Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-769/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibai-İqtisadi Məhkəməsinin e-2-2(82)-1015/2019 nömrəli iş üzrə 07 noyabr 2019cu il tarixli qiyabi qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 13.11.2014-cü il tarixli 47 nömrəli kredit müqaviləsi üzrə 1.400.000 manat əsas borc, 79.800,07 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 190.944,44 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixl qərarına əsasən hesablanan faiz borcu, 01.07.2015-ci il tarixli 110 nömrəli kredit müqaviləsi üzrə 10.443,45 manat əsas borc, 559,59 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 958.32 manat cərimə borcu, 561,34 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 1.683.267,21 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.11.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 13.11.2014-cü il tarixli 47 nömrəli kredit müqaviləsi üzrə 1.400.000 manat məbləğdə əsas borcun, 79.800,07 manat manat məbləğdə faiz borcunun, kredit müddəti bitdikdən sonrakı vaxt üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 190.944,44 manat məbləğdə faiz borcunun, 01.07.2015-ci il tarixli 110 nömrəli kredit müqaviləsi üzrə 10.443,45 manat məbləğdə əsas borcun, 559,59 manat məbləğdə faiz borcunun, 958,32 manat məbləğdə cərimənin, kredit müddəti bitdikdən sonrakı vaxt üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 561,34 manat məbləğdə faiz borcunun, cəmi 1.683.267,21 manat məbləğdə borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, baxılmamış saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılan tələbə, eyni zamanda, cinayət mühakimə icraatı qaydasında baxılan digər işlə birgə baxılmış, Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)-233/2018 saylı cinayət işinə baxılarkən, ləğv prosesində olan "xxxx" Kommersiya Bankı” ASC eyni tələblə mülki iddia qaldırmış və həmin tələbə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 05.07.2018-ci il tarixli 1(101)233/2018 saylı hökmlə hüquqi qiymət verilmişdir. Lakin, Bakı Ağır Cinayətlər Məhkəməsin həmin hökmündən Apellyasiya şikayəti verilmiş, hökm qanuni qüvvəsini almamışdır. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-481/2020 nömrəli iş üzrə 22.10.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 203/2021 nömrəli iş üzrə 18.05.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22.10.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunmasını, iddiaçının nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış 13 noyabr 2014-cü il tarixli 47 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə - tikinti avadanlıqlarının alınması məqsədi üçün 24 ay müddətə, illik 12% dərəcəsi ilə 1.400.000 manat, 01 iyul 2015-ci il tarixli 110 nömrəli digər bir kredit müqaviləsinə əsasən isə heyvandarlığın inkişafı məqsədi üçün 36 ay müddətə, illik 6% dərəcəsi ilə 15.000 manat məbləğdə kredit verilmişdir. 26 iyul 2019-cu il tarixli **********565 və **********566 nömrəli maliyyə arayışları, cavabdehin bank hesablarından çıxarışlara, kredit müqavilələr üzrə ödəmə cədvəllərinə əsasən müəyyən olunur ki, cavabdehin banka olan borcu - 47 saylı kredit müqaviləsi üzrə 23.07.2019-cu il tarixə 1.400.000 manat əsas borc, müqavilə müddəti üçün 12 faiz dərəcəsi ilə hesablanmış 79.800,07 manat faiz borcu və Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 190.944,44 manat faiz borcu, cəmi 1.670.744,51 manat; 110 saylı kredit müqaviləsi üzrə 23.07.2019-cu il tarixə 10.443,45 manat əsas borc, müqavilə müddət üçün 6 faiz dərəcəsi ilə hesablanmış 559,59 manat faiz borcu, borcun ödənilməsinin gecikdirildiyinə görə 958,32 manat cərimə (dəbbə 0,1%) borcu və Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faizlə hesabdlanmış 561,34 manat, cəmi 12.522,70 manat - təşkil edir. Bununla da, cavabdehin iki müqavilə üzrə ümumilikdə iddiaçıya olan borcu 1.683.267,21 manat məbləğdədir. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “46. Hazırki iş üzrə müəyyən edilir ki, bu iş 1-ci instansiya məhkəməsi tərəfindən 10.09.2019-ci il tarixdə icraata qəbul edilməzdən əvvəl, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.07.2018-ci il tarixli hökmü, habelə hazırki işə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılıb qətnamə qəbul edildiyindən sonra isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hazırda qüüvədə olan 26.02.2021-c il tarixli hökmü çıxarılmışdır.
47. Hər iki hökm ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər X1 Heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25.07.2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozaraq, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün, bankın fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün tələb olunan vəsaitin 28.782.000 manatının kapital qoyuluşu kimi formal olaraq kassaya bankın səhmdarlarının adından guya mədaxil olunmasının rəsmiləşdirilməsini təşkil etmişlər, sonradan qeyd edilən pul vəsaitinin mövcudluğunu təsdiq etmək üçün, faktiki mövcud olmayan maliyyə vəsaitləri ilə özlərinin iştirakı ilə yaradılmış və yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təsis edib onların adlarına, o cümlədən "xxxx" MMC-nin direktoru R.Hacıyevə 13.11.2014-cü il tarixli kredit müqaviləsi ilə 1.400.000 manat, 27.08.2015-ci il tarixli kredit müqaviləsi ilə 3.000.000 manat, 01.07.2015-ci il tarixli kredit müqaviləsi ilə 15.000 manat məbləğində kreditlərin rəsmiləşdirilməsi ilə,saxta rəsmi sənədlər əsasında Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görünütüsü yaratmışlar, bununla da bankın fəaliyyətinin qanunsuz davam etdirilməsinə nail olmuşlar.
48. Həmçinin hər iki hökmə müəyyən edilmişdir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 26.10.2017-ci il tarixli, 27038 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 13.11.2014-cü il tarixli 681630 nömrəli çekdə, 01.07.2015-ci il tarixli 110 nömrəli kredit müqaviləsində və həmin tarixli ərizə blankında olan imzalar "xxxx" MMC-nin direktoru R.Hacıyevə tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.
49. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən məhkəmə hökmləri hazırki iş üçün preyudisial xarakter daşımaqla, onda müəyyən edilmiş halların və hadisələrin olması hazırki işə baxan məhkəmələr üçün məcburidir (bax hazırki qərarın 37- 39-cu bəndlərinə).
50. Ona görə də, hazırki işin yenidən apellyasiya instansiyası məhkəməsində araşdırılmasına zərurət yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hazırki işə yenidən baxıb müvafiq qətnamə qəbul edərkən qanuni qüvvəyə minmiş və preyudisial xarakter almış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hazırda qüvədə olan 26.02.2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş halları nəzərə almalıdır.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28.02.2012-ci il tarixli Qərarına əsasən, “MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.” MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının qüvədə olan 26.02.2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş hallar hazırkı işə münasibətdə preyudisiya əhəmiyyətinə malik olduğu üçün, məcburidir. Belə ki, hökm ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər X1 Heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25.07.2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozaraq, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün, bankın fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün tələb olunan vəsaitin 28.782.000 manatının kapital qoyuluşu kimi formal olaraq kassaya bankın səhmdarlarının adından guya mədaxil olunmasının rəsmiləşdirilməsini təşkil etmiş, sonradan qeyd edilən pul vəsaitinin mövcudluğunu təsdiq etmək üçün faktiki mövcud olmayan maliyyə vəsaitləri ilə özlərinin iştirakı ilə yaradılmış və yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təsis edib onların adlarına, o cümlədən "xxxx" MMC-nin direktoru R.Hacıyevə 13.11.2014-cü il tarixli kredit müqaviləsi ilə 1.400.000 manat, 27.08.2015-ci il tarixli kredit müqaviləsi ilə 3.000.000 manat, 01.07.2015-ci il tarixli kredit müqaviləsi ilə 15.000 manat məbləğdə kreditlərin rəsmiləşdirilməsi ilə, saxta rəsmi sənədlər əsasında Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görünütüsü yaratmış, bununla da bankın fəaliyyətinin qanunsuz davam etdirilməsinə nail olmuşlar. Həmçinin, hökmə müəyyən edilmişdir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 26.10.2017-ci il tarixli 27038 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 13.11.2014-cü il tarixli 681630 nömrəli çekdə, 01.07.2015-ci il tarixli 110 nömrəli kredit müqaviləsində və həmin tarixli ərizə blankında olan imzalar "xxxx" MMC-nin direktoru R.Hacıyevə tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarını səhv tətbiq etməsi düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmiş (MPM-in 387.1-ci maddəsi), bu səbəbdən məhkəmənin iddianı təmin etməsi qanunsuz olmuşdur. Bununla bağlı olaraq, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli (MPM-in 385.1.1-ci maddəsi), iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir (MPM-in 384.0.2-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(113)-1015/2019 nömrəli iş üzrə 07 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı 13.11.2014-cü il tarixli 47 nömrəli kredit müqaviləsi üzrə 1.400.000 manat əsas borc, 79.800,07 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 190.944,44 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixl qərarına əsasən hesablanan faiz borcu, 01.07.2015-ci il tarixli 110 nömrəli kredit müqaviləsi üzrə 10.443,45 manat əsas borc, 559,59 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 958.32 manat cərimə borcu, 561,34 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 1.683.267,21 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələblərinə dair iddiası təmin edilməsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov