Məhkəmə qərarları › İş №2-2(103)-767/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-767/2024

19.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-767/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-729/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən artıq ödənilmiş 3500 manat icarə haqqının, 1058,07 manat ödəmə mənbəyində tutulan verginin, 50000 manat borcun, 9050,15 manat çəkilən xərcin, 5000 manat maddi zərərin və ödənilmiş 300 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-729/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apelyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində onların arasında icarə hüquq münasibətlərinə 2023-cü ilin mart ayında xitam verildiyi və onun məhkəməyə müraciət etdiyi müddətlə 6 aylıq müddəti ötürməyini bildirsə də cavabdehlə bu müddət ərzində onların arasında mübahisə davam etmiş və o hüquqlarının tam pozulduğu andan sonra məhkəməyə müraciət edib. MM-nin 697 maddəsinə görə də hüquq sahibinin hərəkətsiz qalmasında bu müddət tətbiq edilə bilər. Lakin onların arasında bu müddət ərzində mübahisə davam etmiş və o müxtəlif orqanlara müraciətlər edib. Yəni bu müddət ərzində hərəkətsiz qalmamışdır. Məhkəmə əsassız olaraq müddətin keçdiyinə görə 9050,15 manat xərcin tutulması hissəsini rədd etmişdir. Məhkəmə 5000 manat maddi ziyanln ödənilməsi hissəsini də əsassız olaraq təmin etməmişdir. Belə ki, müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə növbəti 10 ay müddətinə uzadılmış hesab edilmiş və icarə müqaviləsi 2022-ci ilin dekabr ayında başa çatmış və cavabdeh tərəfindən heç bir mübahisə olmadığı üçün müqavilə yenidən bağlanmış hesab edilmiş və onun tərəfindən yenidən 10 ay üçün 5000 manat icarə pulu ödəniş edilmişdir. Lakin cavabdeh bizə heç bir xəbərdar etmədən icarə müqaviləsini pozaraq 2023-cü ilin mart ayında bizi həmin obyektin boşaldılmasına vadar etmişdir. Cavabdehə həmin pulun ödənilməsinə dair olan sübutları məhkəmə hansı səbəbdən sə əsassız hesab etmişdir. Eyni zamanda müqavilənin 4.1-ci bəndində göstərilir ki, aylıq icarə haqqı vergisiz 500 manat təşkil edir. İcarə haqqından ödəmə mənbəyindən tutulan vergi dərəcəsinin hesablanmış məbləği 70 manat icarə vergisi verən tərəfdən hesablanıb dövlət büdcəsinə ödənilir. Göründüyü kimi müqavilə üzrə vergi cavabdeh tərəfindən ödənilməli olduğu halda onların tərəfindən "xxxx" ASC-dən ödəniş tapşırığı əsasında dövlət büdcəsinə ödənişlər edilmişdir. Həmçinin müqavilədə 70 manat nəzərdə tutulsa da vergi tərəfindən 81,39 manat ödənilməsi bildirilmiş və hər ay 81,39 AZN olmaqla 13 ay müddətinə cəmi 1058,07 manat vergi pulu onlar tərəfindən dövlət büdcəsinə ödənilmiş, lakin məhkəmə bunu da sübut kimi qəbul etməmiş və əsassız olaraq həmin hissəni də təmin etməmişdir. İcarə müqaviləsinin pozulması cavabdeh tərəfindən edilmiş və buna görə də onlara dəyən ziyan ödənilməli idi.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

9. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

10. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

11. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

12. Həmin Məcəllənin 704.1-ci əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

19. Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı (icarəçi qismində) ilə cavabdeh (icarəyə verən qismində) arasında 01 mart 2022-ci il tarixdə İ/01/03-22 nömrəli icarə müqaviləsi bağlanaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, 139 nömrəli sahədə yerləşən qeyri-yaşayış sahəsinin 300 kv.m-lik hissəsinin cavabdeh tərəfindən iddiaçıya icarəyə verilməsi razılaşdırılmış, müqavilədə aylıq icarə haqqı vergisiz 500 manat qeyd olunmuşdur. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə köçürmə yolu ilə cavabdehə xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 4500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat olmaqla ümumilikdə 10000 manat ödəniş edilmişdir. İddiaçı 2023-cü ilin mart ayında icarə obyektini tərk etmişdir.

20. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən artıq ödənilmiş 3500 manat icarə haqqının, 1058,07 manat ödəmə mənbəyində tutulan verginin, 50000 manat borcun, 9050,15 manat çəkilən xərcin, 5000 manat maddi zərərin və ödənilmiş 300 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. 01 mart 2022-ci il tarixli İ/01/03-22 nömrəli icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən, aylıq icarə haqqı vergilərsiz 500 (beş yüz) manat (vergi xaric) təşkil edir.

22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının borc tələbinin faktiki əsası kimi təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı bütün kassa məxaric orderlərində ödənişlərin səbəbi kimi “icarə haqqı ödənildi”, “icarə borcu bağlandı”, “icarə pulu (mart)”, “icarəyə verildi” və s. göstərmiş, hətta cavabdehin gözətçisi Akif Feyzullayev tərəfindən imza edilməyən sənədlərdə də məbləğlərin icarə üçün ödənildiyini göstərmişdir. İddiaçı bu halı satış sisteminin məxaric orderini belə verməsi ilə əlaqələndirsə də, iddiaçı nümayəndəsi tərəfindən əl yazısı ilə tərtib edilən (yəni satış sistemi tərəfindən verilməyən) və cavabdehin nümayəndəsi tərəfindən imzalanan aktlarda (qəbzlərdə) də ödənişlərin icarə ödənişləri kimi göstərilməsinin səbəblərini izah edə bilməmişdir. Halbuki iddiaçı tərəfindən əl yazısı ilə tərtib edilən xx.xx.2022-ci il tarixli aktda “Akif dayıya icarə pulundan 2000 AZN verildi”, xx.xx.2022-ci il tarixli aktda “icarə pulundan 500 AZN verildi Akif dayıya”, xx.xx.2022-ci il tarixli aktlarda “İcarə haqqı. 500 AZN də verildi, qalıq 4500 AZN”, “1500 AZN icarə haqqı verildi, qalıq 3000 AZN”, xx.xx.2021-ci il tarixli aktda “icarə pulundan 1300 AZN Akif dayıya verildi, qalıq borc 1700 AZN”, xx.xx.2022-ci il tarixli aktda “icarə haqqından Akif dayıya verildi 3000 AZN” kimi ifadələr əks olunmuşdur.

23. Həmçinin iddiaçı nümayəndəsi tərəfindən əl yazısı ilə tərtib edilən aktlardan (qəbzlərdən) göründüyü kimi müxtəlif tarixlərdə edilən icarə haqqı ödənişlərindən sonra qalıq borc məbləğləri də qeyd olunmuşdur. Məhkəmənin dəqiqləşdirici suallarına cavab olaraq iddiaçı istinad etdiyi faktiki əsaslar baxımından bu aktlarda qalıq borc məbləğlərinin qeyd olunmasının səbəbini göstərə bilməmişdir. Məhkəmənin baxış iclasında şahid kimi dindirilən X1 da məhkəməyə ifadə verərək göstərmişdir ki, o, cavabdehin qeyri-yaşayış binasının gözətçisi işləyir. İddiaçı tərəfindən icarə haqqı paketlərdə ayda bir neçə dəfə ona verilir, o da bu barədə imza edirdi. Belə ki, cavabdeh adətən obyektə gecələr gəldiyindən və bu zaman iddiaçı artıq mağazasını bağladığından ödənişləri o toplayırdı. Lakin onun icarə haqqının məbləğindən xəbəri yoxdur. X1 məhkəmə tərəfindən təqdim olunan aktlarda (qəbzlərdə) olan imzanın onun tərəfindən icra edildiyini təsdiq etmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlərdən nəinki borc münasibətlərinin olduğu təsdiqlənmir, əksinə ödənişlərin məhz icarə haqqı kimi ödənildiyi görünür.

24. Məhkəmə həmçinin qeyd etmişdir ki, sübutların mümkünlüyü qaydalarına uyğun olaraq, predmeti 3000 manatdan artıq olan borc müqaviləsinin bağlanması məhz yazılı müqavilənin təqdim olunması ilə təsdiq oluna bilər. Lakin iddiaçı cavabdehə 50000 manat məbləğində borc pul verdiyini təsdiq edən yazılı müqaviləni məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə iddiaçıdan 50000 manat aldığını və həmin məbləği borc kimi aldığı faktını da qəbul etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə edilən ödənişlərin dövriliyi, hər bir ödənişin kassa məxaric orderi ilə icarə haqqı kimi rəsmiləşdirilməsi də tərəflər arasında hər hansı borc münasibətinin olduğunu istisna edir.

25. Məhkəmə tərəflərin işgüzar münasibətlərinə əsasən qeyd etmişdir ki, müqavilədə aylıq icarə haqqı 500 manat göstərilsə də, faktiki icarə haqqı məbləğinin müqavilədə göstərilən məbləğdən artıq olduğu işdə olan sübutlarla təsdiq olunur. Yuxarıda istinad olunan əl yazısı ilə tərtib edilən aktlarda (qəbzlərdə) qeyd olunan məbləğlər icarə haqqının 5000 manatdan yuxarı olması fikrini formalaşdırsa da (məsələn xx.xx.2022ci il tarixli məxaric orderində 3000 manatın ödənildiyi, 2500 manat borcun qaldığı, xx.xx.2022-ci il tarixli aktda 500 manatın verildiyi, “3060+500=3560; 55003560=1940 AZN), cavabdeh aylıq icarə haqqının 3500 manat olmasını etiraf edir. Ona görə də məhkəmə icarə münasibətləri üzrə son haqq-hesabın aylıq 3500 manat icarə haqqı əsasında aparılmasını məqsədəuyğun hesab etmişdir.

26. Məhkəmə icarə haqqı məbləği ilə bağlı hesab etmişdir ki, 50000 manat məbləğində pulun cavabdehə borc verildiyinin sübuta yetirilmədiyini, 2022-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək (sonuncu da daxil olmaqla) 13 ay ərzində icarə münasibətlərinin davam etdiyinin işin mübahisəsiz hal olduğunu, iddiaçı tərəfindən 25490 manatın əlbəəl, 10000 manatın köçürmə yolu ilə ödənildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehə artıq ödənilmiş icarə haqqı (13 x 3500 manat = 45500 manat; 45500 – 10000 – 25490 = 10010 manat) mövcud deyildir və 3500 manat artıq ödənilmiş icarə haqqının, 50000 manat borcun tutulması hissəsində iddia rədd edilməlidir.

27. Məhkəmə hesab etmişdir ki, icarə haqlarından tutulan verginin məhz iddiaçı tərəfindən ödənilməsi vəzifəsi müqavilə şərtlərindən irəli gəldiyindən və iddiaçının da bu şərtlərə uyğun davranaraq vergini ödədiyindən 13 ay üçün ödənilmiş 1058,07 manat məbləğində verginin cavabdehdən tutulması hissəsində iddia təmin edilə bilməz.

28. Məhkəmə iddiaçı tərəfindən xərclərin əvəzinin ödənilməsi iddiası ilə bağlı 6 aylıq kəsici müddətin keçdiyini nəzərə alaraq hesab etmişdir ki, əlavə araşdırmaya ehtiyac olmadan 9050,15 manat xərcin tutulması hissəsində iddia rədd edilməlidir.

29. Məhkəmə 5000 manat maddi zərərin ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona maddi zərərin dəyməsi ilə bağlı məhkəməyə sadəcə izahlar vermiş, hər hansı sübut təqdim etməmişdir. Halbuki nəzərə alınmalıdır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər.

30. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiada irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

31. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-729/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar