Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-774/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Nəriman qızının sədrliyi və məruzəsi ilə, X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli AKİAD-00155-17/19A saylı Əsas kredit müqaviləsi və AKİAD-A0155-17/19A saylı əlavə kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 234273.26 (iki yüz otuz dörd min iki yüz yetmiş üç tam yüzdə iyirmi altı) manat, faiz borcu 12622.58 (on iki min altı yüz iyirmi iki tam yüzdə əlli səkkiz) manat, dəbbə pulu 31587.84 (otuz bir min beş yüz səksən yeddi tam yüzdə səksən dörd) manat, cəmi borc 278483.68 (iki yüz yetmiş səkkiz min dörd yüz səksən üç tam yüzdə altmış səkkiz) manat borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 169 (yüz altmış doqquz) manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu tarixli, AKİADG-A0155-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 114, mənzil 17-ə, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu tarixli, AKİADGB0155-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ev 5, mənzil 3-ə, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu tarixli, AKİADG-D0155-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti,ev 151, mənzil 43-ə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin mənzillərin boşaldılması və həmin ipotekalar ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, xx.xx.2019-cu il tarixli AKİAD-A0155-17/19A saylı Əlavə kredit müqaviləsi üzrə qalan məbləğin Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-89/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixli AKİAD-A0155-17/19A saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 234.025 (iki yüz otuz dörd min iyirmi beş) manat, 52 (əlli iki) qəpik, faiz borcu üzrə 12.622 (on iki min altı yüz iyirmi iki) manat, 58 (əlli səkkiz) qəpik, cərimə borcu üzrə 11.500 (on bir min beş yüz) manat olmaqla, cəmi 258.148 (iki yüz əlli səkkiz min yüz qırx səkkiz) manat, 10 (on) qəpik məbləğində pulun Cavabdeh1 tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2019-cu il tarixli AKİAD-A0155-17/19A saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 62.3 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 135.000 (bir yüz otuz beş min) manat müəyyən edilməklə, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 89.8 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 240.000 (iki yüz qırx min) manat müəyyən edilməklə və Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 71.3 kv.m ümumi sahədən ibarət mənzilə ilkin satış qiyməti 165.000 (bir yüz altmış beş min) manat müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun Cavabdeh1 tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 148 (bir yüz qırx səkkiz) manat 18 (on səkkiz) qəpik məbləğində pulun Cavabdeh1 tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 (qırx) qəpik məbləğində pulun Cavabdeh1 tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 145 (bir yüz qırx beş) manat məbləğində pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
3. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin 11.500 manat cərimə borcu tutulması hissəsində və tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi 114 ünvanındakı,17 saylı mənzilə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 5 ünvanındakı 3 saylı mənzilə və Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, mənzil 151-dəki 43 saylı mənzilə yönəldilməsi və açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi hissəsində ləğv edilməsini və bu barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda: 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi.
Məhkəmənin mövqeyi
6. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməlidir.
7. İş üzrə iddia qiyməti 278.483,68 manat təşkil edir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4 və 8.6-cı maddələrinin tələblərinə əsasən, Cavabdeh1 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 284,24 manat təşkil etdiyi halda apellyasiya şikayəti verilərkən, cavabdeh tərəfindən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənildiyi müəyyən edilməmişdir. 8 “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş apellyasiya şikayətinə əlavə edilmiş №: ********** nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, 85,60 (səksən beş manat altmış qəpik) manat dövlət rüsumu ödənilmişdir.
9. Göründüyü kimi, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş miqdarda ödənilməmişdir.
10. Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
11. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
12. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARAALDİ:
Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.