Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-758/2025 12.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması tələbi” barədə iddiasına dair kommersiya işi üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin ona olan borcunun ödənilməsi məqsədi ilə 30.000 ABŞ dolları (ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla), həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün həmin məbləğə illik 5 faiz hesablanmaqla 12.750 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün aldığı hüquqi yardıma görə vəkilə çəkdiyi xərcin əvəzi olaraq 500 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 290 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan cavabdeh müxtəlif qazanclı layihələr vəd etməklə, 2018-ci ilin aprel, noyabr və dekabr aylarında, eləcə də 2019-cu ilin fevral ayında iddiaçıdan hissə-hissə 30.000 ABŞ dolları məbləğində pul almışdır. Bundan bir qədərə sonra cavabdeh iddiaçıya 3.600 manat və 2.000 ABŞ dolları məbləğində pulu “qazanc” kimi vermişdir. Sonradan cavabdeh iddiaçıya nə “qazanc” verməmiş, nə də ki, iddiaçıdan aldığı pulu qaytarmamış, lakin xx.xx.2019-cu il tarixdə “akt” adlı qəbz yazmışdır ki, iddiaçıya olan 30.000 dolları məbləğində borcu xx.xx.2020-ci il tarixdə qaytaracaq. “Aktda” qeyd edilən tarixdə və sonra da cavabdeh borcu qaytarmamışdır. Bununla bağlı olaraq iddiaçı bir neçə dəfə cavabdehin hərəkətləri barədə polis orqanlarına şikayətlər etmiş, lakin onların arasında olan mübahisənin mülki xarakterli olması əsası ilə cinayət işinin başlanması hər dəfə rədd edilmişdir. Lakin məhkəmə nəzarəti qaydasında verilmiş şikayətlər nəticəsində “cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” qərarlar ləğv edilmiş və nəhayət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən cinayət işinin icraatı başlanmış və istintaq zamanı cavabdeh etiraf etmişdir ki, iddiaçıya 30.000 ABŞ dolları məbləğində borcu var və xx.xx.2019-cu il tarixli aktı o özü yazmışdır. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehin ona olan borcunun ödənilməsi məqsədi ilə 30.000 ABŞ dolları (ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh qeyd edilən pul məbləğini 5 ildən çox müddətdir ki, qanunsuz olaraq özündə saxlayır. Buna görə də həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün həmin məbləğə illik 5 faiz hesablanmaqla (2.550 manat x 60 ay=) 12.750 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün, iddiaçı, dövlət büdcəsinə 290 manat dövlət rüsumu, hüquqi yardım almaq üçün isə vəkilə 500 manat məbləğində xərc çəkmək məcburiyyətində qalmışdır. Buna görə də, vəkilə çəkilmiş xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. b) iddiaya qarşı verilmiş etiraz barədə məlumat
3. Cavabdehin iddia tələbinə qarşı verdiyi yazılı etiraz və “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi haqqında” ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır, uydurma xarakterlidir. Bu məsələ ilə bağlı müxtəlif vaxtlarda istintaq orqanları tərəfindən araşdırmalar aparılmış, son nəticədə xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının istinad etdiyi xx.xx.2019-cu il tarixli aktı, cavabdeh, ona qarşı edilmiş təzyiq və hədə-qorxu altında imzalamışdır. Bu hal onunla təsdiq edilir ki, iddiaçı, həmin aktı istintaq orqanlarına təqdim etməmiş, yalnız iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman üzə çıxarmışdır. Tərəflər arasında hər hansı yazılı “Borc müqaviləsi” olmamışdır. Bu hal isə ona dəlalət edir ki, tərəflər arasında borc münasibətləri olmamışdır. İddiaçının istinad etdiyi akt isə notarial qaydada təsdiq olunmadığı üçün hüquqi nəticə yaratmır. Buna görə də, iddia əsassız hesab edilərək, rədd edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. İddiaçının özünün mövqeyindən bu məsələyə yanaşdıqda müəyyən edilir ki, iddiaçı borcun qaytarılmadığını artıq 2019-cu ildə bilmişdir. Lakin iddiaçı, həmin vaxtdan etibarən 3 il ərzində iddia verməmiş, yalnız 2024-cü ilin aprel ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə isə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Buna görə də, iddia, iddia müddətinin ötürülməsi əsası ilə də rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Bakı Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Bakı Kommersiya Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər hər ikisi fərdi sahibkar kimi fəaliyyət göstərmiş və müəyyən dövr ərzində birgə biznes fəaliyyəti həyata keçirmişlər. İddiaçı tərəfindən cavabdehə 2018-ci ilin müxtəlif aylarında hissə-hissə vəsait ödənilmiş, bu vəsaitlər birgə qazanc əldə etmək məqsədilə verilmiş, cavabdeh də müəyyən dövrlərdə iddiaçıya ödənişlər etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələri və təqdim olunmuş xx.xx.2019-cu il tarixli akt əsasında məlum olur ki, iddiaçı cavabdehdən 30.000 ABŞ dollarının qaytarılmasını tələb etmiş və cavabdeh həmin aktla bu məbləği xx.xx.2020-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh bu sənədin psixoloji təsir altında yazıldığını iddia etsə də, bu barədə heç bir şikayət və ya sübut təqdim etməmişdir. Cavabdeh həm istintaq, həm də məhkəmə iclaslarında pulları aldığını, bir qismini qaytardığını, lakin qalan məbləğin digər bir şəxs tərəfindən mənimsənildiyini bildirmişdir. Amma o, bu səbəbdən borcu qaytara bilmədiyini əsaslandıra biləcək hüquqi sənədlər təqdim etməmişdir. Tərəflər arasında yazılı borc müqaviləsi mövcud olmasa da, aralarındakı münasibət birgə kommersiya fəaliyyətindən qaynaqlandığı üçün bu öhdəliklər borc müqaviləsi deyil, biznes ortaqları arasında razılaşma kimi qiymətləndirilməlidir. Buna görə də təqdim edilən akt və digər sənədlər klassik borc münasibətinə uyğun gəlmir. İddiaçının borcun qaytarılmadığını bildiyi tarixdən etibarən müəyyən edilən iddia müddəti 2020-ci ilin yanvarından başlamış, lakin iddia yalnız 2024-cü ilin aprel ayında verildiyindən qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət açıq şəkildə ötürülmüşdür. Cavabdeh də iddia müddətinin tətbiqini tələb etdiyindən, bu əsasla iddia rədd olunmalıdr. Bakı Kommersiya Məhkəməsi iddiaçının hüquqlarının pozulmasını yalnız istintaq orqanlarının qərarı ilə 2022-ci ildə öyrəndiyini əsas gətirməsini də qənaətbəxş hesab etməmiş və belə nəticəyə gəlmişdir ki, iş üzrə təqdim olunan sübutlar iddia müddətinin bərpasını əsaslandırmaq üçün yetərli deyil. “Əsas borcun ödənilməsi ilə bağlı” tələb təmin edilmədiyindən, həmin tələbdən irəli gələn “əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün həmin məbləğə illik 5 faiz hesablanmaqla pulun tutulması haqqında” tələb və “məhkəmə məsrəflərinin cavabdehə aid edilməsi haqqında” tələb də təmin edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki. iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar məcəllə ilə müəyyənləşdirilir. İşin halları ondan ibarətdir ki, iddiaçı 2021-ci ildə hüquq mühafizə orqanlarına müraciət etmiş, cavabdeh barəsində cinayət təqibi başlanmış və iddiaçı xx.xx.2021-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. İstintaq orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla iddiaçının müraciəti mülki xarakterli olduğundan həmin hissə üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, onun zərərçəkmiş şəxs kimi statusuna xitam verilmiş və material ayrılaraq Yasamal Rayon Prokurorluğuna göndərilmişdir. Bundan sonra həmin qərar bir neçə dəfə prosessual nəzarəti həyata keçirən prokuror və məhkəmə tərəfindən ləğv edilmiş, yenidən cinayət işi başlanmış və sonda 2024-cü ildə Nizami Rayon Polis İdarəsinin qərarı ilə xitam edilmişdir. Yalnız bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi iddiaçı iddia müddətini ötürməmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. İddiaçı iddia müddətini ötürmədiyindən isə onun cavabdehə qarşı irəli sürdüyü iddia tam həcmdə təmin edilməlidir. Çünki cavabdehin istintaq orqanına verdiyi izahat və ifadələrdən, habelə cavabdehin yazdığı xx.xx.2019-cu il tarixli aktdan aşkar sürətdə görünür ki, cavabdeh iddiaçıdan 30.000 ABŞ dolları məbləğində pulu aldığını etiraf etmişdir. e) yuxarı instnansiya məhkəmələri tərəfindən iş üzrə qəbul edilmiş qərarlar barədə məlumat
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi 13.12. 2024-cü il tarixli qətnamə (iş № 2-2(103)-1148/2024) apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını düz müəyyən etmiş, müəyyən etdiyi hallara uyğun olaraq qanuni və əsaslı nəticəyə gəlmişdir.
10. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəmənin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərar (iş № 2-2(102)-239/2025) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinə işə yenidən baxılmaq üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara alınmışdır.
11. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin bir hissəsi, cavabdehdən 30.000 ABŞ dolları məbləğində əsas borcun geri qaytarılması barədədir. İşə baxmış birinci instansiya və apellyasiya instansiyası məhkəmələri hesab etmişlər ki, cavabdehin imzaladığı xx.xx.2019-cu il tarixli akt bu borcun mövcudluğunu təsdiq edir. Həmin aktda cavabdeh qeyd etmişdir ki, iddiaçıya olan borcunu xx.xx.2020-ci il tarixinədək qaytaracaq. Buna baxmayaraq bu tələb təmin edilə bilməz, çünki iddiaçı həmin pulun cavabdehdən tutulması barədə iddianı 3 il ərzində, yəni xx.xx.2023-cü il tarixədək verə bilərdi, lakin iddianı 2024-cü ilin aprel ayında vermişdir. Bu kimi yanaşma səhvdir. Belə ki, məhkəmələr, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinin tələbini nəzərə almamışlar. Çünki qeyd edilən maddi normanın tələbinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş və hazırkı mülki işin materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə araşdırmanın gedişində hazırkı iş üzrə cavabdeh verdiyi ifadələrdə daha az məbləğdə olsa da, iddiaçıya borcunun olmasını təsdiq etmişdir. Başqa sözlə cavabdehin bu kimi ifadəsi iddia müddətinin axımını kəsən borcun etiraf etməsi kimi qəbul edilməli idi. Çünki Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edildiyi qərarında nəzərdə tutulmuş “və digər mühüm hallar” kimi ifadəsi, borclunun polis orqanına izahat verərkən etdiyi etirafın da bu qəbildən olan hərəkət kimi qiymətləndirilməsi tamamilə mümkündür. Belə olan halda isə, iddiaçı tərəfindən 3 illik iddia müddətinin ötürülmədiyi müəyyən edilir. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qanunu düzgün tətbiq etməmiş, işin hallarını səhv müəyyən etmiş və nəticədə səhv qətnamə qəbul etmişdir. Odur ki, qətnamənin dəyişdirilmədən saxlanılması mümkün deyildir. Bununla belə, digər iddia tələbinə (MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində 12.750 manat borcun tutulması) aşağı məhkəmə instansiyalarında mahiyyəti üzrə hüquqi qiymət verilmədiyindən hazırkı kassasiya icraatında iş üzrə yeni qərar çıxarılması qeyri-mümkündür. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya şikayətinə yenidən baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. f) yeni apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və apellyasiya baxışı iclasında iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
12. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
13. Cavabdeh tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfindən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
15. Belə ki, iddiaçı bildirir ki, onun tanışı olan cavabdeh müxtəlif qazanclı layihələr vəd etməklə, 2018-ci ilin aprel ayından 2019-cu ilin mart ayına kimi ondan hissə-hissə 30.000 ABŞ dolları məbləğində pul almışdır. Bundan bir qədərə sonra cavabdeh ona 3.600 manat və 2.000 ABŞ dolları məbləğində pulu “qazanc” kimi vermişdir. Sonradan cavabdeh ona nə “qazanc” verməmiş, nə də ki, ondan aldığı pulu qaytarmamışdır. Lakin xx.xx.2019-cu il tarixdə cavabdeh “akt” adlı qəbz yazmış və həmin aktda göstərmişdir ki, ona olan 30.000 dolları məbləğində borcu xx.xx.2020-ci il tarixdə qaytaracaq. “Aktda” qeyd edilən tarixdə və sonra da cavabdeh borcu qaytarmam
16. İddiaçının istinad etdiyi xx.xx.2019-cu il tarixli aktdan görünür ki, həmin aktı tərtib edərək, imzalamış cavabdeh etiraf etmişdir ki, iddiaçıya 30.000 dolları məbləğində borcu var və borcu xx.xx.2020-ci il tarixdə qaytaracaq.
17. Cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazda bildirir ki, onun iddiaçıya borcu yoxdur. İddiaçının istinad etdiyi həmin aktı isə o, ona qarşı edilmiş təzyiq və hədə-qorxu altında tərtib etmişdir.
18. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Lakin cavabdeh həmin aktı ona qarşı edilmiş təzyiq və hədə-qorxu altında tərtib edilərək, imzalanmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.
20. Belə olan halda Məhkəmə hesab edir ki, həmin aktın təzyiq və hədə-qorxu altında cavabdeh tərəfindən tərtib edilərək, imzalanması barədə cavabdehin bildirdiyi dəlil əsaslı hesab edilə bilməz.
21. Eyni zamanda bu hal iddiaçını, onun tərəfindən cavabdehə 30.000 ABŞ dolları məbləğində pul verməsini sübut etmək yükündən azad edir.
22. Bu baxımdan qəbul edilməlidir ki, cavabdeh iddiaçıdan 30.000 ABŞ dolları məbləğində pulu almışdır və bu, işin mübahisəsiz halıdır.
23. İş üzrə tərəflərin hazırkı mülki iş üzrə məhkəmələrə və cinayət işi üzrə istintaq orqanına verdikləri ifadələrdən müəyyən edilir ki, iş üzrə tərəflər arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmamış, lakin qanunla bağlanması qadağa edilməmiş, qanuna zidd olmayan şifahi qaydada “Birgə fəaliyyət haqqında” müqavilə bağlanmış və 30.000 ABŞ dolları həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə verilmişdir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Qeyd edilən normanın tələbindən iş üzrə tərəflər arasında bağlanmış müqavilənin etibarlılığına yanaşdıqda müəyyən edilir ki, həmin müqavilə etibarsız deyil.
26. Müqavilə etibarlı olduğundan müqavilə tərəflər üçün hüquqi nəticə yaradır.
27. İşin hallarından müəyyən edilir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, birgə fəaliyyətin həyata keçirilməsi üçün cavabdehin istədiyi pul məbləğini – 30.000 ABŞ dollarını cavabdehə vermişdir. Lakin cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirmiş, həmin pul məbləğini aldıqdan sonra həyata keçirilmiş birgə fəaliyyət nəticəndə əldə olunmuş gəlirdən iddiaçıya 3.600 manat və 2.000 ABŞ dolları məbləğində qazanc vermiş, daha sonra qazanc verməmişdir.
28. Məhkəmə bildirir ki, sonradan qazancın verilməməsi öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 448-ci maddəsinə görə isə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
29. Lakin, iddiaçı, öhdəliyi icra etməmiş iddiaçıdan öhdəliyin icra edilməsini və ya öhdəliyin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etmir. O, cavabdehdən, birgə fəaliyyətin həyata keçirilməsi üçün sonuncunun ondan aldığı 30.000 ABŞ dollarının qaytarılmasını tələb edir.
30. Cavabdeh bildirmişdir ki, o, iddiaçıdan aldığı pul məbləğini iddiaçıya qaytarmışdır.
31. Bununla bağlı Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan 30.000 ABŞ dolları məbləğində pulu alması yuxarıda qeyd edilən etibarlı (aktın etibarlı olması yuxarıda əsaslandırılıb) sübutla – yazılı aktla təsdiq edildiyindən, artıq həmin pul məbləğinin (tam və ya qismən) qaytarılmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin o, bu kimi halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.
32. Məhkəmə bildirir ki, bu tələb əsaslıdır. Çünki iş üzrə tərəflər arasında birgə fəaliyyət, cavabdehin təqsiri üzündən baş tutmadığından həmin pul məbləğinin cavabdehdə qalmasının hüquqi əsası yoxdur. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı, ona məxsus olan əmlakın – pul məbləğinin cavabdehdən tutularaq ona qaytarılmasını tələb etməkdə haqlıdır.
33. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).
34. Cavabdeh, “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi haqqında” ərizədə bildirir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. İddiaçının özünün mövqeyindən bu məsələyə yanaşdıqda müəyyən edilir ki, iddiaçı borcun qaytarılmadığını artıq 2019-cu ildə bilmişdir. Lakin iddiaçı, həmin vaxtdan etibarən 3 il ərzində iddia verməmiş, yalnız 2024-cü ilin aprel ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də, iddia, iddia müddətinin ötürülməsi əsası ilə də rədd edilməlidir.
35. Bununla bağlı Məhkəmə bildirir ki, həqiqətən də, Mülki Məcəllənin tələblərinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir (maddə 373.2.) və iddia müddətinin keçməsi iddia tələbinin rədd edilməsi üçün əsasdır (maddə 375.2.).
36. Lakin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin digər tələblərinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380.1.). Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (maddə 380.2.).
37. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş və hazırkı mülki işin materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə araşdırmanın gedişində hazırkı iş üzrə cavabdeh verdiyi ifadələrdə daha az məbləğdə olsa da, iddiaçıya borcunun olmasını təsdiq etmişdir.
38. Bunları və iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olması nəzərə alındıqda müəyyən edilir ki, iddiaçı 3 illik iddia müddətini ötürməmişdir.
39. Bu baxımdan qəbul edilməlidir ki, cavabdehin birinci instansiya məhkəməsinə verdiyi “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi haqqında” ərizə əsassızdır.
40. İşin müəyyən edilmiş və yuxarıda qeyd edilən hallarını (bax: hazırkı qətnamənin 20, 22, 25, 32, 38-ci bəndlərinə) nəzərə alan Məhkəmə hesab edir ki, iddianın “əsas borc olaraq 30.000 ABŞ dolları (ABŞ dolların Azərbaycan manatına məzənnəsi ilə) məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə” hissəsi əsaslıdır, birinci instansiya məhkəməsi bu tələbi, tələb üzrə iddia müddətinin keçməsi əsası ilə təmin etməməkdə haqlı olmamışdır, apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin bu nəticəsinə aid dəlili əsaslıdır.
41. Buna görə, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin müzakirə edilən hissəsi ləğv edilməli və müzakirə edilən tələb təmin edilməlidir.
42. İddianın “Əsas borc olaraq 30.000 ABŞ dolları (ABŞ dolların Azərbaycan manatına məzənnəsi ilə) məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə” hissəsinin təmin edilməli olması nəticəyə gələn Məhkəmə həmçinin nəzərə alır ki, iş üzrə tərəflər arasında olan razılaşma birgə fəaliyyətlə bağlı olmuşdur. Razılaşmaya əsasən fərdi sahibkarlıqla məşğul olan iddiaçı tərəfindən 30.000 ABŞ dolları məbləğində pul vəsaiti birgə işin görülməsi və qazanc əldə edilməsi məqsədi ilə fərdi sahibkarlıqla məşğul olan cavabdehə verilməli, cavabdeh isə görülmüş işlər nəticəsində əldə olunacaq gəlirdən iddiaçıya “qazanc” verməli idi.
43. Buna görə də, Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş 3.600 manat və 2.000 ABŞ dolları məbləğində pul “qazanc” kimi qiymətləndirilməli və əsas məbləğdən çıxılmamalıdır.
44. İddianın digər hissəsi “30.000 ABŞ dollarının ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt – 5 il (60 ay) üçün həmin məbləğə illik 5 faiz hesablanmaqla 12.750 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədədir.
45. İddiaçı bu tələbi onunla əsaslandırır ki, cavabdeh qeyd edilən pul məbləğini 5 ildən çox müddətdir ki, qanunsuz olaraq özündə saxlayır.
46. Bu tələblə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 faizin ödənilməsini tələb edə bilər (maddə 445.7.).
47. İşin hallarından müəyyən edilir ki, cavabdeh iddiaçıya məxsus 30.000 ABŞ dolları məbləğində pulu buna heç bir hüquqi əsas olmadan özündə saxlamışdır. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanaraq həmin pul məbləğinin ödənilməsini gecikdirmiş cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 faizin ödənilməsini tələb edə bilər (maddə 445.7.).
48. Lakin nəzərə alınmalıdır ki, pul məbləğinin ödənilməsinin cavabdeh tərəfindən gecikdirilməsi iddiaçının bildirdiyi kimi 60 ay (5 il) deyil, 39 ay (3 il 3 ay) təşkil edir. Çünki yuxarıda qeyd edilən xx.xx.2019-cu il tarixli aktdan görünür ki, həmin aktı tərtib edərək, imzalamış cavabdeh etiraf etmişdir ki, iddiaçıya 30.000 dolları məbləğində borcu var və borcu xx.xx.2020-ci il tarixdə qaytaracaq.
49. Qeyd edildiyi kimi isə iddia ərizəsi birinci instansiya məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur.
50. Göründüyü kimi, pul məbləğinin ödənilməsinin cavabdeh tərəfindən xx.xx.2020ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilməsi 39 ay təşkil edir.
51. Cavabdeh tərəfindən iddiaçıya ödənilməlisi gecikdirilmiş pul vəsaiti 30.000 ABŞ dolları məbləğində olması nəzərə alındıqda müəyyən edilir ki, həmin məbləğin illik 5%-i (30.000 x 5%=) 1.500 ABŞ dolları, aylıq %-i isə (1.500 / 12 ay=) 125 ABŞ dolları təşkil edir.
52. Belə olan halda gecikdirilmiş 39 aya görə cavabdehdən iddiaçının xeyrinə (39 ay x 125 ABŞ dolları=) 4.875 ABŞ dolları, yəni hazırkı rəsmi məzənnəyə görə (1 ABŞ dolları = 1,7 Azərbaycan manatı) 8.287,5 manat məbləğində pul tutulmalıdır.
53. Göründüyü kimi əsaslılığı müzakirə edilən bu tələb qismən əsaslıdır. Belə olan halda qəbul edilməlidir ki, birinci instansiya məhkəməsi tələbin əsassız olması səbəbi ilə bu tələbi tam həcmdə təmin etməməkdə haqlı olmamışdır, apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin bu nəticəsinə aid dəlili qismən əsaslıdır.
54. Buna görə, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin müzakirə edilən bu hissəsi də ləğv edilməli və müzakirə edilən tələbin qismən təmin edilməlidir.
55. İddia ərizəsində iddiaçı xahiş etmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün onun ödədiyi dövlət rüsumunun əvəzi olaraq 290 manat, hüquqi yardım almaq üçün isə vəkilə çəkdiyi xərcin əvəzi olaraq 500 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilsin.
56. İşdə olan “ödəniş qəbzlərindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə 289,56 manat məbləğində dövlət rüsumu (iş v. 5.), “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Kamandar Nəsibov və Partnyorlar” Vəkil Bürosuna isə iddiaçı tərəfindən həmin Vəkil Bürosuna 500 manat məbləğində pul ödənilmişdir (iş v. 51).
57. İddia tələbini rədd etmiş birinci instansiya məhkəməsi həmin xərcləri iddiaçının özünə aid etmişdir.
58. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in tələblərinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır (maddə 121.1.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.).
59. Odur ki, bu prosessual hüquq normalarının tələblərini və yuxarıda qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, göstərilən məsrəflər cavabdehə aid edilməli, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 289,56 manat, hüquqi yardım almaq üçün isə iddiaçının vəkilə çəkdiyi xərcin əvəzi olaraq 500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. h) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
60. Beləliklə də, apellyasiyanın nəticələri ilə aşağıdakılar müəyyən edilir: - birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə səhvdir və işin müəyyən edilmiş hallarına uyğun deyil; - apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olsa da, şikayətin dəlillər birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin tam ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsas təşkil edir; - iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi qismən əsaslıdır.
61. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 385, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 19 sentyabr 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “pulun tutulması tələbi” barədə iddiası qismən təmin edilsin. Əsas borcun ödənilməsi məqsədi ilə 30.000 (otuz min) ABŞ dolları (qətnamənin icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), əsas borc məbləğinin ödənişinin gecikdirilməsinə görə illik 5 (beş) faiz hesabı ilə hesablanmış 8.287,5 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 289 (iki yüz səksən doqquz) manat 56 (əlli altı) qəpik, hüquqi yardıma görə iddiaçının çəkdiyi xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu Cavabdeh aid edilsin. Bu məqsəd ilə Cavabdeh 145 (yüz qırx beş) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz (iddianın təmin edilməmiş hissəsi 10.000 manat məbləğindən az olduğuna görə).