Məhkəmə qərarları › İş №2-2(103)-771/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-771/2023

16.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-771/2023 16.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, X5 və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-2(113)-3788/2023 saylı qəraradından iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 “Cavabdeh” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 mart 2022-ci il tarixli françayzinq müqaviləsinin ləğv olunması, 7500 (yeddi min beş yüz) avro məbləğində pulun və 400 manat ödənilmiş mediasiya xərcinin “Cavabdeh”-dən tutularaq X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3788/2023 nömrəli xx.xx.2023-cü il tarixli qəraradı ilə X4 tərəfindən verilmiş iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Bundan narazı qalan iddiaçı Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-2(113)- 3788/2023 saylı qəraradından şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etdmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-2(113)-3788/2023 saylı qəraradından iddiaçı tərəfindən verilmiş şikayət, həmin məhkəmənin 12 iyul 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR MPM-in 440.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun”. Maddənin məzmunundan aydın olur ki, işdə iştirak şəxslərdən ən azı 1-nin xarici şəxs kimi AR ərazisində yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerə malik olması mübahisəyə AR məhkəmələrində baxılması üçün kifayətdir. Həmçinin tərəflərin hər 2-sinin də xarici şəxs olması mümkündür. Maddədə göstərilən “hər hansı biri xarici şəxs olsun” müddəası tərəflərin 1-i ya da hər 2-sinin xarici şəxs olmasını ehtiva etməklə birlikdə maddənin və onun yerləşdiyi fəslin adından məlum olduğu kimi xarici şəxslərin iştirakını əsas şərt kimi göstərir. Lakin məhkəmə tərəfindən maddə düzgün başa düşülməmiş, yanlış olaraq onun sadəcə tərəflərdən yalnız 1-nin xarici şəxs olması şərtini formulə etdiyi nəticəsinə gəlinmişdir. Göründüyü kimi AR MPM-in 440.1-ci maddəsi tərəflərdən 1-i ya da hər 2-sinin xarici şəxs olduğu mübahisələrin Azərbaycan Respublikasının məhkəmələrində baxılması imkanını nəzərdə tutsa da, məhkəmə qeyd olunan müddəanı yanlış təfsir etmişdir. Bundan başqa AR MPM-in 443.0.7-ci maddəsinə görə iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədənirəli gəldikdə Azərbaycan Respublikası məhkəmələri xarici şəxslərin iştirakı ilə olan bu qəbildən işlərə baxmağa haqlıdır. Hazırkı mübahisə ilə tanış olduqda onun icrası Azərbaycan Respublikasında həyata keçirilməli olan müqavilədən irəli gəldiyi məlum olur. Bununla belə, iddia ərizəsində qeyd olunmasına baxmayaraq qanunla nəzərdə tutulan bu imkandan məhkəmə tərəfindən istifadə olunmamış, onun mövcudluğuna ümumiyyətlə münasibət bildirilməmişdir. Qeyd olunan maddənin məzmununun yuxarıda qeyd olunan maddədə olduğu kimi birinci instansiya məhkəməsi tərəfindən səhv başa düşülməsi, yanlış təfsir olunması, iddia ərizəsinin məzmunu ilə tanış olunmaması tam əsassız olaraq iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi ilə nəticələnmiş, qanunun müddəalarının onu tətbiq edən orqan tərəfindən anlaşılmaması şəxsin prosessual hüquqlarının pozulması, pozulmuş mülki hüquqlarının əldə olunmasına qanunsuz maneələrin yaradılması, eləcə də pozulmuş hüquqlarının bərpası imkanlarının əsassız olaraq məhdudlaşdırılması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-2(113)- 3788/2023 saylı qəraradı ləğv edilməli, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən məlum olur ki, iddiaçı İran İslam Respublikası vətəndaşıdır və Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsi vardır. Eyni zamanda məlum olur ki cavabdeh şirkət xarici hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1 maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Kollegiya hesab edir ki, məhkəmə iddianın icraata qəbulundan imtina edərkən, MPM-nin 440.1-ci maddəsinə istinad etməklə, prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Kollegiya qeyd edir ki, elektron sistemə yerləşdirilmiş 03 mart 2022-ci il tarixli 007 nömrəli Françayzinq müqaviləsinin tərcüməsinin surətindən (təsdiq olunmamış) görünür ki, müqavilənin 23.2-ci bəndinə əsasən mübahisənin həlli proseduru danışıqlar yolu ilə razılığa gəlmək mümkün olmadıqda, mübahisə “X7” olduğu yer üzrə Arbitraj Məhkəməsinə verilməsi müəyyənləşdirilib. Müqaviləyə əsasən “X8” Cavabdeh-dir və iddia ərizəsindən göründüyü kimi ünvanı Berlin şəhəridir. Azərbaycan Respublikası MPM-in 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Həmin Məcəlləinin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 450.1 və 450.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır; Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Göründüyü kimi, tərəflər öz aralarında bağladığı müqavilə ilə aralarında mübahisə yaranacağı təqdirdə, mübahisənin həlli qaydasını müəyyən etmişlər. Bu həll qaydasına görə mübahisənin həlli proseduru danışıqlar yolu ilə razılığa gəlmək mümkün olmadıqda, mübahisə “X7” olduğu yer üzrə Arbitraj Məhkəməsinə verilməsi müəyyənləşdirilib. Müqaviləyə əsasən “X8” Cavabdeh-dir və iddia ərizəsindən göründüyü kimi ünvanı Berlin şəhəridir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 153.2.1 maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, kollegiya hesab edir ki, tərəflər arasında mübahsiəyə baxılması ilə əlaqədar ərazi aidiyyatı müqavilə ilə müəyyən edildiyindən, bu müqaviləyə əsasən Azərbaycan Respublikasının məhkəmələri işə baxmaq üçün səlahiyyətli olmadığından MPM-in 153.2.1-ci maddəsinə uyğun olaraq ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-2(113)-3788/2023 saylı qəraradı ləğv edilsin. X4 tərəfindən verilmiş iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçıya izah edilsin ki, tərəflər arasında bağlanmış 03 mart 2022-ci il tarixli, 007 nömrəli Françayzinq müqaviləsinin şərtlərinə uyğun olaraq iddia ilə “X7”- Cavabdeh-nin olduğu yer üzrə Arbitraj Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar