Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-763/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 431/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh2 (müştəri) və zaminlər (Cavabdeh1, Cavabdeh3, Cavabdeh4) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/35972/88/26 saylı Kredit sazişi müqaviləsinə əsasən: Müqavilə üzrə:
1. Əsas öhdəlik: Cavabdeh2 30000 manat məbləğində, 36 ay müddətinə, 24%-illik əsas vəsaitlərin alınması üçün kredit məlbəği ayrılır.
3. Zaminlik: Kredit müqaviləsi üzrə müştərinin öhdəliyi zaminliklə təmin olunur. Zaminlərin rekvizitləri 5-ci bölmədə qeyd edilmişdir.
4. Əlavə şərtlər: Xidmət şərtlərinin 7.1.9 -cu bəndi aşağıdakı redaksiyada qəbul edilsin: Müştəri Müqavilə üzrə ödənişlərini vaxtında və lazımınca icra etmədikdə Müştərinin və/və ya Zaminin sərəncamı olmadan birtərəfli qaydada müştərinin və/və ya zaminin Bankdakı hesab(lar)ından müvafiq həcmdə vəsaiti silir. Kredit şərtləri: 1.Tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflərin arasında Müqavilələrdən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə (bundan sonra “Xidmət şərtləri” və ya “Şərtlər” adlandırılacaq) müəyyən olunur. Şərtlər bu Sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur. 2.Tərəflər bu sazişdə Şərtlərdən fərqlənən, onu tamamlayan və konkretləşdirən, ayrıayrı şərtlərin tətbiqini istisna edən şərtlər barədə razılığa gələ bilərlər. Tərəflərin bilavasitə bu Saziş ilə razılaşdırdıqları şərtlərə Şərtlərə nisbətən üstünlük verilir.
2. Bank of Baku ASC-nin xx.xx.2014-cü ildə təsdiq edilmiş müştərilərinə kreditləşmə və xidmət şərtlərinin 6.12-ci maddəsinə əsasən Zamin, Müqavilədən irəli gələn pul öhdəlikləri Müştəri tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəlikləri tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında Müştəri ilə birlikdə birgə məsuliyyət daşıyır.
3. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh2 hesabına İddiaçı ASC tərəfindən 29999 manat məbləğində köçürmə edilmişdir.
4. xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 25588,54 manat əsas, 4896,22 manat faiz və 843,56 manat məbləğində cərimə borcu vardır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7993 saylı rəyində Cavabdeh2 xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka olan əsas borcunun 24.774,50 manat, faiz borcunun 3.914,37 manat, xx.xx.2023-cü il tarixə banka olan əsas borcunun 24774,50 manat və faiz borcunun 391437 manat, xx.xx.2024-cü il tarixə əsas borcunun 24774,50 manat, faiz borcuunun4740,19 manat olduğu müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 25588.54 manat məbləğində əsas borcun, 4896.22 manat məbləğində faiz borcunun, 843.56 manat məbləğində cərimə borcunun, cəmi 31328.32 manat borcun və 185 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Sübut kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Borclu Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 (zaminlər) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh2 aid bütün öhdəlikləri icrа еtməlidirlər.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-431/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 birgə qaydada 24.774,50 manat əsas borc məbləğinin, 3.914,37 manat faiz borcunun, 843,56 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 179 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəməmühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qərara alınmışdır. İddia qalan hissədə rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə ilkin olaraq xx.xx.2024-cü il tarixli kredit müqaviləsinn ləğvinə və borcun ödənilməsinə dair bildiriş məkubu xx.xx.2024-cü il tarixində çatdırılmışdır. Və həmin məktubda müqaviləyə xitam verildiyi bildirilmiş və bütün borcun ödənişi tələb edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman qeyd olunan AR KM Plennum Qərarına əsasən iradə ifadəsini tam formalaşdırıb irəli sürərək, artıq bütün borcu (əsas və müqavilə üzrə faiz) tələb etdiyi üçün hazırki iş üzrə maliyyə arayışında göstərilən tarixə deyil, birinci pretenziya məktubunun çatdırıldığı xx.xx.2024-cü il tarixə mövcud borc cavabdehlərdən tutulmalıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə pulu tənasübsüz surətdə yüksək olmadığından 843,56 manat məbləğində məbləğində müəyyən edilməli və cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri hissəsində iddianın qismən təmin edildiyi nəzərə alınmışdır.
10. Birinci instasniya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 448.1, 462.1, 470.1, 472, 739, 741, 743-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarına istinadla əsaslandırmışdır.
11. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını və apellyasiya şikayətində qeyd edilən xüsusatlar nəzərə alınaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin işə baxılmasında iştirakı tam formada təşkil edilməyib. İkincisi, cavabdeh banka ödənişlər etsə də bu barədə məhkəməyə məlumat verilmədiyi üçün etdiyi sonuncu ödənişlər nəzərə alınmayıb. Məhkəmə bankın tələbinin nə qədər dürüst və düzgün olmasına dair ekspertiza təyin etməyib ki, müəyyən edilsin ki, bu borc məbləği dürüstdür ya yox. Bundan başqa da nə iddia ərizəsi, nə də ki hüquq və vəzifələri bildirən sənəd cavabdehə rəsmi qaydada təqdim edilməyib və bu da öz növbəsində cavabdehin konstitusiyon hüquqlarını pozub. Cavabdehi məhkəmədə qanuni maraqlarını və hüquqlarını müdafiə etmək imkanından məhrum ediblər. Cavabdeh mütəmadi ödənişlər etməyə çalışmış, indi hər ay olmasa da amma əlinə imkan düşən kimi ödənişlər etmiş və hətta qətnamə çıxmış olsa belə yenə də xx.xx.2025-ci il tarixdə də 990 manat məbləğində ödəniş etmişdir. Lakin bank tərəfindən ödənişlər nəzərə alınmayıb. Bundan başqa da cavabdeh banka da bildirib ki, götürdüyü kredit heç də cavabdehə fayda verməmiş və əksinə biznesini batırmış və külli miqdarda ziyan edib lakin bütün bunlara baxmayaraq cavabdeh yenə də öz məsuliyyətini dərk edib, başqa işlərlə məşğul olub və hətta fəhləlik belə edib banka olan ödənişini etməyə çalışmışdır. Cavabdehin 2 azyaşlı övladı və işsiz həyat yoldaşı və digər bacı və bacısının uşaqları da var və bütün ailə cavabdehin məsuliyyətindədir. Qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığı üçün ləğv edilməsi və işə apellyasiya şikayətində qeyd edilən xüsusatlar nəzərə alınaraq yenidən obyektiv şəkildə baxılması barədə qərarın çıxarılması təmin edilsin.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər v’ gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
14. Mülki Məcəllənin: -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 741-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. -Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
15. Mülki Prosessual Məcəllənin:
- 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Apellyasiya baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə Cavabdeh2 tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
a) Əsas və dəbbə pulu tələbi
20. Belə ki, iş üzrə təqdim edilmiş sübutlar tədqiq edilərək müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 (bundan sonra cavabdeh) arasında xx.xx.2022-ci il tarixli, MK/35972/88/26 saylı kredit sazişinə əsasən cavabdehə İddiaçı ASC-dən illik 24% olmaqla 24 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəlikləri digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 zaminliyi ilə təmin olunmuşdur. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka əsas və faiz borcu yaranmışdır. İddiaçı ASC müqavilənin ləğvinə yönəlmiş bildirişi göndərməklə xx.xx.2024-cü il tarixdən müqaviləyə vaxtından əvvəl xitam vermişdir. Hazırda iddiaçı müqavilşə üzrə əsas, faiz və dəbə pulu borcundan cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.
21. Kollegiya, ilk növbədə iddia tələbinin maddi hüquqi əsasını müəyyən edərək qeyd edir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına uyğun olaraq, 739 və 743-cü maddələri əsasında qiymət verilməlidir.
22. Əsas və faiz borcu tələbinə qiymət verərək kollegiya qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini pozaraq əsas və faiz borclarını ödəniş cədvəlinə uyğun olaraq qaytarmadığından bank Mülki Məcəllənin 743-cü maddəsinə əsasən, borcun dərhal geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.
23. Birinci instansiya məhkəməsi borcun məbləğini müəyyənləşdirmək məqsədilə məhkəmə mühasibatlıq-ekspertizası təyin etmiş və ekspert rəyi ilə xx.xx.2024-cü il tarixə, yəni müqavilənin xitam tarixinə banka olan əsas borcunun 24.774,50 manat, faiz borcunun 3.914,37 manat məbləğində olması müəyyən edilmişdir.
24. Məhkəmə kollegiyası MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, birinci instansiya məhkəməsi həmin rəy iş üzrə sübut qismində qəbul etməklə cavabdehlərdən müştərək qaydada tutulmalı olan əsas və faiz borcunu həmin rəyə əsasən müəyyənləşdirməkdə haqlı olmuşdur.
25. Tələbin dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və cavabdehin təsdiq etdiyi İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri”nin Xüsusi hissəsinin 1.3-cü bəndində və tərəflər arasında bağlanmış kredit sazişində kreditalan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı mübahisəli müqavilə üzrə dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
26. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürərək tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə almışdır. Odur ki, birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi 843,56 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından onun azaldılması üçün əsas yoxdur. b) Arqumentlər
27. Qətnamə qəbul edildikdən sonra xx.xx.2025-ci il tarixdə 990 manat məbləğində ödəniş etməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd eidr ki, birincisi, cavabdeh müvafiq ödənişin edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. İkincisi, belə bir ödənişin edilməsi ehtimal edilsə belə, qeyd edilməlidir ki, apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qanuni və əsaslı olmasının yoxlanılması təşkil etdiyindən apellyasiya instansiyası məhkəməsi məhz birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarixə olan borcu müəyyən etməklə həmin tarixdə tutulması qət edilmiş məbləğin əsaslılığına qiymət verməlidir. Qətnamə qəbul edildikdən sonra ödənilmiş məbləğlər isə qətnamənin icrası mərhələsində nəzərə alınmalıdır.
28. Cavabdeh məhkəmə iclasları barədə məlumatlandırılmadığını və ona hüquq və vəzifələrinin izah edilmədiyini bildirsə də, xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak etmiş və həmin iclas zamanı öz hüquq və vəzifələrinin ona məlum olduğunu bəyan etmişdir.
29. Cavabdehin iş üzrə xüsusi bilik tələb edən məsələlərin ekspertiza təyin edilmədən məhkəmə tərəfindən əsassız şəkildə müəyyən edilməinə dair dəlili də əsassızdır. Belə ki, məhkəmə iş üzrə ekspertiza təyin etmiş və yekun qərar həmin ekspert rəyinə əsaslanaraq qəbul edilmişdir.
c) Məhkəmə xərcləri
30. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-431/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Ziya Şirinov
Təranə Mahmudova