Məhkəmə qərarları › İş №2-2(103)-768/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-768/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-768/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1668/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehler Zamin Şirkətinin Azərbaycan Respublikasındakı filialına və Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi ******* (iki milyon yetmiş yeddi min altı yüz altmış səkkiz) ABŞ dolları – bundan ******* (iki milyon) ABŞ dolları əsas, 10945 (on min doqquz yüz qırx beş) ABŞ dolları faiz, 18389 (on səkkiz min üç yüz səksən doqquz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 48334 (qırx səkkiz min üç yüz otuz dörd) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 1856,40 (bir min səkkiz yüz əlli altı manat qırx qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh MMC və “X6 ŞİRKƏTİ”dən müştərək qaydada tutulması barədə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC, Filial və Bank arasında imzalanmış Saxlanc Müqaviləsinin 3.1-ci maddəsinə uyğun olaraq, təminatın həyata keçirilməsi, Bankın MMC-yə və Filiala qarşı kredit borcu tələbinin girova yönəldilməsi və 2.077.668 ABŞ dolları məbləğində kredit borcunun Saxlanc Müqaviləsi üzrə girov şəklində Bankda saxlanılan 2.300.000 ABŞ dolları məbləğində pul vəsaitinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1668/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Cavabdeh MMC şikayət verərək, həmin qərardadın ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qarşılıqlı iddia ərizəsində qeyd olunmuşdur ki, kredit müqaviləsinə əsasən Bank tərəfindən MMC-yə ayrılmış borc pul vəsaitlərinin girovla təmin olunması məqsədilə, "X4 FZCO" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (keçmiş adı: X1 "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı) Bankda olan öz cari hesablarındakı 2.300.000 ABŞ dolları məbləğində pul vəsaitlərini girov qoymuşdur. Bu məqsədlə, Filial ilə Bank arasında (girov) "xxxx" imzalanmışdır. Filial və MMC tərəfindən 06 iyul 2020-ci il tarixində “X2 Dair Ərizələr” Fonda göndərilmişdir və həmin ərizələrdə Filialın və MMC-nin Cari Hesablardakı pul vəsaitlərinin kreditor tələbi kimi qeydə alınması xahiş edilmişdir. Ərizələrə cavab olaraq Fond tərəfindən Kreditor tələblərinin qeydiyyatı barədə 10 iyul 2020-ci il tarixli 0350 və 0349 saylı qəbzlər Filiala və MMC-yə təqdim edilmişdir və həmin Qəbzlərdə yalnız Cari Hesablarda olan pul vəsaitlərinin Banka qarşı kreditor tələbləri kimi qeydə alınması öz əksini tapmışdır. Cavabdeh hesab edir ki, Bankın MMC-yə və Filiala qarşı olan Kredit müqavilələri üzrə tələbinin girov şəklində Bankda saxlanılan pul vəsaiti hesabına ödənilməsi Mülki Məcəllənin müddəalarına əsasən həyata keçirilməlidir və MMC, Filial və Bank arasında imzalanmış Saxlanc Müqavilələrin 3.1-ci maddələrinə uyğun olaraq, təminatlar həyata keçirilə bilər və Bankın MMC-yə və Filiala qarşı kredit borcu tələbləri girova yönəldilib, girov qoyulmuş vəsaitlər hesabına ödənilə bilər. Kollegiya qeyd edir ki, mövcüd qanunvericiliyə əsasən girov (ipoteka) qoyanın bu hüququ, yəni tələbin girov (ipoteka) predmetinə yönəldilməsini tələb etmək hüququ yoxdur və bu hüquq yalnız girov (ipoteka) saxlayana məxsusdur. Ona görə də, kollegiya hesab edir ki, qarşılıqlı iddia ərizəsi bu şəkildə (tələbin girova yönəldilməsi) əsaslandırılsa da, cavabdeh faktiki olaraq tələblərin əvəzləşdirilməsini xahiş edir. Halbuki, “Banklar haqqında” Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Həmin Qanunun 78.1-ci maddəsinə görə bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Həmin Qanunun 82-ci maddəsi isə müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsi qaydasını müəyyən edir. Bu baxımdan kollegiya hesab edir ki, qarşılıqlı iddia ərizəsində irəli sürülən tələblərə mülki məhkəmə icraatında deyil, “Banklar haqqında” Qanunun xüsusi tələbləri çərçivəsində baxılmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsində isə təsbit olunmuşdur ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Cavabdeh tərəfindən irəli sürülmüş tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan maddi və prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina etmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddia ərizəsini icraata qəbul etməmiş, şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1668/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar