Məhkəmə qərarları › İş №2-2(103)-77/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-77/2024

04.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-77/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : borcun silinməsi hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı X1 nümayəndəsi Vəkil Aftandil oğlunun iştirakı ilə, iddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi“ tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-4364/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı X4 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, hazırda X5 mülkiyyətində olan ünvan 2, 1-ci giriş, 1-ci mərtəbə qapı 1, 2-ci mərtəbə qapı 1A ünvanında yerləşən 1.115,2 m2 sahədən ibarət qeyriyaşayış sahəsi (“Otel Eqosit”) ilə bağlı əvvəlki mülkiyyətçi olan iddiaçıya hesablanmış 14100,6 manat borcun silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı 2019-cu il 28 yanvar tarixində Bakı şəhəri Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi 9A, 1-ci giriş, 1-ci mərtəbə, qapı 1, 2-ci mərtəbə qapı 1A ünvanında yerləşən 1.115,2 m2 sahədən ibarət qeyri-yaşayış sahəsini A.Məmmədovaya satmışdır. Bir müddət sonra cavabdehin əməkdaşları həmin qeyriyaşayış sahəsinə görə əvvəlki mülkiyyətçi olan iddiaçının 2011-2014-cü illər üzrə 14.100,6 manat borcunun qaldığını bildirərək, suyun verilməsini dayandırmışlar. Sonradan A.Məmmədova tərəfindən 1.200 manat ödəniş edildikdən sonra suyun verilişi bərpa olunmuş və 12.900,6 manat borcunun olduğu bildirilmişdir. Halbuki 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 2015-ci il 4 mart tarixli 2-(81)-299/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən “Otel Eqosit” adlı obyektə hesablanmış 1.568 manat məbləğində borcun iddiaçının hesabından silinməsinin cavabdehə həvalə edilməsi və cavabdehdən iddiaçının xeyrinə 8.604 manat məbləğin və 15 manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Ali Məhkəmənin 2016-cı il 27 oktyabr tarixli 2-2(102)-310/16 saylı Qərarı ilə, yuxarıda göstərilən qətnamə qüvvədə saxlanılmışdır. 2020-ci il 27 yanvar tarixində isə cavabdeh tərəfindən 8.619 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. 2.Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4364/2022 saylı işi üzrə 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (Mülki Məcəllənin 551.2.1, “ Mediasiya haqqında qanunun” 36.5-ci maddəsinə istinadən) iddia təmin edilərək, cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid 053768 nömrəli abonent koduna yazılmış 14100,60 manat məbləğində borcun silinməsi, mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 66.15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, yeni mülkiyyətçi əvvəlki mülkiyyətçi olan iddiaçıdıan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması barədə arayış tələb etməmişdir. Digər tərəfdən X4 Cavabdeh ASC-yə qarşı 2015-ci ildə “1568 manat borcun silinməsi və 14851 manat pul vəsaitinin cavabdehdən tutulması “tələbi ilə məhkəməyə müraciət etmiş, həmin məhkəmənin qətnaməsi ilə iddia qismən təmin edilərək 1568 manat borc məbləğin iddiaçının hesabından silinməsi və 8604 manat məbləğin qaytarılması müəyyən edilmişdir. Bundan sonra yəni, xx.xx.2019-cu il tarixdə həmin obyekti digər şəxsə satmaqla, onun mülkiyyət hüququna xitam verilmişdir. Artıq 4 ilə yaxın müddət ərzində iddiaçı həmin obyektə sahiblik, istifadə və sərəncam vermək hüququnu itrimiş, bu səbəbdən də tərəflər arasında artıq “su və kanalizasiya xidmətlərinə dair” müqavilə mövcud deyildir. Göründüyü kimi,Cavabdeh ASC tərəfindən iddiaçının hüquq və mənafelərinə toxunan heç bir hərəkətə yol verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin gedişi zamanı Cavabdeh ASC tərəfindən iddiaçının “hansı hüquq və mənafelərinə toxunan hərəkətləredilməsi sualını” vəkil/nümayəndə cavablandıra bilməmişdir. 053768 №-li abonent kodu iddiaçı X2 adında formal olaraq qalmasına səbəb həmin hesabda olan və tələbetmə müddəti ötürülmüş borc məbləği ilə əlaqədardır. Belə ki, Sudan istifadə Qaydalarının tələbinə əsaən su təchizatı müəssisəsi hesabda olan məbləğ sıfırlanmayana qədər, abonent digər şəxsin adına keçirməkdə haqlı deyil. Məhkəmə qərarında sudan istifadə edən istehlakçı ilə su təchizatı müəssisə arasında yaranana münasibətləri tənzimləyən Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanuna və AR Nazirlər Kabinetinin qəbul etdiyi “Sudan istifadə Qaydaları” haqqında Qərara ümumiyyətlə toxunulmamışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 aprel tarixli 2- 2(103)-317/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir. 5.İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam şəkildə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6.İddiaçının kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)- 443/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-317/2023 saylı işi üzrə 26 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2, 551.1.2, 552.1, 553.1, 553.1.1, 553.1.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 76, 77, 88, 217, 416; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 15 fevral tarixli Qərarına; istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının MM-in 551-ci maddəsindəki tələbetmə müddəti bitdiyi üçün həmin borcun silinməsini tələb etdiyini göstərmiş, öz qətnaməsində yalnız həmin dəlil üzrə əsaslandırma apararaq, Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 15 fevral tarixli qərarına istinadən belə nəticəyə gəlmişdir ki, MM-in 551.2.1-ci maddədə nəzərdə tutulmuş müddət kəsici müddət deyil, iddia müddəti olduğu üçün bu müddətin keçməsi öhdəliyin xitam olunmasına əsas vermir. Halbuki iddia ərizəsindən, habelə müahisələndirilən qətnamənin təsviri hissəsinin özündən də məlum olur ki, iddiaçı borcun silinməli olmasının başqa əsaslarını da qeyd etmişdir. Belə ki, iddia ərizəsinin əsaslarına görə, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 2015-ci il 4 mart tarixli 2- (81)-299/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıya məxsus “Otel Eqosit” adlı obyektə hesablanmış 1568 manat məbləğində borcun iddiaçının hesabından silinməsinin cavabdehə həvalə edilməsi və cavabdehdən iddiaçının xeyrinə 8604 manat məbləğin tutulması qət olunmuş, həmin qətnamə qüvvədə saxlanılmışdır. 2020-ci il 27 yanvar tarixində isə cavabdeh tərəfindən 8619 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Belə olan halda hazırda hansı borc məbləğindən söhbət getdiyi anlaşılan deyil. Bununla əlaqədar hazırkı iş üzrə birinci instansiya məhkəməsi də hesab etmişdir ki, cavabdeh 14100,60 manat məbləğində borcun yaranmasının səbəbləri və dövrü ilə bağlı heç bir sübut təqdim etməməklə yanaşı, yeni nəsil smart kart tipli sayğaclara əvvəl pul yüklənir, daha sonra həmin vəsaitə uyğun həcmdə su abonentə verilir, həmin sayğacda pul balansı “0” olduğu təqdirdə suyun verilməsi dayandırılır, yalnız əlavə vəsait yüklənəndən sonra suyun verilişi bərpa edilir, bu isə o, deməkdir ki, bu qayda ilə işləyən sayğacda 2014-cü ilin noyabr ayından (sayğacın quraşdırıldığı vaxt) sonra hər hansı borcun yaranması mümkün deyil. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin dəlilləri, habelə birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticə üzrə heç bir hüquqi qiymətləndirmə aparmasmışdır. Apellyasiya instansiyası məhkəməsi işdəki saldoya və maliyyə arayışına istinadən öz qətnaməsində göstərmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc sudan və kanalizasiya xidmətindən istifadəyə görə 2012-ci ildən 2018-ci ilədək yaranmış və illər üzrə artmış borcdan ibarətdir. Lakin məhkəmə bu borcun tərkibinə əvvəlki məhkəmə qərarları ilə silinmiş borcların daxil olub-olmamasını müəyyənləşdirməmiş və ümumiyyətlə, işdəki sübutlar üzrə bu istiqamətdə hər hansı dəyərləndirmə aparmamaqla işə tam və hərtərəfli baxmamış, əvvəlki məhkəmə qərarlarının hazırkı işdə preyudisial əhəmiyyət kəsb edib-etməməsini əsaslandırmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarının bir qisminə, bununla əlaqədar iddiaçının gətirdiyi dəlillərə, təqdim etdiyi sübutlara qiymət verməmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə, iddianı rədd edən məhkəmə tərəfindən iddiaçının bütün dəlillərinə qiymət verilməməsi iş üzrə əsassız nəticəyə gəlinməsinə səbəb olmaqla yanaşı, həm də hüququn təməl sütunu hesab edilən hüquqi müəyyənlik prinsipinə, bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun, Ali Məhkəməsi Plenumunun, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdıqları hüquqi mövqelərə ziddir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar: 7.Apellyasiya icraatı zamanı müəyyən edilən hallar: - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə - mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 aprel 2024-cü il tarixdə 28 mart 2024-cü il tarixli 9/9806 №li ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Abonent haqqında məlumat” dan göründüyü kimi 2012-ci ilin yanvar ayından 2024-cü ilin fevral ayınadək olan dövr ərzində iddiaçı X4 (“Otel Eqosit”) tərəfindən istifadə edilmiş su təchizatı və kanalizasiya xidmətlərinə görə aylar üzrə sərfiyyat, sərfiyyata görə hesablanmış cəmi məbləğ və iddiaçı tərəfindən edilmiş ödənişlər nəzərə alınaraq hər ay üzrə (konkret tarixlər və məbləğlər göstərilməklə) artıq ödəniş və ya qalıq borc məbləği yuxarıda qeyd olunan cədvəl məlumatlarında öz əksini tapır. Həmçinin yaranmış borcun tərkibinə xx.xx.2022-ci il tarixli Bakı Kommersiya Məhkəməsinin qərarı ilə 14100,60 manat məbləğində borcun silinməsi nəzərə alınmaqla iddiaçı X2 2012-ci ilin yanvar ayından 2024-cü ilin fevral ayınadək X4 (“Otel Eqosit”) tərəfindən istifadə ediimiş su təchizatı və kanalizasiya xidmətlərinə görə aylar üzrə sərfiyyat, sərfiyyata görə hesablanmış cəmi məbləğ və iddiaçı tərəfindən edilmiş ödənişlər nəzərə alınaraq "xxxx" ASC-yə qalıq borcu (14204,60- 14100, 60=104, 00 manat) 104,00 manat məbləğində müəyyən edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və 18 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2024-cü il tarixli 9/3809 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən” Abonent haqqında məlumat”-dan göründüyü kimi 2012-ci ilin yanvar ayından 2024-c2ü ilin fevral ayınadək olan dövrərzində iddiaçı X4 ( “ Otel Eqoist” ) tərəfindən istifadə edilmiş su təchizatı və kanalizasiya xidmətlərinə görə aylar üzrə sərfiyyat, sərfiyyata görə hesablamış cəmi məbləğ və iddiaçı tərəfinfən edilmiş ödənişlər nəzərə alınaraq hər ay üzrə ( konkret tarixlər və məbləğlər göstərilməklə) artıq ödəniş və ya qalıq borc məbləği yuxarıda qeyd olunan cədvəl məlumatlarında öz əksini tapır. Həmçinin yaranmış borcun tərkibinə 22.09.202-ci il tarixli Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin qərarı ilə 14.085.60 manat məbləğində borcun silinməsi nəzərə alınmaqla iddiaçı X4 ( “ Otel Eqoist” ) tərəfindən istifadə edilmiş su təchizatı və kanalizasiya xidmətlərinə görə aylar üzrə sərfiyyat, sərfiyyata görə hesablanmış cəmi məbləğ və iddiaçı tərəfindən edilmiş ödənişlər nəzərə alınaraq "xxxx" ASC-yə qalıq borcu 14204, 60- 14085,60=119,00 manat məbləğində müəyyən edilir. 8.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçı ilə cavabdeh arasında əvvəllər də borcla bağlı məhkəmə mübahisələrinin olduğunu, həmin məhkəmə mübahisələrinin yekun nəticəsi olaraq iddiaçıya yazılmış artıq borcun ödənilməsinə nail olunduğunu, hətta iddiaçı tərəfindən artıq ödənilmiş 8000 manat məbləğində icra sənədi üzrə cavabdehdən geri alındığını, artıq 4 noyabr 2014-cü ildən aktla köhnə sayğacların götürüldüyünü və smart kart tipli yeni sayğacların quraşdırıldığını və bu sayğacların heç bir kənar müdaxilə olmadan yalnız smart karta müvafiq ödənişi etdikdən sonra işlədiyini, yəni iddiaçının isətsə belə borc yığa bilməyəcəyini, çünki pulu yükləmədiyi halda suyun gəlməyəcəyini, belə olan halda cavabdehin hansı əsasla bu qədər borc yazmasının ağlabatan olmadığını və bu günə qədər həmin borcun necə hesablanması ilə bağlı hər hansı sübut təqdim edə bilmədiyini, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Azərbaycan Respublikasının “ Su təchizatı və tullantı sular haqqında” Qanuna əsasən: 4.1. Fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. 4.2. Su təchizatı və kanalizasiya müəssisəsinin əldə etdiyi su (təmizlədiyi tullantı suları) onun məhsulu hesab edilir və bu sudan məqsədli istifadə olunur. 4.3. Hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. 7.1 Su təchizatı və tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və tikilməsi, əhalinin, müəssisə, idarə və təşkilatların məişət (təsərrüfat)-içməli, sənaye-texnoloji və digər məqsədlər üçün su ilə təmin olunması, həmçinin tullantı sularının axıdılması, nəqli, təmizlənməsi,tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı respublika və regional sxemlərinə müvafiq olaraq həyata keçirilir. 30.1Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 30.2. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur. 3. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: 59.3a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. 11.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə qaydalarına əsasən: 2.1. STKM-in vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; 2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; 2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); 2.1.7. istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; 2.1.8. istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək; 2.1.9. aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; 2.1.9.3. STKM ilə müqavilə bağlanılmadıqda. 2.2. STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3.1. STKM-in hüquqları aşağıdakılardır: 3.1.1. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək; 3.1.2. smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək. 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq;4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; 4.1.4. suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək; 4.1.5. istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək; 4.1.6. hüquq təsdiqedici sənədlər (xidməti vəsiqə və s.) əsasında STKM-in səlahiyyətli nümayəndələrini vəzifə borclarını yerinə yetirmək məqsədi ilə maneəsiz olaraq istehlakçıya məxsus əraziyə buraxmaq;4.1.7. suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək. 5.1. İstehlakçıların hüquqları aşağıdakılardır: 5.1.1. qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək; 5.1.2. su təchizatı və kanalizasiya xidmətləri və sudan istifadə üçün müqavilə bağlanılmasını tələb etmək; 5.1.3. müqavilə öhdəliklərinin icrasını tələb etmək; 5.1.4. müqavilədə və mülki qanunvericilikdə göstərilmiş hallarda və qaydada müqavilə öhdəliyinin icrasından birtərəfli qaydada imtina etmək; 5.1.5. verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək; 5.1.6. tələbatına görə keyfiyyət standartlarına uyğun məişət (təsərrüfat)-içməli su ilə təmin olunmaq; 5.1.7. tullantı sularının fasiləsiz axıdılmasını tələb etmək; 5.1.8. STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək. 12.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-553; Mülki Prosessual Məcəllənini 14., 76, 77, 217, 420-ci maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi düsgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Belə ki, cavabdeh tərəf borcun hesablanma mexanizmi və yaranma əsası ilə bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmiş, bu məslənin aydınlaşdırlması, cavabdehin iştirakının təmin olunması üçün məhkəmə iclası təxirə salınsa və cavabdeh lazımi qaydada məlumatlandırlsa da cavabdehin iştirakını təmin etmək mümkün olmamışdır. Ekspert rəyləri ilə də borcun yaranma səbəblərin müəyyən etmək mümkün olmamışdır. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə və tələbinə uyğun olaraq borcun yaranma səbəblərin sübut etmə yükü cavabdehə aid olduğundan, borcun səbəbləri də müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyil.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir:551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. 553.1. Aşağıdakı hallarda müddətin axımı kəsilir:553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə;553.1.2. ixtiyarlı şəxs məhkəməyə iddia verirsə.553.2. Müddətin kəsilməsi iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilənədək davam edir.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60- maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4364/2022 saylı işi üzrə 22 sentyabr 2022-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 15 fevral tarixli Qərarından öncə qəbul edilmişdir. Ona görə, bu normanın təfsirində zamana münasibətdə yanlışlıq mövcud deyildir.

16. Apellyasiya şikayəti əsassız olduğundan ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri və iş üzrə keçirilmiş ekspertiza xərcləri cavabdehə aid edilməlidir.

17. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4364/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş 28 mart 2024-cü il tarixli 9/9806 №-li və 03 sentyabr 2024-cü il tarixli 9/3809 nömrəli ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar