Qrupu” MMC-yə bir il müddətinə icarəyə vermişdir. Qeyd edilən müqavilənin ləğv edilməsi barədə İddiaçı MMC-nin iddia tələbi müqavilə artıq qüvvədə olmadığından məhkəmə tərəfindən rədd edilmiş, bu hissə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçı MMC iddia ərizəsində “X5 Şirkətlər Qrupu” MMC tərəfindən 12 ay üçün (01.05.2018-01.05.2019) icarə haqqı ödənildiyini, sonrakı 6 ay üçün (01.05.2019- 01.11.2019) 12.000 manat (ƏDV-siz) icarə haqqının isə ödənilmədiyini qeyd etmişdir. Həmin məbləğin ödənilməsi üçün qarşı tərəfə 17.02.2020-ci il tarixli pretenziya məktubu göndərilmişdir. “X5 Şirkətlər Qrupu” MMC iddiaya etirazında və apelyasiya şikayətində qeyd etmişdir ki, icarə müqaviləsi bir il müddətinə bağlanmış, bir ildən sonra obyekti boşaltmış və yeni obyekt icarəyə götürülmüşdür. Müqavilənin müddəti bitdikdən sonra “X5 Şirkətlər Qrupu” MMC tərəfindən obyektdən istifadə edilməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 9.1-ci bəndində qeyd edilmişdir ki, müqavilənin xitam verilməsi barədə tərəflər 1 ay öncədən niyyət bildirmədiklərinə görə müqavilə növbəti bir il müddətinə uzadılmış hesab edilir. Qeyd edilən bəndin tələbinə uyğun olaraq “X5 Şirkətlər Qrupu” MMC müqavilə müddətinin bitməsinə bir ay qalmış 01.05.2019-cu il tarixdən sonra icarə müqaviləsinin müddətini uzatmaq niyyəti olmadığı barədə qarşı tərəfə yazılı məlumat verməli idi. “X5 Şirkətlər Qrupu” MMC-nin nümayəndəsi və vəkili işə apelyasiya qaydasında baxılarkən izahatında cəmi 6 ay obyektdə fəaliyyət göstərdiklərini göstərsə də, “X5 Şirkətlər Qrupu” MMC-nin iddia ərizəsində müqavilə müddəti ( bir il) bitdikdən sonra obyekti tərk etdikləri qeyd edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi buna etiraz edərək “X5 Şirkətlər Qrupu” MMC-nin icarəyə götürülmüş obyekti 2019-cu ilin dekabr ayında boşaltdığını göstərmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, icarə müqaviləsinə 01.05.2019-cu il tarixdən xitam verildiyi barədə məhkəməyə sübut təqdim etmək vəzifəsi, yəni sübutetmə yükü hazırkı iş üzrə icarəyə verənin deyil, bunu iddia edən icarəçinin üzərinə düşdüyü halda icarəçi bu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmənin 12.000 manat icarə haqqı borcunun “X5 Şirkətlər Qrupu” MMC-dən tutulması hissəsində iş üzrə gəldyi nəticə əsaslı hesab edilir. “X5 Şirkətlər Qrupu” MMC-nin iddia ərizəsində və apelyasiya şikayətində İddiaçı MMC-dən icarəyə götürülmüş obyekt təhvil verildikdən sonra digər obyekt icarəyə götürüldüyü qeyd edilmiş, bununla bağlı iş materiallarına sübut olaraq “X5 Şirkətlər Qrupu” MMC ilə X1 arasında 16.10.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsi əlavə edilmişdir. Şikayətdə MMC-nin icarəyə götürülmüş yeni obyekt təmir edildikdən sonra həmin obyektdə fəaliyyətə başladığı qeyd edildiyindən müəyyən olunur ki, “X5 Şirkətlər Qrupu” MMC yeni ofisdə 2019-cu ilin oktyabr-noyabr aylarından əvvəl fəaliyyət göstərə bilməzdi. İddiaçı MMC-nin icarəyə verilmiş qeyri-yaşayış sahəsi üzərində subyektiv hüquqa malik olmaması, bu əsasla tərəflər arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməli olduğuna dair apelyasiya şikayətinin dəlilləri də məhkəmə tərəfindən əsassız hesab edilir. Sahə üzərində icarəyəverənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da işdəki Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 06.03.2017-ci il tarixli, 98 saylı, 02.03.3018-ci il tarixli sərəncamlarından, Bakı Şəhər İcra Hakimiyyəti başçısının ƏMDK-ya ünvanladığı 20.04.2018-ci il tarixli, 7-181/21g saylı məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m. qeyri-yaşayış sahəsi İddiaçı MMC-nin balansında və qanuni istifadəsində olmuş, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən onun özəlləşdirilməsinə və cəmiyyətin adına DƏDRX-dən çıxarışın verilməsinə razılıq verilmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin etibarsız əqd olduğuna dair apelyasiya şikayətinin dəlilləri bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. “X5 Şirkətlər Qrupu” MMC icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində obyektin icarəyəverənin mülkiyyətində olmaması əsası ilə həmin müqavilənin etibarsız əqd hesab edilməsi ilə bağlı qarşı tərəfə iradə ifadəsini bildirməmişdir. Apelyatorun nümayəndəsi və vəkili bu barədə icarəçinin əvvəllər məlumatı olmadığını bildirsə də, məhkəmə hesab edir ki, obyekt üzərində icarəyəverənin hüquqlarını müəyyən edən sənədlər müqavilə bağlanarkən araşdırılmalı və tələb edilməli olduğundan icarəçi bu halı bilməyə borclu idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 02.04.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin“354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi“ ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. “X5 Şirkətlər Qrupu” MMC müqavilə bağlandıqdan sonra qanunla nəzərdə tutulmuş bir illik müddət ərzində iddia ərizəsində qeyd etdiyi əsasla icarə müqaviləsini mübahisələndirmədiyindən bu hüququ xitam olunmuşdur. İcarə müqaviləsinə xitam verildikdən sonra ödənilmiş icarə haqlarının qarşı tərəfdən tutulması barədə tələbin qanuni əsası olmadığından “X5 Şirkətlər Qrupu” MMCnin iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli, e-2-2 (113)- 105/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: “X5 Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli, e-2-2 (113)-105/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar