Məhkəmə qərarları › İş №2-2(103)-758/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-758/2024

11.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-758/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdehnə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndələri X6 və X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2730/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 24 iyun 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, G-250 77076432 nömrəli sayğac (sənaye qaz sayğacı) çıxarılaraq yerinə müvəqqəti olaraq G 250 75019734 nömrəli sayğac quraşdırılmışdır.

2. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 24 iyun 2023-cü il tarixli ******* aktdan görünür ki, sayğac çıxarılaraq NKDY göndərilir, sayğacın korrektor hissəsinə vurulan plomb qırıqdır, impulsun ötürücüsü mexaniki hissədən aralı aşkarlanıbdır. Elektron və mexaniki hissələrin göstəricilərində fərq var.

3. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli SS 14-2-2/3-5-6579 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, sayğacın mexaniki hissəsi sərfiyyatı qeyd edir, lakin elektron hissə qeyd etmir. Elektron göstərici mexaniki göstəricidən 66965 m3 azdır.

4. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş hesab-fakturaya əsasən 2023-cü ilin iyun ayı üçün iddiaçıya balans sayğacına görə 27112,88 manat, digər sayğaca görə 11,50 manat borc hesablanmışdır.

5. Cavabdeh tərəfindən iddiaçıya EBCM 868474 nömrəli xx.xx.2023-cü il tarixli 14490,57 manat, EBCP 021761 nömrəli xx.xx.2023-cü il tarixli 4946,86 manat, EBDB 799254 nömrəli xx.xx.2023-cü il tarixli 10525,94 manat, EBDD 603071 nömrəli xx.xx.2023-cü il tarixli 6791,40 manat, EBDF 875006 nömrəli xx.xx.2023-cü il tarixli 8379,90 manat, EBDH nömrəli 889000 nömrəli xx.xx.2023-cü il tarixli 6345,81 manat, EBDJ 966528 nömrəli xx.xx.2023-cü il tarixli 27124,30 manat, EBDL 971770 nömrəli xx.xx.2023-cü il tarixli 9988,26 manat, EBDO 205667 nömrəli xx.xx.2023-cü il tarixli 8342,69 manat, EBDQ 444284 nömrəli 7128,85 manat, EBDT 030216 nömrəli xx.xx.2023+cü il tarixli 12392,04 manat, MT2312 00156758 nömrəli xx.xx.2023-cü il tarixli 17171,08 manat, MT2312 ******* nömrəli xx.xx.2023-cü il tarixli 379,48 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 12280,14 manat, xx.xx.2023-cü il tarixdə 4192,25 manat, xx.xx.2023-cü il tarixdə 754,61 manat, xx.xx.2023-cü il tarixdə 8920,29 manat, xx.xx.2023-cü il tarixdə 1605,65 manat, xx.xx.2023-cü il tarixdə 5755,42 manat, xx.xx.2023-cü il tarixdə 1035,98 manat, xx.xx.2023-cü il tarixdə 7101,61 manat, xx.xx.2023-cü il tarixdə 1278,29 manat, xx.xx.2023-cü il tarixdə 5377,81 manat, xx.xx.2023-cü il tarixdə 968 manat, xx.xx.2023-cü il tarixdə 8464,63 manat, xx.xx.2023- cü il tarixdə 1523,63 manat, xx.xx.2023-cü il tarixdə 7070,08 manat, xx.xx.2023-cü il tarixdə 1272,61 manat, xx.xx.2023-cü il tarixdə 2041,8 manat, xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 1501,73 manat, xx.xx.2023-cü il tarixdə 9000 manat, xx.xx.2023-cü il tarixdə 1200 manat, xx.xx.2023-cü il tarixdə 8474,57 manat, xx.xx.2023cü il tarixdə 6077,19 manat, xx.xx.2023-cü il tarixdə 1093,89 manat, xx.xx.2023-cü il tarixdə 1525,43 manat, xx.xx.2023-cü il tarixdə 321,59 manat, xx.xx.2023-cü il tarixdə 57,89 manat məbləğində ödənişlər edilmişdir.

7. İddiaçının ƏDV sub-uçot hesabının çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 2210,43 manat, xx.xx.2023-cü il tarixində 367,45 manat, xx.xx.2023-cü il tarixdə 720 manat, xx.xx.2023-cü il tarixdə 690,31 manat məbləğində ƏDV ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ASC Cavabdeh İB-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 27124,30 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət Sahəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus Xaçmaz şəhərindəki obyektə gələrək obyektdə quraşdırılmış sayğacı ******* saylı akt tərtib etməklə çıxarmış və eyni vaxtda obyektdə yeni sayğac quraşdırmışlar. Cavabdehin nümayəndələri tərəfindən eyni vaxtda ******* saylı akt da tərtib edilmişdir. Bundan sonra cavabdehin nümayəndələri başqa bir nömrəsiz və tarixsiz akt da tərtib edərək 2023-cü ilin iyun ayı üzrə qaz sərfiyyatının göstəricilərini qeyd etmişlər. Tərtib edilən həmin aktlara uyğun olaraq cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 287 saylı hesab faktura təqdim edilmişdir. Hesab fakturada xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə yazılmış fakturaların cəmi olaraq 18% ƏDV daxil 27124,30 manat borc göstərilmiş və həmin borcun ödənilməsi tələb edilmişdir. İddiaçı cavabdehin hesabladığı həmin borc məbləği ilə razılaşmamış, bir ay üçün həmin məbləğə uyğun həcmdə qaz sərf edilmədiyini bildirmiş və borcun yaranma əsaslarının izah edilməsini tələb etmişdir. Cavabdeh təşkilatın nümayəndələri şifahi olaraq bildirmişlər ki, guya iddiaçı təşkilat tərəfindən dəyişdirilən sayğaca müdaxilə olmuşdur. Halbuki bu tamamilə əsassızdır. Çünki iddiaçı tərəfindən sayğaclara heç vaxt müdaxilə olunmamışdır. Cavabdeh tərəf bunu təsdiq edən hər hansı faktı təqdim etməmişdir. Odur ki, hesablanan həmin borc məbləği əsassızdır və silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 2.5-ci bəndinə əsasən qazın verilməsi qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilə əsasında həyata keçirilir. Həmin Qaydaların 1.4. bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bununla bağlı olaraq bildiririk ki, iddiaçıya məxsus obyektdə bir ay üçün 27 min manatlıq həcmdə qaz sərfi edən qurğular yoxdur. Yəni istehlakçı olaraq iddiaçı hətta sayğaca müdaxilə etmiş olsaydı belə (halbuki belə hal olmamışdır və ola bilməz!), bir ay üçün o qədər həcmdə qaz istehlak edə bilməzdi. Bunu tərəflər arasında tərtib edilməli olan «üzləşmə kitabçası»ndakı əvvəlki dövrlər üzrə aylıq qaz sərfi göstəriciləri ilə də müəyyən etmək olardı. Bu mənada cavabdeh tərəfindən hesablanan həmin borc tamamilə əsassızdır.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2730/2024 nömrəli qətnaməsi ilə (hakim X5) iddia qismən təmin edilmiş, İddiaçı ASC-yə əsassız olaraq hesablanmış 14919,78 (on dörd min doqquz yüz on doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdehnə həvalə edilmişdir.

11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus əraziyə baxış keçirilmiş, baxış nəticəsində iddiaçıya məxsus balans sayğacı çıxarılmış, sayğacın elektron hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəbdən iddiaçıya 2023-cü ilin yanvar ayından 2023-cü iyun ayı daxil olmaqla sayğacın tam qeydə ala bilmədiyi dövr üzrə əlavə borc hesablanmışdır.

12. Məhkəmə hesab etmişdir ki, sayğacda yaranmış qüsur iddiaçının təqsiri nəticəsində yaranmadığı üçün cavabdeh ona əvvəlki aylar üzrə əlavə borc hesablamaqla haqlı olmamışdır.

13. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, cavabdeh sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında aktla müəyyən edilir ki, qaz sayğacında mövcud qüsur (elektrik göstəricinin mexaniki göstəricidən az olması) sayğacın nasazlığı üzündən yaranmış, yəni sayğaca kənar müdaxilə ilə bağlı olmamışdır.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, “Qazdan istifadə qaydaları”nın 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, iş materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin yanvar-may ayları üzrə təqdim edilmiş hesabfakturalar üzrə borclar iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.

15. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. İşin hallarından görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.

16. Məhkəmə son olaraq qeyd etmişdir ki, iddiaçının abonent haqqında məlumatına əsasən 2023-cü ilin iyul-dekabr ayları üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 73227,44 manat borc hesablanmış, həmin dövr üzrə iddiaçının orta aylıq sərfiyyatı 12204 manat 57 qəpik (73227,44 manat / 6 ay) təşkil edir. Bu səbəbdən də iddiaçının silinməsini xahiş etdiyi 27124,30 manatdan iddiaçının 2023-cü ilin iyun ayı üzrə orta sərfiyyatı (12204,57 manat) çıxılmalı, iddiaçıya əsassız olaraq hesablanmış 14919,73 manat borc silinməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətlərinin dəlilləri

17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2730/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilərək həmin hissədə də iddianın rədd edilməsini xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əsasız hesab etdiyi 27124,30 manat məbləğində borc istehlakçı ilə qaz paylayıcının birlikdə müəyyən etdikləri onun qaz sayğacının göstəriciləri əsasında hesablanmış təbii qazdan istifadəyə görə yaranmış borcdur. Sayğac göstəricilərinə əsasən müəyyən edilən borcun nəyə görə qanunsuz borc kimi qiymətləndirilməsi qətnamədə əsaslandırılmamışdır. 2023cü ilin iyun ayında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin obyektində iki sayğac olub. Birinci Elster tipli G250 RVG-230 markalı 77076452 nömrəli sayğac 2023-cü ilin 1-24 tarixlərində xətdə olub. Sayğac çıxarılan vaxt elektron göstəricisi 693411 m3 olub,ondan əvvəlki ay həmin sayğacın elektron göstəricisi 572562 m3 olub, fərq yəni həmin müddətdə sərfiyyat 120849 m3 , ikinci sayğac xx.xx.2023-cü il tarixdə xəttə quraşdırılıb, quraşdırılarkən onun üstündə elektron göstərici ******* m3, xx.xx.2023-cü il tarixdə isə ******* m3 olub ki, bunun da fərqi yəni, həmin dövr üçün qaz sərfiyyatı 2391 m3 edir. Hər iki sayğacın göstəricilərinin cəmi, yəni 2023-cü ilin iyun ayı üçün 123240 m3 edir ki, bunun da pul ilə dəyəri 123240 x 0,22 = 27112,80 manat edir. İş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halı, yəni iddiaçı üçün 2023-cü ilin iyun ayında yazılmış 27112,80 manat borcun əsassız olmasını sübut etmək üçün heç bir sübut təqdim etməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdehin nümayəndələri X6 və X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər.

20. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

21. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanunu: 2.1-ci maddə- həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddə- dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilmir. 3.2-ci maddə- həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”: 1.4-cü bənd- Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bənd- sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.7-ci bənd- reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

“Qazdan istifadə qaydaları” 5.2-ci bənd- Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.4-cü bənd-qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 2.11-1-ci bənd-qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 2.11-2-ci bənd-qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

22. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2730/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. İşin hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektin Elster G-250 sənaye tipli qaz sayğacı yoxlama məqsədi ilə çıxarılmış, yoxlama nəticəsindı sayğacın elektron hissəsinin 2023-cü ilin yanvar ayından 6 ay ərzində işləməməsi müəyyən edilmiş, bu səbəbdən iddiaçıya 2023-cü iyun ayı daxil olmaqla sayğacın sərfiyyatı tam qeydə ala bilmədiyi dövr üzrə əlavə borc hesablanmışdır.

25. Məhkəmə hesab edir ki, iddianın təmin edildiyi hissədə qətnamə qanunu və əsaslıdır. Belə ki, hazırkı halda yoxlama qanunvericiliyə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından hüquqi nəticəsi olmadığı üçün bu yoxlama nəticəsində iddiaçıya əlavə sərfiyyat hesablana bilməz. Bundan əlavə işin mübahisəsiz halıdır ki, sayğaca istehlakçı tərəfindən hər hansı müdaxilə edilməmişdir. “Qazdan istifadə qaydaları”nda sayğacın istehlakçının müdaxiləsi olmadan sərfiyyatı düzgün qeyd etmədiyi dövrdə əlavə sərfiyyat hesablanması nəzərdə tutulmamışdır. Qaydaların 5.4-cü bəndində yalnız qaz sayğacları qaz paylayıcısı tərəfindən çıxarıldıqda (götürüldükdə) istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmaların sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması nəzərdə tutulmuşdur. Hazırkı halda sayğacın elektron hissəsi işləmədiyi üçün sərfiyyatı düzgün qeyd etmədiyindən məhkəmə xx.xx.2023-cü il tarixdən yeni sayğac quraşdırıldıqdan sonra 2023-cü ilin iyul-dekabr ayları üzrə iddiaçının ümumilikdə 73227,44 manat qaz sərfiyyatı olduğunu müəyyən edərək həmin dövr üzrə iddiaçının 2023-cü ilin iyun ayı üzrə ödəməli olduğu məbləği orta aylıq sərfiyyatla 12204 manat 57 qəpik (73227,44 manat / 6 ay) müəyyən etmişdir. Bu qaydada hesablama işin hallarına görə daha düzgün və ədalətli olduğundan məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.

26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2730/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2730/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar