Məhkəmə qərarları › İş №2-2(103)-762/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-762/2021

08.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-762/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh Cavabdeh MTK-nə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, e- 2-2 (113)-1882/2021 nömrəli qətnaməsindən (hakim Ülkər Həsənova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23.09.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 218276.41 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 317500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə və fondlara ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 23.09.2019-cu il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 23.09.2019-cu il tarixə yaranan borcuna görə 317500 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə 23.09.2019-cu il tarixli, **********7 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 218276.41 manat məbləğində borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1882/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərindən dövlət büdcəsinə olan vergi borcu tam ödənildiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməlidir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 08.09.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Q.Kərimli əvvəlki məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1882/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallara əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı tərəfindən 19 avqust 2019-cu il tarixdə cavabdehə vergi borcunun ödənilməsinə dair **********1 saylı bildiriş göndərilərək, 19.08.2019-cu il tarixinə ümumilikdə 456.862,43 manat, o cümlədən vergilər üzrə 66.897,34 manat, maliyyə sanksiyaları üzrə 389.298,85 manat, faizlər üzrə 666,24 manat məbləğində borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının “vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 23.09.2019-cu il tarixli, **********7 nömrəli qərarı ilə cavabdeh vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdehə məxsus əmlak 23.09.2019-cu il tarixdə siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında **********7 saylı protokol, həmin protokola 1 saylı əlavə və vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında akt tərtib edilmişdir. Əmlakın siyahıya alınması haqqında **********7 saylı 23.09.2019-cu il tarixli protokola edilmiş 1 saylı əlavədə cavabdehə məxsus 1 kv/m qiyməti 500 manat olan ümumi məbləği 85.000 manat olan 3-cü mərtəbədə yerləşən 3 otaqlı mənzil, 1 kv/m qiyməti 500 manat olan ümumi məbləği 75.000 manat olan 4-cü mərtəbədə yerləşən 3 otaqlı mənzil, 1 kv/m qiyməti 500 manat olan ümumi məbləği 75.000 manat olan 4-cü mərtəbədə yerləşən 3 otaqlı mənzil, 1 kv/m qiyməti 1000 manat olan ümumi məbləği 60000 manat olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi və 1 kv/m qiyməti 500 manat olan ümumi məbləği 12500 manat olan 2-ci mərtəbədə yerləşən 1 otaqlı ofis (mənzil) siyahıya alınmışdır. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə tərəfindən 23.09.20219-cu il tarixdə iddiaçıya ünvanlanmış izahatdan görünür ki, cavabdeh 23.09.2019-cu il tarixə dövlət büdcəsinə olan vergi borcunu qısa müddət ərzində ödəyəcəyini öhdəsinə götürdüyünü bildirmiş, əlavə olaraq MTK-nın İİ mərtəbəsində yerləşən sahəsi 25 kv/m olan iş otağının da siyahıya alındığını göstərmişdir. İzahat nümayəndə tərəfindən imzalanmış, MTK-nın möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehə vergi borcunun ödənilməsi barədə 26.09.2019-cu il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutları nəzərə alaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1, 23.1.6, 89.1, 89.7, 89.10, 90.1-ci maddələrini mübahisə üzrə düzgün tətbiq edərək iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətində 23.09.2019-cu il tarixə dövlət büdcəsinə olan 218276.41 manat borcunun ödənilməsini qeyd etsə də, bu barədə nə birinci instansiya, nə də apelyasiya instansiyası məhkəməsinə hər hansı sənəd təqdim edilmədiyindən apelyasiya şikayəti əsassız hesab edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, e-2- 2 (113)-1882/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Cavabdeh MTK-nın apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1882/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar