Məhkəmə qərarları › İş №2-2(103)-769/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-769/2024

27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-769/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Şahid müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) qarşı kommersiya işi Açar söz: maddi ziyanın ödənilməsi, əldən çıxmış fayda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X14 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının vəkili X7 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Şahid müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1270/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində sizə (İddiaçı) məxsus istixanada aparılan monitorinq zamanı becərilən pomidor bitkisindən götürülmüş nümunələr, Azərbaycan Qida Təhlükəsizliyi X1 laboratoriyasına göndərilmişdir. AZ-20090811/LAB15 23004-T-004 nörnroli sınaq protokoluna əsasən karantin tətbiq edilən zərərli orqanizmlərdən Tomato brown rugoso fruit virus (Pomidor meyvələrinin qonur qırışıqlıq virusu) aşkar olunmuşdur. Bununla bağlı olaraq aşağıdakı tədbirlər həyata keçirilməlidir: virus aşkar edilən bölmədən məhsul ixracı dayandırılır və karantin rejimi tətbiq edilir və nəzarət intensivliyi artırılır;- mövcud məhsul karantin tədbirlərinə əməl edilmək şərtilə emala (tomat və ya ketçup istehsalı) verilə bilər;- sanitar gigiyena tələblərinə əməl edilmək şərtilə sirayətlənmə əlaməti (rəng dəyişikliyi, yarpaqda və ya meyvədə deformasiya, inkişafın ləngiməsi və s.) olan bitki və onun ətrafında 2 m radiusda olan digər bitkilər çıxarılaraq (digər bitkilərə təmas etməməsi üçün üzərinə yuxarıdan aşağıya doğru polietilen torba keçirilməlidir) məhv edilir, istixanada həmin hissə dezinfeksiya edilir; mövsüm başa çatdıqdan sonra bitkilər yuxarıda qeyd olunan şərtlərə uyğun məhv edilir; təsərrüfatda əhatəli dezinfeksiya işləri aparılır. Qeyd olunan fitosanitar tədbirlərin həyata keçirilməsi və bununla bağlı regional bölməyə məlumatların verilməsi tələb olunur. Qeyd: İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvaiıq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməsinə görə 4000 (dörd min) manatdan 5000 (beş min) manatadək məbləğdə cərimə tətbiq edilir.

2. 26.05.2023-cü il traixli təhvil-təslim sənədində qeyd edilmişdir ki, X17 ofisi tərəfindən Ramilə matril – 10000 x 0,30 = 3000 manat məbləğində şitil verilmiş, beh məbləği olaraq 100 manat ödənilmiş, qeyd olunan sifarişi Şahid tərəfindən xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır.

3. İddiaçı tərəfindən iş materiallarına abonent kodu **********9 olan istilikxanaya müxtəlif (xx.xx.2023-xx.xx.2023; xx.xx.2023-xx.xx.2023; xx.xx.2023 xx.xx.2023; xx.xx.2023-xx.xx.2023; xx.xx.2023-xx.xx.2023; xx.xx.2023-xx.xx.2023) "xxxx" ASC tərəfindən təqdim edilmiş bildiriş xəbərdarlıqlar, təchizatçı qismində Goran əkinçi tərəfindən alıcı qismində Ramin Samuxa ünvanlanmış məxaric qaimələri, Azərbaycan Qida X4 Regional Bölməsi tərəfindən müxtəlif tarixlərdə bitki və bitkiçilik məhsulları istehsalı müəssisəsində aparılan monitorinq aktları, istixanada becərilən pomidor sahələrində aparılan monitorinqlər barədə yoxlama anketləri, 2021 və 2022-ci illərdə pomidor istixnasında aparılan monitorinqlərə dair sənədlər və sınaq protokolları əlavə edilmişdir. Həmin aktlardan görünür ki, iddiaçıya zərərli orqanizmlərlə mübarizə tədbirlərinin görülməsi tapşırılmış, monitorinqlərin mütəmadi olaraq aparılacağı birdirilmişdir.

4. “Cinayət işinin başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı Samux RPŞ-nə ərizə ilə müraciət edərək, Samux rayon Sərkar kənd sakini Ayaz adlı şəxsin onun etibarından sui-istifadə edərək ona keyfiyyətsiz pomidor ştili sataraq aldatması barədə məlumat vermiş, araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Araşdırma zamanı izahatı alınmış Şahid göstərmişdir ki, təxminən üç ildir ki, “Kürdəxanı Şitil“ MMC-nin qərb bölgəsi üzrə rəsmi nümayəndəsi kimi işləyir. Bu bölgədən şitil ilə bağlı "xxxx" MMC-yə müraciət olduğu halda həmin şirkət müştəriləri ona yönləndirir. O, müraciət edən müştərilər ilə görüşərək sifarişləri qəbul edir və sifarişi MMC-yə yollayır. İddiaçı da onun müştərilərindən biridir. İki ildən artıqdır ki, şirtəkin müştərisidir və şitilləri işlədiyi MMC-dən alır. 2023-cü ilin iyun ayında Ramil bəy onun vasitəçiliyi ilə "xxxx" MMC-dən istixanasına əkmək üçün 10 min ədəd pomidor şitili sifarişi vermişdir. O isə həmin sifarişi hər zamankı kimi işlədiyi şirkətə yönləndirmişdir. Şirkət sifarişi qəbul edərək toxumları əkmişdir. Bir neçə gün sonra Ramil verdiyi sifarişdən imtina etmişdir. Bu səbəbdən Ramil ilə şirkətin müdiri əlaqə saxlayaraq, öz aralarında razılıq əldə olunmuşdur. Razılıqdan sonra "xxxx" MMC 10 min ədəd pomidor şitilini şirkətin avtomobili ilə adını bilmədiyi sürücü tərəfindən onun iştirakı olmadan Ramil bəyin istixanasına təhvil vermişdir. Ramil isə ödənişi kart vasitəsi ilə ona ödəmiş, o da həmin 3 min manat pulu şirkətə göndərmişdir.

5. Cavabdeh tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi X2 Laboratoriyasının sınaq protokolları (2023, 2024-cü illər üzrə) məhkəməyə təqdim edilmişdir.

6. Goran əkinçi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 804 nömrəli kassa mədaxil orderindən görünür ki, Ramin Samux tərəfindən 24153,30 manat məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya dəymiş maddi ziyana görə 37500 manat, əldən çıxmış fayda 11500 manat, mediasiya xərci 205 manat və ödənilən dövlət rüsumuna görə 37 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Samux rayonu, Yuxarı Ağasbəyli kəndində istixana işlədir. Cavabdeh təşkilatla 5 ildir ki, şitil alveri edir. Cavabdehdən sonuncu dəfə 2023-cü ildə hər birini qiyməti 0,30 qəpik olmaqla, 10000 ədəd pomidor şitilini 3000 manata almışdır. Həmin şitili Samux rayonu, Yuxarı Ağasbəyli kəndində yerləşən istixanada əkmişdir. Şitili əkdikdən sonra 14-cü gün şitildə virus aşkar etmişdir. İddiaçı cavabdeh təşkilatın bu regionda təmsilçisi olan Ayaz adlı şəxslə əlaqə saxlamışdır. O gəlib şitilə baxdıqdan sonra iddiaçıya bildirmişdir ki, viruslu şitilləri çıxarmaq, qalanını isə dərmanlamaq lazımdır. İddiaçı onun dediklərini etsə də, bunun xeyri olmadı. Şitili əkdikdən sonra 21-ci gün iddiaçı onu təkrar istixanaya çağımış və o, yenə iddiaçıya narahat olmamasını, dərmandan istifadə etməyini məsləhət görmüşdür. 3 ay sonra pomidorlar böyüdükdən sonra, iddiaçı yenə cavabdeh təşkilatın təmsilçisini istixanaya çağırmış, o da iddiaçıya bildirmişdir ki, narahat olma, müdiriyyətlə danışılmışdır. Şitil alınarkən iddiaçının razılığı olmuşdur ki, şitil viruslu olsa, şirkət iddiaçıya dəymiş ziyanı tam ödəyəcəkdir. Bununla bağlı məhkəmə prosesi zamanı səs yazmalar və yazışmalar təqdim ediləcəkdir. Yuxarıda qeyd edilən kimi, şitilin alınmasına iddiaçı 3000 manat, gübrəyə 24000 manat, kommunal xərclərə (işıq pulu, su pulu) 2000 manat, işçilərə əmək haqqı 3 ay x 2250=6750 manat pul xərclədiyindən iddiaçıya cəmi 37500 manat maddi ziyan dəymişdir. Eyni zamanda, qeyd edildiyi kimi, pomidorlar ləkəli olduğu üçün iddiaçı qazancından qalmışdır. İddiaçının əldən çıxmış faydası 11500 manat təşkil edir. İşin hallarından da göründüyü kimi, iddiaçı cavabdeh təşkilatla şitillərin alınması ilə bağlı şifahi qaydada alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə iddiaçı onlara 3000 manat pulu ödəyərək, öz öhdəliyini yerinə yetirsə də, cavabdeh aralarında olan razılaşmaya uyğun olaraq iddiaçıya virussuz şitil verməli olması öhdəliyini pozmuş, iddiaçıya viruslu şitil vermiş və nəticədə iddiaçı ziyana düşmüşdür.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386.1, 425.1, 425.2, 587-ci maddələrinə istinad olunmuşdur.

10. Cavabdeh "xxxx" MMC tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat iddiaçının iddiasını əsassız sayır və qəbul etmir. Belə ki, cavabdeh təşkilat aşağıda gətirilən əsaslara görə iddiaçının hazırkı iddia tələbinə etiraz edir. İlk növbədə qeyd edilir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında hər hansısa miqdarda (sayda) pomidor şitilinin satılmasına dair rəsmi alqı-satqı müqaviləsi imzalanmamış, iddiaçı tərəfindən cavabdehin rəsmi olaraq hesabına 10000 ədəd şitilin alınmasına dair hər hansısa bir məbləğdə vəsait ödənilməmişdir. İddiaçının öz iddia ərizəsinə əlavə etdiyi və məhkəməyə təqdim etdiyi 26 may 2023-cü il tarixli təhvil-təslim aktı ümumiyyətlə tərəflərin imzaları və möhürləri ilə təsdiq edilməmişdir. Bu sənədin (əgər buna sənəd demək olarsa) hazırda heç bir hüquqi qüvvəsi yoxdur. Bundan başqa, iddiaçının öz iddia ərizəsində istinad etdiyi pomidor şitilərinin satın aldıqdan məhz 14 gün sonra viruslu olmasını bilməsi və buna baxmayaraq, yalnız həmin şitillərdə yetişdirilmiş pomidorların düz üç aydan sonra 2023-cü ilin avqust ayında viruslu olmasına dair müvafiq dövlət orqanına müraciət etməsi də iddiaçı tərəfə anlaşılan deyildir. Əgər həmin şitillər həqiqətən də cavabdeh təşkilatdan alınmışdırsa, onda nədən bu günə kimi rəsmi olaraq iddiaçı tərəfindən cavabdehə hər hansısa məktub və ya pretenziya göndərilməmişdir. Belə ki, tərəflərdən biri fərdi sahibkar, digəri isə hüquqi şəxsdir. İddiaçı hazırkı iddia tələbinə qanuni don geyindirmək üçün, yalnız öz iddia ərizəsində müvafiq şitilləri ilkin olaraq aldıqdan 14 gün və daha 21 gündən sonra güya cavabdeh təşkilatın işçisinə şitillərin viruslu olması barədə şifahi məlumat verdiyini qeyd edir. Hesab edilir ki, iddiaçının bu qaydada əsaslandırılmış iddia tələbi heç bir əsaslı sübuta söykənmir. Bundan başqa, iddiaçının öz iddia ərizəsində qeyd etdiklərindən də müəyyən edilir ki, iddiaçı 14 gün ərzində aldığı şitillərin viruslu olduğunu bilə-bilə həmin şitillərin becərilməsini özbaşına davam etdirərək düz 3 ayın sonunda viruslu pomidorların becərilməsinə nail olmuşdur. Yəni məntiqlə belə çıxır ki, iddiaçı özünün səhlənkarlığı və etinasızlığı nəticəsində bilə-bilə özünə maddi ziyan vurmuşdur. Hazırda yalnız iddiaçının quru sözləri ilə tərtib edilmiş iddia ərizəsi əsaslı sayılaraq məhkəmə tərəfindən təmin edilə bilməz. Belə ki, iddiaçının pomidor şitillərini aldıqdan 14 gündən sonra onun viruslu olmasını bildiyi halda, sonradan gübrəyə 24000 manat xərc çəkməsi, kommunal ödənişlərə 2000 manat xərcləməsi və 3 ay ərzində cəlb etdiyi işçilərə hər ay 2250 manat olmaqla, cəmi 6750 manat pullar xərcləməsi ağlabatan deyildir və bu halların ümumiyyətlə sübuta yetməsi üçün iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı öz iddia ərizəsində ona əldən çıxmış faydaya görə cavabdehdən həmçinin 11500 manat məbləğində pul vəsaitinin tutulmasını da tələb edir. Hesab edilir ki, iddiaçının bu tələbi də əsassızdır. Belə ki, iddiaçı bu hissədə də tələbinin əsaslı olmasına dair heç bir rəsmi sübut məhkəməyə təqdim etməmişdir. Hazırda cavabdeh tərəf hesab edir ki, ümumiyyətlə iddiaçının hər hansısa bir məbləğdə zərərə uğraması halı hətta baş veribsə belə, bu hallarla bağlı cavabdehin hər hansısa səbəbli əlaqəsi yoxdur. Hazırkı halda hesab edilir ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır, heç bir mötəbər sübuta söykənmir və ona görə də məhkəmə tərəfindən belə bir iddia tələbi rədd edilməlidir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1270/2024 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia təmin edilməyərək, ödənilmiş məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında yazılı formada müqavilə bağlanmamışdır. İddiaçı cavabdehlə aralarında şitillərin alınması ilə bağlı şifahi qaydada alqı-satqı müqaviləsinin bağlandığını bildirsə də, cavabdeh tərəf belə bir müqavilənin bağlandığını inkar etmiş, tərəflər arasında hər hansı razılaşmanın olmadığını bildirmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ziyana məruz qalması iş materiallar ilə öz təsdiqini tapsa da, iddia olunan kimi, məhz şitillərin viruslu olması nətcisində ziyanın vurulması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır.

14. Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətlərinin dəlilləri

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Komersiya Məhkəməsinin e-2-2(113)-1270/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianı rədd edən birinci instansiya məhkəməsi, əsaslandığı maddi hüquq narmalarını düzgün təsfir etməmiş, həmçinin apellyasiya şikayətinin 7-ci paraqrafında qeyd edildiyi kimi təqdim olunan sübutlara düzgün qiymət verməmişdi. Belə ki, tərərflərin arasında alqı-satqı müqaviləsi bağlanmış, satıcı cavabdeh təşkilat iddiaçıya virusli ştil vermiş və nəticədədə iddiacı ziyana düşmüşdü. Bununla bağlı əvvala qeyd etmək istərdim ki, işin həqiqi halları ondan ibərətdi ki, iddiaçı Samux rayonu, Yuxarı Ağasbəyli kəndində istixana işlədir. Cavabdeh təşkilatla 5 ildir ki, şitil alveri edir. Cavabdehdən sonuncu dəfə 2023-cü ildə hər birini qiyməti 0,30 qəpik olmaqla, 10000 ədəd pomidor şitilini 3000 manata almışdır. Həmin şitili Samux rayonu, Yuxarı Ağasbəyli kəndində yerləşən istixanada əkmişdir. Şitili əkdikdən sonra 14-cü gün şitildə virus aşkar etmişdir. İddiaçı cavabdeh təşkilatın bu regionda təmsilçisi olan Ayaz adlı şəxslə əlaqə saxlamışdır. O gəlib şitilə baxdıqdan sonra iddiaçıya bildirmişdir ki, viruslu şitilləri çıxarmaq, qalanını isə dərmanlamaq lazımdır. İddiaçı onun dediklərini etsə də, bunun xeyri olmadı. Şitili əkdikdən sonra 21-ci gün iddiaçı onu təkrar istixanaya çağımış və o, yenə iddiaçıya narahat olmamasını, dərmandan istifadə etməyini məsləhət görmüşdür. 3 ay sonra pomidorlar böyüdükdən sonra, iddiaçı yenə cavabdeh təşkilatın təmsilçisini istixanaya çağırmış, o da iddiaçıya bildirmişdir ki, narahat olma, müdiriyyətlə danışılmışdır. Şitil alınarkən iddiaçının razılığı olmuşdur ki, şitil viruslu olsa, şirkət iddiaçıya dəymiş ziyanı tam ödəyəcəkdir. Bununla bağlı məhkəmə prosesi zamanı səs yazmalar və yazışmalar təqdim ediləcəkdir. Yuxarıda qeyd edilən kimi, şitilin alınmasına iddiaçı 3000 manat, gübrəyə 24000 manat, kommunal xərclərə (işıq pulu, su pulu) 2000 manat, işçilərə əmək haqqı 3 ay x 2250=6750 manat pul xərclədiyindən iddiaçıya cəmi 37500 manat maddi ziyan dəymişdir. Eyni zamanda, qeyd edildiyi kimi, pomidorlar ləkəli olduğu üçün iddiaçı qazancından qalmışdır. İddiaçının əldən çıxmış faydası 11500 manat təşkil edir. İşin hallarından da göründüyü kimi, iddiaçı cavabdeh təşkilatla şitillərin alınması ilə bağlı şifahi qaydada alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə iddiaçı onlara 3000 manat pulu ödəyərək, öz öhdəliyini yerinə yetirsə də, cavabdeh aralarında olan razılaşmaya uyğun olaraq iddiaçıya virussuz şitil verməli olması öhdəliyini pozmuş, iddiaçıya viruslu şitil vermiş və nəticədə iddiaçı ziyana düşmüşdür. Cavabdehin nümayəndəsi qeyd edir ki, guya tərəflərin arasında hec bir müqavilə olmayıb, Ayaz onların rəsmi işçisi deyil və onunla yalnız xidməti müqavilə bağlanıb. Qeyd edim ki, cavabdehin dedikləri həqiqətə uyğun deyil və işdə olan sübutlarla təkzib edlir. Belə ki, əvvala qanunvericiliyin tələblərinə görə alqı-satqı müqaviləsi şifai formada da bağlana bilər, yəni yazılı müqavilənin olması şırt deyil. Bundan başqa bizim tərəfimizdən məhkəməyə təqdim edilən və cavabdeh təşkilatın Qərb bölgəsi üzrə nümayəndəsi olan Şahid qaimə mövcuddur ki, həmin qaimədə ştilin satılması faktı öz təstiqini tapır. Eyni zamanda “Cinayət işinin başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ayaz izahat verərkən cavabdeh təşkilatın nümayəndəsi kimi ştil satmasını etiraf etmişdi. Bundan başqa cavabdeh təşkilat israrla Şahidı məhkəməyə gəlməsndən yayındırması da bu faktı təstiq edən bir haldı. Eyni zamanda cavabdehin nümayəndəsi Şahid ilə xidməti müqavilənin olmasını qeyd etsədə bu müqavilə əsasında sonuncunu cababdehin hansı işlərinin aparması məhkəmə tərəfindən araşdırılmamışdı. Hesab edir ki, Şahid ilə xidməti müqavilənin olması onun cavabdeh təşkilatın nümayəndəsi kimi çıxış etməsinin bir sübutudu. Eyni zmanda onlar məhkəməyə vəsatət verərək eyni iddiçı ilə problemə düşmüş sahibkarların məhkəmədə şahid qismində dindirilməsini xahiş etsələr də məhkəmə hec bir əsaslı səbəb göstərmədən vəsatəti təmin etməmişdi. Həmin şəxlərin dindirilməsi dediklərini təstiq edirdi. Qaldı dgiər məsələlər ilə bağlı onu göstərə bilərəm ki, şitillərin viruslu olması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 tərəfindən verilən arayışda öz təsdiqini tapır və dəymiş ziyanla da baglı onlar kifayət qədər sübutları məhkəməyə təqdim etmişlər.

17. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının vəkili X7 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

19. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o da sahibkardır və Ramilin istixanasına yaxın ərazidə onların da istixanaları var. "xxxx" MMCdən aldığı ştillərdə virus olub. Onlar əsasən Ayaz adlı şəxsdən ştilləri almışlar. O bildirmişdir ki, sənədləşmə olmurdu, sadəcə ştili verəndə qaimə verirdiər. Virus olduqda sahəni və ətrafı dezinfeksiya edirlər, torpağı dəyişdirmirlər.

21. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X9 bildirmişdir ki, qeyd edilən virus ştildən keçə də bilər, keçməyə də bilər. Virusun qarşısının alınması üçün zəruri tədbirlər görülməlidir. Əkindən qabaq istixana dərmanlanmalıdır, ərazi əkinə hazırlanmalıdır. Toxum səpiləndə sertifikatiı toxum olmalıdır. Cərgənin birində virus aşkar edilərsə, umumiyyətlə cərgə yığılmalı və məhv edilməlidir, əkin yeri və alətlər yenidən dezinfeksiya edilməlidir. Bəli, bu virus keçid virusdur, xəstə ştilə toxunub, daha sonra sağlam ştilə toxunularsa virus keçmiş olur.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-ci maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəyə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

25. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1270/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. İddia tələbi cavabdehdən iddiaçıya dəymiş maddi ziyana görə 37500 manat, əldən çıxmış fayda olaraq 11500 manat məbləğində pulun tutulmasından ibarətdir.

27. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında yazılı formada müqavilə bağlanmamışdır. İddiaçı cavabdehlə aralarında şitillərin alınması ilə bağlı şifahi qaydada alqı-satqı müqaviləsinin bağlandığını bildirsə də, cavabdeh tərəf belə bir müqavilənin bağlandığını inkar etmiş, tərəflər arasında hər hansı razılaşmanın olmadığını bildirmişdir.

28. İşin hallarından göründüyü kimi, iddiaçı şitillər alaraq, istixanada əkmişdir. “Cinayət işinin başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ayaz adlı şəxs Ramilin şitillərin pulunu onun kartına ödədiyini bildirmişdir.

29. İddiaçı ona ziyan vurulduğunu iddia edərək, həmin ziyanı qiymətləndirmiş və həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.

30. İddiaçının ziyana məruz qalması iş materiallar ilə öz təsdiqini tapır. Lakin iddia olunan kimi, məhz şitillərin viruslu olması nəticəsində ziyanın vurulması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır.

31. İddiaçı ona ziyan dəydiyini bildirərək, dəymiş maddi ziyana görə 37500 manat pulun cavabdeh "xxxx" MMC-dən tutulmasını xahiş etmişdir.

32. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçı ona zərərin məhz cavabdehin təqsirli hərəkətləri və ya hansısa öhdəliklərini pozması nəticəsində vurulmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

33. Bundan əlavə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsində dindirilmiş şahidin və mütəxəssisin izahatlarına münasibət bildirərək qeyd edir ki, onların izahatları ilə şitillərin viruslu olması nəticəsində ziyanın vurulması sübut olunmamışdır. Həmçinin iş üzrə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şitilxanada yoxlanışların keçirilməsi və heç bir virusun aşkarlanmaması barədə aktları da mövcuddur.

34. İddia tələbinin digər hissəsini təşkil edən cavabdehdən əldən çıxmış fayda olaraq 11500 manat məbləğində pulun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, hazırkı tələb birinci tələblə bağlı olduğundan, birinci tələb isə təmin edilmədiyindən hazırkı tələb də təmin edilməməlidir.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1270/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar