Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-767/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3365/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli № 4884/24M nömrəli alqı-satqı müqaviləsininin 1.1-ci bəndinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X1nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin: 4.1-ci bəndinə görə satıcı malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri alıcıya təqdim etməlidir. 4.3-cü bəndinə görə mal alıcıya rəsmi şəkildə təhvil verildiyi və ya alıcı tərəfindən satıcının ərazisindən çıxarıldığı andan mala olan mülkiyyət hüququ və risklər alıcıya keçir. 5.1-ci bəndinə əsasən malın dəyəri alıcı tərəfindən satıcının təqdim etdiyi hesab fakturaya əsasən 100 faiz avans şəklində qabaqcadan ödənilir. 8.4-cü bəndinə görə malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1 %-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərti ilə) cərimə ödəməlidir. 10.1-ci bəndinə görə bu müqavilə tərəflər arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək bağlanır. Müqaviləyə xitam verilməsi barədə müqavilə müddətinin bitməsinə 10 iş günü qalmış tərəflərdən biri digərinə yazılı şəkildə xəbərdar etməzsə, müqavilə tərəflər arasında hər il daha bir il müddətinə uzadılmış hesab edilir. 10.2-ci bəndinə görə tərəflərdən biri digər tərəfi 30 (otuz) gün qabaqcadan yazılı formada (səlahiyyətli şəxs tərəfindən imzalanmış və möhürlənmiş) xəbərdar etməklə müqaviləyə birətərfli qaydada xitam vermək hüququna malikdir. Tərəflər birətərfli qaydada müqaviləyə xitam verilməsi hüququndan istifadə etdiyi təqdirdə, tərəflər arasında alqı-satqı müqaviləsinin yekunu üzrə son haqq-hesab tərəflərin səlahiyyətli şəxslərinin imzaları və möhürləri ilə təsdiqlənən müvafiq aktla rəsmiləşdirilir. 10.10-cu bəndinə görə qaytarma: satılan mallar heç bir dəyişiklik edilmədiyi hallarda (kəsilmə, əyirmə, istifadə edilmə və s.) 14 gün müddətində lazımi sənədləşmə edildikdən sonra qaytarıla bilər. 14 gün müddətindən sonra heç bir dəyişiklik edilməmiş metal məhsullarının satılması üçün müştəriyə müştərinin tələbi olduğu təqdirdə Cavabdeh şirkətinin şərtlərinə uyğun köməklik göstərilə bilər. Belə ki, məhsulun qaytarma zamanı bazar qiyməti satış qiymətindən aşağı olarsa qaytarma bazar qiymətinə uyğun həyata keçiriləcək. Əks halda, faktura qiymətinə uyğun qiymətlə qaytarılma ediləcəkdir.
2. xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşma protokoluna əsasən iddiaçı tərəfindən icra ediləcək işin - kənar sifarişlər (təmir və restavrasiya xidməti) dəyərinin 4956 manat olması razılaşdırılmışdır.
3. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli HF010939 nörməli 4956 manat məbləğində hesab-faktura təqdim olunmuşdur.
4. xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh MMC-yə 2608 manat ödəniş edilmişdir.
5. 12.02.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh MMC-yə 378 manat ədv ödənişi edilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6312/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 2478 manat əsas borc, 100 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, ümumilikdə 2608 (manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. 19. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci ildə 378 manat, 100 manat və 30 manat vəsait ödənilmişdir.
7. 17.03.2025-ci il tarixli, EM-1821VK-15812/25 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən Bakı şəhəri 17 saylı Vəkil Bürosuna 320 manat, xx.xx.2025-ci il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında müqaviləyə görə "xxxx" MMC-yə 800 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat:
8. İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 4884/24 nömrəli, xx.xx.2024-cü il tarixli “alqı-satqı müqaviləsi”nin ləğv edilməsi, həmin müqavilənin predmeti olan qəlibin dəyərini təşkil edən 4956 manat məbləğində pulun, 69,56 manat dövlət rüsumunun, hüquqi xidmətlə bağlı 800 manat, vəkilə çəkilmiş xərclə bağlı 320 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Almaniya şirkəti ilə bağlanmış müqavilə əsasında tort üzərində alovu imitasiya edən fəvvarə tipli şamlar satın almış, lakin nəqliyyat xərclərinə qənaət etmək məqsədilə həmin məhsulları xüsusi plastik altlıq (fiksator) olmadan sifariş etməyi qərara almışdır. Altlıqların istehsalını isə Azərbaycanda sifariş edərək, məhsulun yerli qablaşdırılmasını həyata keçirməyi planlaşdırmışdır. İddiaçı plastik altlıqların hazırlanması ilə bağlı Cavabdeh MMC ilə danışıqlar aparmış və tərəflər həm qəlibin hazırlanma dəyəri, həm də altlıqların istehsal qiyməti barədə ilkin razılığa gəlmişlər. Müzakirələr nəticəsində əvvəlcə qəlibin hazırlanması, daha sonra isə altlıqların istehsalına başlanılması planlaşdırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 4884/24M nömrəli müqavilədə yalnız qəlibin istehsalı öz əksini tapmış, altlıqların istehsalına dair müqavilənin isə qəlib hazır olduqdan sonra ayrıca bağlanması nəzərdə tutulmuşdur. Müqavilə aşağıdakı şərtlərlə bağlanmışdır: maddə 1.1. müqaviləyə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. Maddə 1.2. malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”nda öz əksini tapmışdır. Maddə 2.1. malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1” ilə müəyyən edilir. Maddə 3.2, 3.2.1, 3.2.2, 3.2.3. Malı müqavilə ilə müəyyən edilmiş qaydada alıcının mülkiyyətinə vermək; alıcıya üçüncü şəxslərin hüquqlarından azad mal vermək; malın keyfiyyətli, sifarişə uyğun miqdarda və çeşiddə olmasını təmin etmək satıcının vəzifələri kimi müəyyən edilir. Maddə 3.3, 3.3.1. əgər satıcı satılmış malı “Alıcıya verməkdən imtina edirsə, müqavilənin icrasından imtina etmək. Maddə 3.4, 3.4.1, 3.4.3. Pul məbləğini (malın qiymətini) bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödədikdən sonra malı qəbul etmək; malı almamışdan və qəbul etməmişdən əvvəl onun keyfiyyət, kəmiyyət və digər göstəriciləri ilə tanış olmaq, alacağı malı yoxlamaq alıcının vəzifələri kimi müəyyən edilir. Maddə 4.1. satıcı malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri alıcıya təqdim etməlidir. Maddə 4.3. mal alıcıya rəsmi şəkildə təhvil verildiyi və ya alıcı tərəfindən satıcının ərazisindən çıxarıldığı andan mala olan mülkiyyət hüququ və risklər alıcıya keçir. Maddə 10.1. Bu müqavilə tərəflər arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək bağlanır. Müqaviləyə xitam verilməsi barədə müqavilə müddətinin bitməsinə 10 iş günü qalmış tərəflərdən biri digərinə yazılı şəkildə xəbərdar etməzsə, müqavilə tərəflər arasında hər il aha bir il müddətinə uzadılmış hesab edilir. Maddə 10.10. Qaytarma: satılan mallar heç bir dəyişiklik edilmədiyi hallarda (kəsilmə, əyirmə, istifadə edilmə və s.) 14 gün müddətində lazımi sənədləşmə edildikdən sonra qaytarıla bilər. 14 gün müddətindən sonra heç bir dəyişiklik edilməmiş metal məhsullarının satılması üçün müştəriyə müştərinin tələbi olduğu təqdirdə Cavabdeh şirkətinin şərtlərinə uyğun köməklik göstərilə bilər. Belə ki, məhsulun qaytarma zamanı bazar qiyməti satış qiymətindən aşağı olarsa qaytarma bazar qiymətinə uyğun həyata keçiriləcək. Əks halda, faktura qiymətinə uyğun qiymətlə qaytarılma ediləcəkdir. xx.xx.2024-cü il tarixli 4884/24M nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli “X1”na əsasən, satıcı tərəfindən icra ediləcək kənar sifarişlərə (təmir və restavrasiya xidməti) görə ödəniş məbləği 4956 manat (ƏDV daxil) olaraq razılaşdırılmışdır. Bundan əlavə, protokolda qeyd edilmişdir ki, “Satıcı bu Əlavə (X1) ilə nəzərdə tutulmuş malı ödəniş həyata keçirildikdən sonra 5 (beş) təqvim günündən gec olmayaraq tam həcmdə (miqdarda) alıcıya təhvil verməyi öz öhdəsinə götürür.” Bu səbəbdən tərəflər razılaşmışdır ki, ilkin ödəniş məbləğin 50%-ni təşkil edəcək, qalan hissə isə mal hazır olduqdan sonra ödəniləcəkdir. Beləliklə, iddiaçı xx.xx.2024-cü il tarixində cavabdeh MMC-yə 4956 manatın 2478 manatını ödəmişdir. Cavabdeh MMC sifarişi müzakirələr zamanı razılaşdırılmış müddətdən 2 ay gec olsa da, 2024-cü ilin iyun ayında tamamlamış və qəlib vasitəsilə hazırlanmış plastik altlıqların nümunələrini iddiaçıya təqdim etmişdir. Bununla da qəlibin tam hazır olduğu qəbul edilmişdir. Müqavilə şərtlərinə əsasən, bundan sonra tərəflər qalan məbləğin ödənişini icra etməli və qəlibin təhvil-təslim prosesini həyata keçirməli idilər. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində bağlanmış 4884/24M nömrəli müqavilənin əsas məqsədi gələcəkdə həmin qəlibdən istifadə etməklə plastik altlıqların istehsalı olmuşdur. Bu məqsədlə tərəflər sifarişin ikinci mərhələsinə – altlıqların istehsalına dair müzakirələrə başlamışlar. Lakin danışıqlar zamanı məlum olmuşdur ki, öncədən təklif olunan qiymət sonrakı mərhələdə müzakirə edilən qiymətdən qat-qat fərqlənir. Bu fərqin əsas səbəbi, iddiaçıya ilkin görüşlər zamanı təqdim edilmiş altlığın qiymətinin düzgün formatda göstərilməməsi və bunun nəticəsində yanlış anlaşılma yaranması olmuşdur. Bu, ya qəsdən edilən səhv, ya da cavabdeh MMC-nin əməkdaşının qeyri-peşəkarlığı nəticəsində baş verə bilərdi. Əvvəlcədən razılaşdırılmış qiymət heç bir rəsmi sənəddə təsbit olunmamış, yalnız messencer yazışmalarında əks olunmuşdur. Nəticədə məlum olmuşdur ki, 600 kq ümumi çəkidə olan ******* ədəd plastik fiksatorun ümumi istehsal dəyəri 59000 manat (ƏDV daxil) təşkil edir ki, bu da əvvəlcədən təqdim olunmuş qiymətdən bir neçə dəfə yüksəkdir. Sifarişi yüksək qiymət səbəbindən yerləşdirmək mümkün olmadığı üçün cavabdeh MMC-nin əməkdaşı endirim təklifi irəli sürmüşdür. Lakin endirilmiş qiymətin real bazar dəyərini əks etdirmədiyi müəyyən edilmiş və bu barədə əlavə müzakirələr aparılmışdır. Nəticədə tərəflər aşağıdakı razılığa gəlmişlər: Hazırlanmış qəlib cavabdeh MMC-nin tərkibində qalır. İddiaçı tərəfindən avans kimi ödənilmiş 2478 manat cavabdeh MMC-də saxlanılır. Ödənilməmiş qalan 2478 manat isə iddiaçı tərəfindən MMC-yə ödənilməyəcəkdir. Bu razılaşma tərəflər arasında yekun qərar olaraq qəbul edilmişdir. Lakin sonradan Cavabdeh MMC əldə olunmuş razılaşmanı pozaraq, İddiaçı qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və 2478 manat əsas borc, 495 manat dəbbə pulu və 50 manat dövlət rüsumunun onun "xxxx" MMC-nin) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini tələb etmişdir. Sözügedən iddia ərizəsi əsasında Bakı Kommersiya Məhkəməsində 2- 2(113)-6312/2024 nömrəli kommersiya işi başlanılmış və məhkəmə, iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianı qismən təmin edərək, İddiaçı 2478 manat əsas borc, 100 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2608 manat məbləğin "xxxx" MMC-yə ödənilməsi qət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, İddiaçı məhkəmə qətnaməsini uyğun olaraq, 2608 manat məbləği xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-yə dəmişdir. Bundan sonra, İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-yə 2025-002 №-li bildiriş ünvanlayaraq göstərmişdir ki, “... xx.xx.2024-cü il tarixində Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 6312/2024 saylı işi üzrə qəbul edilmiş qətnaməyə uyğun olaraq, mən, xx.xx.2025-ci il tarixində əsas borc məbləği, dəbbə pulu və dövlət rüsumu daxil olmaqla, ümumilikdə 2608 manat məbləğində borcumu tam şəkildə ödəmişəm. Ödənişi təsdiq edən sənədin surəti bu məktuba əlavə edilir. xx.xx.2024-cü il tarixdə aramızda bağlanmış 4884/24M nömrəli alqısatqı müqavilənin 10.10-cu bəndinə əsasən, malın qaytarılması müvafiq rəsmiləşdirmədən sonra 14 (on dörd) gün ərzində mümkün hesab edilir. Bununla əlaqədar, alınmış malın təhvil-təslim aktının imzalanması və qaytarılması üçün zəruri sənədlərin eyni anda hazırlanması məqsədilə uyğun tarix, vaxt və yerin müəyyən edilməsini Sizdən xahiş edirəm. Bu prosedur gələcəkdə qeyd olunan müqavilənin 10.10-cu bəndində nəzərdə tutulmuş istisnalarla bağlı hər hansı fikir ayrılığının qarşısını almağa xidmət edəcəkdir. Diqqətinizə çatdırıram ki, bu məktubun sizə təqdim edilməsindən etibarən 5 (beş) iş günü ərzində cavab təqdim etmədiyiniz halda, məsələni qanunvericiliklə müəyyən olunmuş qaydada həll etmək üçün məhkəmə orqanlarına müraciət etmək hüququmu özümə saxlayıram”. Hazırkı iddiaya əlavə olunmuş poçt sənədlərindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli məktubu Cavabdeh MMC tərəfindən xx.xx.2025- ci il tarixdə qəbul edilmişdir. Cavabdeh MMC, ona ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba cavab vermədiyi üçün İddiaçı xx.xx.2025-ci il tarixdə 2025- 006 №-li məktubla MMC-yə müraciət edərək, aşağıdakı məsələlərin təmin olunmasını xahiş etmişdir: Məktubun Cavabdeh MMC-yə təqdim edilməsindən sonra 5 iş günü ərzində onunla (iddiaçı ilə) yazılı şəkildə əlaqə saxlanılması; malın təhvil-təslim aktının imzalanacağı və ardınca qaytarılma proseduru üçün tələb olunan bütün sənədlərin rəsmiləşdirilməsi üçün uyğun tarix, vaxt və yerin razılaşdırılması; Müqavilənin şərtlərinə əməl olunaraq, qaytarılma prosedurunun vaxtında başa çatdırılmasını təmin etmək üçün konkret tədbirlərin görülməsi. İddiaçı sözügedən məktubunun xx.xx.2025- ci il tarixdə Cavabdeh MMC-yə rəsmi qaydada təqdim olunması hazırkı iddia ərizəsinə əlavə olunmuş SX045399588AZ№-li “xəbərnamə” ilə təsdiq edilir. Cavabdeh MMC, İddiaçı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktublarını cavablandırmadığı üçün iddiaçı xx.xx.2025-ci il tarixdə onlayn kargüzarlıq vasitəsilə MMC-yə üçüncü dəfə müraciət edərək əvvəlki məktublarının cavablandırılmasını xahiş etmişdir. Yalnız bundan sonra Cavabdeh MMC, İddiaçı əvvəlki müraciətlərinə ümumi şəkildə xx.xx.2025-ci il tarixli, 001848 №-li məktubla cavab vermişdir. MMC həmin məktubda bildirmişdir ki, “...qaytarma ilə əlaqədar müddət ötürüldüyündən və qanunla, o cümlədən müqavilə ilə nəzərdə tutulan əsaslar mövcud olmadığından və mallar “İndividual” sifariş əsasında hazırlandığından müraciətinizin həyata keçirilməsi mümkündüzdür”. Cavabdehin alıcıya verdiyi cavabdan açıq şəkildə görünür ki, cavabdeh tərəf yalnız malın təhviltəslimindən sonra geri qaytarılmasını qəbul etməməkdə israr etmir, həm də ümumiyyətlə malın təhvil verilməsi üçün konkret tarix təyin etməkdən yayınmışdır. Vacib faktı qeyd etmək lazımdır ki, Cavabdeh MMC İddiaçıa ünvanlanan pretenziya məktubunu göndərməzdən və daha sonra Bakı Kommersiya Məhkəməsinə qarşı iddia qaldırmazdan əvvəl, plastik altlıqların istehsalı üçün planlaşdırılan sifariş artıq pozulmuşdur. Bunun nəticəsində İddiaçı qablaşdırma prosesi ilə bağlı əlavə itkilərin qarşısını almaq məqsədilə lazım olan plastik altlıqları Çindən sifariş etməyə məcbur olmuşdur. Bu məhsullar yalnız 26 sentyabr 2024-cü il tarixində əldə edilmiş və bu fakt hazırki iddia ərizəsinə əlavə edilən **********2577 nömrəli X4 ilə təsdiq edilir. Çindən gətirilən ******* ədəd plastik altlığın ümumi dəyəri, ƏDV, nəqliyyat və gömrük rüsumları da daxil olmaqla, 11.620,69 manat təşkil etmişdir. Bu fakt bir daha sübut edir ki, Cavabdeh MMC tərəfindən alıcıya təklif edilən qiymət həddindən artıq şişirdilmiş və bazar dəyərindən 5 dəfə yüksək olmuşdur. Göründüyü kimi, İddiaçı müqavilə çərçivəsində bütün öhdəliklərini tam yerinə yetirmiş, məhkəmə qərarlarını icra etmiş və üzərinə düşən bütün maliyyə öhdəliklərini tam ödəmışdir. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş, vaxtında sifariş olunan qəlibi iddiaçıya təhvil verməmişdir. İddiaçı, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi və həmin müqavilənin predmeti olan qəlibin onun tərəfindən ödənilmiş dəyərinin ona qaytarılması barədə Cavabdeh MMC-yə məktub ünvanlamışdır. Həmin məktuba bu günədək cavab verilməmişdir. Qeyd olunan məsələ tərəflər arasında həllini tapmadığına, habelə Cavabdeh MMC müqavilə öhdəliklərini yerinə yetirməkdən əsassız şəkildə imtina etdiyinə görə, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. İddia tələbinin maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 385.1, 442, 445, 448.2, 425-ci maddələri göstərilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3365/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4884/24M saylı alqı-satqı müqaviləsi ləğv edilmişdir. Cavabdeh MMC-dən 50 manat dövlət rüsumu, 200 manat hüquqi yardıma görə xərc, ümumilikdə 250 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İddia ərizəsi verilərkən ödənilmiş 19,56 (on doqquz manat əlli altı qəpik) dövlət rüsumu, 920 manat hüquqi yardıma görə vəsait İddiaçı özünə aid edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən cavabdehin nümayəndələrinin məhkəmə iclasında müqavilənin ləğv edilməsinə etiraz etmədiklərini nəzərə almış, bu səbəblə həmin hissədə iddianı təmin edilmişdir. 4956 manat pulun tutulması hissəsində məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmış, müqavilənin xx.xx.2024-cü il tarixli əlavəsinə əsasən iddiaçının sifarişi əsasında bir ədəd qəlibin cavabdeh tərəfindən hazırlanması razılaşdırılmışdır. Həmin qəlib iddiaçının sifarişi əsasında cavabdeh tərəfindən hazırlanmış, dəyəri cavabdeh tərəfindən iddiaçıya tam şəkildə ödənilmişdir. Həmin qəlibdə hər hansı qüsur və nöqsanın olmaması tərəflər arasında olmuş əvvəlki məhkəmə mübahisəsi zamanı öz təsdiqini tapmışdır. Hazırda iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 10.10-cu bəndinə əsasən həmin qəlibin dəyərinin cavabdeh tərəfindən qaytarılmalı olduğunu bildirir. İddianı rədd edərkən məhkəmə iddiaçının sifarişi əsasında cavabdeh tərəfindən hazırlanmış və hər hansı qüsuru olmayan məmulat üzrə ödənilmiş vəsaitin geri tələb edilməsinin Mülki Məcəllənin sadalanan normalarına uyğun olmadığını əsas gətirmişdir. Məhkəmə xərcləri hissəsində məhkəmə iddianın qismən təmin edildiyini əsas gətirmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 752.1, 753.1, 759.1, 769, 770-ci maddələrinə, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi isə mübahisənin düzgün və ədalətli həllindən yayınmış, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Nəticə etibarı ilə isə İddiaçı pozulmuş hüquqları bərpa olunmamışdır. İşə baxan məhkəmə MPM-in 4-cü, 9-cu, 76-cı, 77-ci, 217-ci maddələrini pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırlmışdır ki,
Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Məhkəmə iclasında verdiyi izahatda iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini xahiş etdi. Bildirdi ki, cavabdehə şam altlıqları üçün qəlib sifariş verildikdən sonra iddiaçı şam üçün altlıqların Çin Xalq Respublikasında daha aşağı qiymətə satıldığını müəyyən etmiş və ordan sifariş vermişdir. Hazırda iddiaçı qəlibin dəyərinin qaytarılmasını tələb edir.
18. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz etdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bildirdi ki, mallar əvvəlcədən razılaşdırılmış qiymət əsasında sifarişlə hazırlanmışdır. Tətbiq edilən hüquq:
19. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. -759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. -770-ci maddiəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
20. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. - 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və həmin qətnamə iddianın təmin edilməmiş hissəsində iddiaçı tərəfindən mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilməmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində bağlanmış 4884/24M nömrəli alqı-satqı müqaviləsi əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hal-hazırda iddiaçı həmin müqavilənin ləğv edilməsini və müqavilə üzrə cavabdehə ödənilmiş 4.956 manat pul vəsaitinin geri qaytarılmasını tələb edir. Göstərilən məbləğin 2.478 manat hissəsi avans qismində, digər 2.478 manatı isə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6312/2024 nömrəli qətnaməsinə əsasən ödənilmişdir. İddiaçı öz tələbinin əsası kimi, mübahisəli müqavilənin alıcıya 14 gün ərzində aldığı malı qaytarmaq hüququ verən 10.10-cu bəndinə istinad etmişdir.
26. Kollegiya, mübahisəyə hüquqi qiymət verilməsi üçün ilkin mərhələdə ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia tələbinin qanuni əsasının müəyyənləşdirilməsini zəruri hesab edir. Belə ki, baxmayaraq ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir, iş üzrə tərəflərin məhkəməyə təqdim etdikləri izahatlardan, o cümlədən iddia ərizəsinin məzmunundan aydın olur ki, müqaviləyə üzrə cavabdehin öhdəliyi əvəzedilən əşyanın təqdim edilməsi deyil, individual sifariş əsasında qəlibin hazırlanaraq təqdim edilməsindən ibarət olmuşdur. Bu hal nəzərə alınmaqla, kollegiya hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri podrat müqaviləsinin elementlərini özündə ehtiva edir və bu baxımdan mübahisəyə Mülki Məcəllənin podrat müqavilələrini (752.1, 759.1 və 770) tənzimləyən normaları kontekstində hüquqi qiymət verilməlidir.
27. İşin mahiyyəti ilə bağlı kollegiya qeyd edir ki, mübahisəli mal (qəlib) konkret sifariş əsasında, alıcının (sifarişçinin) təlimatlarına uyğun olaraq hazırlanmış və iddiaçıya təhvil verilmişdir.. Kollegiya vurğulayır ki, podrat münasibətlərinin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, podratçı müqavilənin digər tərəfi olan sifarişçi üçün müəyyən bir işi yerinə yetirir. Bu öhdəlik yalnız görülmüş işin nəticəsi olan əşyanın təqdim olunmasını deyil, həmçinin əşyanın yaradılması ilə bağlı əməyin sərf edilməsini (işin görülməsini) də əhatə edir. Qeyd edilməlidir ki, sifariş əsasında hazırlanmış əşya əvəzsiz (unikal) xarakter daşıyır və bu hal cavabdeh sahibkar kimi, sifarişçidə həmin malın sifariş üzrə bütün göstəricilərə uyğun olduğu təqdirdə qəbul ediləcəyinə dair qanuni gözləntini yaradır.
28. Məhz bu kontekstdə Mülki Məcəllənin 770-ci maddəsində nəzərdə tutulmuş müdafiə mexanizmi tətbiq edilir. Bu, podratçının konkret sifariş əsasında sərf etdiyi əməyin qiymətləndirilmədən və əvəzi ödənilmədən qalmasının qarşısının alınmasına xidmət edir.
29. İddiaçı tələbinin əsası kimi istinad etdiyi müqavilənin 10.10-cu bəndi ilə bağlı kollegiya bir daha qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə malların 14 gün müddətində qaytarılması imkanı nəzərdə tutulsa da, bu müddəa yalnız hazır satılan mallara aid edilə bilər. Belə ki, həmin şərtin individual sifariş əsasında hazırlanmış mallara şamil edilməsi imperativ norma olan Mülki Məcəllənin 770-ci maddəsinin tələblərinə ziddir.
30. İddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında gələcəkdə həmin qəlibdən istifadə etməklə plastik altlıqların istehsalı və borcun yarısının ödənilməsi barədə razılığın olması, qəliblər əsasında istehsal ediləcək altlıqların qiymətinin ilkin mərhələdə yanlış təqdim edilməsi barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, sözügedən dəlillər tərəflər arasında əvvəlki məhkəmə araşdırmasının predmetinə daxil olmuş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6312/2024 nömrəli qanuni qüvvədə olan qətnaməsi ilə həmin dəlillər əsassız hesab edilərək cavabdeh İddiaçı alqı-satqı müqaviləsi üzrə 2478 manat qalıq borc və 100 manat dəbbə pulunun Cavabdeh MMC-nin xeyrinə tutulması qət edilmişdir. Odur ki, sözügedən qətnamə ilə müəyyən edilmiş hallar hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb etdiyindən iddiaçının yuxarıda göstərilən dəlilləri hazırkı məhkəmə araşdırması gedişində yenidən araşdırıla bilməz.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiçıya aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3365/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov