Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-768/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Firmasının cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e- 2-2(113)-171/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Firması (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik enerjisinin təchizatının dayandırılmasına dair cavabdehin hərəkətinin qanunsuz hesab edilməklə elektrik enerjisinin verilməsinin bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən başlayaraq hazırki günədək müəssisələrinə cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 41275 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, elektrik enerjisinin təchizatının dayandırılmasına yönələn hərəkətlərin cavabdehə qadağan edilməsi və vurulmuş zərərin əvəzi olaraq 48166,40 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-171/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 18547,20 manat məbləğində pul, ödənilmiş 100 manat dövlət rüsumu, ümumilikdə 18647,20 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-171/2024 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-171/2024 saylı qərardadının ləğv edilməsi və prosessual müddətin bərpa olunması haqqında ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cəmiyyətlə müqavilə bağlayan və abonent kimi bizim tərəflərinən tanınan yalnız “X3-101” MMC-dir. MMC "xxxx" firmasına xətt vermişdirsə bu o demək deyil ki, firma da abonentdir. Firmada bu yaranmış vəziyyətdən istifadə edərək pul tələbi ilə Cəmiyyətə qarşı iddia qaldırmışdır. Qeyd etdikləri və ərizəyə əlavə etdikləri şəkilləri yeni əldə etdikləri üçün hesab edir ki, prosessual müddət üzürlü hesab edilməklə bərpa edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə sistemi vasitəsilə şikayətə əlavə göndərilmişdir. Şikayətə əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı Firmasının nümayəndəsi tərəfindən proses zamanı "xxxx" ASC tərəfindən imzalanmamış və təsdiq edilməmiş saxta abunə müqaviləsi təqdim edilmişdir. Həmin müqavilə üzrə cəmiyyətdə araşdırma aparıldı və məlum oldu ki, müqavilə cavabdeh tərəfindən imza edilməmişdir. Apellyasiya şikayətinin gec verilməsi, daha doğrusu prosessual müddətin ötürülmə səbəbi əlavədə qeyd edilən hallarla bağlı "xxxx" MMC-nin qaldırdığı iddia üzrə araşdırmanın aparılması olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 216.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir. Həmin Məcəllənin 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün əsaslar mövcud deyildir. Materiallardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(113)-171/2024 saylı qətnaməsi cavabdehin və onun nümayəndəsi Nümayəndə4 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş, xx.xx.2024-cü il tarixdə icraya yönəldilmişdir. Bundan əlavə, hazırkı apellyasiya şikayəti yekun məhkəmə aktından şikayət verilməsi müddəti bitdikdən 3 ay sonra verilmiş, həmin müddətin üzrlü səbəbdən ötürülməsi, apellyasiya şikayətinin vaxtında verilməməsinin səbəblərinin cavabdehin iradəsi xaricində olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, vəsatət ümumi sözlərlə əsaslandırılmışdır. Məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları göstərilməlidir. Üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzürlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Məhkəmə kollegiya qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə vəsatət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, vəsatətdə müddətin ötürülməsinin üzürlü səbəbi kimi, heç bir hal qeyd edilməmiş, vəsatətdə qeyd edilənlər mübahisənin mahiyyətinə aid olan hallardır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2-2(113)-171/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-768/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-768/2024
25.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver