Məhkəmə qərarları › İş №2-2(103)-763/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-763/2021

08.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-763/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, iddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh Cavabdeh MTK-nə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, e- 2-2 (113)-1456/2021 nömrəli qətnaməsindən (hakim Ülkər Həsənova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 29.10.2020-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 234165,49 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 351.5 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 591200 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə və fondlara ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 29.10.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 29.10.2020-ci il tarixə yaranan 584240.45 manat borcuna görə 591200 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə 30.10.2020-ci il tarixli, **********8 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 29.10.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 234165.49 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 351,5 manat borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1456/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərindən dövlət büdcəsinə 29.10.2020-ci il tarixinə olan vergi borcu tam ödənildiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməlidir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 08.09.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səlahiyyətli nümayəndəsi A.Məmmədovun 07.09.2021-ci il tarixdə elektron qaydada göndərilmiş ərizəsində cavabdehin dövlət büdcəsinə ödənilməmiş 53760,28 manat borcu olduğu bildirilərək həmin məbləğin cavabdehdən tutulması xahiş olunmuşdur. Məhkəmə apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1456/2021 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh MTK-nın 29.10.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 53760,28 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 591200 manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc və 15 (on) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MTK-dan tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ Cavabdeh MTK-ya qaytarılmalıdır. İş materiallara əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı tərəfindən 21 oktyabr 2020-ci il tarixdə cavabdehə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********5 saylı bildiriş göndərilərək, 21.10.2020-ci il tarixinə ümumilikdə 916804,27 manat, o cümlədən vergilər üzrə 595484 manat, maliyyə sanksiyaları üzrə 218.302,19 manat, faizlər üzrə 103.018,08 manat məbləğində borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının “vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 28.10.2020-ci il tarixli, **********8 nömrəli qərarı ilə cavabdeh vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdehə məxsus əmlak 30.10.2020-ci il tarixdə siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında **********8 saylı protokol, həmin protokola 1 saylı əlavə və vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında akt tərtib edilmişdir. Əmlakın siyahıya alınması haqqında **********8 saylı 30.10.2020-ci il tarixli protokola edilmiş 1 saylı əlavədə cavabdehə məxsus 3 otaqlı 150 kv/m olan ümumi məbləği 120.000 manat olan 4-cü mərtəbədə yerləşən mənzil, 3 otaqlı 170 kv/m olan ümumi məbləği 136.000 manat olan 4-cü mərtəbədə yerləşən mənzil, 3 otaqlı 170 kv/m olan ümumi məbləği 136.000 manat olan 3-cü mərtəbədə yerləşən mənzil, 1 otaqlı 70 kv/m olan ümumi məbləği 56.000 manat olan 2-ci mərtəbədə yerləşən mənzil, sahəsi 60 kv/m olan olan 60.000 manat məbləğində 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi və 2 otaqlı 104 kv/m olan 83.200 manat məbləğində 17-ci mərtəbədə yerləşən mənzil siyahıya alınmışdır. Birinci instansiya məhkəməsi işdəki sübutları nəzərə alaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1, 23.1.6, 89.1, 89.7, 89.10, 90.1-ci maddələrinə istinad edərək iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətində 29.10.2020-ci il tarixə dövlət büdcəsinə olan borcunun tam ödənildiyini qeyd etsə də, borcun tam ödənişi ilə bağlı sübutlar təqdim edilməmişdir. Vergi orqanının nümayəndəsinin apelyasiya instansiyası məhkəməsinə təqdim etdiyi ərizədə cavabdehin qeyd edilən tarixə dövlət büdcəsinə ödənilməmiş 53760,28 manat borcu olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddia ərizəsi ilə tələb edilən vergi borcunun tam ödənildiyi sübut olunmadığından mübahisələndirilən qətnamə dəyişdirilərək cavabdehdən 29.10.2020-ci il tarixə dövlət büdcəsinə yaranmış 53760,28 manat borc tutulmalıdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, e-2-2 (113)- 1456/2021 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh MTK-nın 29.10.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 53760,28 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 591200 manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc və 15 (on) manat məbləğində dövlət rüsumu cavabdeh Aybir MTK-dan tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ Cavabdeh MTK-ya qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MTK-nın apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, e-2-2 (113)-1456/2021 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh MTK-nın 29.10.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 53760,28 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 591200 manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc və 15 (on) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MTK-dan tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh MTK-ya qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar