Məhkəmə qərarları › İş №2-2(103)-774/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-774/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-774/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(113)-827/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 9819,46 manat məbləğində krеdit bоrcu, 1275,79 manat məbləğində faiz bоrcu və 595,23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11690,48 məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-827/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 027R********** saylı krеdit müqaviləsi üzrə 9401,31 manat əsas borc, 1212,7 manat faiz borcu, 470 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 125 manat tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir.

3. Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-827/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 9/1501 saylı ekspert rəyi kifayət qədər aydın və ya tam deyil, belə ki ekspert bank tərəfindən verilmiş hesabdan cıxarışı rəyə koçürməklə əsassız bir rəy vermişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən bank tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına istinad etmiş, lakin həmin arayışda 2023-cü ilin noyabr-dekabr aylarında Cavabdeh3 tərəfindən edilmiş ödənişlərin borcdan silinməsi öz əksini tapmamışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışı və xx.xx.2024-cü il tarixli ekspert rəyi kifayət qədər aydın və ya tam olmadığından məhkəmədən əlavə ekspertiza təyin edilməsi xahiş olunsa da məhkəmə bu hala qiymət verməmişdir. İddiaçı tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixdə xəbardarlıq göndərilərək, müqavilə üzrə xəbardarlıq göndərilən tarixə deyil, bütün borc tələb edilmiş, bununla da, müqavilənin vaxtından əvvəl xitam veriləcəyi iradəsini ifadə etmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi artıq xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və faiz borcu da qanunvericiliyin tələblərinə uyğun olaraq məhz həmin tarixədək hesablana bilərdi. Lakin, iddiaçı tərəfindən faiz məbləği müqavilə müddətinin bitmə tarixinədək hesablanmış və məhkəmə bu xüsusata diqqət yetirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

7. Digər cavabdehlər və iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

11. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

12. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilən hissəsinin faiz borcuna yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddia tələbinin təmin edilən hissəsinin faiz borcu hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

16. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh3 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 027L**********28 saylı kredit müqaviləsi üzrə olan eyni tarixli 027R********** krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində krеdit verilmişdir. Kredit borcu cavabdehlər tərəfindən gecikdirildiyi üçün iddiaçı əvvəlcə cavabdehlərə ayrı-ayrılıqda xəbərdarlıq məktubları göndərərək borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini onlara bildirmişdir. Borc ödənilmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir.

17. Qeyd edilən hallar iş materiallarına iddiaçı tərəfindən təqdim edilən kredit müqaviləsi, zaminlik müqavilələri, xəbərdarlıq məktubları və digər sübutlarla təsdiq olunmuşdur.

18. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas borc məbləği ekspert rəyində göstərilən məbləğdən daha çox olduğu üçün ekspert rəyində və xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilən məbləğdə, faiz borcu isə ekspert rəyində iddia tələbində daha çox müəyyən edildiyi üçün – maliyyə arayışında göstərilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, ekspertiza zamanı və xx.xx.2024-cü il tarixli maliyyə arayışında 2023-cü ilin noyabr-dekabr aylarında Cavabdeh3 tərəfindən banka edilmiş ödənişlər əsas borcdan çıxılmamaqla nəzərə alınmamışdır.

20. Cavabdeh3 və nümayəndəsi indiyənədək həmin ödənişlərin qəbzini məhkəməyə təqdim etməmiş, iddiaçı tərəfindən hesabdan çıxarışın işə əlavə edilməsi, məhkəmənin ekspertiza keçirməsi və həmin qəbzin ekspertə təqdim edilməməsi cavabdehin bu dəlilinin formal və əsassız olmasını göstərir. Belə olan halda əlavə mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti də aradan qalxmış olur.

21. Apellyasiya şikayətinin digər dəlili xəbərdarlıq məktubunun alınması tarixinə qədər faiz borcunun hesablanması barədədir. Apellyator hesab edir ki, iddiaçı xəbərdarlıq məktubunda borcu tam məbləğdə cavabdehdən tələb etdiyi üçün müqavilə birtərəfli qaydada ləğv edilmişdir.

22. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

23. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsaəsn əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş olan hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.......... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

25. Halbuki işdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixə qədər gecikdirilmiş ödəniş məbləğini (5312,07 AZN) tələb etmişdir. Həmin məktubda tam borc məbləği 9919,45 manat göstərilmiş və tələb edilməmişdir, əksinə cavabdehə müqavilənin ləğv edilməsi təklifini etmişdir. 9919,45 manat tələb edilmədiyinə görə müqavilənin ləğv edilməsi apellyatorun qeyd etdiyi tarixdən hesablana bilməz.

26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, faiz borcunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də, cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddianın rədd edilməsi üçün əsaslar yoxdur.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

28. Cavabdeh apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu özünə aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-827/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar