Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-76/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının qanuni təmsilçisi Nümayəndə3 və cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3388/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 15 yanvar 2018-ci il tarixli “Borc öhdəliyinin icra edilməsinə dair” 001 saylı və 05 fevral 2018-ci il tarixli “Borc öhdəliyinin güzəşt edilməsinə dair” 002 saylı müqavilələr üzrə yaranmış 3.666.494 manat məbləğində borcun və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3388/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının qanuni təmsilçisi Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 15 yanvar 2018ci il tarixli 001 saylı borc öhdəliyinin icra edilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehin "xxxx" BOKT QSC qarşısında mövcud olan öhdəliyinin icra edilməsi məqsədilə özünəməxsus Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-1, 1-ci mərtəbə, qapı 1, 1-ci zirzəmi, qapı-1, 2-ci zirzəmi, qapı-1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı, 3241 kv.metr qeyri-yaşayış sahəsini, ünvan 1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı 1790 kv.metr qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-9, 1-ci mərtəbə, qapı 2-3-4, zirzəmi, qapı-1 ünvanında yerləşən, RX ******* seriya nömrəli çıxarışlı 2471 kv.metr qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-2, 1-ci mərtəbə qapı 1, 1 zirzəmi qapı 1, 2 zirzəmi qapı 1 ünvanında yerləşən, RX seriyalı ******* nömrəli çıxarışlı 3793.9 kv.metr qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-6, 1-ci mərtəbə, qapı-1-2-3-4-5, 1-ci zirzəmi, qapı-1, 2-ci zirzəmi, qapı-1 ünvanında yerləşən, RX ******* çıxarışlı 1414 kv.metr qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən RX seriyalı ******* nömrəli çıxarışlı 16466.9 kv.metr qeyri-yaşayış sahəsini cəmi 67.621.177.23 manat qarşılığında "xxxx" BOKT QSC-ya təqdim etməyi, həmin qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı cavabdehin iddiaçı qarşısında yaranan 67.621.177,23 manat borc öhdəliyi 10 il müddətinə cavabdeh iddiaçıya geri qaytarmağı, bu əməliyyatla bağlı iddiaçının vergi qarşısında yaranan 1.400.000,00 manat məbləği cavabdeh öncədən ödədikdən sonra öhdəliyin icra olunmasını, ödənilmiş 1.400.000.00 manat məbləğin ümumi məbləğdən (67.621.177,23 manat) azaldılmasını öhdələrinə götürmüşlər. Həmçinin, iddiaçı ilə cavabdeh arasında 05 fevral 2018-ci il tarixli 002 saylı borc öhdəliyinin güzəşt edilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 001 saylı 15 Yanvar 2018-ci il tarixli borc öhdəliyinin icra edilməsinə dair müqavilə üzrə “Akkord”un “Property”-yə yaranmış 67.621.177,23 manat borcundan 65.233.683,23 manat məbləğində borcu “Akkord”un xeyrinə güzəşt edilməsini, öhdəlik üzrə qalan 2.378.494,00 manat məbləği hissələrlə 31 dekabr 2018-ci il tarixinə kimi “Akkord” tərəfindən “Property”nin cari hesabına ödənilməsini, “Property” gələcəkdə güzəşt etdiyi 65.233.683,23 manat məbləği “Akkord”dan heç bir zaman tələb etməyəcəyini və bununla bağlı hər hansı məhkəmə instansiyasına müraciət etməyəcəyini öhdələrinə götürmüşlər. İddiaçı bildirir ki, cavabdeh müqavilələr öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş və onun müqavilələr üzrə cəmi borcu 3.666.494 manat təşkil edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli razılaşma protokolunun 2-ci bəndinə əsasən "xxxx" ASC-nin İddiaçı MMC-yə xx.xx.2018-ci il tarixli “Borc öhdəliyinin güzəşt edilməsinə dair” 002 saylı müqavilə üzrə borcundan 3.094.385 manat ödənilmiş hesab edilmişdir. Ona görə də, "xxxx" ASC-nin İddiaçı MMC-yə olan borcu ödənilmiş və İddiaçı MMC həmin protokolu öz imzası və möhürü ilə təsdiq etmişdir. İddiaçı cavabdehin etirazı ilə bağlı bildirir ki, cavabdehin istinad etdiyi xx.xx.2018-ci il tarixli razılaşma protokolu hazırki mübahisə ilə bağlı deyil, başqa öhdəliyin icrası ilə bağlı tərtib olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddianın predmeti 15 yanvar 2018-ci il tarixli “Borc öhdəliyinin icra edilməsinə dair” 001 saylı müqavilə üzrə ödənilməli olan lakin ödənilməyən pul vəsaitinin ödənilməsi təşkil edir. Həmin müqavilədən görünür ki, iddiaçı öz əmlakı hesabına cavabdehin digər şəxsə olan pul öhdəliyini icra etməyi, cavabdeh isə həmin pul məbləğini iddiaçıya geri qaytarılmasını öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçının hərəkətləri Mülki Məcəllənin 431.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin üçüncü şəxs tərəfindən icrası olmuşdur. Belə ki, o, kreditor olan "xxxx" BOKT QSC qarşısında borclu olan cavabdehin öhdəliyini öz əmlakı hesabına ödəmişdir. Eyni zamanda cavabdeh öz öhdəsinə götürmüşdür ki, iddiaçının öz əmlakı hesabına ödədiyi borcu 10 il müddətinə iddiaçıya geri qaytaracaq. Kollegiya qeyd edir ki, Mülki Məcəllədə bu növdə müqavilə nəzərdə tutulmamışdır. Bununla yanaşı mülki qanunvericilikdə belə razılaşma və ya müqavilə üzrə kommersiya fəaliyyətinin həyata keçirilməsi də qadağan olunmamışdır. Mülki Məcəllənin 390.1-ci maddəsində isə göstərilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Ona görə də kollegiya hesab edir ki, iddiaçı borc öhdəliyinin icra edilməsinə dair müqaviləyə istinad edərək öhdəliyin icra olunmasını (Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən) və ya həmin müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində zərərin əvəzinin ödənilməsini (Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən) tələb etməkdə haqlı hesab oluna bilər. Eyni zamanda, qeyd olunan 001 saylı müqavilə bağlandıqdan sonra tərəflər arasında 05 fevral 2018-ci il tarixli 002 saylı borc öhdəliyinin güzəşt edilməsinə dair müqavilə bağlanmış və cavabdehin iddiaçıya olan 67.621.177,23 manat borcundan 65.233.683,23 manat məbləğində borc cavabdehin xeyrinə güzəşt edilmişdir. Göründüyü kimi cavabdehin iddiaçı qarşısında olan 67.621.177,23 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyinin 65.233.683,23 manat hissəsinə xitam verilmişdir. Belə ki, Mülki Məcəllənin 546-cı maddəsinə əsasən kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın. Beləliklə, qeyd olunanlardan müəyyən edilir ki, tərəflər arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli 001 saylı borc öhdəliyinin icra edilməsinə dair müqaviləyə əsasən cavabdehin ödəməli olduğu borc məbləği azaldılaraq 05 fevral 2018-ci il tarixli 002 saylı borc öhdəliyinin güzəşt edilməsinə dair müqaviləyə əsasən 2.378.494,00 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, 15 yanvar 2018-ci il tarixli 001 saylı müqavilə ilə müəyyən edilən cavabdehin ödəməli olduğu 1.400.000,00 manat məbləğində vergi borcu ayrıca məbləğ, yəni 67.621.177,23 manat məbləğindən əlavə ödənilməli olan məbləğ deyil. Çünki 001 saylı müqavilədə aydın şəkildə müəyyən edilmişdir ki, həmin məbləğ ödənildikdən sonra ümumi məbləğ (67.621.177,23 manat) azaldılır. İddiaçı MMC-nin hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən 15 yanvar 2018-ci il tarixli 001 saylı müqaviləyə əsasən iddiaçının vergi qarşısında yaranan borcundan ümumilikdə 112.000 manat ödənilmişdir. Cavabdeh tərəfindən təqdim edilən tərəflər arasında bağlanmış borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli razılaşma protokolundan isə görünür ki, "xxxx" ASC-nin İddiaçı MMC-yə 05 fevral 2018-ci il tarixli borc öhdəliyinin güzəşt edilməsinə dair 002 saylı müqavilə üzrə borcundan 3.094.385 manat ödənilmiş hesab edilmişdir. İddiaçı tərəf bu faktı təsdiq etmir və bildirir ki, sözügedən məbləğ tamamilə başqa öhdəliyin icra edilməsi zamanı "xxxx" MMC-dən İddiaçı MMC-yə borc müqaviləsi üzrə “X3” MMC-nin "xxxx" ASC qarşısında mövcud olan borcunun ödənilməsi üçün "xxxx" ASC-yə ödənilən vəsaitin əvəzləşdirilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası iddiaçının mövqeyini əsassız hesab edir və bununla bağlı qeyd edir ki, xx.xx.2018-ci il tarixli razılaşma protokolunda aydın şəkildə və əlavə heç bir şərt nəzərdə tutulmadan qeyd olunmuşdur ki, "xxxx" ASC-nin İddiaçı MMC-yə 05 fevral 2018-ci il tarixli borc öhdəliyinin güzəşt edilməsinə dair 002 saylı müqavilə üzrə borcundan 3.094.385 manat ödənilmiş hesab edilmişdir. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, borc öhdəliyinin icra edilməsinə dair və borc öhdəliyinin güzəşt edilməsinə dair müqavilələr üzrə yaranmış borc məbləği tərəflər arasında bağlanmış borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli razılaşma protokolunda qeyd olunanlar nəzərə alınmaqla müəyyən edilməlidir. Bu məqsədlə, yəni 31 avqust 2018-ci il tarixli borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə razılaşma protokolu nəzərə alınmaqla İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli “Borc öhdəliyinin icra edilməsinə dair” 001 saylı və 05 fevral 2018-ci il tarixli “Borc öhdəliyinin güzəşt edilməsinə dair” 002 saylı müqavilələr üzrə borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 iyun 2022-ci il tarixli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən iş materiallarında olan bank ödəniş sənədləri və işin 83-cü vərəqəsində olan 31 avqust 2018-ci il tarixli borc öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi barədə razılaşma protokolu nəzərə alınmaqla İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlamış 15 yanvar 2018-ci il tarixli “Borc öhdəliyinin İcra edilməsinə dair” 001 saylı və 05 fevral 2018-ci il tarixli “Borc öhdəliyinin güzəşt edilməsinə dair” 002 saylı müqavilələr üzrə borc tam ödənilmişdir. Göründüyü kimi ekspert rəyi ilə tərəflər arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli 001 saylı müqavilə üzrə yaranmış və 05 fevral 2018-ci il tarixli 002 saylı müqavilə üzrə qalıq qalmış borcun mövcüd olmadığı tam təsdiq olunur. Çünki 05 fevral 2018-ci il tarixli 002 saylı müqavilə üzrə müəyyən edilən qalıq borc 31 avqust 2018-ci il tarixli razılaşma protokoluna əsasən qarşılıqlı əvəzləşdirilmiş və bunun nəticəsində cavabdehin iddiaçı qarşısında olan öhdəliyinə xitam verilmişdir. Belə ki, Mülki Məcəllənin 540.1 və 540.2-ci maddələrində təsbit edilmişdir ki, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. Məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır. Bu baxımdan kollegiya hesab edir ki, iddia rədd edilməlidir. Əlavə olaraq kollegiya qeyd edir ki, apellyasiya icraatında cavabdeh tərəfindən təqdim edilən 31 avqust 2018-ci il tarixli razılaşma protokolunun sübut kimi qəbul edilməsi Mülki Prosessual Məcəllənin 372.2ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, həmin maddənin tələblərinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarından da müəyyən edilir ki, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Sonuncu məhkəmə iclaslarında iddiaçı tərəfindən həmin razılaşmanın əslinin tələb edilməsinə dair isə kollegiya qeyd edir ki, iddiaçı həmin razılaşmanın bağlanmasını mübahisələndirməmiş və apellyasiya şikayətinə qarşı etirazda (i/v 97) həmin razılaşmanın bağlanmasını etiraf etmiş, lakin həmin razılaşmanın digər öhdəliyə aid olduğunu bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3388/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh tərəfindən 15 yanvar 2018-ci il tarixli "Borc öhdəliyinin icra edilməsinə dair” 001 saylı və 05 fevral 2018-ci il tarixli "Borc öhdəliyinin güzəşt edilməsinə dair” 002 saylı müqavilələr üzrə yaranmış 3.666.494 manat məbləğində borcun ödənilməsi barədə iddia rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 200 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-76/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-76/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver