Məhkəmə qərarları › İş №2-2(103)-77/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-77/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-77/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi vəkil X1 ilə İddiaçı oğlunun Cavabdeh MMC-yə qarşı “borc pulun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2056/2020 xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxx 2017-ci il tarixli borc müqaviləsi üzrə 4.545.430,20 pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə mübahisə tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli borc müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlıdır. Həmin müqaviləyə görə, borc verən təsisçisi olduğu hüquqi şəxsə müxtəlif vaxtlarda hissə-hissə 5.000000 (beş milyon) pul borc verməyi, borc alan isə xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürür. Borcun verilməsində məqsəd borc alan təşkilatın hesabının möhkəmləndirilməsi, maliyyə vəziyyətinin yaxşılaşdırılması, dövriyyənin artırılması və sair olmuşdur. Borc verən öhdəliyini icra edərək 2017-ci ilin may ayından 2019-cu ilin dekabr ayınadək müxtəlif vaxtlarda hissə-hissə olmaqla müxtəlif məbləğlərdə borc vermiş, lakin cavabdeh təşkilat borcun qaytarılması ilə bağlı öhdəliyini icra etməmişdir. Borc bir qayda olaraq cavabdeh təşkilatın əməkdaşlıq etdiyi bank hesabına köçürülmüş və həmin hesabdan təyinatı üzrə xərclənmişdir. Borcun verilməsi və müvafiq təyinatlar üzrə xərclənməsi mübahisələndirilmir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.1-ci bəndinə əsasən cavabdeh borcu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür; müqavilənin 4.2.-ci bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacaq; müqavilənin 2.4cü bəndinə əsasən “Borc alan” öhdəlik götürür ki, “Borc verən” borcun qaytarılması ilə bağlı rəsmi müraciət etdiyi tarixdən 1 (bir) ay müddətində borcu tam məbləğdə “Borc verən”ə geri qaytaracaqdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh müqavilənin 2.2.1-ci bəndində göstərilən müddətdən 7 ay keçməsinə baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, borcun qaytarılması ilə bağlı rəsmi müraciət olunsa da, borcun qaytarılması təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2056/2020 xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı təsisçi kimi MMC-yə mədaxil etdiyi bank qəbzlərini, vergi orqanı və Maliyyə Nazirliyinə təqdim edilməsi üçün 2017 və 2018-ci maliyyə illəri üzrə tərtib edilmiş auditor rəylərini təqdim etmiş, cavabdeh təşkilatın nümayəndəsi iddianı qəbul edərək təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə işin halları və qanunvericiliyin tələblərinə əsaslanmadığından, qətnamə ləğv edilməli, iddianın təmin edilməsinə dair apellyasiya qaydasında yeni qətnamə çıxarılmalıdır. İşin mübahisəsiz hallarına görə tərəflər arasında borc müqaviləsi imzalanmış, müqavilə sadə yazılı formada tərtib edilməklə, tərəflərin imzası və təşkilatın möhürü ilə təsdiq edilmişdir. Müqavilənin həqiqiliyi mübahisələndirilmir, müqavilə bağlanarkən onun forma və məzmununa əməl olunmuşdur. Hər iki tərəf üçün hüquq və vəzifələr müəyyən edən müqaviləyə əsasən Borc verən, yəni iddiaçı nəzərdə tutulmuş borc məbləğini verməyi, Borc alan, yəni cavabdeh isə müəyyən edilmiş vaxtda borc məbləğini qaytarmağı öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən bank qəbzlərinin əsli məhkəməyə təqdim edilmiş, həmin qəbzlərdən görünür ki, "ödəyən – İddiaçı" , hesabın möhkəmləndirilməsi məqsədilə "alan-Cavabdeh MMC"-nin hesabına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaiti köçürmüşdür. Məhkəmənin iddiaçı tərəfindən pulun verilməsinə dair sübutlar təqdim edilməməsi barədə gəldiyi nəticə işin halları və qanunvericiliyin tələblərinə uyğun deyil. Birincisi, iddiaçı tərəfindən pul vəsaitinin bank vasitəsi ilə cavabdeh təşkilatın hesabına köçürülməsini təsdiq edən qəbzlər mövcuddur və həmin köçürmələrin, borc deyil, başqa məqsədlər üçün köçürülməsi nəticəsinə gəlmək üçün məhkəmənin gətirdiyi əsaslar (pulun təşkilatın mühasibatlığı tərəfindən 75 və 71 indeksi ilə qəbul edilməsi) qəbuledilməzdir. Nəzərə almaq lazımdır ki, iddiaçı borc müqaviləsinə əsaslanır və həmin müqavilə pulun köçürüldüyü dövrü əhatə etdiyindən və müqavilədə hesabın möhkəmləndirilməsinə dair müddəa olduğundan, hazırki mərhələdə, bank qəbzində pulun təyinatı kimi hesabın möhkəmləndirilməsi yazılması, həmin pulun borc verilən məbləğə aid olmadığını deməyə əsas vermir. İkincisi, məhkəmə 2017-2018-ci illər üzrə aparılmış auditor yoxlamasının nəticəsinə dair verilmiş audit rəylərində təsisçinin borclarına dair gəlinmiş nəticəni qəbul etməyərək, belə əsaslandırmışdır ki, ilkin sübutlar mövcud olmadığından, auditor rəyi borcun verilməsinə dair sübut qismində qəbul edilə bilməz. Pulun köçürülməsinə dair ilkin sübutlar məhkəməyə təqdim edilmişdir. Digər tərəfdən, auditor yoxlamaları Mülki Məcəllənin 91.4-cü maddəsinin tələbləri əsasında aparılmış və müvafiq olaraq Maliyyə Nazirliyi və Vergi Xidmətinə təqdim edilmişdir. Həmin i Məcəllənin 91.4-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Beləliklə, Cəmiyyətin maliyyə hesabatlarını özündə əks etdirən və yoxlanıldığı dövr üzrə bütün əməliyyatlara dair məlumatları özündə əks etdirən audit rəyində borcun mövcudluğunun təsdiq edilməsinə baxmayaraq, məhkəmə tərəfindən həmin rəylərin nəzərə alınmaması, işin obyektiv və ədalətli həllinə imkan verməmiş və qanunsuz qətnamə çıxarılmasına gətirib çıxarmışdır. Üçüncüsü, iş üzrə cavabdeh iddianı qəbul etməklə, təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. MPM 52.2-cü maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə tərəfindən faktın etirafı və iddianın etirafı qəbul edilməli idi. Bunu istisna edən hal aşkar edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) S.Kərimov iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarıda olan, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa, Cavabdeh MMC-nin işdə olan nizamnamsinə (b.2.2), habelə, iddia ərizəsinə və iddiaçının apellyasiya şikayətinə əsasən müüəyyən olunur ki, hazırkı mübahisənin iddiaçı tərəfi olan İddiaçı - cavabdeh Cavabdeh MMC-nin 100 faizli payçısı olan tək təsisçisidir (həm də qanuni təmsilçisidir) Təsisçi İddiaçı iştirakçısı olduğu Cavabdeh MMC-yə qarşı iddia tələbindən göründüyü kimi, o, MMC ilə aralarında bağlanmış xx xxx 2017-ci il tarixli borc müqaviləsinə istinadən 4.545.430,20 manat borc pulun MMC-dən onun xeyrinə tutulmasını tələb edir. İddia ərizəsinə, apellyasiya şikayətinə əsasən və hər iki tərəfin məhkəməyə verdiyi izahtatından göründüyü kimi, faktiki olaraq tərəflər arasında qeyd olunan borcun mövjudluğu və həmin pulun cavabdehin bank hesabında mövjud olması və geri qaytarılmalı olması mübahisə predmetini təşkil etmir, yəni bununla bağlı tərəflər arasında mübahisə mövcud deyil. Əslində, mülki qanunvericiliklə də məsələnin həllinə əngəllik törədə bilən maddi hüquq normaları da mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 91.1-ci maddəsindən görünür ki, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Həmin Məjəllənin 91.1-1-ci maddəsindən isə görünür ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər.Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Həmin Məcəllənin 91.1-7-ci maddəsindən isə görünür ki, bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. Cavabdeh MMC-nin işdə olan nizamnaməsinin 4.1-ci bəndində də görünür ki, cəmiyyətin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağrılan ümumi yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir. Ümumi yığıncağın qərarları iştirakçı (lar) tərəfindən qəbul edilir və imzalanır. Məcəllənin qeyd olunan normaları və cəmiyyətin nizamnaməsinin sözügedən bəndi baxımından, İddiaçı - hazırkı məsələni iştirakçısı olduğu Cavabdeh MMC-nin ümumi yığıncağında təkbaşına müzakirə edərək müvafiq qərarı qəbul etmək səlahiyyətinə malikdir. Eyni zamanda, qeyd olunmalıdır ki, iddiaçının iştirakçısı olduğu və təkbaşına idarə etdiyi Cavabdeh MMC - bank hesabına malik olan bir hüquqi şəxsdir. Mülki Məcəllənin 957.1-ci maddəsinin tələbindən isə görünür ki, hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir. Həmin Məcəllənin Müştərinin hesabdakı pul vəsaitinə dair sərəncam vermək hüquqlarının məhdudlaşdırılmasına yol verilmir, amma qanunda nəzərdə tutulan hallarda məhkəmənin qərarı ilə hesabdakı pul vəsaiti üzərinə həbs qoyulduğu və ya hesab əməliyyatlarının dayandırıldığı, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. Beləliklə də işin həm faktiki halları, həm də mülki qanunvericiliyin tələbləri baxımından, hazırkı iddianın məhkəmə qaydasında baxılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 261.0 və 261.0.1-ci maddələrinin imperativ tələbinə görə isə iş məhkəmədə baxılmalı deyildirsə, əsasən hakim iş üzrə icraata xitam verir. Lakin birinci instansiya məhkəməsi işə baxılarkən işin qeyd olunan halları nəzərə alınmamış, iddia ərizəsi MPM-in 153.2.1-ci maddəsinin tələbi nəzərə alınmadan icraata götürülmüş, sonradan da, məhkəmə, həmin Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinin tələbi qaydasında iş üzrə icraata xitam verməli olduğu halda, buna riayət etməmiş, işə mahiyyəti üzrə baxaraq maddi və prosessual hüquq normalarının tələblərini pozulması ilə nəticələnən, iddianın rədd olunması barədə, qətnamə qəbul etmişdir. MPM-in 385.1.1-ci maddəsinin tələbindən isə görünür ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin onun hazırkı iddia tələbində haqlı olduğunu əsaslandıran dəlilləri öz təsdiqini tapmır. Bununla yanaşı, məhkəmə kollegiyası onun apellyasiya şikayətinin qətnamənin ləğv olunması ilə bağlı dəlilləri hissəsində razılşaraq, yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 263-264, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2056/2020 xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədirlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar