Məhkəmə qərarları › İş №2-2(103)-77/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-77/2025

30.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-77/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı lizinq müqaviləsi üzrə pulun tutulması və lizinq obyektinin qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Rauf qızının sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1356/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-ci il tarixli 06/2429/YDLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır.

2. Həmin müqaviləyə əsasən iddiaçı “Mercedes Benz S600” minik markalı, 2014-cü il buraxılışı, WDD2221761A145481 ban nömrəli, əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan avtomobili cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verməyi, cavabdeh isə müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə iddiaçıya şərtləşdirilmiş muzd ödəməyi (xx.xx.2022-ci ilədək) öz öhdəsinə götürmüşdür.

3. Həmin müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən 36 ay müddətinə aylıq 5152,65 manat olmaqla ümumilikdə 185 495 manat (133 110 əsas məbləğ, 52.385 manat lizinq mükafatı olmaqla) lizinq ödənişinin edilməsi şərtləşdirilmişdir.

4. xx.xx.2019-cu il tarixdə təhvil-təslim aktı əsasında “Mercedes Benz S600” minik markalı, WDD2221761A145481 ban nömrəli avtomobil cavabdehə təhvil verilmişdir. 5. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 24503,28 manat əsas borc, 8845 manat mükafat borcu, 1243,04 manat cərimə olmaqla ümumilikdə 34591,32 manat məbləğində pulun və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması, iddiaçıya məxsus “Mercedes Benz S600” minik markalı 90 PB-550 dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 06/2429/DİLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən iddiaçı təsviri müqavilədə göstərilən 1 ədəd, 2014-ci il buraxılışı olan, “Mercedes Benz S600” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin istifadəsinə vermişdir. Cavabdehin sözügedən müqavilənin 9.4-cü bəndinə əsasən iddiaçıya ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 185495 manat təşkil etmişdir. Bu ümumi məbləğdən 52385 manat iddiaçının mükafatını təşkil edir. Lizinq ödənişləri tərəflərin razılığı əsasında müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Belə ki, hər ay 5152,65 manat ödəniş edilməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 25% olmaqla lizinq 36 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləyə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişləri aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən hər ay 5152,65 manat olmaqla ödəniş etməli olduğuna baxmayaraq, sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə olmuşdur. Həmin tarixdən etibarən heç bir ödəniş etməmişdir. Yaranmış borcla bağlı iddiaçı tərəfindən cavabdehlə müxtəlif tarixlərdə yazılı və şifahi əlaqə saxlanılaraq xəbərdarlıqlar edilmiş, əks halda yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə cavabdehin (vergi ödəyicisinin) şəxsi kabinetinə pretenziya məktubu göndərilmişdir və tərəflər arasında bağlanmış maliyyə lizinq müqaviləsinə xitam verilmişdir. Həmçinin işin mediasiya qaydasında həll edilməsi üçün xx.xx.2023-cü il tarixdə Mediasiya Şurasında müraciət edilmişdir, mediator tərəfindən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 448, 748-10, 748-1.12-ci və s. maddələri göstərilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1356/2023 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 24503 manat 28 qəpik əsas borc, 1257 manat 01 qəpik mükafat məbləği, 1243 manat 04 qəpik cərimə məbləği olmaqla ümumilikdə 27003 manat 33 qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

9. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsini, iş üzrə ekspertiza təyin etməklə real borcun müəyyən edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin təmsilçisi Qanuni nümayəndə iddiaçının razılığı ilə bir çox maşınları lizinqə götürərək üçüncü şəxslərə ötürmüşdür. Bu barədə iddiaçı şirkət məlumatlıdır. Sonuncu xx.xx.2019-cü il müqaviləsi üzrə götürülmüş avtomobil Emil adlı şəxsə verilmiş, o da öz növbəsində maşını digər şəxsə satmışdır. Bununla bağlı polis orqanlarına da müraciət edilmişdir. Məhkəmə iddiaçının verdiyi maliyyə arayışı əsas götürərək ekspertiza keçirmədən hesablama aparmışdır. Maşının cavabdehdə olmaması və işin faktiki halları göstərir ki, bu halda cərimə məbləği də azaldılmalı və ya silinməli idi. Bu barədə MMC-nin qanuni nümayəndəsi müvafiq izahat versə də cərimə məbləği mükafat borcuna uyğun həddə saxlanılmışdır. Hesab edirlər ki, bu hal ədalətli deyil. İşin mübahisəsiz hallarından biri cavabdehin iddiaçıdan onlarla avtomobili götürərək üçüncü şəxslərə satması faktıdır. Lakin iddiaçı lizinq predmeti olan əmlakın sonrakı talehinə bu şəkildə biganə qalaraq qanunla nəzərdə tutulmuş sublizinq müqaviləsi bağlamamışdır. Bu hal lizinq verənin həmin əmlakın itirilməsində günahı olduğunu isbatlayır. Məhkəmə isə mübahisəyə baxarkən bu faktiki hala nəzər yetirməmişdir. Eyni pozuntu halları bu maddənin tələbiilə də baş vermişdir. Lizinq verənin məsuliyyətini müəyyən edən qeyd edilən maddələrin tələblərini məhkəmə işə baxarkən nəzərə almalı idi. Qanunun tələblərinə baxmayaraq məhkəmə fərdi hesablama aparmaqla müəyyən nəticəyə gəlmişdir. Hesab edirlər ki, iş üzrə ekspertiza keçirilməklə və ya mütəxxəsis rəyi almaqla daha dəqiq nəticəyə gəlmək olardı.

11. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdehin vəkili ərizə ilə məhkəməyə müraciət edərək səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

14. Mülki Məcəllənin: -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri:

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. MPM-in 372.6-cı maddəsinin tələblərini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin olunduğunu, cavabdehin apellyasiya şikayətində qətnaməni yalnız iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyini, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmuş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mükafat borcunun məbləği və tutulacaq ümumi məbləğ hissəsində dəyişdirilməli, cavabdehdən tutulacaq mükafat borcu 831,19 manat, tutulacaq ümumi məbləğ isə 26.577,51 manat müəyyən edilməli, qalan mübahisələndirilən hissədə iddia dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC lizinq obyekti olan avtomobili CavabdehMMC-nin müvəqqəti sahiblik və istifadəsinə verməklə xx.xx.2019-ci il tarixli 06/2429/YDLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərini icra etsə də, cavabdeh lizinq ödənişlərini vaxtında və tam şəkildə ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazimi qaydada icra etmədiyindən lizinq müqaviləsi üzrə borcu yaranmışdır.

21. Odur ki, mübahisəli hüquq münasibətində lizinq lizinq verən olan iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq alan olan cavabdehdən tutulmasını tələb etmək hüququna malikdir.

22. Lizinq müqaviləsi üzrə əsas və mükafat borcunun məbləğinə münasibətdə kollegiya qeyd edir ki, mübahisəli lizinq müqaviləsinin 9.4-cü bəndinə əsasən, lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 185.495 manat, o cümlədən lizinq ödənişlərinin əsas hissəsi 133.110,01 manat, mükafat hissəsi isə 52.385,46 manat təşkil edir.

23. Digər tərəfdən lizinq müqaviləsi üzrə borc məbləği cavabdeh tərəfindən apellyasiya şikayətində mübahisələndirildiyindən məhkəmə tərəfindən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə mübahisəli lizinq müqaviləsi üztə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə cəmi 160.161 manat məbləğində pul vəsaitinin ödənilməsi və lizinq müqaviləsi üzrə ümumilikdə borcun 25.334,47 manat olması (185.295,47-160.161) müəyyən edilmişdir.

24. Kollegiya hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün əsas olmadığından həmin rəy sübut qismində qəbul edilməlidir.

25. Digər tərəfdən ekspert rəyində əsas və mükafat borcunun məbləğləri ayrıayrılıqda müəyyən edilməsə də, həmin rəydə göstərilmiş məlumatlara əsasən həmin borcları sadə yazılı hesablama ilə müəyyən etmək mümkündür.

26. Belə ki, iş materiallarından da göründüyü kimi cavabdehin lizinq müqaviləsi üzrə ödəməli olduğu əsas məbləğ 133.110 təşkil etmiş, cavabdehin ödənişlərinin 108.606,72 manat hissəsi iddiaçı tərəfindən əsas borcdan silinmiş, odur ki, mübahisəli lizinq müqaviləsi üzrə qalıq əsas borc 24503,28 manat (133.110-108.606,72) təşkil edir. Belə olan halda əsas borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

27. Mükafat borcuna gəldikdə kollegiya qeyd edir ki, ekspert rəyi ilə lizinq müqaviləsi üzrə müəyyən edilmiş ümumi borc məbləğinin (25.334,47 manat) qalan hissəsi mükafat borcuna aid edilməklə lizinq müqaviləsi üzrə qalıq mükafat məbləği 831,19 (25.334,47-24503,28) manat məbləğində təşkil edir. Odur ki, həmin hissədə qətnamə dəyişdirməli, cavabdehdən tutulacaq mükafat məbləği 831,19 məbləğində müəyyən edilməlidir.

28. İddiaçı tərəfindən cavabdehin ödənişlərinin bir hissəsinin dəbbə puluya çıxılması məsələsinə gəldikdə tərəflər arasında bağlanmış müqavilənin (9.10 bənd) şərtlərinə əsasən ödənilən məbləğlər ilkin olaraq lizinq mükafatından, daha sonra əsas borcdan və ən sonda dəbbə pulu borcundan çıxılması nəzərdə tutulmuşdur. Odur ki, kollegiya cavabdehin gecikdirilmiş əsas və mükafat borcu qaldığı halda iddiaçı tərəfindən cavabdehin ödənişlərinin dəbbə pulu kimi hesaba alınmasını əsaslı hesab etmir.

29. Eyni zamanda mübahisəli lizinq müqaviləsinin şərtlərinə əsasən lizinq ödənişlərin ödənilməsinin gecikdirilməsinə görə cavabdehə dəbbə pulu hesablanmışdır.

30. İddianın dəbbə puluna dair hissəsinə kollegiya qeyd edir ki, cavabdehin lizinq müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən əsas və mükafat borcu ilə yanaşı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı tərəfindən dəbbə pulu olaraq tələb edilən məbləğ borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olmadığından həmin məbləğin məhkəmə tərəfindən azaldılması üçün əsas yoxdur.

31. Bununla bağlı kollegiya avtomobili digər şəxsin sahibliyinə verməsi və həmin şəxsin avtomobili satması, göstərilən fakt ilə bağlı polis orqanlarında araşdırma getməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, istinad edilən halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda həmin halların dəbbə pulunun məbləğinin müəyyənləşdirilməsi zamanı nəzərə alınması üçün əsas yoxdur.

32. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə cərimə məbləğinin 1243,04 manat məbləğində dəbbə pulu tutulması hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

33. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mükafat borcunun məbləği və tutulacaq ümumi məbləğ hissəsində dəyişdirilməli, cavabdehdən tutulacaq mükafat borcu 831,19 manat, tutulacaq ümumi məbləğ isə 26.577,51 manat (24503,28+831,19+1243,04) müəyyən edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayətinin cüzi bir hissəsi təmin edildiyindən (2%-dən az hissəsi) həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

35. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul vəsaitinin 75 manat hissəsi cavabdehdən, 75 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1356/2023 saylı qətnaməsi tutulacaq mükafat borcunun məbləği və ümumilikdə məbləğ hissəsində dəyişdirilsin, cavabdehdən tutulacaq mükafat 831,19 manat və ümumi məbləğ 26.577,51 manat müəyyən edilsin, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilənkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul vəsaitinin 75 manat hissəsi cavabdehdən, 75 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cavabdeh "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Ziya Şirinov Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar