Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-776/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Cavabdeh İB-yə qarşı borcun silinməsi və ödənilmiş vəsaitin qaytarılması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1437/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin təbii qazdan istifadə qaydalarının pozulmasına dair 31.08.2020-ci il tarixli ******* nömrəli aktla 30.08.2020-ci il tarixdə təsdiq edilmiş tələbnaməyə əsasən 104.036 kub.m. qaz itkisinə görə hesablanmış borcun ona məxsus abunə hesabından silinməsi, qanunsuz və əsassız olaraq ödətdirilmiş 20.807,2 manat məbləğdə pul vəsaitinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.08.2020-ci tarixli ******* nömrəli akta əsasən iddiaçıya hesablanmış 20.807,2 manat məbləğdə borc iddiaçının hesabından silinmiş, iddiaçı tərəfindən artıq ödənilmiş 20.807,2 manat məbləğdə pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamənin əsaslarına görə, “Aktın abunəçinin nümayəndəsi qismində V.Hacıyev tərəfindən imzalanması barədə Cavabdeh İB-nin istinad etdiyi dəlilə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsinin aktı imzalaması faktı yalnız onun aktla tanış olmasını təsdiq etməklə akt əsasında hesablanmış borcun iddiaçı tərəfindən mübahisələndirilməsini istisna etmir. İddiaçının akta əsasən hesablanmış borcu ödəməklə borcu etiraf etməsi barədə Cavabdeh İB-nin istinad etdiyi dəlilə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə borcun ödənilmədiyi təqdirdə qaz təminatının dayandırılacağı barədə xəbərdarlıq edilmiş və mübahisəli borc məhz həmin xəbərdarlıqdan sonra MMC tərəfindən ödənilmişdir. Belə olan halda isə məhkəmə mübahisəli borcun qaz təminatının dayandırılmasının və bununla istehsalat prosesinə vurulacaq zərərin qarşısını almaq məqsədilə ödənilməsi barədə iddiaçının istinad etdiyi dəlilləri ağlabatan sayaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən borcun ödənilməsi faktının iddiaçının borcun əsaslı olmasını qəbul etməsi kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Göründüyü kimi Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.” Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, mövcud istismarda olan qaz cihazları nəzərə alınmaqla təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.08.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və akt iddiaçının nümayəndəsinin iştirakı ilə təsdiq edilmişdir. Daha sonra Cavabdeh İB Zaqatala RQİİ-nin 31.08.2020-ci il tarixli tələbnaməsi ilə qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın həcmi 104.036 kub.m. və ya onun pul dəyəri olan 20.807,20 manat həcmində müəyyən edilmişdir. Tələb olunan maddi zərər iddiaçı tərəfindən tam şəkildə ödəniməklə bərabər, artıq öz hərəkətləri ilə müəyyən edilmiş qazdan istifadə qaydalarının pozulması faktını etiraf etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakılar qeyd edir. İşdən müəyyən edilir ki, cavabdeh 31.08.2020-ci il tarixli ******* nömrəli aktla sayğacın yararsız vəziyyətdə olması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoyaraq ona 20.807,20 manat məbləğdə borc hesablamış, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda, həmin yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, iddiaçı ona hesablanmış borcu ödəmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə» 28.08.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, qaz təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlama barədə məlumatları AR Ədliyyə Nazirliyinə verməmiş, iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, yoxlama sənədlərindən göründüyü, habelə cavabdehin apellyasiya şikayətində qeyd etdiyi kimi, mübahisəli yoxlamada cavabdehin əməkdaşları tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə, baxış keçirilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsində isə açıq göstərilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən ... baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Eyni tələb “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndində də əks olunmuşdur və bu tələb Əsasnamə ilə həm də “habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər” kimi cavabdehə də aid edilmişdir. Bundan əlavə, həm “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsində, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndində nəzərdə tutulmuşdur ki, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. İddiaçının hazlrkı iddia ilə məhkəməyə müraciət etməsi isə onu göstərir ki, o, nə cavabdehin sözügedən yoxlaması, nə də ki, bu yoxlama nəticəsində tərtib etdiyi aktla razıdır və onun (nümayəndəsinin) hər hansı aktı imzalaması etiraf kimi qəbul edilə bilməz. Bundan əlavə, işdən də göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya borcun ödənilmədiyi təqdirdə qaz təminatının dayandırılacağı barədə xəbərdarlıq edilmiş və mübahisəli borc məhz həmin xəbərdarlıqdan sonra iddiaçı tərəfindən, qaz təminatının dayandırılmasının və bununla istehsalat prosesinə vurulacaq zərərin qarşısını almaq məqsədilə ödənilmişdir. Digər tərəfdən, qanunvericilik birmənalı qaydada müəyyən edir ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur, bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın qanunsuz və əsassız olaraq ödətdirilmiş 20.807,2 manat məbləğdə pul vəsaitinin ona qaytarılması tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanmağa dair müddəaları təşkil edir. Belə ki, Mülki Məcəllənin: 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İşdən görünür ki, iddiaçı Mülki Məcəllənin 1095-ci maddəsində müəyyən edilən 2 illik müddəti ötürməmişdir. Məhkəmə kollegiyası bildirir ki, həmin müddət iddia müddəti olmadığı üçün Mülki Məcəllənin iddia müddətləri ilə bağlı tələbləri hazırkı mübahisəyə tətbiq olunmur. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı qeyd edir ki, iddiaçı ona hesablanmış borcu tam ödədiyi üçün artıq həmin borcun silinməsini tələb edə bilməzdi. Çünki, belə bir borc mövcud deyil. O, yalnız bu borcu əsassız varlanma qaydasında tələb edə bilərdi. Lakin birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına lazımi diqqət yetirməmiş, məhkəmə bir tərəfdən mövcud olmayan borcu silmiş, digər tərəfdən isə iddiaçı ödədiyi pul vəsaitinin ona qaytarılmasını tələb etdiyi halda, bu tələbdən kənara çıxaraq, həmin məbləğdə pulun iddiaçıya ödənilməsini qət etmişdir. Belə ki, məhkəmə təcrübəsində pul vəsaitinin qaytarılması həm də abonent hesaba qaytarılmanı nəzərdə tutduğu halda, ödənilmə bu hesabdan kənarda baş verən hadisədir. Bu kontekstdə, MPM-in: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər; 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. MPM-in 14.2 və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar sübut etməlidir. İşin müzakirə edilən bütün hallarını nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmasa da, şikayət, qətnamənin qismən ləğvinə səbəb verən hüquqi faktor kimi çıxış etdiyi üçün, qismən təmin olunur. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi borcun silinməsi hissədə qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia rədd edilməli, qətnamə borc məbləğinin iddiaçıya ödənilməsi hissədə dəyişdirilərək, “ödənilsin” sözü “qaytarılsın” sözü ilə əvəz edilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1437/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi qismən - Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.08.2020-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 20.807,20 manat məbləğdə borcun "xxxx" MMC-nin abunə hesabından silinməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissədə iddia rədd edilsin. Qətnamə "xxxx" MMC tərəfindən artıq ödənilmiş 20.807,20 manat məbləğdə pul vəsaitinin Cavabdeh İB-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi hissədə dəyişdirilsin və həmin hissədə “ödənilsin” sözü “qaytarılsın” sözü ilə əvəz edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh İB -nin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-776/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-776/2021
30.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver