Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-760/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-486/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı (icraçı) İddiaçı MMC ilə cavabdeh (sifrarişçi) "xxxx" MMC arasında 12 sentyabr 2014-cü il tarixli, 02/2014 nömrəli işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən tərəflər Lənkəran rayonu 6 saylı Vergilər İdarəsinin inzibati binasının əsaslı təmiri işlərində hər türlü söküntü işlərinin görülməsi və hər növ dəmir quraşdırma işlərinin hazırlanması, rənglənməsi və montaj edilməsi işlərinin yerinə yetirilməsi üçün müqavilə bağlayırlar.
3. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə aylıq görülmüş işlərin dəyərinin hesablanması bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırma” protokoluna və görülmüş işlərin təhvil-təslim aktına əsasən aparılacaqdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 72.000 manat məbləğində borc pulun, həmçinin iddiaçı tərəfindən mediasiyaya çəkilmiş 410 manat və vəkilə ödənilmiş 120 manat pul vəsaitinin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, o, cavabdehlə tikinti işlərinin aparılması ilə əlaqədar əməkdaşlıq etmiş və həmin əməkdaşlıqla əlaqədar cavabdeh tərəfindən qismən ödənişlər həyata keçirilsə də, nəticədə cavabdehin iddiaçıya 72.000 manat məbləğində qalıq borcu yaranmışdır. Cavabdeh MMC tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli ST/CC/23-001 nömrəli məktub da cavabdehin qeyd olunan borcunun mövcudluğunu təsdiq edir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 55.907 manat məbləğində əsas borcun, 16.092 manat cərimə borcu, həmçinin iddiaçı tərəfindən mediasiyaya çəkilmiş 410 manat və vəkilə ödənilmiş 120 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin müqavilə üzrə 72.000 manat borcu yaranmış, həmin borcdan xx.xx.2014-cü ildə 10.000 manat, xx.xx.2014-cü 4500 manat, xx.xx.2014-cü il tarixdə 2400 manat ödənilmişdir. Üzərindən 10 il keçməsinə baxmayaraq qalıq 55.907 manat ödənilməmiş, bu səbəbdən cavabdeh əlavə olaraq illik 5 faizlə hesablanan 16.092 manat ödəməlidir. Cavabdehlə bu barədə razılıq əldə edilmişdir.
8. Cavabdeh iddiaya etiraz etmiş, lakin məhkəməyə əsaslandırılmış yazılı etiraz təqdim etməmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-486/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
10. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək, iddia tələbini və müqavilənin əsasını düzgün müəyyən etməmişdir. Həmçinin, iddiaçının tələb etdiyi məbləğin maliyyə əsasının araşdırılması və təqdim edilən iş materiallarına əsasən cavabdehin iddiaçıya olan borcunun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zərurəti olmasına baxmayaraq, birinci instansiya məhkəməsi ekspertizanı təyin etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
15. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
17. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
18. Mülki Prossesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
21. Belə ki, tərəflər arasında bağlanmış 12 sentyabr 2014-cü il tarixli, 02/2014 nömrəli işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqında müqavilə mahiyyət etibarı ilə Mülki Məcəllənin 752.1-ci maddəsində nəzərdə tutulmuş podrat müqaviləsidir.
22. Həmin maddənin dispozisiya şərtlərinə əsasən podrat müqaviləsi üzrə nəzərdə tutulan işlərin icra edilməsi öhdəliyi podratçıya, muzdun ödənilməsi öhdəliyi isə sifarişçiyə aid olduğuna görə birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut etməlidir.
23. Eyni zamanda, Mülki Məcəllənin 752.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq podratçı tərəfindən irəli sürülmüş muzdun ödənilməsi barədə iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, podratçı (iddiaçı) tərəfindən müqavilə üzrə müəyyən edilən podrat işləri yerinə yetirilmiş, sifarişçi (cavabdeh) tərəfindən isə müqavilə ilə müəyyən edilən muzd ödənilməmişdir.
24. Hazırki işdə də həmin hallar sübut olunur.
25. Belə ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixli 1 saylı qiymət razılaşdırma protokoluna əsasən tərəflər görüləcək işlərin dəyərini 40190,60 manat məbləğində razılaşdırmışlar.
26. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2015-ci il tarixli qiymət razılaşdırma protokoluna əsasən tərəflər görüləcək işlərin dəyəri 32616,50 manat məbləğində razılaşdırmışlar.
27. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli ST/CC/23-001 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" MMC-nin direktoru X1, şirkətlə subpodrat olaraq əməkdaşlıq edən İddiaçı MMC-nin alacağı 72.000 manat məbləğ mart ayının sonuna qədər şirkət tərəfindən ödəniləcəkdir.
28. Cavabdeh tərəfindən 12 sentyabr 2014-cü il tarixli 02/2014 nömrəli müqaviləyə əsasən xx.xx.2014-cü il tarixdə 10.000 manat, xx.xx.2014-cü il tarixdə 4500 manat və xx.xx.2014-cü tarixdə 2400 manat məbləğində ödənişlər edilmişdir.
29. Beləliklə, qeyd olunan sübutlarla təsdiq edilir ki, iddiaçı tərəfindən görülmüş podrat işlərinin dəyəri cəmi 72.807,10 manat təşkil edir. Cavabdeh isə cəmi 16.900 manat məbləğində ödənişlər etmiş və onun tərəfindən yuxarıda qeyd edilən ödənişlərdən əlavə məbləğlərin ödənilməsi barədə sübutlar təqdim edilməmişdir.
30. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən görülmüş işlərə görə ödənilməyən 55.907,10 manat məbləğdə qalıq borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
31. Həmçinin, iddiaçı tərəfindən irəli sürülən illik 5 faizlə hesablanmış cəmi 16.092 manat məbləğində pul vəsaitinin tutulması barədə tələb də əsaslıdır.
32. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
33. İşin hallarını, yəni cavabdeh tərəfindən pulun ödənilməsi öhdəliyinin icrasının 10 ildən artıq müddətdə gecikdirildiyini və ödənilməli olan əsas məbləği nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı 16.092 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır (55.907,10 x 5% x 10 = 27.953,55).
34. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, borcun mövcüdluğu və gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, eləcə də borcun və icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin məbləği xüsusi bilik tələb etmədən sadə riyazi hesablama ilə müəyyən olunduğundan iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə zərurəti yoxdur.
35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-486/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov