Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-768/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kərimli İlham Əziz oğlunun və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, İddiaçı Qeyri Bank Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, e-2-2 (113)-270/2021 saylı qətnaməsindən (hakim Emin Əliyev) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qeyri Bank Kredit Təşkilatı MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 14499 manat məbləğində əsas, 1550,97 manat məbləğində faiz, 457,50 manat məbləğində cərimə, cəmi 16507,47 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Qeyri Bank Kredit Təşkilatı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, e-2-2 (113)-270/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 31 yanvar 2020-ci il tarixli, **********2392 nömrəli kredit müqaviləsi üzrə 14.499 manat məbləğində əsas borc, 1525 manat məbləğində faiz borcu, 46 manat məbləğində cərimə borcu, cəmi 16.070 manat və dövlət rüsumu kimi ödənilmiş 29,20 manat məbləğində pulun tutularaq İddiaçı Qeyri Bank Kredit Təşkilatı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ödəniş cədvəlinə əsasən cavabdeh hər ay 789 manat ödniş etməliydi. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi eyni tarixli zaminlik müqavilələri ilə Cavabdeh1 və Cavabdeh3 zamin qismində bu kredit müqaviləsinin tərəfi olmuşlar. Zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər öhdəliyin təminatını tam şəkildə üzərlərinə götürmüşlər. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 01.09.2020-ci il tarixə olan (maliyyə arayışına əsasən) əsas borc üzrə 14499 manat, faiz borc üzrə 1550,97 manat, cərimə borcu üzrə 457,50 manat, cəmi 16507,47 manat təşkil edir. Bu səbəbdən kreditor öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək göstərilən məbləğlərin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianın faiz hissəsində 25 manat az, cərimə tələbini isə 10% azaldaraq iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və məhkəmənin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun olmamasına dair: - Qətnamədən göründüyü kimi, iddiaçının təqdim etdiyi maliyyə sənədlərində tərəfimdən 01.04.2020-ci il tarixədək kredit məbləği ödənildiyi təsdiqini tapır. Yəni, 2020-ci ilin yanvar ayında alınmış kredit üzrə tərəfimdən geri ödənişlər aparılmışdır. Lakin 2020-ci ilin əvvəlindən dünyada elan edilən qlobal pandemiya şəraitində bütün ölkələrdə, o cümlədən, respublikamızda da tətbiq edilən karantin tədbirləri nəticəsində sərt qapanmalar oldu. İş yerləri, biznes sahələri, mağazalar, alış-veriş mərkəzləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə məcburi şəkildə bağlandı, bir çox sahələrdə fəaliyyət qadağan edildi. Azərbaycan Respublikasının bütün xarici ölkələrlə gediş-gəliş münasibətləri dayandı, sərhədlər məcburi bağlandı. Hər kəsə bəllidir ki, dünya ölkələrində, o cümlədən Azərbaycan höküməti tərəfindən tətbiq edilən karantin tədbirləri hələ də davam etdirilir. Mən krediti götürən zaman qeyd olunduğu kimi biznes fəaliyyəti üçün nəzərdə tutulmuşdu. Respublikamızda sərt məhdudiyyətlər tətbiq olunanadək – 01 aprel tarixində də son dəfə ödəniş etmişəm. Lakin ondan sonrakı dövrdə bütün biznes fəaliyyəti dayandığından, heç yerdə işləmək və gəlir əldə etmək imkanı olmadığından kredit ödənişlərini davam etdirə bilməmişdir. Sərt karantin rejimində sahibkarlıq fəaliyyəti dayandığına, davam etdirmək mümkün olmadığına, başqa iş yeri olmadığına görə, məcburiyyət qarşısında qalaraq işsiz kimi məşğulluq mərkəzində də uçota durmuşdur. Məhkəmə işə baxarkən sərt karantin rejimində ödəmək imkanı olmadığını, kredit ödənişlərinin gecikməsinin cavabdehdən asılı olmadığını nəzərə almamışdır. Ona görə də faiz və cərimə ödənilməsi tələbinə qəti etiraz edir, əsas məbləğin ödənişinin də ondan asılı olmadan gecikdiyini nəzərə almamış, MM-nin 448.4-cü maddəsini düzgün tətbiq etməmişdir. İşə apelyasiya qaydasında baxılması 13.08.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə (elektron kabinetlərinə məhkəmə bildirişləri yerləşdirilməklə) baxmayaraq tərəflər məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, e-2-2 (113)-270/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin sənədlər və tərəflərin yazılı və şifahi izahatları əsasında məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, 31 yanvar 2020-ci il tarixli, **********2392 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Qeyri Bank Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 5.1-ci bəndində təqvim ayı üzrə hər yubanma günü üçün gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulu hesablanması nəzərdə tutulmuşdur. 31.01.2020-ci il tarixli, **********2***-******* və 31.01.2020-ci il tarixli, **********2***- ******* nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 kreditin müqavilədə şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda İddiaçı Qeyri Bank Kredit Təşkilatı MMC qarşısında birgə məsuliyyət daşıyırlar. 25.11.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 İddiaçı Qeyri Bank Kredit Təşkilatı MMC-yə olan 15000 manat əsas borcu 24 ay ərzində illik 23 faiz dərəcəsi ilə 3915 manat faiz borcu ilə birlikdə (ümumilikdə 18915 manat olmaqla) ödəməli idi. İddiaçı Qeyri Bank Kredit Təşkilatı MMC tərəfindən təqdim edilmiş 11.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, **********2392 nömrəli kredit müqaviləsinə əsasən 11.09.2020-ci il tarixinə Cavabdeh2 İddiaçı MMC-yə olan borcu 14499 manat əsas, 1550,97 manat faiz borcu, 457,50 manat cərimə borcu olmaqla, cəmi qalıq borcu 16507,47 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının 13 yanvar 2021-ci il tarixli 9/11 nömrəli rəyindən görünür ki, Cavabdeh2 İddiaçı Qeyri Bank Kredit Təşkilatı MMC-yə 01 sentyabr 2020ci il tarixə olan borcu 14499 manat əsas, 1525 manat faiz borcu olmaqla ümumilikdə 16024 manat məbləğində olmuşdur. Rəydən görünür ki, kredit alan tərəfindən cəmi 815 manat ödəniş edilmiş, bu ödənişin 501 manatı əsas borc üzrə, 314 manatı faiz borcu üzrə silinmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 465.2 və 467-ci maddələrinə istinad edərək, ekspert rəyini nəzərə alaraq əsas borc hissəsində iddianı tam, faiz və cərimə borcu hissəsində isə qismən təmin etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd edir ki, məhkəmə iddianı faiz və cərimə hissəsində təmin edərkən pandemiyanı və ölkədə tətbiq edilmiş sərt karantin rejimini nəzərə almamışdır. Məhkəmə hesab edir ki, apelyasiya şikayətində qeyd edilmiş hallar faiz və cərimə borcunun tutulması hissəsində qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas olan bilməz. Belə ki, mülki qanunvericilikdə tərəflərin iradəsindən asılı olmayan baş vermiş fors major hallar öhdəliyin icra edilməsindən azad edən hal kimi nəzərdə tutulmadığından kredit alan Cavabdeh2 istifadə etdiyi kredit vəsaitinə görə müqavilədə nəzərdə tutulmuş məbləğdə faizləri ödəməyə borcludur. Cərimə tələbi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, pandemiya, karantin rejimi və digər fors major hallar kredit ödənişlərinin gecikdirilməsinə görə kredit alanın tamamilə məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, müqavilə münasibətlərinə daxil olan maliyyə bazarının bütün iştirakçıları (banklar, kredit təşkilatları və sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər subyektlər) üçün müxtəlif obyektiv və subyektiv səbəblərdən asılı olaraq maliyyə riski, yəni maliyyə itkisi ilə üzləşməsi ehtimalı daim mövcuddur. Cavabdehin kredit müqaviləsi bağladıqdan sonra hər hansı səbəbdən həmin vəsaitdən istifadə edərək sahibkarlıq fəaliyyətini həyata keçirə bilməməsi və ya gözlənilən məbləğdə gəlir əldə etməməsi kredit ödənişlərinin razılaşdırılmış qaydada həyata keçirilməsindən imtina üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi MPM-nin 467-ci maddəsini nəzərə alaraq iddiaçının tələb etdiyi 457,50 manat məbləğində cərimə məbləğini azaldaraq 46 manat məbləğində müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinəməhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən tutulmuş cərimə məbləğinin azaldılması və ya tam ləğv edilməsi kreditorun əmlak mənafeyinə uyğun olmadığından qətnamə bu hissədə də dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, e-2-2 (113)- 270/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 11 mart 2021-ci il tarixli, e-2-2 (113)-270/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-768/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-768/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver