Məhkəmə qərarları › İş №2-2(103)-772/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-772/2023

15.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-772/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1968/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı MMC cavabdeh X11 qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, X6 22.500 manat məbləğində borcun və 157,5 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (1-ci cild, i/v 5).

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, X7 İddiaçı MMC-nin xeyrinə 15.000 manatın və dövlət rüsumunun 135 manat hissəsinin tutulması qət edilmişdir.

3. Daha sonra cavabdeh (nümayəndəsi) apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 1633/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2729/2022 saylı iş üzrə 31 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Bundan sonra mülki iş aidiyyəti üzrə baxılması üçün xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (1-ci cild, i/v 195).

6. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1968/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh X11 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iddia verilərkən ********* saylı qəbzə əsasən ödənilmiş 157,60 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxlayarkən mövqeyini belə əsaslandırmışdır ki, hazırkı halda mediator tərəfindən X8 keçirilməsi barədə cavabdehə qanunda göstərilən qaydada məlumat verilmədən, tərəfin ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə formal arayış verilmişdir. Nəticədə kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməli olması barədə MPM-də və “Mediasiya haqqında” qanununda nəzərdə tutulmuş tələbin pozuntusuna yol verilmişdir.

8. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

11. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin qərardadı ləğv edilməli, iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

12. Belə ki, iddiaçı şikayətində qeyd etmişdir ki, iş materiallarında Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli “bildiriş”indən görünür ki, cavabdehin ünvanı kimi – “ünvan 1 qeyd olunmuşdur (2-cild, i/v 17).

13. Bakı Kommersiya Məhkəməsinini digər bir xx.xx.2023-cü il tarixli “bildiriş”indən görünür ki, cavabdehin ünvanı kimi – “ünvan 2 qeyd olunmuşdur (2-cild, i/v 18).

14. Həmin bildirişlərə əsasən cavabdeh məhkəmə iclasları barədə məlumat almış, məhkəmə iclaslarında iştirak etmiş, unvanla bağlı hər hansı bir etiraz etməmiş və məhkəməyə unvanın dəyişdirilməsi ilə bağlı hər hansı bir müraciət etməmişdir. Qeyd olunan ünvan onun (cavabdehin) əvvəlki məhkəmə işlərində də özləri tərəfindən göstərilmiş və hər yerdə rəsmi ünvanı kimi “ünvan 3stərilmişdir. Lakin bununla belə, iddiaçının 13 aprel 2023-cü il tarixində (məhkəmə bildirişlərindən sonrakı tarixdə) qeyd olunan ünvana “Mediasiya prosesinin tətbiqi barədə Təklif” göndərilsə də, xx.xx.2023-cü il tarixində ünvanın düzgün olmaması barədə qeydiyyat aparılaraq (təbiidir ki, cavabdehin təşəbbüsü ilə) məktub geri qaytarılmışdır (2-cild, i/v 20). Bundan sonra növbəti dəfə xx.xx.2023-cü il tarixdə “Mediasiya prossesinini tədbiqi barədə Təklif” cavabdeh X1 olan, fəaliyyət göstərən Bakı şəhəri, Xırdalan şəhərində yerləşən “Kadıköy” restoranına və eyni zamanda cavabdehin vəkili və nümayəndəsi olan Vəkil1 ünvanına göndərilmişdir və hər iki tərəf xx.xx.2023-cü il taixdə həmin məktubları almış, alınması barədə qeydiyyat aparılmışdır (2-cild, i/v 22-24) . “Mediasiya haqqında” qanunun tələblərinə əsasən 10 gün sonra, yəni xx.xx.2023 –cü il tarixində bildiriş göndərilmiş və cavabdeh yenə də dolayı yolla bildirişi almaqdan yayınaraq, ünvanda olmamaları barədə qeydiyyat aparılmışdır. Nəhayət 16 gün sonra, yəni xx.xx.2023-cü il tarixində X8 arayışı alınmışdır (2-cild, i/v 26). Göründüyü kimi, məktubların çatdırılması ilə bağlı iddiaçı tərəf dəfələrlə cəhdlər göstərməsinə baxmayaraq, cavabdeh- X13, özünün xarici vətandaş olmaqla daimi qeydiyyat yerinin olmamasından məharətlə sui-istifadə edərək məhkəmə iclasları barədə eyni ünvana göndərilən bildirişlərdən daimi məlumatı olsa da, mediasiya barədə məktubları almaqdan bilərəkdən yayınmış və məhkəmə iclasında bu haldan sui-istifadə edərək süründürməçiliyə yol vermişdir.

15. Şikayəti təmin etməyən birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə tərəflərin ilkin mediasiya sessiyasında iştirak edilməsini təsdiq edən sənəd əlavə olunmadığından 12 aprel 2023-cü il tarixdə, eləcə də məhkəmənin sonrakı hazırlıq iclaslarında iddiaçı tərəfə kommersiya mübahisələri üzrə məhkəməyə müraciət edilməmişdən əvvəl tərəflərin mediasiya sessiyasında iştirakının zəruri olması izah edilmiş, bundan sonra - 12 iyun 2023-cü il tarixdə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış təqdim edilmişdir. Həmin iclasda cavabdehin nümayəndəsi və vəkili mediasiya sessiyasının keçirilməsi vaxtı və yeri barədə cavabdeh tərəfinə məlumat verilmədiyini bildirdiyindən iddiaçıya müvafiq sənədin məhkəməyə təqdim edilməsi üçün vaxt verilmiş, lakin iddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi barədə bildirişin cavabdehə çatdırılmasını, çatdırılmadığı halda çatdırılmamasının səbəblərini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı qərardadı qəbul edərkən istinad etdiyi əsas və mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıların qeyd olunmasini zəruri hesab edir.

17. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının 29 mart 2019-cu il tarixli Qanununun mediasiyanın məqsədlərini müəyyən edən 4.1-ci maddəsinə görə, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.

18. Həmin Qanunun 3.1-ci maddəsinə görə, mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.

19. Həmin Qanunun 28.1-ci maddəsinə görə, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

20. Qanunu 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeydşərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. -21.9. Aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: -21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; -21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; -21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; -21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Həmin Qanunun 28.2-ci maddəsinə görə, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır.

21. Qanunun 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və X8 keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir.

22. Hazırkı halda iddiaçı tərəfində “Mediasiya haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə müvafiq olaraq məhkəməyə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı təqdim etməsi mübahisəsizdir.

23. Belə olan halda məlum olur ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia ərizəsini MPM-in 259.0.13-cü maddəsinə istinadən baxılmamış saxlaması iki müstəqil əsasa görə düzgün olmamışdır.

24. Əvvəla ona görə ki, iddiaçı “Mediasiya haqqında” Qanunun tələblərinə müvafiq olaraq məhkəməyə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı təqdim etmişdir. Eyni zamanda işin ikinci cilidinin 17-25-ci vərəqlərində olan sənədlərlə (məhkəmə bildirişləri, mediasiya prosesinin tətbiqi barədə təklif və poçt göndərişləri) müəyyən olunur ki, iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif cavabdehin, elə həmin məkəmənin məhkəmə bildirişlərinin göndərildiyi, həm də tam dəqiqliyi ilə eyni ünvana göndərilmişdir. Demək ki, cavabdehin mediasiya prosesinin tətbiqi barədə təklifləri planlaşdırılmış şəkildə almaqdan yayınması barədə iddiaçı tərəfin bildirdikləri heç də əsassız deyilmiş. Belə olan halda isə bəlli olur ki, işə baxan məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışı, həm də qəti şəkildə, “formal arayış verilmişdir” kimi qiymətləndirməsi, işin müəyyən olunmuş hallarına uyğun olmamışdır.

25. Bundan başqa və başlıcası isə iddia ərizəsini MPM-in 259.0.13-cü maddəsinə istinadən baxılmamış saxlayarkən birinci instansiya məhkəməsinin hazırkı idddia ərizəsinin ilkin olaraq kommersiya məhkəməsinə deyil, ümumi məhkəmə kimi xx.xx.2022ci il tarixində Suraxanı Rayon Məhkəməsinə verilməsi, həmin məhkəmə tərəfindən ərizəyə mahiyyəti üzrə baxılaraq xx.xx.2022-cil tarixində qətnamə çıxarılması, qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılması və apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən həmin qətnamənin ləğv edilərək işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi kimi mediyasiyanın tətbiqinin məqsədləri baxımından olduqca mühüm olan halları nəzərə almamışdır. Yuxarıda da qeyd olunduğu kimi “Mediasiya haqqında” Azərbaycan Respublikasının 29 mart 2019-cu il tarixli Qanununun mediasiyanın məqsədlərini müəyyən edən 4.1-ci maddəsinə görə, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 dekabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ...mediasiya tərəflər arasında yaranan mübahisənin məhkəməyə müraciət etmədən daha qısa müddətdə və az məsrəflə, qarşılıqlı razılıq əsasında həll edilməsi məqsədini daşımaqla, məhkəmələrin iş yükünü azaldaraq onların daha səmərəli fəaliyyət göstərməsinə səbəb olur.....odur ki, tərəflər ilkin iddia ərizəsini məhkəməyə verməzdən əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisənin mediasiya yolu ilə həll edilməsinə cəhd göstərdiklərindən və heç bir nəticə əldə etməyərək ədalət mühakiməsi vasitəsi ilə münasibətlərinin tənzimlənməsi üsulunu seçdiklərindən, yenidən ilkin iddia ilə bağlı olan qarşılıqlı iddia üzrə də mediasiya tələbi formal xarakter daşımaqla, mediasiya institutunun hüquqi təyinatı və məqsədi ilə ziddiyyət təşkil edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həlli yolu olmaqla tərəflər arasında münaqişə səviyyəsinin azaldılması, məsələlərin tərəflərin öz iradə və istəklərinə uyğun, qarşılıqlı kompromis əsasında həll edilməsi məqsədini daşıyır. Bu səbəbdən, ilk iddia üzrə mediasiya prosesinin keçirilməsi və barışığın əldə edilməməsi qarşılıqlı iddia üzrə yenidən mediasiyanın keçirilməsi zərurətini aradan qaldırır....Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur.

27. “X3rşı”, “ Beles və digərləri Çexiya Respublikasına qarşı”, “RTBF Belçikaya qarşı” işlərdə Avropa Məhkəməsi bildirmişdir ki, “prosessual qaydanın daxili məhkəmələr tərəfindən xüsusilə ciddi şəkildə şərh edilməsi məhkəməyə çatım hüququndan məhrum edə bilər”.

28. “X2rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.

29. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (Beneficio X5rşı iş).

30. Belə olan halda məlum olur ki, birinci instansiya məhkəməsi uzun müddət məhkəmənin icraatında olmuş və mahiyyəti üzrə baxılaraq məhkəmə aktı çıxarılmış, bundan sonra apellyasiya instansiyası məhkəməsinin qərardadına əsasən aidiyyəti üzrə baxılmasından ötrü birinci instansiya məhkəməsinə göndərilmiş hazırkı iş üzrə iddia ərizəsini, məhz mediasiya ilə bağlı tələblərə əməl edilməməsi əsası ilə baxılmamış saxlamaqda haqlı olmamışdır.

31. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, bu cür (olduqca formal və səmərəsiz) yanaşma, həm birinci instansiya məhkəməsinin öz mövqeyini əsaslandırarkən istinad etdiyi “Mediasiya haqqında” Qanunun güdüyü məqsədlər, həm də Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə aşkar ziddiyyət təşkil edir.

32. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və kommersiya mübahisəsi üzrə iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

34. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

35. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1968/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunsun və kommersiya mübahisəsi üzrə iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar